Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da güclənib

Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da güclənib

21.08.2009 [00:48]

Əli Əhmədov: Azərbaycanın inkişaf meyillərinin davamı fonunda Yeni Azərbaycan Partiyası da öz qarşısında duran vəzifələri uğurla həyata keçirə bilib
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, artıq 2009-cu ilin birinci yarısı arxada qalıb. ötən müddət ərzində ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı göstəriciləri ictimaiyyətə məlumdur. Eyni zamanda, ictimai-siyasi proseslər də daim diqqət mərkəzindədir. Bu mənada, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu ilin ötən dövründə qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirib?
- 2009-cu ilin ötən dövrü bütövlükdə Azərbaycan üçün uğurlu olub və bu uğurlar bütün dünyanın yaşadığı iqtisadi böhran fonunda daha qabarıq görünür. Dünyanın əksər ölkələri, güclü iqtisadiyyata malik dövlətlər 2008-ci ilin ortalarından başlayaraq çox ciddi iqtisadi və maliyyə böhranının təsirlərini öz üzərində hiss etməkdədirlər. çox az ölkələri nümunə göstərmək olar ki, beynəlxalq maliyyə böhranının ciddi təsirlərini hiss etməsinlər. Məmnunedici haldır ki, Azərbaycan dünyanın yaşadığı iqtisadi və maliyyə böhranını öz üzərində çox az hiss edən ölkələr sırasındadır. Bunun ən bariz ifadəsi ondadır ki, əksər ölkələrdə iqtisadiyyat tənəzzülə uğradığı halda, Azərbaycan iqtisadiyyatı inkişaf meyilini 2009-cu ildə də saxlayıb. 2008-ci ilin ikinci yarısından başlayaraq dünya bazarında Azərbaycan iqtisadiyyatına çox böyük gəlir gətirən neftin qiyməti nəzərəçarpacaq dərəcədə azalıb. Lakin neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf meyilini yenə də göstərib. Bütün bunlar ölkəmizin inkişafını ifadə edir və təbii ki, Azərbaycanın inkişaf meyillərinin davamı fonunda Yeni Azərbaycan Partiyası da öz qarşısında duran vəzifələri uğurla həyata keçirə bilib.
Bilirsiniz ki, 2009-cu ilin mart ayında Azərbaycan Konstitusiyasına bir sıra dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirildi. Bu referendum YAP-ın Milli Məclisdə irəli sürdüyü təşəbbüs əsasında baş tutdu. Referendumun nəticələri YAP-ın apardığı seçki təşviqatının nə dərəcədə yüksək olduğunu əyani şəkildə göstərən ən vacib amillərdən biridir. Digər tərəfdən, YAP bu müddət ərzində inkişaf edib, sıraları artıb. Hazırda YAP-ın sıralarında 490 min nəfərə qədər Azərbaycan vətəndaşı toplaşıb. Bu ilin ötən dövrü ərzində isə partiya sıralarına daxil olanların sayı 15 min nəfəri ötüb. Yarım il ərzində YAP sıralarına bu sayda insanın qoşulması sadəcə statistika deyil, YAP-a, bu partiyanın Sədrinə, Onun həyata keçirdiyi siyasətə Azərbaycan vətəndaşları tərəfindən olan inamın göstəricisidir. Sevindirici haldır ki, getdikcə daha çox sayda gənclər YAP sıralarına daxil olurlar. Bu il partiyaya qəbul olunmuş insanların əksəriyyəti gənclərdən ibarətdir. Bu o deməkdir ki, YAP-ın ideyalarını qəbul edən və bu ideyaların həyata keçirilməsi üçün partiyanın sıralarına daxil olan insanlar arasında gənclər üstünlük təşkil edirlər. Gənclərin sayının artması bu vacib məqamın göstəricisidir. Eyni zamanda, ötən müddət ərzində ölkənin ictimai-siyasi həyatında YAP-ın nüfuzu daha da güclənib. Proseslərə partiyanın təsir etmək imkanları daha da artıb.
- Bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Böyük seçki təcrübəsinə malik olan YAP-ın bələdiyyə seçkilərinə hazırlığı barəsində nə deyə bilərsiniz?
- Əlbəttə, partiyamız özünün əsas vəzifəsini ölkəmizdəki seçkilərin keçirilməsində görür. 2009-cu ildə Azərbaycanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Növbəti bələdiyyə seçkiləri dekabr ayına təsadüf edir. Hazırda partiyamızın diqqət mərkəzində duran əsas məsələlərdən biri növbəti bələdiyyə seçkilərinə hazırlıqdır. Bu barədə partiyanın İcra Katibliyində müvafiq proqram konseptual olaraq hazırlanıb və proqramın yerinə yetirilməsi üzərində iş gedir. Digər tərəfdən, bələdiyyə seçkiləri əsas etibarı ilə yerli səviyyədə keçirilən seçkilərdir və buna görə də, bu seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etmək hər şeydən əvvəl seçki kampaniyasının yerlərdə uğurlu təşkil edilməsindən asılıdır. Buna görə də, hazırladığımız konsepsiyada əsas diqqət verdiyimiz məsələlərdən biri partiyanın yerli strukturlarının bələdiyyə seçkilərinə hazırlığını təmin etməkdən ibarətdir. Bu yöndə də əhəmiyyətli işlər görülməkdədir.
- Bəs partiyanın namizədləri hansı prinsiplərlə müəyyənləşəcək? ümumiyyətlə, hazırkı bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş saymaq olarmı?
- ümumiyyətlə, YAP-ın bələdiyyələrdə təmsil olunan nümayəndələri bütövlükdə Azərbaycan bələdiyyələrinin sütununu təşkil edir. YAP-ın üzvləri 2004-cü ildə keçirilən seçkilərin nəticələrinə görə bələdiyyələrə seçilənlərin 60 faizə qədərini təşkil edib. Bu mənada hesab edirəm ki, bütövlükdə yerli özünüidarə orqanlarının inkişaf etməsində YAP-ın əhəmiyyətli rolu var. Məsələnin digər tərəfi ondan ibarətidir ki, bələdiyyələr Azərbaycanın həyatında yeni hadisədir. Ona görə də, bələdiyyələr daim təkmilləşməyə ehtiyac hiss edirlər. çünki onlar yeniləşmə, təkmilləşmə və kamilləşmə mərhələsindədirlər. Hesab edirəm ki, 2009-cu ilin bələdiyyə seçkiləri kampaniyası məhz bu ideya ab-havasına uyğun şəkildə keçirilməlidir. Bu mənada biz qarşıdan gələn növbəti bələdiyyə seçkilərini onların yeniləşməsi şüarı altında keçirmək niyyətindəyik. Azərbaycan sürətlə inkişaf edir, regionlar əhəmiyyətli dərəcədə dəyişir. İndi ölkənin bölgələri həm müasirləşən, həm də sürətli inkişaf edən regionlardır. Belə olan halda, bütövlükdə Azərbaycanın, eyni zamanda, regionların yeniləşməsi ab-havasına uyğun olaraq Azərbaycan bələdiyyələrinin də yeniləşməsinə çox ciddi ehtiyac var. Azərbaycan bələdiyyələri də öz fəaliyyətlərini yeni tələblərə uyğun qurmağa borcludurlar. Bu mənada seçkiləri bu yanaşma əsasında həyata keçirməyi düşünürük. Bu isə təbii ki, bir çox yeni məqamları, o cümlədən, namizədlərin seçilməsində yenilik ab-havasını şərtləndirir.
Biz belə hesab edirik ki, bələdiyyələrin böyük əksəriyyəti öz vəzifələrinin yerinə yetirilməsinə vicdanla yanaşıblar. Eyni zamanda, Azərbaycan cəmiyyəti bələdiyyələrdən daha çox şey gözləyir və bu gözləntilərin əldə olunması üçün bələdiyyələrə seçilən insanların üzərinə böyük vəzifələr düşür. Bu mənada biz namizədləri irəli sürərkən, bu meyara istinad edəcəyik və güman edirəm ki, belə yanaşma özünü doğruldacaq. Biz seçkilərdə gənclərə üstünlük vermək istəyirik. Hesab edirik ki, Azərbaycanın ən çoxsaylı və kütləvi seçkiləri olan bələdiyyələrdə gənclər daha geniş şəkildə təmsil olunmalıdırlar. Partiya sıralarında gənclərin say etibarı ilə çoxalması, ictimai-siyasi proseslərdə onların mövqeyinin artması onu deməyə əsas verir ki, yerli özünüidarə orqanlarına seçkilərdə gənclərin imkanlarından daha geniş şəkildə istifadə edilməsi həm vacibdir, həm də mümkündür. Bütün bunlar bələdiyyə seçkiləri ilə əlaqədar qarşımızda duran vəzifələrdir. Güman edirəm ki, biz bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcəyik.
- Qarşıdan gələn bələdiyyə seçkilərində müxalifətin şansını necə dəyərləndirirsiniz? 2004-cü ildə bələdiyyə seçkilərində iştirakdan imtina edən bəzi partiyalar bu il keçiriləcək seçkilərlə bağlı iddialarla çıxış edirlər...
- Seçkilərdə iştirak hər bir partiyanın başlıca fəaliyyət istiqamətidir. Əgər hansısa partiya seçkilərdən kənarda qalırsa, özünün mövcudluğunu sual altında qoyur. Eyni zamanda, bələdiyyə seçkilərində iştirak siyasi partiyaların ictimaiyyət tərəfindən nə dərəcədə dəstəklənməsini təsdiqləyən amildir. Həmçinin, bu seçki partiyaların ölkənin bölgələrində də hansı imkanlara və dəstəyə malik olduğunu nümayiş etdirir. Amma onu da qeyd etməliyəm ki, yerlərdə ictimai dəstəyi olmayan partiyalar üçün seçkilərdə iştirak çox çətin olacaq. Seçkilərdə iştirak etmək üçün partiyaların yalnız Bakı şəhərində ofisinin olması şərt deyil, onların bölgələrdə də dayaqları olmalıdır. Əgər partiyalar seçkilərdə iştirak etməsə, deməli onların ictimai dayağı mövcud deyil. Hesab edirəm ki, özünə hörmət edən siyasi partiyalar bələdiyyə seçkilərində iştirak etmək haqqında düzgün qərar qəbul edəcəklər.
YAP bələdiyyə seçkilərində iştirak etmək istəyən partiyaları özünə təhlükə yarada biləcək rəqib hesab etmir. çünki YAP üzvlərinin sayı artıq yarım milyona çatıb. ölkədə fəaliyyət göstərən digər partiyaların üzvlərinin isə sayını bir yerə toplasaq, onlar YAP üzvlərinin sayının kiçik bir faizini təşkil edə bilər. YAP-ın digər partiyalarla ictimai nüfuz və proseslərə təsiri baxımından da müqayisəolunmaz fərqləri var. Bununla belə, YAP seçki kampaniyasının opponentlərlə rəqabət şəraitində keçməsini istəyir.
- Bələdiyyə seçkiləri ilində Milli Məclisin bəzi deputatları, eləcə də, siyasi partiyalar Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi təklifi ilə çıxış ediblər. Sizcə, indiki şəraitdə seçki qanunvericiliyinə hansısa dəyişikliklər etməyə ehtiyac varmı?
- Qeyd etdiyim kimi, bələdiyyə seçkiləri dekabr ayında keçiriləcək. Səsvermə gününə 75 gün qalmış seçki kampaniyasına rəsmi start veriləcək. Parlamentin növbəti sessiyası isə oktyabrın 1-də başlayacaq. Bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə hər hansı dəyişiklik etmək niyyəti olsa belə, vaxt baxımından bunu yerinə yetirmək mümkünsüzdür. Seçki kampaniyası başlayandan sonra seçki qanunvericiliyinə hər hansı dəyişikliyin edilməsi məqsədəuyğun deyil.
ümumiyyətlə, Seçki Məcəlləsinə hansı dəyişikliklərin edilməsindən söhbət gedir? Biz hesab edirik ki, bütövlükdə Azərbaycanın mövcud seçki qanunvericiliyi ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə tam təminat verir. Bu baxımdan, Məcəlləyə ciddi dəyişikliklər edilməsinə ehtiyac görmürük. Mövcud Seçki Məcəlləsi artıq bir neçə sınaqdan keçib və özünü doğruldub, beynəlxalq təşkilatlar da bu sənədə müsbət rəy veriblər.
Bələdiyyələrin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı təkliflərə gəldikdə isə, hesab edirəm ki, zaman-zaman belə ehtiyaclar yaranır. Bilirsiniz ki, bələdiyyələrin birləşməsi haqqında qanun qəbul edilib və hesab edirəm ki, bu proseslər gələcəkdə də davam edəcək.
- Əli müəllim, başqa bir məsələyə də münasibətinizi bilmək istərdik. Bu gün cəmiyyətin diqqət mərkəzində olan əsas məsələlərdən biri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardır. Danışıqlar prosesinin intensivləşdiyi bir şəraitdə bəzi həmsədr dövlətlərin öz təmsilçisinin dəyişdirilməsi haqqında qərar qəbul etməsi bu prosesə necə təsir göstərə bilər?
- Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı danışıqlar prosesinin intensivləşməsi müsbət haldır. Son illər Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı çox ciddi narahatlıqlar ifadə olunurdu. Hətta bu narahatlıq o həddə çatmışdı ki, cəmiyyətimizin böyük hissəsi Minsk qrupunun lüzumsuz bir quruma çevrildiyi barədə də açıq şəkildə fikir bildirirdilər. Təbii ki, əgər bu təşkilat cəmiyyətin hansısa probleminin həll edilməsi üçün yaranıbsa və ona inamsızlıq varsa, bundan nəticə çıxarılmalıdır. Qurum ya özü haqqında rəyi dəyişməlidir, ya da bütövlükdə fəaliyyətinə xitam verilməlidir. Yəqin ki, vasitəçilik prosesində intensivliyin artırılması ilə Minsk qrupunun həmsədrləri sübut etməyə çalışırlar ki, bu quruma ehtiyac var. Onların fəaliyyətindəki canlanmanı müsbət qiymətləndirir və hesab edirik ki, bu, münaqişənin ədalətli şəkildə nizama salınması üçün ciddi addımların atılmasına gətirib çıxara biləcək.
Bəzi həmsədr dövlətlərin öz nümayəndələrini dəyişməsi məsələsi həm qeyd etdiyim amillə bağlı, həm də münaqişənin həllinə diqqətin artması ilə əlaqəli ola bilər. Yəqin ki, indiki halda bunların hər ikisi mövcuddur. ümumiyyətlə, demək istəyirəm ki, Dağlıq Qarabağ probleminə münasibət 10-15 il bundan əvvəlki münasibət deyil. İndi beynəlxalq güclər ona başqa cür yanaşır. Mənim fikrimcə, bu münaqişənin başlanması vaxtilə maraqlı beynəlxalq güclərin bu regionda mövqelərinin möhkəmlənməsinə xidmət edirdi. İndi isə münaqişənin nizama salınması bu məqsədə xidmət edir. Deməli, münaqişənin regional siyasətdə rolu köklü surətdə dəyişib. Ola bilsin ki, bu məsələlər də həmsədr ölkələrin nümayəndələrinin dəyişdirilməsinə müəyyən mənada təsir göstərib. Amma hesab edirəm ki, diplomatların əvəzlənməsi münaqişənin nizama salınmasına həlledici təsir göstərən amil sayılmamalıdır.
Mən münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşməsinin üç başlıca səbəbini qeyd etmək istəyirəm. Birincisi, Azərbaycan dövlətinin beynəlxalq aləmdə mövqeyinin güclənməsi, rolunun və əhəmiyyətinin artmasıdır. İkincisi, Azərbaycanın iqtisadi gücünün hərbi gücə transformasiya etməsini qeyd etmək istəyirəm. Azərbaycan ordusunun güclənməsi, döyüş qabiliyyətinin artması ölkədə və ölkəmizdən kənarda da heç kimin şübhə ilə yanaşmadığı reallıqdır. Müxtəlif çağırışların səslənməsinə baxmayaraq, tarixi ədalətsizliyin aradan qaldırılması haqqı heç bir millətin əlindən alınmayıb. Hər bir xalq ona qarşı edilmiş ədalətsizliyin aradan qaldırılması haqqına malikdir. Azərbaycan xalqı da pozulmuş hüquqlarını bərpa etmək haqqına sahibdir. Münaqişəni indi bizim arzu etdiymiz yollarla həll etmək mümkün olmasa, onda Azərbaycanın qüdrəti, güclənən ordusu onun pozulmuş hüquqlarının bərpa edilməsində ən vacib arqumentə çevriləcək.
üçüncü səbəb isə beynəlxalq təşkilatların, dünya birliyinin Dağlıq Qarabağ probleminə münasibətinin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədardır. ölkəmizin apardığı diplomatik savaş nəticəsində dünya birliyi etiraf etmək zorundadır ki, Azərbaycana qarşı ədalətsizlik edilib və bu ədalətsizliyin aradan qaldırılmasının zamanı çatıb. Artıq erməni təbliğatı da əvvəlki effekti vermir. Dünya birliyi həqiqəti dərk etmək zorundadır. Artıq erməni təbliğatının bütün maskaları yırtılıb, onları dəstəkləyən və havadarlıq edənlər də əvvəlki rollarını ifa edə bilmirlər. Bir sözlə, münaqişənin həllinə beynəlxalq münasibət əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan bu imkandan uğurla faydalanmağa çalışır. Bütün bunları ümumiləşdirərək qeyd etmək istəyirəm ki, münaqişənin həlli ilə əlaqədar əlverişli imkan yaranıb. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət həlledici rol oynayır. İnanıram ki, müşahidə olunan tendensiya ədalətin bərpa olunmasına gətirib çıxaracaq.
- Bir müddət öncə Madrid prinsiplərinin detalları ictimaiyyətə açıqlandı. Bunun ardınca isə həmsədrlərin Krakov görüşündə bu prinsiplərin yeniləşdirilmiş variantı hazırlandı. Sizcə, yeniləşdirilmiş Madrid prinsipləri münaqişənin həllinə nələr vəd edir?
- Azərbaycanın münaqişənin nizama salınması ilə əlaqədar mövqeyində heç bir dəyişiklik baş verməyib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar, Dağlıq Qarabağa isə yüksək özünüidarə statusu verilə bilər.
Münaqişə tərəflərinin mövqelərinin yaxınlaşması Azərbaycanın öz prinsiplərindən kənara çəkilməsi anlamına gələ bilməz. Əksinə, mövqelərin yaxınlaşması Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi zərurətinin hamı tərəfindən, o cümlədən, Ermənistan tərəfindən də dərk edilməsi anlamını daha çox və qətiyyətlə ifadə edir. Madrid prinsiplərinin açıqlanmasına gəlincə, fikrimcə, bu, danışıqların arxada qalmış hissəsidir. çünki danışıqlar konfedensial şəkildə aparılır. Elan olunan prinsiplər, sadəcə olaraq ən ümumi yanaşmanı ifadə edir. Bu yanaşma münaqişənin ədalətli şəkildə həll edilməsi açarını tapmağa əsas yaradır. İstənilən halda, Azərbaycan münaqişənin nizama salınmasının tərəfdarıdır və münaqişə ədalətli həll olunmalıdır. Azərbaycan daim bu mövqedən çıxış edir.

Paylaş:
Baxılıb: 1256 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31