Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda yaradılan müasir yol-nəqliyyat infrastrukturu ölkəmizin tranzit imkanlarını daha da genişləndirir

Azərbaycanda yaradılan müasir yol-nəqliyyat infrastrukturu ölkəmizin tranzit imkanlarını daha da genişləndirir

18.08.2015 [10:03]

Prezident İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir
Son illərdə Azərbaycanın dinamik iqtisadi inkişafı fonunda bütün ölkə miqyasında həyata keçirilən irimiqyaslı quruculuq-abadlıq layihələri içərisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi xüsusilə diqqəti cəlb edir. Belə ki, son 12 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt Bakıda və bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib, daşımalarda müasir metodların tətbiqinə geniş meydan verilib. Prezident İlham Əliyev 2014-cü ilin oktyabrında Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - İpək yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına ünvanladığı məktubunda Azərbaycanın yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən siyasəti belə səciyyələndirib: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl onu vurğulayaq ki, bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıqlar gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biri qismində çıxış edir. Rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapacaq, həm də onların da tranzit imkanları artacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizin yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən bu və digər işləri regionun nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadə olunmasına verilən töhfə kimi səciyyələndirib: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində çox mühüm rol oynayan ölkədir
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Prezident İlham Əliyev beynəlxalq miqyaslı İpək yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin, respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələri dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Hazırda həmin yolun bəzi hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, birinci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin, dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Geniş nəqliyyat-tranzit imkanlarına malik olan Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında da mühüm rol oynayır.
Milli Məclis “Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə” qanun layihəsini təsdiqləyib, ölkə Prezidenti İlham Əliyev isə 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalayıb. Azərbaycanın dövlət başçısı haqqında bəhs olunan nəqliyyat dəhlizinin reallaşdırılmasına böyük önəm verir. Bu nəqliyyat dəhlizinin əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir”.
İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16-cı kilometrlik hissəsi asfalt-beton, 16-134-cü kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması həyata keçirilir. Bu yol respublikanın cənub və qərb istiqamətlərindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə, hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaltmağa imkan verəcək.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür
Son illərdə yol-nəqliyyat sektorunda reallaşdırılan yeni layihələr Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Bu nöqteyi-nəzərdən Azərbaycanın təşəbbüsü, güclü siyasi iradəsi və böyük maliyyə dəstəyi ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Yeni dəmir yolu xəttinin, həmçinin, Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Bu dəmir yolu ilə yük daşımaları həcminin mərhələlərlə ildə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunu nəqliyyatın inkişafında yeni mərhələ kimi səciyyələndirib: “Həmin xətt, öz növbəsində, multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də, sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir”.
Qeyd edək ki, indiyədək yeni nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və iki istiqamətli hərəkət təmin olunub.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da əhəmiyyəti kifayət qədər böyükdür. Ötən ilin sentyabrında limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. İlk mərhələdə limanın daşıma imkanları 10 milyon ton yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə liman ildə 25 milyon ton yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək.
Son illərdə ölkədə yolların yenilənməsi ilə bağlı statistika zəngindir
Son illərdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsində yaradılan güclü maddi-texniki bazanın rolunu xüsusi vurğulamaq lazımdır. Hazırda Azərbaycanın yol inşaatçıları ən müasir texnika ilə təchiz olunublar. Qeyd edək ki, son 12 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3 mindən çox müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan artıq olan 30-dan çox asfalt-beton zavodu işə salınıb. Yaradılan belə güclü maddi-texniki baza yol inşaatçılarına müxtəlif layihələri nəzərdə tutulan vaxtda yüksək keyfiyyətlə tamamlamağa imkan verir.
Beləliklə, son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil bütövlükdə Azərbaycanın inkişafına əlavə impuls verir.
Ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələrin böyük bir qismi paytaxt Bakıda və ətraf qəsəbələrdə həyata keçirilir. Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı. Bu layihələrin icrası nəticəsində son illərdə paytaxtda 60-dan artıq yol ötürücüsü və tunel tikilərək istifadəyə verilib.
Bundan əlavə, Bakıda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sürücülərlə yanaşı, piyadaların da rahatlığını təmin edib. Belə ki, son illərdə paytaxtda 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yerüstü və yeraltı piyada keçidi tikilib.
Yerli əhəmiyyətli yolların inşası bundan sonra da intensiv şəkildə davam etdiriləcək
Prezident İlham Əliyev yeni mərhələdə ölkə boyu bütün kənd yollarının asfaltlaşdırılmasını qarşıya vəzifə qoyub. Təsadüfi deyil ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. O cümlədən, cari ilin birinci yarısında Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi də davam etdirilib. Haqqında bəhs olunan layihələrin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
Prezident İlham Əliyev bu günlərdə Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə kənd yollarının yenidən qurulmasının əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Cəlilabadda parklar, xiyabanlar salınır. Rayon sürətlə, uğurla inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır. İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr böyük əhəmiyyət daşıyır. Cəlilabad rayonu əhalisinin böyük əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən, kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var”.
Yeri gəlmişkən qeyd edək ki, indiyədək Cəlilabad rayonunda bir neçə yol layihəsi həyata keçirilib. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-dək yaşayış məntəqəsində yollar yenidən qurulub. Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı olub. Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun istifadəyə verilməsi sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin kəndlərin inkişafında da mühüm rol oynayacaq.
Prezident İlham Əliyev kənd yollarının inşasının bundan sonra da davam etdiriləcəyini bildirib: “Alar-Cəfərxanlı kənd yolunun açılışı da növbəti layihədir. Əlbəttə ki, gələcəkdə kənd yollarının tikintisi davam etməlidir, çünki hələ ki buna ehtiyac var...”
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 1106 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31