Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Aqrar sahə: yeni inkişaf mərhələsində

Aqrar sahə: yeni inkişaf mərhələsində

30.09.2015 [09:50]

Hazırda dünyada müşahidə edilən arzuolunmaz tendensiyaların qlobal miqyasda gündəmə gətirdiyi yeni çağırışlar sırasında ölkələrin ərzaq təhlükəsizliyi məsələsi xüsusi önəm daşıyır və bu məsələ milli dövlətlərin iqtisadi-siyasi təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Dünyanın iqtisadi və siyasi güc mərkəzləri getdikcə daha geniş miqyasda və daha açıq şəkildə ayrı-ayrı ölkələrin, regionların ərzaq təchizatı məsələsini manipulyasiya predmetinə çevirərək öz iddialarını reallaşdırmağa və milli dövlətlərə təzyiqlərini artırmağa çalışırlar. Son dövrlərdə isə belə korporativ məqsədlər naminə hətta geni dəyişdirilmiş məhsullardan da istifadə olunur ki, bu da mənzərənin nə dərəcədə acınacaqlı olduğu barədə konkret təsəvvür yaradır.
Ayrı-ayrı beynəlxalq təşkilatlar da dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan araşdırmalarda dünyada aclıq həddində yaşayan insanların sayının 925 milyon nəfəri ötdüyü qeyd olunur. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq. Ciddi narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmə, iqlim dəyişkənliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir.
Bütün bu deyilənlərin fonunda Azərbaycanda kənd təsərrüfatının sürətli inkişafının təmin edilməsi nikbinlik doğurur. Məmnunluqla vurğulamaq yerinə düşər ki, ölkəmiz ərzaq təminatının daxili istehsal hesabına təmin olunması ilə bağlı qarşıya qoyulan hədəfə yaxınlaşıb, hətta bir sıra kənd təsərrüfatı məhsulları üzrə respublikamızın böyük ixrac imkanları yaranıb. Uğurların əsasında isə ölkədə dövlətin kənd təsərrüfatının inkişafına göstərdiyi güclü siyasi iradə və müstəqillik illərində aqrar sektorda davamlı olaraq həyata keçirilən islahatlar dayanır.
Azərbaycan MDB məkanında ən sürətli torpaq islahatı həyata keçirən ölkədir
Ölkəmizin inkişafı və müstəqilliyimizin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyan bütün strateji sahələrdə olduğu kimi, respublikamızda kənd təsərrüfatını sürətli inkişaf yoluna çıxaran islahatlar kursunun əsası da xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin ortalarından etibarən qoyulub. Qeyd edək ki, Ulu öndər Heydər Əliyev hələ Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə Özünün yüksək nüfuzundan istifadə edərək keçmiş ittifaq hökumətində respublikamızda kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra mühüm qərarların qəbul olunmasına nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində Ulu öndərin tapşırıq və göstərişləri sayəsində respublikanın müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı meliorasiya-irriqasiya tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi də kənd təsərrüfatının intensiv inkişafı, yeni ənənələrin yaranması və məhsuldarlığın artırılması baxımından çox böyük əhəmiyyət daşıyırdı. Təəssüf ki, müstəqilliyimizin ilk illərində bu böyük potensialdan nəinki səmərəli istifadə olunmadı, əksinə ənənələr unuduldu, maddi-texniki baza tar-mar edildi.
Beləliklə, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın həyatının digər sahələrində olduğu kimi, kənd təsərrüfatının da yeni inkişaf relsləri üstünə çıxarılmasına böyük siyasi iradə nümayiş etdirdi. İlk növbədə Ümummilli liderin göstərişi ilə aqrar sektorda islahatların həyata keçirilməsi üçün lazımi hüquqi baza yaradıldı. Belə ki, Ulu öndərin tövsiyələri nəzərə alınmaqla ötən əsrin 90-cı illərində qəbul edilən “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında” qanunlar, eləcə də Milli Məclisin 25 iyun 1999-cu il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi” və bu qəbildən olan digər sənədlər ölkənin aqrar sektorunda həyata keçirilən islahatların, o cümlədən də torpaq islahatının uğurla reallaşdırılmasına etibarlı hüquqi təminat yaratdı. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra isə islahatların daha sürətlə həyata keçirilməsi prosesi start götürdü.
Azərbaycanda kənd təsərrüfatında bazar iqtisadiyyatına xas olan yeni prinsiplərin formalaşmasında və aqrar sektorun sürətli inkişafının təmin olunmasında, istehlakçıların stimullaşdırılmasında Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən torpaq islahatının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycan MDB məkanında ən sürətli torpaq islahatı həyata keçirən ölkədir. Uğurlu torpaq islahatı sayəsində işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 873 618 ailədən 869 268-nə torpaq payı verilib. Bu isə 3 442 778 subyekt deməkdir. Ölkəmizdə torpaq islahatı 99,5 faiz yerinə yetirilib.
Ulu öndərin böyük siyasi iradəsi sayəsində həmçinin kənd təsərrüfatı istehsalçılarına səmərəli yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələr həyata keçirilib.
Hazırda aqrar sektorun inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir
Son illərdə Azərbaycanın sürətli iqtisadi inkişafı fonunda ölkədə aqrar sahənin daha geniş şəkildə dəstəklənməsi siyasəti həyata keçirilir. Aqrar sahənin intensiv inkişafı və bu əsasda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişafına güclü siyasi iradə nümayiş etdirilməsinin daha bir təsdiqidir. Ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində qarşıya kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı, həmçinin cari il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin cari ilin avqust ayında imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi real zəminə və respublikanın güclü iqtisadi potensialına əsaslanır
Elə ölkələr var ki, sırf coğrafi-iqlim xüsusiyyətləri baxımından kənd təsərrüfatının inkişaf etdirilməsi qeyri-mümkündür. Azərbaycanda isə bu baxımdan vəziyyət tamam fərqlidir. Respublikamızda aqrar sektorun inkişafı real zəminə əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.
Azərbaycanda son illərdə aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasında vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanlarıdır. Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib.
Son illərdə ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət qayğısı bu sahədə diqqətəlayiq uğurlar əldə olunması ilə nəticələnib. Ötən bir ildə aqrar sektorda 5,2 milyard manatlıq məhsul istehsal olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz şox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb.
Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.
Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Heyvandarlıqda əldə olunan bu kimi uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib.
Aqrar sektorun potensialı isə daha yüksəkdir
Son illərdə respublikanın aqrar sektorunda əhəmiyyətli kəmiyyət və keyfiyyət artımına nail olunsa da, bu sahədə potensial daha genişdir. Azərbaycanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri, ölkənin güclü iqtisadi-maliyyə imkanları respublikamızda ərzaq məhsulları istehsalını daha da genişləndirməyə və hətta xarici bazarlara böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmağa imkan verir. Buna nail olmaq üçün kənd təsərrüfatında intensiv metodlardan istifadə edilməsi çox zəruridir.
İndiki dövrdə torpaqlardan səmərəli istifadə olunması da kifayət qədər aktual məsələdir. Lakin gizlətmək lazım deyil ki, bir sıra hallarda torpaqlardan lazımi səmərə ilə istifadə olunmur. Ölkədə istifadəsiz qalan torpaqlar da çoxdur. Dövlət başçısının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğuladığı kimi, torpaqların istifadəsiz saxlanılması, onlardan təyinatı üzrə istifadə olunmaması və yaxud əkinə yararlı torpaqlarda müxtəlif obyektlərin tikilməsi yolverilməzdir.
Ölkənin ərzaq təminatının möhkəmləndirilməsi baxımından aqrar sektorda məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Məhsuldarlığın aşağı olması o cümlədən taxıl istehsalında daha qabarıq şəkildə nəzərə çarpır. Hazırda respublikamızda taxıla olan tələbatın təxminən 60 faizi daxili istehsal hesabına ödənilir, halbuki məhsuldarlığı artırmaqla bu göstəricini də 100 faizə çatdırmaq mümkündür. Taxıl istehsalında məhsuldarlığın artırılması isə iri fermer təsərrüfatlarının yaradılmasından keçir. Qeyd edək ki, artıq ölkəmizdə 20-dək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir.
Mübariz ABDULLAYEV
“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş
yaradıcılıq müsabiqəsinə təqdim edilir”

Paylaş:
Baxılıb: 1026 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31