Azərbaycanda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb
19.10.2016 [10:00]
Prezident İlham Əliyev: Kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir
Yeni şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığına və ölkənin sosial-iqtisadi inkişafının ardıcıllığının təmin olunmasına müsbət təsir göstərən fundamental amillərdən biri də kənd təsərrüfatının potensialından səmərəli şəkildə istifadə edilməsinə böyük diqqət göstərilməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə ölkəmiz aqrar sektorun dinamik inkişafına nail olmağı qarşıya strateji hədəf kimi qoyub ki, bu da təsadüfi deyil. Belə ki, Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir. Belə ki, son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur. Kənd təsərrüfatında artım tempi cari ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında respublikamızda aqrar sektorun uğurla inkişaf etdiyinə diqqət çəkərək vurğulayıb ki, kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Prezident İlham Əliyev yaradılan möhkəm bazaya istinad edərək gələcəkdə kənd təsərrüfatında daha yüksək nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib: “Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir”.
Aqrar sektorun intensiv metodlarla inkişaf etdirilməsi ölkədə daxili tələbatın yerli istehsal hesabına ödənilməsində mühüm rol oynayır
Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm kəsb edir. Məlumdur ki, hazırda dünyada ölkələrin ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar böyük aktuallıq daşıyır. Qlobal çağırışlara uyğun olaraq son illərdə ölkəmizdə də ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək. Artıq respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılmasına başlanılıb və bu proses davam etdiriləcək. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına dövlət tərəfindən 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının mühüm mərhələlərini özündə birləşdirən belə aqroparklardan biri bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz rayonunun Yalama qəsəbəsində istifadəyə verilib. Hazırda Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.
Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, ölkəmizdə heyvandarlığın inkişafı yeni mərhələyə qədəm qoyub, bu sahədə yeni yanaşma tətbiq edilir. Nəticədə, respublikamıza xaricdən mal-qara, ət və süd məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, respublikanın bölgələrində heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində məhsuldarlığı 5-6 dəfə artırmaqla hədəflənən nəticələrin əldə olunması tam realdır. Prezident İlham Əliyev məlum çıxışında ölkəmizdə heyvandarlığın inkişafından məmnunluğunu ifadə edərək vurğulayıb ki, son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər təqdirəlayiqdir.
Prezident İlham Əliyev heyvandarlığın inkişafı ilə bağlı qarşıda duran əsas vəzifəni də diqqətə çatdırıb. Hazırda respublikamızda iribuynuzlu mal-qaranın baş sayı 2 milyondan çoxdur. Ancaq mövcud mal-qaranın hazırkı cins tərkibi məhsuldarlığı artırmağa imkan vermir. Eyni zamanda, böyük ərazilər səmərəsiz şəkildə örüş torpaqları kimi istifadə olunur. Prezident İlham Əliyev diqqəti ölkədə süni mayalanma sisteminin tam qurulmasına və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına nail olmağın zəruriliyinə yönəldərək deyib: “İndi əsas məsələ süni mayalanma sistemini tam qurmaqdır. Artıq bu istiqamətdə də işlər görülür. Mənə verilən məlumata görə, 3-4 il ərzində biz cinsi dəyişdirib yüksək keyfiyyətə malik olan mal-qaraya sahib olacağıq. Bu, öz növbəsində, bizə əlavə böyük əkin sahələri verəcək”.
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə, indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür”.
Mövcud imkanlardan səmərəli istifadə etməklə digər pozisiyalarda da daxili istehlakın təmin olunmasında yerli istehsalın payını əhəmiyyətli dərəcədə artırmaq olar. Məsələn, şəkər çuğundurunun əkin sahələrini genişləndirməklə ölkəyə xam şəkər idxalını və beləliklə də, böyük məbləğdə valyutanın respublikadan xaricə çıxmasının qarşısını almaq, təxminən 40-50 min hektar torpaq sahəsində şəkər çuğunduru əkib-becərməklə respublikamızın xam şəkərin idxalından asılılığını aradan qaldırmaq mümkündür. Prezident İlham Əliyev respublikamızda şəkər çuğundurunun əkilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Şəkər çuğundurunun əkilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda saxlayacaq. Çox sadə bir məsələdir”.
Kənd təsərrüfatında ölkəyə valyuta gətirən sahələrin inkişafına xüsusi diqqət göstərilir
Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Neft gəlirlərinin azaldığı şəraitdə xarici bazarlara daha çox həcmdə kənd təsərrüfatı məhsulları çıxartmaqla ölkəmizə valyuta daxilolmalarını təmin etmək mümkündür. Prezident İlham Əliyev aqrar sektorda ixracyönümlü məhsul istehsalının artırılmasının zəruriliyinə diqqət çəkərək bildirib: “Mən artıq əvvəlki müşavirədə qeyd etmişəm və bir daha demək istəyirəm ki, bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır”.
Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib. İxrac dinamikası 2016-cı ilin arxada qalan dövrü ərzində də yüksək olub. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub.
Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Müxtəlif çeşiddə məhsul hazırlayan “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Azərbaycan xarici bazarlarda həmçinin Astarada, Lənkəranda yetişdirilən yüksəkkeyfiyyətli sitrus meyvələri, Quba alması və digər məhsullarla təmsil olunur.
Aqrar sektorda ölkəmizə ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Ümumiyyətlə, bu məhsula dünya bazarında böyük tələbat var. Azərbaycan əlverişli coğrafi-iqlim şəraitindən istifadə etməklə bölgələrdə fındıq istehsalını artıra bilər. Prezident İlham Əliyev qarşıya regionlarda fındıq bağlarının sahəsini 2 dəfə artırmaqla bağlı mühüm vəzifə qoyub. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Qırx min hektarda yeni fındıq bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi ondan azdır. Ona görə, biz fındıq bağlarını 2 dəfədən çox artıracağıq. Fındığı yetişdirmək üçün 12 rayon seçilib. İqlimi və torpağı münbit olan bu 12 rayonda fındıqçılıq çox ciddi şəkildə inkişaf etməlidir”.
Texniki bitkilərin əkilib-becərilməsində işlər uğurla gedir
Cari ilin əvvəlindən etibarən kənd təsərrüfatında texniki bitkilərin becərilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər respublikamız üçün yeni ixrac imkanları yaradacaq. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır. Prezident İlham Əliyev ölkədə pambıqçılıqla bağlı işlərin uğurla getdiyini bildirib: “Pambıqçılıqla bağlı işlər uğurla gedir. Sabirabad rayonunda müşavirə keçirildi. İndi 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq”.
Baramaçılıq da ixrac tutumu kifayət qədər geniş olan sahədir. Cari mövsümdən etibarən ölkə miqyasında baramaçılığın inkişafına ciddi diqqət göstərilməsi bu sahədə istehsalın əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. İndiyədək ölkədə baramaçılığın inkişafına 3,5 milyon manat yardım göstərilib. Prezident İlham Əliyev yaxın perspektivdə baramaçılıqda daha böyük inkişafa nail olunacağına əminliyini ifadə edərək vurğulayıb: “Ümidvaram ki, yaxın 2-3 ildə biz minlərlə ton barama tədarük edə bilərik. Hələlik bu işlər 24 rayonda gedir. Gələcəkdə daha çox rayonlarda gedəcək və insanlar 40-45 gün ərzində yaxşı pul alacaqlar”.
Son vaxtlar respublikamızda tütünçülüyün inkişafı da diqqət mərkəzində saxlanılır. Respublikamızda tütünçülüyün inkişafına diqqətin artırılması heç də daxili bazara daha çox həcmdə siqaret çıxarılması amili ilə bağlı deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim xalqımız sağlam həyat tərzi sürməlidir. Eyni sözlər tütünçülüyə də şamil edilir. Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə ancaq xeyri olacaq. Bununla belə, tütünçülüyün inkişaf etdirilməsi ölkənin ixrac imkanlarının artırılması baxımından çox önəmlidir. Cari ildə respublikamızda 2500 hektarda tütün əkilib və təxminən 2500 ton hazır məhsul istehsalı proqnozlaşdırılır. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində respublikamızda tütün istehsalı ötən illə müqayisədə iki dəfə artsa da, bu, qənaətbəxş sayıla bilməz. Prezident İlham Əliyev ölkədə tütün istehsalının artırılması ilə bağlı hədəflərə diqqət çəkərək bildirib: “Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq. Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və dövlət də öz dəstəyini mütləq verməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur”.
Aqrar sektorun inkişafı həm də ciddi sosial məzmun kəsb edir
Azərbaycanda aqrar sektorun inkişafı yalnız iqtisadi, ölkənin istehsal və ixrac imkanlarının artırılması baxımından böyük önəm daşımır. Respublikamızda məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, kənd təsərrüfatının inkişafına nail olunması sosial baxımdan da ciddi önəm daşıyır. Məlumdur ki, Prezident İlham Əliyev ölkədəki müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı çağırış edib. Dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq son 13 ildə respublikamızda təxminən 1,5 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimi olmaqla regionların payına düşür. Respublikamızda işsizlik və yoxsulluq kimi göstəricilər 5 faizədək azaldılıb. O cümlədən ölkənin regionlarında aqrar sektorda aktivliyin artırılması əhalinin məşğulluğunun təmin olunmasında, onların gəlirlərinin artmasında mühüm rol oynayır. Tütünün, baramanın, pambığın satış qiymətlərinin artırılması aqrar sektorda çalışanlar üçün yaxşı qazanc mənbəyi deməkdir. Eyni zamanda, dövlət başçısının kənd təsərrüfatında müəyyən etdiyi prioritet istiqamətlər böyük əmək tutumlu sahələrdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əkin sahələrinin genişləndirilməsi hesabına yalnız pambıqçılıqda 100, bəlkə də, 150 min insan işlə təmin olunacaq: “Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq bu sahədə 100 mindən çox, bəlkə də, 150 min insan işlə təmin ediləcək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53

