Kino da göstərir, kafe-restoran, mebel evi, bilyard zalı kimi də işləyir...
24.10.2009 [10:36]
Müasir dövrümüzdə insanların dünyagörüşünü formalaşdırmaq və onların hadisələrə baxışını yönləndirməkdə “informator”ların rolu əvəzsizdir. Mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini cəmiyyətə təqdim etməkdə bədii əsərlər, musiqilər ən ağır artilleriyadan da artıq işgörmə gücünə malikdir. Hər hansı bir millətin tarixini təhrif edərək və ya həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə təqdim etməyin də ən optimal yolu mövcud məsələni ədəbiyyat nümunələrinə gətirmək və bədii filmlər çəkməkdir. Doğrusu, bugünkü yazımızın mövzusu Azərbaycanda ekranlaşdırılan peşəkar və ya qeyri-peşəkar filmlər, pis və yaxşı yazılan bədii əsərlər və ya monoton musiqilər deyil. Bu dəfə yerli istehsal olmasa da, ən azından xarici filmlərin nümayişini təşkil edən, kino sahəsini əhatə edən müxtəlif tədbirlərin keçirildiyi kinoteatrlara, daha doğrusu, onların fəaliyyətinə toxunacağıq.
Bu gün kimi danışdırsaq, kinoteatrların fəaliyyət göstərmədiyindən və ya fəaliyyət istiqamətinə dəxli olmayan sahələrdə xidmət göstərməsindən söz açacaq. Hətta əksəriyyət vaxtilə teatrlara və kinoteatrlara getmək mədəniyyətinin inkişafdan qaldığını deyəcək. Əslində onların iradları da haqlıdır. Dövrün gəncləri kinoteatrlara insan axınını, böyüklərin əsasən tələbəlik illərinə təsadüf edən xatirələrindən, bir də ki, uzun-uzadı növbələri televiziya kanallarından Hollivud filmlərinin premyeraları zamanı görüblər.
Beləliklə, kinoteatrlara, ümumiyyətlə, hər hansı bir mədəniyyət ocağına tamaşaçı ziyarətinin azalmasını və ya həqiqətən də söylənildiyi kimi, cəmiyyətin biganəliyinin səbəblərini öyrənmək, bir sözlə kinofilmlərin nümayişi, kino günlərinin təşkili və kino axşamlarının düzənlənməsi üçün nəzərdə tutulan kino evlərinin bugünkü fəaliyyətinin hansı səviyyədə olmasını müəyyən etmək üçün paytaxtdakı kinoteatrlara üz tutduq.
Deyirlər ki, “Araz” fəaliyyət göstərmir...
Yolumuzu ilk olaraq “öz-əlim öz başım” prinsipi ilə fəaliyyət göstərməyə məhkum olan “Araz” kinoteatrından saldıq. Doğrusu, binanın xarici görünüşünü nəzərə alıb çətin ki, burada rəhbərlikdən kimisə tapa biləcəyimizi düşündük. Amma ilk təəssüratın əksər hallarda aldadıcı olduğunu bir daha təcrübəmizdən keçirmiş olduq. “Araz” kinoteatrının direktoru Nəriman Əzimov kinoteatrın fəaliyyətindən böyük həvəslə danışdı: “İkinci dünya muharibəsindən sonra kinoteatrın yerləşdiyi bina karvansara olub. Müharibədən sonra “Spartak” adı altında kinoteatr kimi fəaliyyətə başlayıb”. Kinoteatrın hazırkı vəziyyəti və filmlərin nümayişi üçün lazımı şərait olub-olmaması sualını N.Əzimov kinozalda nümayiş olunan filmi nümunə göstərməklə cavablandırdı. “Dövlət başçısı İlham Əliyev kinoteatr, bağça və digər ictimai obyektlərin özəlləşdirilməsinə dair Sərəncam imzalayıb. 2006-cı ildən bu yana kinoteatrın özəlləşdirilməsini gözləyirik” - söyləyən N.Əzimov kinoteatrlara tamaşaçıların gəlməməsi fikrilə razılaşmadı. Söylədi ki, məhz bu qeyri-dəqiq məlumatlandırmaya görədir ki, əhalinin böyük hissəsi bütün kinoteatrların fəaliyyət göstərmədiyini düşünür. “Əvvəlki dövrlərə nisbətən kinoteatrlara həddindən artıq az adam gəlir. Amma buna baxmayaraq bizim kinoteatr işləyir. Binanın önündə afişamız da var. Seanslar isə tamaşaçıların gəlməyindən asılıdır. Gün olur dörd seans, gün də olur iki seansla kifayətlənirik. Hələlik stereo filmlərin nümayişini dayandırmışıq. Yalnız sifariş əsasında nümayiş etdiririk. Həmçinin, kinoteatrmızda bir sıra dövlət tədbirləri də təşkil olunur. Azərbaycanda müxtəlif ölkələrin mədəniyyət günləri keçiriləndə “Araz”da filmlər nümayiş olunur”. Bəlkə də hər gün yanından ötən və binanın daxilindən xəbəri olmayanlar, onu da bilmir ki, “Araz”ın əsaslı təmirə ehtiyacı var. Bunu həm binanın sonuncu dəfə təmir olunduğu tarix, həm də faktiki görünüş deməyə əsas verir. “Kinoteatr sonuncu dəfə 1986-cı ildə əsaslı təmir olunub. Doğrudur, bundan sonra öz imkanlarımız daxilində bəzi təmir işləri aparmışıq” - söyləyən “Araz”ın rəhbəri kinoteatrın maddi texniki bazasından da söhbət açdı. Dedi ki, kinoteatr sovet hökumətindən qalma texniki avadanlıqlar ilə fəaliyyət göstərir. Nəriman müəllimin dediyinə görə, 15 işçisi olan “Araz” kinoteatrı heç işçilərinə də məvacib baxımından borclu qalmır. Bildirdi ki, kinoteatrın binasında icarəyə verilmiş restoran və kafelərin icarə haqqı binanın tabe olduğu idarəyə köçürülür. Onlardan alınan istismar pulu hesabına da işçilərə məvacib ödənilir.
Kinoteatrların fəaliyyət göstərmədiyinə dair fikirləri eşidəndə məyus olduğunu deyən N.Əzimov “Araz”ın tarixində belə bir günün yaşanmadığını da vurğuladı. Belə ifadələrin səslənməsini əks təbliğat hesab etdi. Dedi ki, əgər ictimaiyyət, xüsusilə də, gənclər arasında maarifləndirmə işləri aparılsa kinoteatrlara maraq artar. “Mədəniyyət ocaqlarını mütəmadi ziyarət etmək mədəniyyətini yenidən bərpa etmək üçün əvvəlcə kinoteatrların maddi texniki bazasını zənginləşdirmək və müasirləşdirmək lazımdır. Daha sonra güclü təbliğat işi aparılmalıdır. Məsələn, yeni istehsal olunan Azərbaycan filmləri kinoteatrlara nümayişə verilsə daha yaxşı olar. Kommersiya filmləri də kinoteatrlarda nümayişə verilmir. Bunu da kinoteatrların işləməməsi ilə əsaslandırırlar. Odur ki, bu sistemdə bir yenilik olmalıdır” - söyləyən N.Əzimov yenicə istehsal olunan filmlərin kinoteatrlarda nümayiş olunmazdan əvvəl televiziyalarda verilməsinin mənfi cəhətlərindən də danışdı: “Əslində, yeni filmlər icazə vərəqəsi olmaq şərtilə əvvəlcə kinoteatrlarda nümayiş etdirilməlidir. Daha sonra televiziya kanallarında göstərilməlidir. İndisə hər şey tərsinədir. Gələcəkdə bu kimi halların aradan qaldırılacağına ümid edirəm”.
Yeri gəlmişkən qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin milli filmlərin istismarı və təbliğat sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, bu günlərdə həyata keçiriləcək “Böyük Azərbaycan filmləri” festivalı çərçivəsində filmlərin “Araz”da nümayişi nəzərdə tutulub. Kinoteatrlarda yerli filmlərin nümayiş olunmaması məsələsinə aydınlıq gətirən Yusif müəllim bu qurumların repertuar seçimində müstəliq olduqlarını dedi. Buna baxmayaraq etiraf etdi ki, kinoteatrlarda yerli filmlər sadəcə nazirlik və digər aidiyyatı strukturlar tərəfindən kino işi ilə bağlı əlamətdar günlərdə nümayiş olunur.
“Nizami”də təmir-bərpa işlərinin yekunlaşmasına hələ bir il var
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Nizami” kinoteatrı 1940-cı ilin fevral ayının 1-dən fəaliyyət göstərir. Əsas fəaliyyət növü kino nümayişidir. Milli və xarici filmlərin nümayişi ilə yanaşı kinoteatrda kino festivalları, kino günləri, Azərbaycan filmlərinin premyeraları, onların təbliğinə aid kino axşamları, habelə, kino ustalarının yubiley gecələri, həyat və yaradıcılıqlarından bəhs edən tədbirlər keçirilir. Bütün bunlar yaxın keçmişdə idi. Hazırda kinoteatr əsaslı təmir-bərpa işlərinə görə fəaliyyətini dayandırıb.
“Nizami” kinoteatrının gələcək taleyi ilə bağlı sualları tabeçiliyində olduğu qurumun nümayəndələrinə ünvanlanmalı olduq. Suallarımızı Mədəniyyət və Turizm Nazirliyinin sifarişçi funksiyalar üzrə tikilən obyektlərin birləşmiş müdiriyyətinin rəis müavini Etibar Axundov cavablandırdı. O, “Nizami” kinoteatrının 2010-cu ilin oktyabr ayına kimi təhvil verilməsinin nəzərdə tutulduğunu dedi. E.Axundovun sözlərinə görə, hazırda kinoteatrda söküntü işləri tamamilə yekunlaşdırılıb və tikinti-quraşdırma, yenidənqurma işləri gedir. “Fasadına toxunulmadan kinoteatr bütövlükdə müasir standartlara cavab verəcək şəkildə qurulacaq. Kino nümayişi üçün nəzərdə tutulan dörd zal da yeni görkəmlə tamaşaçıların istifadəsinə veriləcək”. Qeyd edək ki, kinoteatrda yenidənqurma işləri “GİLAN HOLDİNG” şirkətlər qrupu tərəfindən aparılır.
Yəqin ki, ən azı bircə dəfə də olsun yolu “Nizami”dən düşənlər bilirlər ki, təmirə dayandırılmazdan əvvəl kinoteatrın foyesində həvəskarların istifadəsinə bir neçə tenis masası da verilmişdi. Filmlərin nümayişi üçün nəzərdə tutulan ekranlarda isə ara-sıra futbol azarkeşləri üçün matçları seyr etmək imkanı da yaradılırdı. Biz isə öz növbəmizdə ümid edirik ki, ən azından bir sıra beynəlxalq tədbirlər zamanı film nümayişinə gələn əcnəbi qonaqlar daha müasir tipli “Nizami” kinoteatrına girəndə bilyard şarlarının zərbəsinə tuş gəlməkdən qorxmayacaqlar.
“Göz bəbəyi” olan “Azərbaycan”ın da qapıları ara-sıra açılırmış
Yerli kinoteatr deyəndə “Azərbaycan” nəzərdə tutulur. Bu kinoteatrı digərlərindən fərqləndirən müasir standartlara cavab verən estetik görünüşü ilə yanaşı, nümayiş olunan filmlərin kəmiyyət və keyfiyyət göstəriciləridir. Xatırladaq ki, 1999-cu ildən tamaşaçıların istifadəsinə verilən kinoteatrın əsaslı təmirinə 3 milyon dollar sərf olunub. Məbləğ İngiltərənin “Stil” şirkəti ilə Azərbaycan Kinemotoqrafiya İttifaqının birgə yaratdığı “Azərbaycan” beynəlxalq kino şirkəti tərəfindən ödənilib.
“Azərbaycan” kinoteatrının rəhbəri, Əli Humani ölkədə olmadığından suallarımızı kinoteatrın yayım üzrə koordinatoru Faiq Kazımov cavablandırdı. Faiq müəllim yerli kinoteatr sənayesində göz bəbəyi sayılan “Azərbaycan” kinoteatrında da vəziyyətin ürəkaçan olmadığını etiraf etdi. Onun sözlərinə görə, bu kinoteatr müasir standartlara cavab verən maddi-texniki baza ilə təmin olunsa, öz xarici görünüşü ilə göz oxşasa belə, burada da tamaşaçı qıtlığı müşahidə olunur. Gün ərzində tamaşaçılara dörd seans təqdim edən kinoteatrda 5-10 nəfərdən artıq adama rast gəlmək də olmazmış. F.Kazımov bunun günahını piratlarda görür. Bundan başqa, F.Kazımov Azərbaycan filmlərinə üstünlük verilmədiyini deyərək bunun səbəbini yerli filmlərin azlıq təşkil etməsi, əksəriyyətinin də texniki formatının uyğun gəlməməsi ilə izah etdi. Kinoteatrın təmsilçisi onu da dedi ki, “Azərbaycan” kinoteatrı dünyanın aparıcı ölkələri ilə ayaqlaşır. Faiq müəllim onu nəzərdə tuturdu ki, “Azərbaycan” kinoteatrı dünya kino emalatxanasının məhsulu olan yeni filmlərin nümayişini özünə prioritet seçib. Amma buna baxmayaraq CD və DVD satışında piratçılıq yolu ilə məşğul olan studiyalar bu işdə də onlardan çevik davranır.
Qeyd edək ki, “Azərbaycan” kinoteatrından çıxdıqdan sonra şəhərin mərkəzində fəaliyyət göstərən bir neçə CD və DVD satış mağazalarında olduq. Məsələ burasındadır ki, həmin gün kinoteatrın təqdim etdiyi 3 filmi, üstəlik 7-yə yaxın müxtəlif filmlərin də cəmləndiyi DVD-ni 3 manata, hətta bəzi yerlərdə 1 manata da almağın mümkün olduğunu gördük. “Azərbaycan” kinoteatrında isə bir seansı izləmək üçün adambaşına 8-10 manat tələb olunur. Onu da əlavə edək ki, “Azərbaycan”da nümayiş etdirilən filmlər İngiltərə, ABŞ və Rusiyanın kino satışı ilə məşğul olan şirkətlərindən alınır.
“Bakı” kinofilm nümayişi üçün nəzərdə tutulsa da...
Xətai rayon ərazisində yerləşən “Bakı” kinoteatrı da digərləri kimi kinofilmlərin nümayişi, kino axşamlarının təşkili üçün nəzərdə tutulub. Amma binanın üzərində köhnədən qalma kinoteatr olduğunu bildirən yazısı olmasa, ətrafındakı mağazaların çoxluğundan kino evinə girişi tapmaq bir az qəliz məsələdir. İçəri daxil olduqda kinoteatr ilk baxışdan, dibçək güllərinin bolluğundan botanika bağını xatırladır.
Rəhbərlikdən suallarımızı cavablandıracaq məsul şəxs tapılmadığı üçün gəlişimizin səbəbilə özünü kinoteatrın baş mühəndisi kimi təqdim edən Adəm Şəbiyev maraqlandı və bizi maraqlındıran bəzi sualları da cavablandırdı. A.Şəbiyev dedi ki, gün ərzində kinoteatrda 4 seansın təqdim olunması nəzərdə tutulur. Digər kinoteatrlar kimi, bura gələnlər də azlıq təşkil edir. Adətən, Azərbaycan, əsasən də, köhnə filmlərin nümayiş olunduğunu söyləyən A.Şəbiyev bunu belə izah edib: “Bakı kinoteatrı əsasən məktəblər ilə birgə işləyir. Əsasən yuxarı siniflərdə oxuyan məktəblilər üçün tarixi filmlər göstərilir. Əvvəllər azyaşlı tamaşaçılar üçün yol hərəkəti qaydalarından bəhs edən filmlər də nümayiş olunurdu”.
Kinoteatrın məktəblərlə birgə işlədiyini deyəndə baş mühəndis Xətai rayon ərazisində olan məktəbləri nəzərdə tuturdu. Onun sözlərinə görə, burada 9 işçi çalışır və onların aylıq əmək haqqları binanın tərkibində olan mağazaların kirayə pullarından ödənilir. Qeyd edək ki, burada da bir sıra kinoteatrlarda olan analoji hala rast gəldik. Belə ki, bu kinoteatrda da çoxlu yamyaşıl dibçək güllərindən başqa, yaşıl məxməri örtüklü bilyard masaları da çoxluq təşkil edirdi.
Əgər Lumiere qardaşları bilsəydilər...
Aqibətilə maraqlandığımız növbəti kinoteatr isə “Nərimanov” kinoteatrı oldu. Digərlərindən fərqli olaraq “Nərimanov”un qapıları tamamilə bağlı idi. Bizi bu mədəniyyət ocağında qarşılayan isə qapısının şüşəsinə yazıb yapışdırılmış “Təmir” sözü oldu. Amma, nə binada təmir işləri gedirdi, nə də təmir üçün hazırlıq görən insanlara rast gəldik. Maraqlısı budur ki, kinoteatrın binasının üzərində iri hərflərlə yazılan adı da yığışdırılmışdı. Buradan bir məsələ ortaya çıxır, ola bilər bu ad kinoteatrın təmiri ilə əlaqədar götürülmüşdü.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində qalan digər kinoteatr isə “Dostluq”dur. Burada suallarımızı kinoteatrın inzibatçısı Seymur Əhmədzadə cavablandırdı: “Dostluq” kinoteatrı 1960-cı ildə tikilib. Təbii ki, bu gün müasir tələblərə cavab verə bilməz. 2008-ci ildə kinoteatrda yenidənqurma işi aparılmalı idi. Müəyyən səbəblərə görə bir qədər ləngiyir. Bu gün bir çox mədəniyyət ocaqlarında yenidənqurma-bərpa işləri aparılır. Hazırda yenidən qurulan mədəniyyət evlərində gənclərin zövqü və tələbləri nəzərə alınır. Şəxsən bizim kinoteatrın yüksək səviyyədə fəaliyyət göstərməsi üçün şəraiti yoxdur, yenə də biz fəaliyyət göstəririk. Digər tərəfdən, bu gün kinoteatrlarda nümayiş olunacaq xarici filmlər dövlət tərəfindən alınmır. çünki, kinoteatrlar müasir tələblərə cavab vermir. Ona görə də, bu gün tamaşaçılar kinoteatra əvvəlki kimi gəlmir”.
S.Əhmədzadə onu da dedi ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə hər il məktəblilərin yaz tətilində 5-ci sinifdən 10-11-ci sinifə kimi gün ərzində 800 uşağa pulsuz film göstərilməsini təşkil edir. Məqsəd məktəb yaşlarından uşaqları mədəniyyət ocaqlarına cəlb etməkdir. “Dostluq” da 10 işçinin çalışdığını deyən inzibatçı filmlərin nümayişindən gələn gəlirin kinoteatrın xərclərinin 20 faizini ödədiyini söylədi. “Belə olduğu halda gərək kinoteatrı bağlayaq. İşçilərin əməkhaqqını ödəmək üçün, istedadlı kinomexaniklərimiz var onları, kinoteatrda saxlaya bilmək üçün, həmçinin, kinoteatrın kommunal xərclərini ödəmək məqsədilə nizamnaməmizə uyğun olaraq bir neçə köməkçi otağı icarəyə vermişik”- deyən S.Əhmədzadə hələlik kinoteatrın özünü bu formada təmin etdiyini dedi. Gələcəyə nikbin baxan həmsöhbətimiz “Dostluq” kinoteatrının da müasir standartlara cavab verəcəyi günün o qədər uzaqda olmadığını vurğuladı.
Növbəti ünvanımız isə Dövlət Pantomima Teatrının yerləşdirildiyi “Şəfəq” kinoteatrı oldu. Kinoteatr rəhbərliyi yerində olmadığından onlarla görüşmək mümkün olmadı. O ki, qaldı 1968-ci ildən fəaliyyət göstərən “Təbriz” kinoteatrına, o, da bir çoxları kimi sahibkarlar tərəfindən özəlləşdirilib və artıq kino filmlər nümayiş etdirmir.
Yekun nəticəyə gəlmək üçün sonuncu suallarımızı Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxova ünvanladıq. Yusif müəllim kinoteatrların özəlləşdirilməsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi. Xatırlatdı ki, Azərbaycan Prezidenti 2006-cı ildə “Kinoteatr, bağça və digər ictimai obyektlərin özəlləşdirilməsinə dair” Sərəncam imzalayıb. Onun sözlərinə görə, ilkin vaxtlarda ənənəvi kinoteatr binaları olduğu üçün özəl kapitalın bu məkanları yenidən dirçəldəcəyi ümid edilsə də, sonradan bir çox kinoteatrlar fəaliyyət istiqamətini dəyişib. Y.Şeyxov “Şuşa”, “Nərimanov”, “Təbriz”, “İzmir” və “Bakı” kinoteatrlarının özəllişdirildiyini də diqqətə çatdırdı. Onu da dedi ki, bu kimi kinoteatrlar Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyindən çıxdığı üçün istədikləri istiqamətdə fəaliyyət göstərməkdə azaddırlar.
Sonda isə bu qənaətə gəlmək olar ki, hazırda paytaxtda “Azərbaycan” kinoteatrından başqa film və tamaşaçı arasında münasibətin formalaşması funksiyasını daşıyan kinoteatr fəaliyyət göstərmir. Maddi-texniki bazası və müasir standartlara cavabı verməsi baxımından “Araz” kinoteatrının fəaliyyəti isə “Azərbaycan”la müqayisədə qənaətbəxşdir. ümumi nəticə isə belədir. Əgər bu gün kinoteatrlar tamaşaçı biganəliyindən əziyyət çəkirsə, bunun kökündə ilk növbədə sözügedən mədəniyyət evinin dünyada qəbul olunan müasir normativlərə cavab verməməsi, maddi texniki bazasının kasad olması dayanır. Digər bir səbəb isə kino sənayesində piratçılığın olmasıdır. Həm də kinoteatrlar müəyyən bir filmi nümayiş etdirməmiş, bəzi televiziya kanallarında yayımlanması kinoteatrda film izləmək istəyənləri bu həvəsindən daşındırır.
Və sonda... Əgər vaxtilə Lumiere qardaşları bilsəydilər ki, Azərbaycandakı kinoteatrlarda çayxanalar və bilyard salonları fəaliyyət göstərəcək, kinofilmlərin nümayiş olunduğu ictimai binaların yaranması üçün çalışmazdılar.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

