Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların qazlaşdırılması prosesi yüksək səviyyədə davam etdirilir

Regionların qazlaşdırılması prosesi yüksək səviyyədə davam etdirilir

02.12.2015 [09:45]

Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası ucqar kəndlərin də “mavi yanacaq”la təmin edilməsinə şərait yaradır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda regionların qazlaşdırılması prosesi yüksək səviyyədə davam etdirilir. Ümumiyyətlə, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Dövlət proqramlarının yüksək səviyyədə icrası hətta ucqar kəndlərin belə qazla təminatına şərait yaradıb.
Məsələn, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq noyabrın 30-da Cəlilabad rayonunun daha səkkiz kəndinə təbii qaz verilib. 3055 abonenti olan rayonun Ocaqlı, Üçtəpə, Babaxanlı, Bədirli, Allahverən, Çünzəli, Hacıcavad və Bəcrəvan kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 205 min 882 metr olan müxtəlif diametrli borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bununla yanaşı, Saatlı, Sabirabad, Beyləqan, Füzuli və Salyan rayonlarının 14 kəndinə də təbii qaz verilib. Saatlı rayonunun Heydərabad, Dədə Qorqud və Əhmədbəyli kəndlərinin 702 abonentinə ilk dəfə “mavi yanacağ”ın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 72 min 732 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Xüsusi olaraq vurğulanmalıdır ki, Sabirabadın Əsgərbəyli və Cavad kəndlərinin 945 abonentinə də ilk dəfə təbii qaz verilib. Bunun üçün birpilləli sistem əsasında 13 min 867 metrlik polietilen və 85 min 281 metrlik metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər abonentlərin istifadəsinə verilib. Eləcə də Beyləqan rayonunun 757 abonenti olan üç kəndi - Gödəklər, Bünyadlı və Sarısu kəndlərinə də “mavi yanacağ”ın verilməsi təmin edilib. Qazlaşdırma işləri zamanı 38 kilometrdən artıq qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Füzulinin 400 abonenti olan Qayıdış-4 və Qayıdış-5 qəsəbələrinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 min 581 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir evə sayğac quraşdırılıb və fərdi tənzimləyicilər qəsəbə sakinlərinin ixtiyarına verilib.
Salyan rayonunun isə 4 kəndinə təbii qazın verilişi bərpa edilib. Rayonun Seyidsadıqlı, Quyçu, Kolanı və Qızılağac kəndlərində ümumilikdə 805 evin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 87 kilometrə yaxın müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Noyabrın 30-da Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndinə də ilk dəfə təbii qaz verilib. 417 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 665 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 17 min 807 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
Qusar rayonunda isə daha 3 kəndin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Qazlaşdırma işləri başa çatan Quxuroba, Yuxarı Zeyxur və Girik kəndlərində, ümumilikdə, 1015 abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Ümumiyyətlə isə, Qusar rayonunda 17 kəndin qazlaşdırılması nəzərdə tutulub. Bu yaşayış məntəqələrindən 7-də artıq işlər yekunlaşıb və abonentlər “mavi yanacağ”la təmin ediliblər. On kənddə isə qazlaşdırma işləri aparılır. Quxuroba (450 abonent), Yuxarı Zeyxur (245 abonent) və Girik (320 abonent) kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 19 min 863 metr polietilen və 72 min 511 metr müxtəlif diametrli dəmir borularla qaz xətləri çəkilib. Bütün mənzillər qaz sayğacı və fərdi tənzimləyicilərlə təmin edilib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev ölkənin qazlaşdırılması ilə bağlı qarşıya konkret hədəflər qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta Sovet dövründə bəzi rayonlarda, ümumiyyətlə, təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq”.
Beləliklə, dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin 9 ayı ərzində 9218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilməsi təmin olunub.
Təsadüfi deyil ki, bütün ölkə boyunca geniş qazlaşdırma aparılması nəticəsində, əsasən regionlarda olmaqla abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında 60333 yeni abonent qeydə alınıb. İlin əvvəlindən bəri qeydiyyata alınan yeni abonentlərin 21903-ü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 38430-u isə digər regionların payına düşür. Beləliklə, 2015-ci il oktyabrın 1-nə olan məlumata əsasən, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 767 min 919-a çatıb.
Cari ilin sentyabr ayında əhali sektoru üzrə 65 milyon 411 min 643 kubmetr həcmində, qeyri-əhali sektoru üzrə 115 milyon 102 min 756 kubmetr həcmində təbii qaz satılıb. Onu da qeyd edək ki, ilin əvvəlindən bəri əhali sektoru üzrə 124921 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 328 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə etmələri üçün müvafiq həcmdə limit ayrılıb.
Ölkə üzrə təbii qaz təchizatı şəbəkəsinin genişləndirilməsi ilə paralel surətdə, magistral və paylayıcı xətlərdə, həmçinin mənzillərdəki qaz avadanlıqlarında təhlükəsizlik qaydalarının gözlənilməsinə də ciddi nəzarət olunur. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən cari ilin arxada qalan 9 ayı ərzində 190048 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib. Qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
Qaz təsərrüfatı xüsusi sahə olduğundan burada kadrların peşə hazırlığı böyük önəm daşıyır. Buna görə də ölkənin regionlarında qaz təsərrüfatının genişlənməsi ilə paralel surətdə kadrların peşə hazırlığının artırılmasına və yeni kadrların hazırlanmasına ciddi diqqət yetirilir. Bir qədər bundan əvvəl ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi ilə əlaqədar yaranmış əlavə iş həcmlərinə müvafiq olaraq SOCAR və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində birliyin 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinə start verilib. Müsabiqədə 8 regionu əhatə edən 46 rayon üzrə ümumilikdə 4628 nəfərin müraciəti qeydə alınıb. İşə qəbul üçün daha çox müraciət Tərtər (843), Salyan (630), Ağsu (597) Regional mərkəzlərinin əhatə etdiyi rayonlardan daxil olub.
İndiyədək müsabiqəyə qatılanların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılıb. Hazırda testdən uğurla keçmiş 1111 nəfər üçün təlimlər keçirilir. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal hazırda vakant olan 403 yerə işə qəbul olunacaq, digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur. Bütövlükdə isə görülən bu işlər əhalinin maraqlarına tam cavab verir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1320 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31