Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni iqtisadi kurs ölkəyə nə vəd edir?

Yeni iqtisadi kurs ölkəyə nə vəd edir?

26.01.2016 [10:18]

Ekspertlərin qənaəti budur ki, həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək
Son 10 ildə dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb.
Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış edir. Həyata keçirilən davamlı islahatlar isə müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır. Bu kontekstdə ötən ilin yekunları da Azərbaycanın inkişaf və sabitliyinin davamlı olacağına dəlalət edir.
Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib
Yeri gəlmişkən, yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə də bu məsələlər diqqət mərkəzində olub. Prezident İlham Əliyev ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən edib. Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər deməyə əsas verir ki, iqtisadi böhran və enerji resurslarının qiymətinin aşağı düşməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Bütövlükdə isə, dövlət başçısının məlum müşavirədəki nitqinin təhlili ona dəlalət edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib.
Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatlar həyata keçiriləcək
Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 10 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
Yeni qanunlar yeni effektiv iqtisadi münasibətlərin formalaşmasında müstəsna rol oynayacaq
Eyni zamanda, ekspertlərin qənaətinə görə, yanvarın 19-da keçirilən Milli Məclisin növbədənkənar iclasında 8 qanun layihəsinin müzakirə olunaraq qəbul edilməsi də yeni effektiv iqtisadi münasibətlərin formalaşmasında mühüm rol oynayacaq. Qeyd edək ki, “Valyuta tənzimi haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında”, “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. İclasda həmçinin İnzibati Xətalar Məcəlləsində, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilərək qəbul olunub.
Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, hazırda Azərbaycan iqtisadiyyatının qarşısında bir çox müasir çağırışlar durur: “Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bu çağırışlar, onların yaranma səbəbləri və bu çağırışlara cavab yolları, yeni iqtisadi inkişaf istiqamətləri dəqiq göstərilib. Milli Məclisin növbədənkənar islasında məhz bu məqsədlərlə cənab Prezidentin təşəbbüsü ilə iqtisadi qanun layihələri daxil olmuş və qəbul olunmuşdur. Bu layihələrin əhəmiyyəti ilə bağlı bir sıra məqamlara toxunmaq lazımdır. Əvvəla, əhalinin banklara qoyduqları əmanətlərin 3 il ərzində limitsiz olaraq tam sığortalanması nəzərdə tutulub. İndiyə qədər bu limit 30 000 səviyyəsində idi. Yəni əmanətlər tam olaraq banklarda nə baş verməsindən asılı olmayaraq dövlət tərəfindən qorunacaq. İkincisi, fiziki şəxslərin banklara qoyduqları əmanətdən əldə etdikləri gəlirlər vergidən tam azad edildi. Bu indiyə qədər 10 faiz idi. Üçüncüsü, fiziki və hüquqi şəxslər tərəfindən 50 000 dollardan artıq valyuta ölkədən kənara köçürülərsə (buraya təhsil, səhiyyə, cərimələr, kartla alış-veriş daxil deyil), bu məbləğdən artıq məbləğin 20 faizi dövlət büdcəsinə ödəniləcək. Dördüncüsü, yerli məhsul, iş və xidmət istehsalçıları dövlət satınalmaları tenderlərində eyni keyfiyyət və şərtlərlə xarici analoqlara qarşı qiymətdə 20 faiz güzəştə malikdirlər. Yəni yerli istehsalçıların qiymətləri 20 faiz baha olduqda belə onlara üstünlük veriləcək”.
Tahir Mirkişili onu da əlavə edib ki, sadalananlarla yanaşı, qəbul edilmiş qanun əsasında investisiya fəaliyyəti həyata keçirən sahibkarlar 7 il müddətinə əmlak və torpaq vergisindən tam azad, mənfəət vergisindən 50 faiz azad, idxal etdikləri texnika və texnologiyalar isə 50 faiz gömrük rüsumundan azad edildilər: “Qəbul edilən bu qərarlar iqtisadiyyatda çox mütərəqqi addımlardır. Qərarların bir çoxunun kifayət qədər sosial çəkisi var. Məsələn, ölkədə 6,6 milyon əmanətçi hər il orta hesabla 500 milyon manat bu əmanətlərdən gəlir əldə edir, büdcəyə isə 50 milyon manat vergi ödənilirdi. Növbəti qərar ilə bu məbləğ əhaliyə verilmiş olacaq”.
“Qəbul olunmuş və hazırda qəbul olunmaq üçün müzakirə edilməkdə olan iqtisadi layihələr kifayət qədər müasir və cəsarətli layihələrdir. Əminəm ki, iqtisadi fəaliyyətin artmasında, xarici investisiyaların cəlb olunmasında bu qərarların çox müsbət rolu olacaq”, - deyə o əlavə edib.
Ekspertlər yeni iqtisadi inkişaf perspektivləri barədə nə düşünürlər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, Prezident İlham Əliyev son müşavirədə yaranmış vəziyyətdən çıxış yolları istiqamətində proqram xarakterli fikirlər qeyd etdi. Onun sözlərinə görə, dövlət başçısının irəli sürdüyü təkliflər və verdiyi tapşırıqlar vəziyyətdən çıxış yolları üçün tam yetərlidir: “Müvafiq icra orqanları bu vəzifələri yerinə yetirsələr, 1,5 il ərzində yaranmış vəziyyətdən çıxaraq yeni inkişaf yoluna qədəm qoymaq mümkündür. Yeni inkişaf yolu deyərkən hazırda dünyada baş verən qlobal iqtisadi proseslər nəzərdə tutulur”.
Millət vəkilinin fikrincə, ölkə Prezidentinin təsvir etdiyi Azərbaycanın perspektiv inkişafına yönəlik optimal inkişaf modeli, əslində, neft amilinin rolunu və əhəmiyyətini inkar etmir, sadəcə, onu real məzmunda təqdim edir. Neft amilini Azərbaycan iqtisadiyyatının reallığı saymaqla, həm də bu reallığın dünya bazarında neftin qiyməti aşağı düşərkən ölkəmizin gəlirlərinə necə təsir etdiyini ortaya qoyur. “Ona görə də Prezidentin çıxışında neft gəlirlərindən səmərəli istifadə edərək insan amilinin və daim gəlir gətirə bilən sahələrin inkişafının önə çıxarılması davamlı inkişafın əsas şərti kimi götürülür. Prezident İlham Əliyevin sözügedən çıxışı hazırkı reallıqlar şəraitində elmin, elmi-texniki nailiyyətlərin cəmiyyət həyatının bütün sahələrinə tətbiqinin sürətləndirilməsi işinə, regionların zəngin potensialından istifadənin səmərəliliyinin artırılmasına, turizmin və bununla bağlı səhiyyənin, mədəniyyətin inkişafına, yerlərdə istehsalın genişləndirilməsinə və bu kimi digər istiqamətlərə yönəldilməsi prosesinin daha səmərəli variantlarda davam etdiriləcəyinə işarədir. Məsələn, turizm dünyada daha çox gəlir gətirən sahələr sırasında 2-ci yeri tutur. İşlər düzgün təşkil edildikdə turizm sahəsində açılan bir iş yeri turizmlə yanaşı, xidmət, xalq sənətkarlığı və digər sahələrdə də əlavə iş yerinin açılmasına gətirib çıxarır”, - deyən millət vəkili əlavə edib ki, neftdənkənar sahələrin bu cür inkişafı ölkənin ümumi daxili məhsulunda həmin sahələrin payını artıracaq ki, bu zaman da dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatına, gəlirlərimizə indiki kimi ciddi təsir göstərə bilməyəcək.
Ə.Məsimli deyib ki, Azərbaycanın insan, resurs və inteqrasiya potensialı əhalisinin sayına münasibətdə xeyli dərəcədə yüksək olduğundan, islahatların yeni mərhələsinə başlayıb sistemli tədbirlər və mövcud çatışmazlıqların aradan qaldırılması hesabına neftdənkənar sahələrin rəqabətqabiliyyətli inkişafına nail olmaq realdır: “Getdikcə qloballaşan və qeyri-müəyyənliyə meyillənən dünyada əsas risk, təhlükə və çağırışları lazımınca dəyərləndirməklə Azərbaycanın neftdən başqa mövcud olan digər potensial imkanlarını da hərəkətə gətirib, insan amilini önə çəkməklə və dolğun şəkildə reallaşmasına şərait yaratmaqla, Azərbaycan xalqının özünüqoruma və inkişaf qabiliyyətinin gücləndirilməsində, rəqabətqabiliyyətli iqtisadi strukturun formalaşmasında və bu əsasda ölkənin potensialına uyğun gələn layiqli həyat səviyyəsinin təmin edilməsində nəzərəçarpan dəyişikliklərə nail olmaq olar”.
Ölkədə süni qiymət artımı məsələsinə gəlincə, millət vəkilinin sözlərinə görə, devalvasiya nəticəsində qiymətlərin, xüsusən də ərzağın qiymətinin artmasının ailə büdcəsinə təsirini qarşılamaq lazımdır: “Manatın devalvasiyası, ilk növbədə, xaricdən gətirilən malların, sonra da xaricdən gətirilən xammal və material əsasında hazırlanan malların qiymətlərinə təsir edir. Bu məsələdə təbii qiymət artımı ilə süni qiymət artımını bir-birindən ayırmaq lazımdır. Təbii qiymət artımı olmalı və hökumət də əhalinin xüsusən də aztəminatlı və orta təbəqəsinin bu sahədəki itkilərini əməkhaqqı, pensiya və digər ödənişləri indeksləşdirməklə qarşılamalıdır. Artıq bu yöndə dövlət başçısı tərəfindən lazımi addımlar atılır. Süni qiymət artımının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilir. Eyni zamanda, ölkə Prezidenti tərəfindən əməkhaqqı və pensiyaların artırılması ilə bağlı sərəncamlar verilib. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn əhəmiyyətli addımlardır”.
Millət vəkili onu da deyib ki, yanvarın 19-da Milli Məclisin növbədənkənar iclasında dövlətin və vətəndaşların maraqlarına xidmət edən qanunlar qəbul olunub.
Digər iqtisadçı deputat Vahid Əhmədov bildirib ki, yaranmış problemlərə son müşavirədə Prezident İlham Əliyev tərəfindən toxunuldu və ciddi tapşırıqlar verildi. Onun sözlərinə görə, neftin qiymətinin dünya bazarında kəskin aşağı düşməsi ilə əlaqədar olaraq ölkəmiz iki dəfə devalvasiyaya gedib. Buna baxmayaraq, 2015-ci ilin yekunlarında həm də 1 faizdən yuxarı ümumdaxili məhsulun artımı, kənd təsərrüfatında 6 faizlik artım, qeyri-neft sektorunda, sənaye sahəsində 8 faizlik artım müşahidə olunub: “Bunlar hamısı müsbət hallardır, amma bununla belə, ən ciddi məsələ, əlbəttə, milli valyutamızın devalvasiyaya uğramasıdır. Yəni problemlərimiz var və bu problemlərin həlli üçün cənab Prezident müvafiq addımlar atır, icra strukturlarına ciddi tapşırıqlar verir. Birincisi, idxal və ixrac əməliyyatlarının şəffaflaşdırılması, liberallaşdırılması, bu yöndə bütün süni maneələrin aradan qaldırılması oldu ki, bu, çox önəmli məsələdir. İkincisi, idxalın tərkibinə baxmaq, lazım olan məhsulları oradan çıxarmaq, Azərbaycanın bacardığı məhsulların ölkədə istehsalına başlamaq, qeyri-neft sektorunun inkişafına nail olmaq, xüsusilə kənd təsərrüfatı və sənayedə addımlar atmaq məsələləsi qaldırıldı ki, bunlar da olduqca önəmli məsələlərdir”.
Millət vəkili qeyd edib ki, dövlət başçısı tərəfindən əmək haqları və pensiyaların artırılması da çox əhəmiyyətli addımlardır: “Hesab edirəm ki, hökumət qısa zamanda onun qarşısına qoyulan məsələlərə baxa, verilən tapşırıqları vaxtında yerinə yetirə, çevik, düşünülmüş addımlar ata, müvafiq qərarlar qəbul edə bilsə, Azərbaycanı yaranmış neqativ təsirlərdən qorumaq mümkün olacaq. Milli Məclisin növbədənkənar iclasında qəbul olunan qanunlar da çox vacibdir. Ölkə Prezidentinin təqdim etdiyi qanun layihələrini inqilabi dəyişiklik hesab etmək olar. Bütün dünyada, qonşu ölkələrdə də milli valyutalar devalvasiya edib. 2016-cı ildə problemlər yaranıb. Cənab Prezidentin tapşırığına uyğun olaraq atılan addımlar nəticəsində çörəyin, unun, buğdanın qiyməti stabilləşdirildi. Bu məhsullar əlavə dəyər vergisindən azad edildi”.
Millət vəkili əlavə edib ki, təbii ki, devalvasiya zamanı bəzi işbazlar gəlir əldə etmək üçün qiymətləri qaldırdılar: “Biz süni qiymət artımından danışarkən hansısa məhsulların qiymətinin devalvasiyaya adekvat artırılmasını nəzərdə tutmuruq. Prezidentin tapşırığı, İqtisadiyyat Nazirliyinin tədbirləri sayəsində süni qiymət artımının qarşısı alınıb. Qəbul etdiyimiz qanunlar da əhalinin maraqlarına uyğundur. İndiki vəziyyətdə cənab Prezident düzgün addım atıb və bu qərar doğrudur. Vergi Məcəlləsinə, Gömrük tarifi haqqında qanuna dəyişikliklər də müsbət haldır və bunun nəticəsini görəcəyik”.
Proqnozlar optimistdir...
Beləliklə, ekspertlərin də ümumi qənaəti bu yöndədir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sistemi sabitləşəcək və şəffaflaşacaq, bank sektoru mövcud durumdan çıxacaq və onun davamlı inkişafı təmin ediləcək, milli manata etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq və işgüzar sferada fəallaşma baş verəcək, bütün bürokratik əngəllər maksimum aradan qaldırılacaq və iş adamlarına daha yaxşı şərait yaradılacaq, dövlət idarəçilik sistemi daha da təkmilləşəcək və onun səmərəliliyi artacaq, əhalinin sosial rifahı yüksələcək.
Dövlət başçısından korrupsiyaya qarşı növbəti zərbə və ya neqativ hallara qarşı mübarizə qətiyyətlə davam etdirilir
Ölkəmizdə, eyni zamanda, qarşıdakı dönəmdə struktur islahatları və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi də diqqət mərkəzindədir. Ekspertlər dövlət idarəçiliyi sahəsində həyata keçirilən struktur islahatlarını neqativ hallara, o cümlədən korrupsiyaya qarşı mübarizə çərçivəsində təqdir edirlər. Bu addımlar, bir tərəfdən, izafi xərclərin qarşısını alacaq, digər tərəfdən də, dövlət idarəçiliyi sisteminin çevikliyini, səmərəliliyini artıracaq.
Bütün bunlarla yanaşı, neqativ hallara qarşı mübarizə çərçivəsində bir məqam da diqqət mərkəzindədir. Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılır. Ekspertlər bu qənaətdədirlər ki, hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların süni bahalaşmanın qarşısının alınması üçün həyata keçirdiyi tədbirlər qənaətbəxşdir. Dövlət bu sahədə üzərinə düşən vəzifələri tam həcmdə icra edir. Bu addımla ciddi qiymət artımı və daxili bazarda ajiotajın yaranmasının qarşısı alınıb və fürsətdən istifadə edərək əlavə dividendlər qazanmaq niyyətinə düşənlərə təsirli siqnal verilib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1089 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31