Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda müasir sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

Azərbaycanda müasir sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

09.01.2016 [13:07]

Sənayenin yeni səmərəli regional strukturunun formalaşması, 2015-ci ildə qeyri-neft sənayesində istehsalın artması ölkəmizdə bu sahənin inkişafına göstərilən dəstəyin nəticəsidir
Artıq tarixə dönən 2015-ci ildə müstəqil Azərbaycanın hər sahədə dinamik inkişaf strategiyasını uğurla davam etdirməsi sənaye quruculuğu sahəsində əldə olunan nailiyyətlərin timsalında daha qabarıq şəkildə nəzərə çarpır. Ötən il ölkəmizdə qeyri-neft sənayesi 7 faizdən çox genişlənib ki, bu da kifayət qədər yüksək göstəricidir. Sənaye quruculuğu sahəsində belə yüksək nailiyyətin əldə olunması respublikamızda bu sahənin inkişafına göstərilən yüksək siyasi iradənin ifadəsidir. Azərbaycanın müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirdiyi inkişaf paradiqmaları sırasında yeni sənaye quruculuğu siyasəti mühüm yer tutur. Son 12 ildə ölkəmizin dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz Azərbaycanın müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna verilən böyük önəmi təsdiqləyir.
Qeyd olunan Sərəncama uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Prezident İlham Əliyev ötən il Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında qlobal risklər şəraitində ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji hədəfini bir daha xatırladaraq vurğulayıb ki, biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Dövlət başçısı respublikada sənaye quruculuğu üçün güclü siyasi iradə olduğunu bir daha nəzərə çatdıraraq deyib: “... Ölkə iqtisadiyyatı isə, ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var”.
Azərbaycanda sənayeləşmə ölkənin güclü potensialına əsaslanır
1848-ci ildə dünyada ilk dəfə olaraq məhz Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlanması nəticəsində ölkəmizdə sənayenin inkişafının təməli qoyulub və ötən illərdə bu sahədə zəngin ənənələr formalaşıb. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə 1994-cü il sentyabrın 20-də Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” isə müstəqil Azərbaycanda sənayenin inkişafına geniş perspektivlər açıb. Hazırda Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu reallaşdırmaq üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, makroiqtisadi sabitlik, infrastruktur təminatının möhkəmləndirilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir.
Bütün bu potensialdan səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində Azərbaycan son illərdə sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ilin əvvəllərində 50 faizədək yüksəlib. 2004-2015-ci illərdə respublikamızda tikinti materialları istehsalı 2,5, elektrik avadanlıqları istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən çox obyektdə isə işlər davam etdirilir.
Sənayenin regional strukturunun formalaşdırılması ilə ölkədə sənayeləşmə siyasətində yeni mərhələ başlayıb
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sənaye quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə edərək deyib: “Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır”.
Ölkəmizin regionlarında yeni sənaye mərkəzlərinin formalaşması həm iqtisadi, həm də sosial baxımdan xüsusi önəm daşıyır. Məlumdur ki, uzun illər ərzində ölkəmizin sənaye potensialı əsasən Bakı, Sumqayıt və müəyyən qədər də Gəncə şəhərində cəmləşib. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəfə əsasən gələcəkdə Gəncə şəhəri bütövlükdə Cənubi Qafqazın üçüncü böyük sənaye mərkəzinə çevriləcək. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Hazırda bu məqsədlə zəruri tədbirlər görülür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2015-ci ildə yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı artıq uğurlu fəaliyyətə başlayıb. Bu Parkın ilk rezidenti olan “HTECH Invest” şirkətinin əsas məqsədi dünyanın tanınmış informasiya texnologiyaları şirkətlərinin məhsullarının Azərbaycanda yığılmasını təmin etməkdir. Hazırda “ACER” şirkəti ilə danışıqlar başa çatmaq üzrədir. İlk məhsulun 2016-cı ilin birinci yarısında istehsal edilməsi nəzərdə tutulub.
Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı imzaladığı Sərəncam sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Sənaye Məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni Sənaye Məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Ərazidə eyni vaxtda yardımçı binalarla birlikdə 17 tikilinin inşasına start verilib. Paralel olaraq kommunikasiya xətlərinin çəkilişi ilə bağlı işlər də görülür. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək.
Azərbaycanda güclü ənənələrə malik kimya sənayesini böyük inkişaf perspektivləri var
Kimya sənayesi Azərbaycanda güclü ənənələri olan sənaye sahələrindəndir. Son illərdə idarəetmə strukturunun təkmilləşdirilməsi, investisiya qoyuluşunun artırılması və həyata keçirilən bir sıra digər zəruri tədbirlər sayəsində ölkədə kimya sənayesinin potensialından daha səmərəli istifadə olunmağa başlanıb. Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks kimya sənayesini tənəzzüldən xilas etdi və sahənin gələcək inkişafına etibarlı zəmin yaratdı. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı isə ölkədə neft-kimya sənayesinin inkişafına yeni təkan verib.
Hazırda Sumqayıt şəhərində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nəhəng Kimya Sənaye Parkı yaradılır. Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr inşa olunur. Burada gələcək illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Parkın ərazisində yaradılan “SOCAR Polymer” zavoduna 750 milyon dollar həcmində sərmayə qoyulacaq ki, bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaq.
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda etilen-polietilen zavodunda işə salınan yeni qurğular da ölkəmizin neft-kimya sənayesində istehsalın genişlənməsində və səmərəliliyin yüksəlməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bu zavodun ərsəyə gəlməsində də Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb. Burada yaradılan yeni müasir qurğular isə müəssisənin texniki imkanlarını əhəmiyyətli dərəcədə yüksəldəcək.
Respublikamızın dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır
Qısa müstəqillik tarixinə malik Azərbaycanın artıq dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Ölkəmizin ilk peyki olan “Azerspace-1” Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə edilir, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunur. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rola malikdir. Hazırda “Azerspace-1” peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır. 230 milyon ABŞ dollarına başa gələn “Azerspace-1” peykinin ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı proqnozlaşdırılır. Ümumiyyətlə isə “Azerspace-1” peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti ilə bağlı qarşısına qoyduğu hədəflər isə daha genişdir. Ölkəmiz zəngin iqtisadi potensialına əsaslanaraq özünün kosmik imkanlarını getdikcə genişləndirir. “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthini məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib. Müqaviləyə əsasən, “Azərkosmos”a məxsus “Azersky” peyki və “Airbus Defence and Space” şirkətinə məxsus “SPOT 6” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.
Yola saldığımız 2015-ci ildə Azərbaycan özünün növbəti “Azerspace-2” peykinin orbitə çıxarılması istiqamətində intensiv iş aparıb. “BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə imzalanan müqaviləyə əsasən, “Azerspace-2” peykinin 2017-ci ildə Fransanın “Ariane-5” raketi ilə Fransız Qvianasından orbitə çıxarılması nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1115 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31