Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Daha təkmil statistika - daha yaxşı həyat

Daha təkmil statistika - daha yaxşı həyat

14.10.2015 [09:57]

Müasir dövrdə bazar iqtisadiyyatı şəraitində idarəetmənin fundamental əsaslarının, prinsip və kriteriyalarının dəqiq müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Bu sırada yardımçı faktor kimi çıxış edən institusional amillər xüsusi qeyd edilməlidir. Eyni zamanda, həyata keçirilən siyasətin nəticələrinin müəyyənləşdirilməsi, o cümlədən görülən tədbirlərin, göstəricilərin qiymətləndirilməsi baxımından statistikanın əhəmiyyətini vurğulamaq gərəkdir. Bəzi hallarda statistik göstəricilər formal qiymətləndirmə meyarları kimi dəyərləndirilir, amma bütövlükdə, bu kateqoriyadan olan məlumatlar planlaşdırma, proqnozlaşdırma və nəticələrin qiymətləndirilməsi baxımından olduqca zəruri komponentdir.
Statistika nədir və hansı institusional mexanizmləri özündə ehtiva edir?
Elmi-nəzəri mənbələrdə statistika anlayışı üç mənada işlədilir. Birincisi, statistika dedikdə xüsusi praktik fəaliyyət sahəsi başa düşülür. Bu, sosial-iqtisadi inkişaf səviyyəsini əks etdirən məlumatların toplanması, işlənməsi və təhlilinə istiqamətlənib. İkincisi, statistika təcrübəsində istifadə olunan nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi statistika adlandırılır. Nəhayət, bəzən müxtəlif hesabatlarda əks etdirilən, dövri mətbuatda dərc edilən statistik məlumatlar da statistika adlandırılır.
Ümumiyyətlə, statistika elmi ilə statistika təcrübəsi arasında sıx əlaqə mövcuddur. İstənilən statistik iş elmi cəhətdən təşkil olunmalıdır. Eyni zamanda, statistika elmi özü də təcrübəyə əsaslanır, praktiki iş təcrübəsini ümumiləşdirir və aparılmış ümumiləşdirmələr əsasında yeni ideyalar irəli sürür. Öz növbəsində, statistika elminin yeni nəzəri nəticələrinin təcrübədə tətbiqi onun inkişafına təkan verir.
Əlbəttə, statistikanın predmetini kütləvi sosial-iqtisadi amillər, proseslər təşkil edir. O, müəyyən məkan və zaman şəraitində bu hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət məzmunundan ayrılmaz surətdə öyrənir. Bu kontekstdə statistik göstərici isə öyrənilən hadisənin xüsusiyyətinin kəmiyyətcə qiymətləndirilməsidir. Buna paralel olaraq statistik göstəricilərin köməyi ilə öyrənilən hadisələrin həcmini, onların xüsusiyyətlərini, inkişafın qanunauyğunluqlarını və qarşılıqlı əlaqəsini xarakterizə edir.
Statistikanın institusional mexanizmlərindən bəhs edərkən onun ayrı-ayrı sahələrin qiymətləndirilməsindəki rolunu vurğulamaq gərəkdir. İlk növbədə, iqtisadi statistikanın vəzifəsindən bəhs edilir. Bu, milli iqtisadiyyatın vəziyyətini, sahələrin qarşılıqlı əlaqəsini, istehsal qüvvələrinin yerləşmə xüsusiyyətlərini, əmək və maliyyə resurslarının mövcudluğunu, onlardan istifadənin əldə olunmuş səviyyəsini əks etdirən sintetik göstəriciləri işləyib hazırlamaq və təhlil etməkdən ibarətdir. İqtisadi statistikanın sahələrinə isə sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, əmək, təbii resurslar, ətraf mühitin mühafizəsi statistikası aiddir və onların vəzifəsi müvafiq sahələrin inkişaf göstəriciləri sisteminin işlənməsi və təhlilidir.
Sosial statistika isə əhalinin həyat tərzinin və sosial münasibətlərin müxtəlif baxışlarının xarakteristikası üçün göstəricilər sistemi hazırlayır. Onun sahələri əhali, siyasət, mədəniyyət, səhiyyə, elm, maarif, hüquq və s. statistikasıdır.
Sahələr statistikası iqtisadi və ya sosial statistikanın göstəricilərinin bazasında təşkil olunur. Onlar isə öz növbəsində statistikanın ümumi nəzəriyyəsində işlənmiş kateqoriyalara (göstəricilərə) və metodlara əsaslanır.
Beləliklə, statistika nəzəri bazaya əsaslanaraq hadisələrin rəqəmlərlə əks etdirilməsinin spesifik metodlarını tətbiq edir. Bu isə öz ifadəsini statistik tədqiqatın aşağıdakı üç mərhələsində tapır. Birincisi elmi surətdə təşkil olunmuş kütləvi müşahidədir ki, onun köməyilə öyrənilən hadisənin ayrı-ayrı vahidləri (faktlar) haqqında ilkin informasiya alınır. İkincisi statistik materialın qruplaşdırılması və yekunlaşdırılmasıdır. Bu halda öyrənilən hadisə vahidlərinin eyninövlü qrup və yarımqruplara ayrılması, yekunların hesablanması və alınmış nəticələrin statistika cədvəlində əks etdirilməsi nəzərdə tutulur. Üçüncüsü isə yekunlaşdırma zamanı alınmış statistik göstəricilərin işlənməsi və öyrənilən hadisənin vəziyyəti və onun inkişafının qanunauyğunluqları haqqında əsaslandırılmış nəticələr alınması məqsədilə təhlil aparılmasıdır. Burada nəticələr mətn şəklində şərh olunur və qrafik və cədvəllərlə müşayiət edilir.
Qloballaşma və bazar iqtisadiyyatı şəraitində statistikanın vəzifələri: yeni reallıqlar kontekstində
Bu kontekstdə bir məqama da toxunmaq zəruridir. Qloballaşma şəraitində yeni tələblərin formalaşması, bazar iqtisadiyyatının yeni qanunauyğunluqların meydana çıxarması, o cümlədən idarəetmənin metod və mexanizmlərinin dəyişikliyə uğraması statistikanın vəzifələrində də müəyyən dəyişikliklərə səbəb olub.
Məşhur iqtisadçı-alim Con Marşall “Siyasi iqtisadın yeni vəzifələri” adlı əsərində yazır ki, iqtisadçıların müasir siyasi və iqtisadi tendensiyaları müvafiq qiymətləndirmələri üçün yeni dövrdə statistikanın vəzifələrini dəqiq dərk etmələri lazımdır. Alim qeyd edir ki, statistikanın inkişafının yeni mərhələsində onun əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- elmi surətdə əsaslandırılmış göstəricilər sistemi əsasında cəmiyyətdə baş verən iqtisadi və sosial proseslərdəki dərin dəyişikliklərin hərtərəfli tədqiqi;
- bazar iqtisadiyyatının inkişaf meyillərinin ümumiləşdirilməsi və proqnozlaşdırılması;
- ictimai istehsalın səmərəliliyinin mövcud ehtiyatlarının aşkar edilməsi;
- qanunverici hakimiyyətin, idarəetmə, icra orqanlarının, həmçinin iqtisadi subyektlərin və geniş ictimaiyyətin relevant informasiya ilə təmin edilməsi.
Araşdırmaçı onu da qeyd edir ki, qloballaşma şəraitində aşkarlığın genişlənməsi və ümumi statistik informasiyanın əldə edilməsinin mümkün olması xüsusi əhəmiyyətə malikdir. Lakin bu zaman fərdi məlumatların məxfi saxlanması prinsipi gözlənilməlidir. Bu, cəmiyyətin demokratikləşdirilməsinin ən vacib elementlərindən biridir. Statistik informasiyanın nəşrinin genişləndirilməsi yerlərdə, ayrı-ayrı regionlarda işlərin vəziyyətini daha yaxşı görməyə, diqqəti yol verilmiş nöqsan və çatışmazlıqlara və onların aradan qaldırılmasına yönəltməyə imkan verir.
Statistikanın artan ictimai-siyasi əhəmiyyəti onun inkişafının başlıca istiqamətlərini müəyyən edir
Aradırmaçı-alim “Siyasi iqtisadın yeni vəzifələri” əsərində bildirir ki, statistikanın artan ictimai-siyasi əhəmiyyəti onun inkişafının başlıca istiqamətlərini müəyyən edir. Qeyd edilir ki, statistik informasiyanın etibarlılığının yüksəldilməsinin başlıca vasitəsi onun yaradılma metodologiyasının daha da təkmilləşdirilməsidir. Çevik və təkmil idarəetmə kontekstində statistik hesabatların həcminin əhəmiyyətli dərəcədə ixtisar edilməsi yollarının tapılması da müstəsna əhəmiyyət kəsb edir. İqtisadçı-alim onu da qeyd edir ki, statistika elmi qarşısında iqtisadiyyatın müasir və gələcək inkişafı şəraitinə cavab verən, statistik informasiyanın həcminin və quruluşunun nəzəri cəhətdən əsaslandırılması kimi ciddi problemlər durur. Bildirilir ki, bazar iqtisadiyyatı şəraitində milli hesablar sisteminin statistikaya tətbiqi xüsusi əhəmiyyətlidir. Dünya praktikasında geniş tətbiq edilən bu texnologiya iqtisadi bazar münasibətlərinin tələblərinə və xüsusiyyətlərinə daha geniş cavab verir. Bununla bağlı olaraq BMT-nin beynəlxalq statistik xidmət orqanları, ilk növbədə Statistika Komissiyası ilə əlaqələri inkişaf etdirmək lazımdır.
Azərbaycanda statistika sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir
O da qeyd edilməlidir ki, Azərbaycanda idarəetmə mexanizminin təkmilləşdirilməsi həyata keçirilən kompleks institusional tədbirlərin, davamlı islahatların fonunda müşayiət olunur. Eyni zamanda, bu kontekstdə təkmil statistikaya istinad da xüsusi önəm kəsb edir. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununu imzalaması idarəetmədə təkmil mexanizmlərin tətbiqi sırasında statistikanın əhəmiyyətini olduqca artırmış oldu. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınıb. Statistika orqanlarının fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasında “1998-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqramı”nın da müstəsna əhəmiyyəti olub.
Əlbəttə, ölkəmizdə bu istiqamətdə həyata keçirilən siyasət beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və müvafiq strukturların fəaliyyətinin dünya standartlarına uyğunluğu xüsusi qeyd edilir. Qeyd edək ki, sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan “BureanVeritas” şirkətinin apardığı audit nəticəsində Azərbaycanda dövlət orqanları arasında Dövlət Statistika Komitəsi ilk olaraq 15 avqust 2013-cü il tarixində “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001-2008 standartı üzrə sertifikata layiq görülüb.
Həyata keçirilən tədbirlər sırasında Prezident İlham Əliyevin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın qəbulunu da xüsusi vurğulamaq gərəkdir. Ekspertlərin qənaətincə, bu proqram statistika sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından mütərəqqi məsələ və vəzifələri özündə ehtiva edir. Bununla yanaşı, nəzərə alsaq ki, bəhs olunan Dövlət Proqramında elektron statistika xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub, o zaman qeyd edə bilərik ki, bu, ölkəmizdə e-statistikanın inkişafında da böyük əhəmiyyət daşıyır.
Nurlan QƏLƏNDƏROV
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 967 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31