Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda gömrük-keçid qaydalarının sadələşdirilməsinə, daxili bazarda rəqabət mühitinin artmasına, vətəndaşların mənafelərinin qorunmasına etibarlı hüquqi təminat yaradılır

Azərbaycanda gömrük-keçid qaydalarının sadələşdirilməsinə, daxili bazarda rəqabət mühitinin artmasına, vətəndaşların mənafelərinin qorunmasına etibarlı hüquqi təminat yaradılır

24.10.2015 [11:44]

Vüqar Bayramov: Gömrük prosedurlarının sadələşdirilməsi ölkədə aparılan islahatların davamı kimi dəyərləndirilməlidir
Son illərdə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Belə ki, son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb.
Problemləri aradan qaldırmaqla özəl bölmənin potensialından daha səmərəli istifadə etmək mümkündür
Azərbaycanın kifayət qədər güclü iqtisadi və maliyyə potensialından istifadə etməklə, həmçinin ölkə rəhbərliyinin siyasi iradəsindən bəhrələnməklə respublikamızda özəl bölməni daha geniş miqyasda inkişaf etdirmək mümkündür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində son illərdə özəl bölmədə bir sıra uğurlar qazanılmasından məmnunluğunu ifadə etməklə yanaşı, ölkədə sahibkarların incidilməsi, onların fəaliyyətinə müdaxilə edilməsi kimi halların hələ də qaldığını xüsusi nəzərə çatdırıb. Prezident İlham Əliyev icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan edib.
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində sistem xarakterli tədbirlər görülməli, ölkədə “ASAN xidmət” mərkəzlərinin təcrübəsi daha geniş yayılmalıdır
Prezident İlham Əliyev haqqında bəhs olunan nitqində ölkəmizdə sahibkarlığın daha geniş miqyasda inkişafına nail olunması üçün neqativ halların aradan qaldırılmasında və biznes mühitinin yaxşılaşdırılmasında prinsipial mövqedə olduğunu bir daha nümayiş etdirib. Dövlət başçısı belə bir fikri qətiyyətlə vurğulayıb ki, sahibkarlığın inkişafına mane olan neqativ amillər dözülməzdir və bu sahədə qəti addımlar atılacaq. Prezident İlham Əliyev problemlərin aradan qaldırılmalı olduğu haqda son xəbərdarlıq edib və sahibkarları incidənlərin ciddi şəkildə cəzalandırılacağının anonsunu verib.
Prezident İlham Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılmasında, şəffaflığın təmin olunmasında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini digər dövlət qurumlarına nümunə göstərib. Azərbaycan brendi olan “ASAN xidmət” xüsusilə də şəffaflığın təmin olunmasında, bürokratik əngəllərin, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halların aradan qaldırılmasında mükəmməl mexanizmə çevrilib. Burada süründürməçilik və bürokratiya halları yoxdur, vətəndaşların müraciətlərinə operativ qaydada baxılması yüksək səviyyədə təmin olunur. “ASAN xidmət” mərkəzlərinin müsbət təcrübəsi onu deməyə əsas verir ki, ölkədə korrupsiya və rüşvət kimi mənfi halların qarşısını almaq mümkündür.
Ölkədə sahibkarlığın inkişafına maneələr yaradanlara qarşı sərt mübarizəyə start verilib
Nazirlər Kabinetinin bəhs olunan iclasından sonra qəbul edilən qərarlar və atılan addımlar əyani şəkildə sübut edir ki, Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcəkdir.
Dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilib ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmaları və onlara qarşı qanunsuz tələblər irəli sürmələrindən narazıdırlar.
Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb, onların qanuni mənafelərinə zərbə vurub, bununla da ümumilikdə cəmiyyətin və dövlətin maraqlarını tapdayıblar. MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etməsi, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb.
Milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması, sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü cənab İlham Əliyevin Öz qərarında qəti olduğunu və heç kimə güzəşt olunmayacağını əyani şəkildə nümayiş etdirir.
Biznes mühitinin optimallaşdırılması üçün hüquqi baza gücləndirilir
Dövlət başçısının ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə nümayiş etdirdiyi güclü siyasi iradə həmçinin hüquqi bazanın gücləndirilməsində öz əksini tapır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasından sonra qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsi göndərib. Parlamentdə təsdiqlənən qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq. Həmin müddətdə sahibkarlıq subyektlərində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman da ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Fərmana əsasən, lisenziyaların sayı minimuma endiriləcək, lisenziya verilməsi qaydaları sadələşdiriləcək, lisenziyalar “ASAN xidmət” mərkəzlərində veriləcək.
Prezident İlham Əliyev bu günlərdə həmçinin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Ekspertlər bu Fərmanı respublikamızda gömrük-keçid qaydalarının sadələşdirilməsinə, daxili bazarda rəqabət mühitinin artmasına, vətəndaşların mənafelərinin qorunmasına etibarlı hüquqi təminat yaradan və böyük sosial-iqtisadi mahiyyət kəsb edən sənəd kimi dəyərləndirirlər. Fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan malların (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməsi təmin olunacaq.
Haqqında bəhs olunan Fərmanla əlaqədar qəzetimizə açıqlama verən Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov diqqəti bu sənədin sosial-iqtisadi mahiyyətinə cəlb edib: “Bu Fərmanı, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə xidmət edən bir sənəd kimi dəyərləndirmək mümkündür. Konkret olaraq bu Fərmandan faydalananlar Azərbaycan vətəndaşları olacaqlar. Vətəndaşların ölkəyə gətirdikləri mallar gömrük rüsumlarından azad ediləcək. Söhbət dəyəri on min ABŞ dollarını keçməyən və kommersiya məqsədi daşımayan istehlak mallarının gömrük rüsumundan azad edilməsindən gedir. Əvvəllər həmin mallara növündən asılı olaraq 15 faiz həcmində gömrük rüsumları tətbiq edilirdi, onlar bazara çıxarıldıqda isə 18 faiz əlavə dəyər vergisinə cəlb olunurdu. Prezidentin imzaladığı Fərmana əsasən, artıq bu xərclər olmayacaq. Söhbət kifayət qədər iri xərclərdən gedir. Beləliklə, vətəndaş öz vəsaitinə qənaət etmək imkanı qazanacaq”.
V.Bayramov bəhs olunan Fərmanın icrası nəticəsində vətəndaşların geniş seçim imkanı qazanacaqlarını bildirib. “Vətəndaş bəyəndiyi malı getdiyi xarici ölkələrdən almaq istəyərkən onun qiymətini, yol xərclərini hesablayacaq və Azərbaycandakı qiymətlərlə müqayisə edəcək. Qiymət münasib olduqda və qənaət imkanı yarandıqda vətəndaş maraqlandığı malı xarici ölkədən almağa üstünlük verəcək”, - deyə iqtisadçı-ekspert vurğulayıb.
V.Bayramov qəzetimizə açıqlamasında Fərmanın icrası nəticəsində gömrük prosedurlarının sadələşdiriləcəyinin, gömrük ərazilərində vətəndaşların incidilməsi hallarının aradan qaldırılacağının əhəmiyyətini də xüsusi qeyd edib: “Vətəndaşlar ölkəyə gətirdikləri malları heç bir maneə ilə üzləşmədən, sadə prosedur daxilində gömrük ərazisindən keçirə biləcəklər. Gömrük prosedurlarının sadələşdirilməsi ölkədə aparılan islahatların davamı kimi dəyərləndirilməlidir”.
İqtisadçı-ekspert bildirib ki, bu Fərman, eyni zamanda, daxili bazarda rəqabəti gücləndirəcək və qiymətlərin tənzimlənməsinə imkan verəcək. Sahibkarlar rəqabət nəticəsində qiymətləri aşağı salmaq məcburiyyətində qalacaqlar ki, bunun da nəticəsində xaricə getmək imkanı olmayan vətəndaşlar da Fərmandan faydalana biləcəklər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 804 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31