Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ümummilli lideHeydər Əliyev Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının banisidir

Ümummilli lideHeydər Əliyev Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının banisidir

04.08.2009 [09:36]

Ziya Yusif-zadə: Heydər Əliyevin şəxsi iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilən xüsusi əməliyyat işləri bu gün də təhlükəsizlik orqanlarının əməkdaşları üçün əsil peşəkarlıq nümunələri sayılır
1969-82-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadədir:
- Cənab general, ümummilli liderimiz Heydər Əliyevlə uzun illər birgə işləmiş, çətin, keşməkeşli bir fəaliyyət yolu keçmisiniz. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyinin tarixindəki yeri və rolunu necə qiymətləndirirsiniz?
- Dahi şəxsiyyətlərə layiq olduqları qiyməti vermək, onların Vətən, xalq və millət naminə göstərdikləri misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edən məsələdir. Dahilər insan ömrünün zaman adlı sədlərini dəf edərək zamansızlaşır, həmişəyaşar insanlara çevrilirlər. Təkcə ona görə yox ki, ağılları, ürəkləri fəth edə bilmək qabiliyyəti yalnız zamanın fövqündə dayanan, sağlığında milyonların qəlbində ölməzlik məşəli yandıran şəxsiyyətlərə nəsib olur, həm də ona görə ki, istənilən dəyərləndirmə ictimai rəyə adekvat olmaqdan başqa, bu şəxsiyyətlərin dövlətçiliyə, milli ideallara və milli təfəkkürə ayrılmaz tellərlə bağlılığını əyani şəkildə əks etdirməlidir. Ulu öndər Heydər Əliyev dövlət və ictimai-siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub yaratmaq amalı ilə yaşamışdır. Hələ ötən əsrin 70-80-cı illərində Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olacağını görürdü və buna lazımi zəmin formalaşdırmaq üçün əzmkarlıq və uzaqgörənliklə fəaliyyət göstərirdi. Azərbaycana birinci rəhbərliyi illərində Ulu öndər Heydər Əliyev respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı tikinti və sənaye obyektlərinin inşasına xüsusi əhəmiyyət verərkən, yeni təhsil ocaqları, o cümlədən, C.Naxçıvanski adına hərbi məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin təməlini qoyurdu. Azərbaycanın bütün guşələrində bu müdrik insanın möhtəşəm izlərinin şahidi olursan. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikanın tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan vermişdir...
Heydər Əliyevin böyüklüyü ondadır ki, O, hər hansı tarixi xronologiya çərçivəsinə sığan, konkret bir məqamda gərəkli olan şəxsiyyət deyildi. ümummilli liderimiz öz zamanının və məkanının çərçivəsinə sığmayan, hər zaman gərəkli olan, daha genişmiqyaslı şəxsiyyət idi. Heydər Əliyevin birinci rəhbərliyi dövründə Azərbaycan müstəqil deyildi, federativ fövqəldövlətin - Sovet İttifaqının respublikalarından biri idi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Bu nöqteyi-nəzərdən, 1969-cu ildə Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsinə gənc, amma idarəetmə sahəsində təcrübəli, qətiyyətli xarakterə, güclü intellektə malik dahi bir şəxsin - Heydər Əliyevin seçilməsi, sözün əsil mənasında Azərbaycan xalqının qisməti idi. Heydər Əliyev Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində qısa bir müddətdə - 13-14 ildə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi, milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi...
Zamanın və xalqın tələbi ilə ölkə rəhbərliyinə ikinci dəfə qayıdışında Heydər Əliyev üzləşdiyi çətinliklərə və maneələrə, dövlət çevrilişləri və həyatına sui-qəsd cəhdlərinə cəsarətlə sinə gərərək, təbiətin Ona bəxş etdiyi fədakar işgüzarlıq və mübarizlik, əyilməz iradə və dəmir məntiq, özünəinam və siyasi uzaqgörənliklə xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Bütün gücünü xalqına olan inamından və bağlılığından alan, taleyi Azərbaycanın taleyindən ayrılıqda dərk edilməyən Ulu öndərimiz Heydər Əliyev bəşəriyyətin ən nüfuzlu və həmişəyaşar dövlət və siyasi xadimlərindən biri olub.
- Cənab general, Ulu öndər Heydər Əliyevin DTK-da işlədiyi illərdəki hadisələrdən, xatirələrdən danışardınız...
- Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti son dərəcə məhsuldar və dəyərli olduğu qədər də təmiz, vicdanlı və şərəflidir. Xatırlatmaq istərdim ki, ulu öndərin bu orqanlarda fəaliyyətə başlaması təxminən ötən əsrin 40-cı illərinə təsadüf edir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş, 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, 1950-ci ildə Leninqradda Ali çekist məktəbini əla qiymətlərlə başa vurduqdan sonra dövlət təhlükəsizliyi orqanlarının mərkəzi aparatında bölmə rəisi vəzifəsinə təyin edilir, 1953-cü ildə isə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir və bu vəzifədə 10 il səmərəli fəaliyyətindən sonra 1964-cü ildə DTK sədrinin birinci müavini, 1967-ci ildə isə DTK-nın sədri təyin edilir. Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı olmuşdur.
Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi bütün illər ərzində yüksək peşəkarlığı, geniş siyasi dünyagörüşü, cəsarəti, məftun edəcək ünsiyyət tərzi, ekstremal şəraitlərə təmkinlə yanaşması və onları böyük ustalıqla dəf etmək bacarığı, fitri yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin böyük rəğbətini qazanmışdı. Bütün bunlar təhlükəsizlik orqanlarının əməkdaşlarını öz vəzifə və vətəndaşlıq borclarını layiqincə həyata keçirməyə ruhlandırmış, xalqımızın milli mənafelərini ləyaqətlə qorumağa sövq etmişdir. Ulu öndərin bir peşəkar kimi dəyərli və həmkarları tərəfindən böyük rəğbətlə qarşılanan xüsusiyyətlərindən biri də o idi ki, yüksək vəzifələrdə olduğu illər ərzində də əməliyyat tədbirlərinin kombinasiyalarının işlənib hazırlanmasında və həyata keçirilməsində şəxsən iştirak edirdi. Heydər Əliyevin şəxsi iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilən xüsusi əməliyyat işləri bu gün də təhlükəsizlik orqanlarının əməkdaşları üçün əsil peşəkarlıq nümunələri sayılır.
Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarına rəhbərliyi illərində DTK-da əvvəlki dövrlərdən köklü surətdə fərqlənən ab-hava yaranmış, əməliyyat fəaliyyətinə və onun səmərəli təşkilinə yeni, yaradıcı baxış formalaşmışdır. Təhlükəsizliyin təminatında Azərbaycanın milli maraqlarının ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad və Kiyev şəhərlərinə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə prosesinin aparılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında son dərəcə məqsədyönlü və yaradıcı fəaliyyəti ilə həm də zəngin və əvəzsiz bir məktəb yaratmışdır.
- Müstəqillik illərinə gələk...1993-cü ildə ümummilli liderimizin xalqın istəyi ilə hakimiyyətə yenidən qayıdışı təhlükəsizlik orqanlarının fəaliyyətində tamamilə yeni mərhələnin əsasını qoydu...
- Ulu öndərimiz Heydər Əliyevin bu istiqamətdəki fəaliyyəti hələ 50-60-cı illərə təsadüf edir. 30-40-cı illərdə həyata keçirilmiş repressiyalar nəticəsində təhlükəsizlik orqanlarının xalq arasında nüfuzu tamamilə aşağı düşmüş, onlara inam və etimad azalmışdı. Heydər Əliyev təhlükəsizlik orqanlarında rəhbərliyə gələndən sonra bu orqanların fəaliyyətinin xalqın milli maraqlarına uyğun qurulması, ictimaiyyət arasındakı nüfuzunun bərpası məqsədilə çox səylər göstərmiş, demək olar ki, məqsədinə nail olmuşdur. O zaman Heydər Əliyev və Onun göstərişi ilə bütün rəhbər heyət planlı şəkildə xalq arasında, müxtəlif elm, təhsil və mədəniyyət müəssisələrində olur, Stalin dövründə həyata keçirilmiş repressiyaları kəskin surətdə tənqid edir, onların mərkəzdən planlaşdırılaraq həyata keçirildiyini bildirirdi. Bütün bunlar xalqda dövlət təhlükəsizliyi orqanlarına olan inamı tədricən bərpa etmək məqsədi daşıyırdı.
Məlumdur ki, həmin dövrdə vətəndaşların şikayət məktubları, adətən, partiya-sovet orqanlarına, Mərkəzi Komitəyə, Sov. İKP MK Siyasi Bürosunun üzvlərinə, hətta Lenin Mavzoleyinə göndərilirdi. Bir çox hallarda isə vətəndaşları narahat edən problemlər öz həllini tapmırdı. Ancaq Heydər Əliyev DTK-da müavin və sədr işlədiyi müddətdə vətəndaşlar ərizə və şikayətlərini dövlət təhlükəsizliyi orqanlarına ünvanlamağı daha etibarlı sayırdılar. Heydər Əliyev şöbə rəislərinə həftədə bir dəfə şikayətçiləri qəbul edib, onları narahat edən məsələlərin həllində yardımçı olmaq tapşırığı vermişdi. Problemi həll edilmiş vətəndaşlar isə dövlət təhlükəsizliyi orqanlarına və şəxsən Heydər Əliyevə minnətdarlıq məktubları ilə müraciət edirdilər. Bu da təbii ki, əhali arasında təhlükəsizlik orqanlarının nüfuzunun ildən-ilə artmasına yardım edirdi.
ümummilli liderimiz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu istiqamətdə gərgin əmək sərf etmiş, təhlükəsizlik orqanlarının xalqın və dövlətin maraqlarına xidmət edən çevik, mütəşəkkil orqana çevrilməsi naminə səylə çalışmış, bu məqsədlə bir sıra vacib Fərman və Sərəncamlar imzalamışdır. 1991-1993-cü illərdə ictimai həyatın digər vacib sferalarında olduğu kimi, bu sahədə də ciddi problemlər, nöqsanlar var idi. ölkədə tez-tez hakimiyyət dəyişikliklərinin baş verməsi, ictimai-siyasi sabitliyin olmaması Milli Təhlükəsizlik Nazirliyinin (MTN) fəaliyyətinə də mənfi təsir göstərirdi. İşgüzar, təcrübəli əməkdaşların tutduqları vəzifələrdən uzaqlaşdırılması, onların yerinə naşı adamların gətirilməsi nəticəsində əməliyyat tədbirlərinin səmərəliliyi aşağı düşmüş, peşəkarlıq azalmışdı. Nəticədə dövlət maraqlarının müdafiəsində müəyyən çətinliklər yaranmışdı. Xüsusən də, 1993-cü ilin birinci yarısında ölkədə çox böhranlı vəziyyət hökm sürür, müxtəlif təxribatçı qüvvələr Azərbaycanda milli etnik münasibətləri süni şəkildə qızışdırmağa çalışır, separatizmə rəvac verirdilər. Azərbaycan faktiki olaraq öz müstəqilliyini itirmək və dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Belə ağır şəraitdə xalqın, zamanın tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz taleyüklü məsələlərin həllini böyük inamla öz üzərinə götürdü, qətiyyət, cəsarət və uzaqgörənliklə Azərbaycanda ictimai - siyasi sabitliyə nail oldu, dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etdi.
ömrünün 25 ilini təhlükəsizlik orqanlarında işləmiş, xalqına şərəflə, əzmkarlıqla xidmət etmiş Ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında və inkişafında böyük xidmətləri olmuşdur. ümummilli liderimizin 23 mart 1997-ci il tarixli “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” sərəncamı ilə 28 mart hər il milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu, MTN-in cəmiyyətimizin həyatındakı roluna verilən ən ali, mötəbər qiymətdir...
Zəngin, şərəfli və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin xüsusi istedad və peşəkarlıq tələb edən bu spesifik sahədəki fəaliyyəti illər keçsə də, böyük ehtiramla xatırlanır. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi olan böyük öndərimiz həm də özündən sonra gənc nəslin daim bəhrələnə biləcəyi bir məktəb yaradıb. çətin siyasi dönəmlərdə təhlükəsizlik orqanlarında yüksək postlar tutmuş Ulu öndərimiz fəaliyyətində daim milli mənafeləri önə çəkib, milli-ədəbi irsi, milli təfəkkür və düşüncə sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, qətiyyət nümayiş etdirib.
Ulu öndərimiz müstəqil Azərbaycana rəhbərlik edəndə də ölkəmizin təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşıb, bu məqsədlə 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə Sərəncam imzalayıb.
- Hazırda Ulu öndər Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. ölkəmizdə Heydər Əliyev idealları yaşayır, dövlətimiz inkişaf edir, qüdrətlənir...
- Bəli, ümummilli liderimiz bütün mənalı həyatını xalqına qurban verməklə kifayətlənməmiş, xalqının gələcəyini düşünmüş, müdrik Heydər Əliyev siyasətini davam etdirəcək, xalqın taleyini təyin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürəcək yeni lideri - Prezident İlham Əliyevi yetişdirmiş və Azərbaycan xalqının xidmətinə vermişdir. Heydər Əliyev seçkilərdən əvvəl Azərbaycan xalqına müraciət etmiş, “mən İlham Əliyevə özüm qədər inanıram” demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir, dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı da Heydər Əliyevə özü qədər, öz varlığı qədər inanırdı və bu inamın nəticəsi olaraq, 2003-cü ilin prezident seçkilərində Heydər Əliyev siyasətinə, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsinə, Azərbaycanın yeni lideri İlham Əliyevə səs verdi. Cənab İlham Əliyev də prezident seçkilərinə bu inamın varisi kimi getmişdi, xalq qarşısında Heydər Əliyev siyasətini davam etdirmək, Azərbaycanın ümummilli liderinin yolu ilə getmək öhdəliyi götürmüşdü. Heydər Əliyev siyasətinin əsas prioritetlərini isə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması, dövlət idarəçiliyinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, ölkəmizin beynəlxalq aləmdə əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycanın dünya birliyinə, o cümlədən, Avropa xalqları ailəsinə daha çox inteqrasiya olunması təşkil edir. Möhtərəm Prezidentimizin müdrik, inamlı, son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, ictimai-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə möhkəmlənir. Ermənistan artıq dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınmış, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Bütün bunlar Heydər Əliyev siyasi və iqtisadi strategiyasının təntənəsidir. Məhz bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi qısa müddət ərzində Azərbaycanda çox böyük nailiyyətlər əldə edilməsinə imkan vermişdir, ölkənin iqtisadi və sosial həyatında dünyada analoqu olmayan nailiyyətlər əldə olunmuşdur.
Bu gün Prezident İlham Əliyevin bir şüarı var: “Əsil siyasət xalq üçün işləmək, faydalı iş görməkdir”.
Bəli, yalnız xalq üçün faydalı iş görməklə xalqın inamını qazanmaq olar. Mustafa Kamal Atatürk deyirdi ki, xalqa əfəndilik etmirlər, xalqa xidmət edirlər. Yalnız xalqa xidmət edənlər xalqın əfəndisi səviyyəsinə yüksəlirlər. Heydər Əliyev də xalqa xidmət etməklə, öz mənalı ömrünü xalqına həsr etməklə ümummilli lider səviyyəsinə yüksəlmişdi. Prezident İlham Əliyev də Atatürk yolunu, Heydər Əliyev yolunu davam etdirir, xalq üçün işləməklə, xalqa xidmət etməklə xalqın məhəbbətini, inamını qazanmışdır.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1466 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31