Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın regionları iqtisadi güc amilinə çevrilir

Azərbaycanın regionları iqtisadi güc amilinə çevrilir

15.08.2015 [11:11]

Prezident İlham Əliyev: Bizdə Bakı ilə başqa şəhərlər arasında fərq azalmalıdır. Lakin bu fərq yalnız o hesaba azalmalıdır ki, başqa şəhərlər Bakıya oxşamalıdır. İndi biz bu həddə yaxınlaşırıq
Hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyalara yüksək dayanıqlılıq göstərən və dünya üçün çətin keçən illərdə belə iqtisadi potensialını artırmağa nail olan Azərbaycanın nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Ölkəmizdə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları yerinə yetirilir. İndiyədək 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı böyük uğurla tamamlanıb, hazırda isə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir. Ümumilikdə, haqqında bəhs olunan Dövlət proqramlarının icrası çərçivəsində regionların inkişafına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Haqqında bəhs olunan Dövlət proqramlarında nəzərdə tutulan müxtəlif tədbirlərin reallaşdırılması nəticəsində son 12 ildə ölkədə iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə iri şəhərdə cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr iqtisadi güc amilinə çevrilib, tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, son 12 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq əhəmiyyətli dərəcədə aradan qalxıb. Hədəf isə bu istiqamətdə siyasəti bundan sonra da davam etdirməkdən ibarətdir. Prezident İlham Əliyev bu günlərdə Cəlilabad rayonuna səfəri çərçivəsində bununla bağlı fikirlərini ifadə edərək deyib: “Bizdə Bakı ilə başqa şəhərlər arasında fərq azalmalıdır. Lakin bu fərq yalnız o hesaba azalmalıdır ki, başqa şəhərlər Bakıya oxşamalıdır. İndi biz bu həddə yaxınlaşırıq”.
Regionlarda sosial sahədə böyük işlər görülür
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət Azərbaycanı sosial dövlət kimi səciyyələndirməyə imkan verir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları dayanır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə makroiqtisadi sabitlik təmin edilir ki, bunun da nəticəsində əhalinin getdikcə artan pul gəlirləri daim inflyasiyanı üstələyir. Respublikada yoxsulluq və işsizlik qısa müddətdə azalaraq 5 faizə düşüb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.
Geniş sosial layihələrin reallaşdırılması da son illərdə Azərbaycanın mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Son 12 ildə respublikanın müxtəlif bölgələrində təxminən 3 min məktəb tikilib ki, bunun da nəticəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikanın regionlarında qəzalı məktəblərin əsaslı şəkildə yenidən qurulması istiqamətində intensiv iş aparılır. Haqqında bəhs olunan dövrdə ölkə üzrə 500-dən artıq səhiyyə obyekti tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ötən ildə də sosial obyektlərin inşası uğurla davam etdirilib, o cümlədən, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilib.
Əlamətdar haldır ki, respublikamızda sosial obyektlərin, o cümlədən də, məktəblərin tikintisinə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond da sanballı töhfələr verir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri uğurla reallaşdırılmaqdadır. Heydər Əliyev Fondu 2005-ci ildə təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsinə start verib. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində indiyədək ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir.
Respublikanın bütün bölgələrində reallaşdırılan genişmiqyaslı sosial layihələrin fonunda Cəlilabad rayonunda bu istiqamətdə görülən işlər də diqqətəlayiqdir. Prezident İlham Əliyevin daimi qayğısı sayəsində rayon ölkənin ümumi inkişaf prosesinə qoşulub. Rayonda əhalinin sosial təminatı, istirahətinin təşkili, gənclərin asudə vaxt keçirmələri, tibb, səhiyyə ilə bağlı məsələlərin vaxtında həllini tapmasına böyük önəm verilir. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev indiyədək 7 dəfə rayona səfərə gəlib və dövlət başçısının hər səfəri yeni sosial təyinatlı obyektlərin açılışı ilə yadda qalıb. Dövlət başçısı Cəlilabada növbəti səfəri çərçivəsində sakinlərlə görüşündə rayonda sosial sahədə böyük işlər görüldüyünü diqqətə çatdırıb. Prezident İlham Əliyev rayona əvvəlki səfərləri zamanı müxtəlif sosial obyektlərin açılışında iştirak etdiyini məmnunluqla xatırladaraq deyib: “Son illərdə Cəlilabadda həm iqtisadi, həm sosial sahədə çox böyük işlər görülür, gözəl obyektlər tikilir. Xatırlayıram ki, keçən dəfə burada olarkən Mərkəzi Rayon Xəstəxanasının açılışını etmişdik. Ondan əvvəl Müalicə-Diaqnostika Mərkəzinin, Olimpiya İdman Mərkəzinin, Gənclər Evinin, şahmat məktəbinin, yolların açılışında iştirak etmişəm, digər obyektlərdə olmuşam”.
Belə bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda haqqında bəhs olunan sosial layihələr qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda reallaşdırılır. Məlumdur ki, hazırda bir sıra ölkələr qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə məruz qalaraq öz sosial proqramlarını ixtisar edirlər. Azərbaycan isə dünya üçün çətin şəraitdə belə, sosial dövlət olduğunu bir daha təsdiqləyərək bu məzmunlu layihələri yenə də davam etdirir. Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək vurğulayıb: “Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə, sosial-iqtisadi infrastruktur layihələri icra edilir”.
Regionlarda insanların rahatlığı və iqtisadi inkişafın dərinləşdirilməsi məqsədilə reallaşdırılan infrastruktur layihələri böyük əhəmiyyət daşıyır
Bu bir həqiqətdir ki, zəruri infrastruktur təminatı yaradılmadan hər hansı bir sahədə inkişafa nail olmaq da mümkün deyil. Bu mənada son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Bölgələrin infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir.
Son 12 il ərzində iki Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 23 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Ölkəmizdə 2006-cı ildən başlayaraq hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə, 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə yeni su-kanalizasiya şəbəkələrinin qurulması da məmnunluq doğurur. Hazırda ölkəmizdə dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 480 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, son 12 ildə ölkədə 10 min kilometr yol çəkilib və yaxud əsaslı şəkildə yenidən qurulub, 340 körpü və tunel tikilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub.
Son illərdə Cəlilabad rayonunda da infrastruktur layihələrinin reallaşdırılması geniş vüsət alıb. Prezident İlham Əliyev bu layihələrin əhəmiyyətinə diqqət çəkərək bildirib: “Cəlilabadda parklar, xiyabanlar salınır. Rayon sürətlə, uğurla inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır. İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr böyük əhəmiyyət daşıyır”.
Rayonda həyata keçirilən yol layihələri barədə isə ayrıca söhbət açmaq lazımdır. Məlumdur ki, Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Həm artıq başa çatan Dövlət proqramlarında, həm də yeni Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Kənd yollarının yenidən qurulması istiqamətində Cəlilabad rayonunda görülən işlərin miqyası da kifayət qədər böyükdür. İndiyədək rayonda üç yol layihəsi uğurla reallaşdırılıb. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-a yaxın kənd və qəsəbəyə yeni yollar çəkilib.
Cəlilabad rayonunda kənd yollarının yenidən qurulmasına belə ciddi önəm verilməsi təsadüfi deyil. Rayonun əhalisinin böyük əksəriyyəti qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var. Prezident İlham Əliyevin iştirakı ilə açılan Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolu rayonda icra edilən dördüncü yol layihəsidir. Yolun inşası üçün dövlət başçısının 2013-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Tikintinin davam etdirilməsi məqsədilə Prezidentin ötən il imzaladığı digər Sərəncamla isə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad rayon İcra Hakimiyyətinə ayrılıb.
Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini - Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.
Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də, qəsəbə və kəndlərdəki ara yolların müasir səviyyəyə çatdırılması bir daha sübut edir ki, respublikada gedən sürətli sosial-iqtisadi inkişaf hər bir ucqar kəndi də geniş əhatə edir və ölkəmizin bütün vətəndaşlarına bu tərəqqidən pay düşür. Prezident İlham Əliyev bildirib ki, kənd yollarının inşası həm sosial, həm də iqtisadi əhəmiyyət daşıyır: “Kənd yollarının tikintisi ölkə üzrə geniş vüsət almışdır, çünki buna böyük ehtiyac var. Bu, sosial məsələdir, ilk növbədə, insanların rahatlığıdır və iqtisadi məsələdir, çünki kənd yolu olanda iş yeri də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox məsələləri də həll etmiş olarıq”.
Azərbaycan qısa müddətdə infrastruktur təminatı baxımından müasir ölkəyə çevrilib
Əlbəttə, regionlarda həyata keçirilən sosial proqramlar, geniş infrastruktur layihələri hər cəhətdən təqdirəlayiqdir. Reallaşdırılan layihələr sayəsində Azərbaycan qısa müddətdə infrastruktur təminatı baxımından müasir ölkəyə çevrilib, regionlarda insanların həyat səviyyəsi yüksəlib, əhalinin məşğulluğu problemi həllini tapıb. Təkcə onu vurğulamaq kifayətdir ki, indiyədək regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası sayəsində ölkə üzrə 1 milyon 400 minədək yeni iş yeri açılıb ki, onların da böyük qismi məhz regionların payına düşür.
Bununla belə, görülən işlərin miqyası böyük olsa da, arxayınçılıq üçün heç bir əsas vermir. Regionlarda istər əhalinin sosial müdafiəsi, istərsə də iqtisadi inkişafın daha da dərinləşdirilməsi baxımından böyük önəm daşıyan bir sıra vacib məsələlər həllini tapmalıdır. Prezident İlham Əliyev indiyədək Cəlilabad rayonunda görülən işlərdən məmnunluğunu ifadə etməklə yanaşı, qarşıda görüləsi işlərin də çox olduğunu bildirib: “Bir daha demək istəyirəm ki, Cəlilabad rayonunun inkişafı üçün əlavə tədbirlər görüləcək. Çox işlər görülüb, ancaq görüləsi işlər çoxdur. Hazırda içməli su və kanalizasiya layihəsi icra edilir və çalışacağıq ki, gələn ilin sonuna qədər Cəlilabad şəhərini tam şəkildə təmiz içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edək. Məktəb tikintisinə hələ ki, ehtiyac var. Düzdür son vaxtlar 30-a yaxın məktəb tikilib, təmir edilib, ancaq təmirsiz məktəblər əfsuslar olsun ki, var. Biz bunları bilirik, həll edəcəyik”.
Qazlaşdırma layihələri də sürətlə icra olunmalıdır
Son illərdə regionlarda həyata keçirilən layihələr ölkənin bütün şəhərlərində qazlaşdırmanı yüz faiz səviyyəsinə çatdırmağa imkan verib. Hazırda respublika üzrə kəndlərin qazlaşdırılması intensiv şəkildə davam etdirilir. Hədəf isə ölkədə qazlaşdırmanın səviyyəsini 90-95 faizə çatdırmaqdan ibarətdir. Bu hədəfə çatmaq üçün böyük işlər görülür, zəruri şəbəkə qurulur.
Bununla belə, Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi cəmi 40 faiz olmaqla qənaətbəxş deyil. Prezident İlham Əliyev bunun çox aşağı göstərici olduğunu bildirərək nəzərə çatdırıb ki, Cəlilabadda qazlaşdırma layihələri daha sürətlə getməlidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda qaz istehsalı artdığı bir şəraitdə ilk növbədə ölkə əhalisinin təminatı yaxşılaşdırılmalıdır: “...Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlə başlayacaq”.
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 945 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31