Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Milli Məclisin iclasında büdcə müzakirələri davam etdirilib

Milli Məclisin iclasında büdcə müzakirələri davam etdirilib

08.12.2016 [10:17]

Millət vəkilləri 2017-ci ilin dövlət büdcəsinin layihəsi ilə əlaqədar fikir və təkliflərini bildiriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov iclasda 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinin davam etdiyini bildirib. Çıxış edən millət vəkili Tahir Rzayev qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsi mövcud reallıqlara uyğun şəkildə hazırlanıb. Millət vəkili bildirib ki, müəyyən dairələr büdcə ilə bağlı vəziyyəti öz məqsədləri üçün siyasiləşdirməyə çalışır. Onun sözlərinə görə, belə cəhdlərin heç bir əsası yoxdur: “Çünki dünyada qlobal proseslər baş verir. Və dünyadakı maliyyə-iqtisadi böhran hər bir ölkəyə təsir edir. Azərbaycanda düşünülmüş iqtisadi siyasət nəticəsində böhran ölkəmizə ciddi təsir etməyib. Bu mənada 2017-ci ilin dövlət büdcəsi əsaslı təhlil olunaraq hazırlanıb. İnanırıq ki, indiki mərhələdə həyata keçirilən islahatlar sosial-iqtisadi cəhətdən ölkəmizə böyük nailiyyətlər qazandıracaq”.
“Qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatının, İKT-nin, turizmin və yüngün sənayenin inkişafına ciddi fikir verilməlidir”. Bu fikri isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, ölkə başçısının iqtisadiyyatla bağlı Strateji Yol Xəritəsinin təsdiq olunması haqqında Fərmanı da bu məqsədlərə xidmət edir. Onun sözlərinə görə, gələn ilin büdcəsində sosial xərclər ümumi büdcənin 40,3 faizini təşkil edir və bu rəqəm faiz nisbəti ilə ötən ilin büdcəsindən yüksəkdir: “Bu da onu göstərir ki, cənab Prezident və Azərbaycan hökuməti xalqın sosial müdafiəsini öz siyasətində prioritet istiqamət kimi nəzərdə tutub. Gələn ilin büdcəsində sosial xərclərin artırılması Azərbaycan vətəndaşının sosial rifah halının artırılmasını təmin edəcək”.
Ünvanlı sosial yardımla bağlı təklifini bildirən millət vəkili qeyd edib ki, bu proqramı yekunlaşdırmağın vaxtı gəlib çatıb: “Konkret pensiyaların, əlillərin və uşaq müavinətlərinin üzərinə bu məbləği əlavə etməklə aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək olar”.
Ölkəmizdə səhiyyənin inkişafına gəlincə, millət vəkilinin sözlərinə görə, 2017-ci ilin büdcəsində səhiyyəyə ayrılan vəsait bu sahədə həyata keçirilən proqramların yüksək səviyyədə həyata keçməsinə xidmət edəcək.
M.Quliyev 2017-ci ilin büdcəsində orqan transplantasiyasına vəsaitin ayrılmasını təklif edib.
İcbari tibbi sığorta ilə bağlı məsələyə gəlincə deputat qeyd edib ki, bu məsələ tam ölçülüb-biçilməlidir: “Ümumiyyətlə, icbari tibbi sığorta ilə bağlı məsələ ölkə başçısının diqqət mərkəzindədir. Artıq Yevlax və Mingəçevirdə pilot layihələrə başlanılıb. Ancaq icbari tibbi sığortanın tətbiqinə tələsməli deyilik. Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Lakin bu işə ehtiyatla yanaşmaq lazımdır. Biz ilk növbədə əmək müqavilələrini şəffaflaşdırmalı, sığorta olunanların sayını müəyyənləşdirməliyik”.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında bildirib ki, 2017-ci ilin dövlət büdcəsi yüksək səviyyədə hazırlanıb. Onun sözlərinə görə, iqtisadi inkişaf baxımından ölkəmizin potensialı böyükdür: “Hazırda islahatların yeni mərhələsi həyata keçirilir. Bunun nəticəsində də bir çox sahələrdə ciddi nəticələr əldə oluna bilər ki, bu da büdcəyə daxilolmaları artıracaq. Cənab Prezidentin rəhbərliyi ilə 2003-cü ildən etibarən bütün sahələrdə uğurlar əldə etmişik. Hesab edirəm ki, bu amil gələcək uğurlarımz üçün də ciddi bir bazadır. Biz BMT-nin Minilliyin İnkişaf Məqsədləri proqramına qoşulmuşuq və bu yöndə prioritetlər məlumdur. Ölkəmizin bu yöndə də uğurlar əldə edəcəyi şübhəsizdir”.
Millət vəkili həmçinin gələn ilin büdcəsi ilə bağlı müəyyən təkliflərlə çıxış edib.
Millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanda büdcə gəlirlərinin artımını təmin edəcək yeni iqtisadi artım modeli formalaşdırılır: “Son 10 ildə Azərbaycan iqtisadiyyatı yüksək nailiyyətlər nümayiş etdirib. ÜDM-in həcmi bu müddətdə 3,2 dəfə, qeyri-neft sektoru isə 2,6 dəfə artıb. Dünya iqtisadiyyatında Azərbaycanın payı 2005-ci ildə 0,07 faizdən 2015-ci ildə 0,15 faizə qədər (yəni 2.2 dəfə) artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri dəfələrlə artıb. Təkcə onu qeyd edim ki, 2004-cü ildə dövlət büdcəsinin gəlirləri indiki kurs ilə cəmi 2.604 milyon manat idi. Ölkədə aparılan büdcə siyasəti hər zaman zamanın tələbinə uyğun olmuş və qarşıya qoyulmuş məqsədlərə xidmət edib. Azərbaycan iqtisadiyyatının istisnasız uğurlu inkişaf periodu 2015-ci ildə iqtisadi çətinliklərlə üzləşdi. Dünyada gedən makroiqtisadi proseslər, tərəfdaş ölkələrdə baş verən iqtisadi təlatümlər və neftin qiymətinin kəskin düşməsi Azərbaycanın iqtisadi artım modelinə də təsir edib”.
Millət vəkili deyib ki, son illərdə ilk dəfə olaraq qeyri-neft sektorunun büdcə daxilolmalarında xüsusi çəkisinin 50 faizi keçməsi proqnozlaşdırılır: “Bu gəlirlər 2016-cı il ilə müqayisədə 503 mln manat çoxdur. Vergi daxilolmalarının 75 faizdən çoxunun qeyri-neft sektorunun payına düşməsi dayanıqlı planlaşdırmadan xəbər verir. Cari xərclərin azaldılması makroiqtsadi sabitliyə nail olmağın əsas yollarından biri kimi müsbət qiymətləndirilir. Büdcə xərclərində sosialyönümlü xərclərin artaraq ümumi xərclərin 40 faizdən çoxunu təşkil etməsi ölkə Prezidentinin sosial siyasətinin heç bir azalmaya baxmayaraq davam etdirilməsinin göstəricisidir. Əlavə olaraq hesab edirəm ki, gələn ilin büdcəsində elm, təhsil xərclərinin artırılması və ayrıca elmi tədqiqatlar və innovasiyalar üçün, start aplar üçün vəsaitin nəzərdə tutulması uzunmüddətli iqtisadi artım üçün çox faydalı olardı. Ümumilikdə büdcə rəqəmləri makroiqtisadi sabitlik planlarına tam uyğundur. Büdcə gəlirləri və xərcləri, bütövlükdə büdcənin həcmi iqtisadi artımdan və ÜDM-in həcm və strukturundan asılı olduğundan gəlirlərin artımını təmin edə biləcək yeni iqtisadi artım modelinin formalaşması prosesi getməkdədir”.
Milli Məclisin deputatı Elçin Quliyev çıxışında deyib ki, dünyada gedən qeyri-müəyyən iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Onun fikrincə, gələn ilin dövlət büdcəsinin xarici və daxili təsirlər təhlil olunaraq hazırlanması bu təsirləri minimuma endirəcək: “Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çevik siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm sistemli tədbirlər həyata keçirilməkdədir. Bu zaman ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pul və fiskal siyasətlərin sərtləşdirilməsi, bank sektorunun sağlamlaşdırılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir”.
E.Quliyev bildirib ki, 2017-ci ildə büdcə-vergi siyasətinin reallaşdırılmasında qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin tədricən azaldılması, dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması və digər amillər qarşıya qoyulan məqsədlərə nail olunmasına güclü təkan verəcək. Onun sözlərinə görə, iqtisadiyyatın aparıcı sektorlarından biri olan qeyri-neft sənayesinin inkişaf etdirilməsi və onun iqtisadi artıma müsbət töhfə verəcəyi danılmaz faktdır.
“Belə ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı gömrük rüsumu və ƏDV-dən, torpaq və əmlak vergisindən azad olunması, hüquqi şəxslərin mənfəət vergisinin və fiziki şəxslərin gəlir vergisinin 50 faiz güzəştlə ödənilməsi, habelə ixrac subsidiyaları, brendləşmə, regionlarda yaradılan sənaye parkları və sənaye məhəllələrinin iqtisadiyyata təsirinin orta müddət dövründə şahidi olacağıq. Bununla yanaşı, burda qeyd edildiyi kimi, iqtisadiyyatla məşğul olanların təqribən 40 faizini təşkil edən aqrar sektorun inkişafı vacib məsələlərdəndir. Belə ki, son dövrlər ölkənin regionlarında aqroparklar, müasir tipli istixanalar, intensiv bağçılıq və tərəvəzçilik, baramaçılıq, pambıqçılıq inkişaf etdirilib”, - deyə E.Quliyev vurğulayıb.
Millət vəkili təmsil etdiyi Sabirabad rayonunda 1970-80-ci illərdə pambıq mahlıcı üzrə məhsul istehsalının 100-110 min ton təşkil etdiyini xatırladıb: “Ötən ildə dövlətin dəstəyi və diqqəti nəticəsində əkin sahələri bu sahəyə cəlb edilib. Bundan başqa, rayonda tərəvəzçilik, meyvəçilik, baramaçılıq inkişaf etdirilir. Rayonda mövcud potensialı nəzərə alaraq, mən aidiyyəti təşkilatlardan Sabirabadda aqropark və sənaye məhəlləsinin yaradılması məsələsinə baxılmasını xahiş edirəm. Əgər rayonda aqropark və sənaye məhəlləsi yaradılarsa, bu ölkə iqtisadiyyatına çöx böyük töhfə vermiş olar”.
“Jurnalistika ölkədə ictimai rəyin formalaşmasında və Azərbaycanın dünyada təbliğində mühüm rol oynayır”. Bu fikri isə Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, dövlətimiz mətbuatın inkişafına davamlı olaraq dəstək verir. Onun sözlərinə görə, yazılı mətbuatla yanaşı internet mediasının da qayğıya ehtiyacı var.
“Hazırda internet media da ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, dövlət büdcəsindən KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılmalıdır”, - deyə Ə.Amaşov vurğulayıb.
İclasda həmçinin millət vəkillərindən Jalə Əliyeva, Elmira Axundova, Yevda Abramov, Aqiyə Naxçıvanlı, Ağalar Vəliyev, Əhliman Əmiraslanov, Çingiz Qənizadə və başqaları çıxış edərək büdcə layihəsinə münasibət bildiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1042 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31