Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Sağlam gənclik: Güclü Azərbaycanın təməli!

Sağlam gənclik: Güclü Azərbaycanın təməli!

31.01.2026 [10:56]

“Hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir!”

Ulu Öndər Heydər Əliyev

“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram!”

Prezident İlham Əliyev

Bir xalqın gələcəyi onun gənclərinin sağlamlığı, düşüncə tərzi və həyat mövqeyi ilə ölçülür. Sağlam gənclik təkcə fiziki güc demək deyil, bu, sağlam düşüncə, mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik və müasir dünyaya açıq olmaq deməkdir. Bu gün Azərbaycan gəncliyi məhz belə bir məsuliyyətli dövrün əsas aparıcı qüvvəsidir.

Sağlam gənclik, eyni zamanda, sağlam düşüncə deməkdir. Məlumatı düzgün analiz edən, milli-mənəvi dəyərlərlə müasirliyi uzlaşdırmağı bacaran gənclər Azərbaycanın sabahını formalaşdıracaq. Bu baxımdan gənclərin maarifləndirilməsi, mədəni və intellektual inkişafı da fiziki sağlamlıq qədər vacibdir. Kitab oxumaq, müzakirələrdə iştirak etmək, könüllü fəaliyyətlərə qoşulmaq gənclərin həm dünyagörüşünü, həm də sosial məsuliyyət hissini artırır.

Sağlam, vətənpərvər, intellektli gəncliyimiz formalaşıb

Müasir dövrdə gənclərin qarşısında həm böyük imkanlar, həm də ciddi çağırışlar dayanır. Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin həyatımızda tutduğu geniş yer, qloballaşma prosesləri gənclərin dünyagörüşünü formalaşdırır. Bu proseslər düzgün istiqamətdə yönəldildikdə gənclərin intellektual inkişafına, bilik və bacarıqlarının artmasına xidmət edir. Lakin sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və psixoloji tarazlıq unudulduqda, bu imkanlar riskə çevrilə bilər.

Hər bir xalq öz müqəddəratını, gələcəyini, arzularını, inamını, ümidlərini daha çox gənclərə bağlayır. Bir sözlə, gənclər hər bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Ölkəmizdə sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb. Gənclərin hərtərəfli inkişaf etməsi, layiqli vətəndaş kimi yetişməsi, xalqına, Vətəninə sevgi hisslərinin aşılanması bütövlükdə cəmiyyəti düşündürməlidir. Bunun üçün çox ciddi və lazımlı işlərin görülməsi vacibdir. Xüsusilə də dünyanın indiki mürəkkəb, ziddiyyətli zamanında bunlar olduqca mühümdür.

Ulu Öndər gənclər siyasətinin təməlini qoyub...

Məlumdur ki, fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Belə ki, Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Ümummilli Lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq addımlar atıb. Ulu Öndər bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə son dərəcə müsbət təsir göstərib.

Heydər Əliyevin “Hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır. Gənclər siyasəti sahəsində Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri gənclər olub. Bu baxımdan ölkə başçısı gənclərə xitab edərək deyib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Müasir çağırışlara uyğun gənclər strategiyası

Həm Ümummilli Liderin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır. Bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Ordumuzun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti ilə qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Qürurverici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib. Onlar ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Şaxtaya, soyuğa, qara baxmayaraq, Laçın-Xankəndi yolunda etiraz aksiyasına qatılan iştirakçıların böyük əksəriyyətini gənclər təşkil edirdi. Bütün Azərbaycanın ürəyi Laçın yolunda döyünürdü. Onlar böyük əhval-ruhiyyə ilə öz haqlı tələblərini dünyaya bəyan edirdilər. Könüllü gənclər və ekoloqlarımız etiraz aksiyasında Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirdilər. Aksiyaya qoşulan könüllü gənclərimizin sayı gün keçdikcə daha da artırdı. Xalqımız gecə-gündüz şaxtalı-qarlı havada orada öz haqlarını tələb edən gənclərlə fəxr edirdi.

Azərbaycanda gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda dövlətimiz gənclərə böyük dəstək verir. Bu gün gənclərimiz öz sahəsində, fəaliyyətində inamla çalışırlar. İndi gənclərimiz, idmançılarımız beynəlxalq tədbirlərdə və yarışlarda iştirak edərkən tamamilə başqa bir həvəslə çıxış edirlər. Onlar bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.

Göründüyü kimi, bu gün Azərbaycan gəncliyi artıq sübut edib ki, lazım gəldikdə həm idman arenasında, həm elm sahəsində, həm də Vətən qarşısında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilir. Bu gücün və potensialın qorunması isə sağlam həyat tərzindən keçir. Sağlam gənclik məqsədli, özünə inanan və gələcəyə ümidlə baxan gənclikdir. Bir sözlə, sağlam gənclik sağlam gələcəyin bünövrəsidir. Gənclərin sağlamlığına qoyulan hər bir sərmayə, əslində, ölkənin sabahına qoyulan sərmayədir. Çünki gələcək bugünkü gənclərin əlindədir - sağlam əllərdə...

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28