Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Düzgün danışmaq bir sənətdir, şahmat oyununa bənzəyir

Düzgün danışmaq bir sənətdir, şahmat oyununa bənzəyir

02.02.2022 [10:49]

İlhamə RƏSULOVA

Həmsöhbətimiz “Diksiya Akademiyası”nın təsisçisi Cəlalə Nəzəroğludur.

- Cəlalə xanım, biz sizi teleaparıcı kimi tanımışdıq. Sonra “Diksiya Akademiyası”nı təsis etdiyinizi gördük. Bu təlim mərkəzi hansı zərurətdən yarandı?

- “Diksiya Akademiyası” MMC Azərbaycanda insanların nitqini hərtərəfli formada təkmilləşdirmək üzrə fəaliyyət göstərən yeganə şirkətdir. Biz şifahi və yazılı nitqlə məşğuluq. Əhatə dairəmiz genişdir, bağça səviyyəsindən tutmuş, karyerasında ən uca zirvəyə yüksəlmiş insanlara qədər, hər kəsin düzgün nitq mədəniyyətinə yiyələnməsinə kömək edirik. Ölkəmizdə bu sahəyə uzun illər böyük diqqət ayrılmayıb. Uzağa getməyək, qonşu Rusiya və Türkiyə ilə müqayisədə bizim insanlarımız özünü ifadədə daha çox çətinlik çəkirlər. Ən yüksək rütbəli şəxslər belə, bəzən onlara verilən suallara aydın cavab verə bilmir, fikirlərini çox qarışıq ifadə edirlər. Uşaqlarımız utancaq olurlar, tələbələrimiz fikirlərini sıxılaraq dilə gətirirlər. Bunları nəzərə alaraq şirkətin yaradılmasına ehtiyac hiss etdik.

- Neçə əməkdaşla fəaliyyət göstərirsiniz?

- Təlimçilərimizin sayı 9 nəfərdir. Ümumilikdə, şirkətdə 25 nəfər çalışır.

- Bu gün bir çox keçmiş aparıcının müxtəlif sahələrdə təlimlər keçməsini müşahidə etmək olur. Onlardan sizinlə işləyənlər varmı?

- Mənimlə hansısa aparıcı çalışmır. Amma fərdi qaydada öz işini quranlar var. Biz 5 yaşından yuxarı hər kəsə xidmət göstəririk. Şirkətlərdən sifarişlər alırıq, əməkdaşları ilə məşğul oluruq. Seminarlar, təlimlər keçiririk, qrup və fərdi təlimlər veririk.

- Yüksək vəzifəli şəxslərdən özünü təkmilləşdirmək üçün müraciətlər olub?

- Bəli, olur. Çox zaman ofisə gəlmək istəmirlər. Fərdi qaydada məşğul olmaq lazım gəlir. Əməkdaşlarımız onların ofisinə gedirlər.

- Nə qədər müddətə yaxşı nəticə əldə etmək olur?

-  Bu, hər kəsin fərdi xüsusiyyətlərindən və problemindən asılıdır. Elə şəxslər var ki, diksiya ilə bağlı bütün çatışmazlıqlar onda var. Elə adam var, gözəl nitqi var, artikulyasiyası normaldır, lakin bədən dili, mimikaları, jestləri düzgün istifadə etmir. Elə adam var, söz ehtiyatı azdır. Təxminən 3-4 aya bütün problemləri aradan qaldırmaq, yaxşı nəticə almaq mümkün olur.

- 3 aya söz ehtiyatının zənginləşməsi bir qədər qəribə göründü. Bunun  üçün bəzən ömrümüzü, məktəb həyatımızı həsr etməli oluruq...

- Bu, həmin şəxsin ana dilidirsə, mümkündür. Sadəcə, bu dildə işlətməli olduğu ədəbi kəlmələr və kənarlaşdırılması vacib olan jarqon ifadələr barədə məlumat veririk.

- Nitq mədəniyyətini formalaşdırmaq fərdi inkişafın bir növüdür. Başqa fərdi inkişaf sahələrinə də toxunursunuz?

-  Bəzən bizə müraciətlər olur. Şirkət rəhbəridir, əməkdaşları ilə necə danışmalı olduğunu bilmir. Bunu öyrədirik. Bəzən deyir, “necə danışmaq lazım olduğunu bilirəm, lakin effektiv deyil”. Biz bədən dili, mimika, pauzaların verilməsi, oturuş-duruş kimi qaydaların necə effektiv ola biləcəyini öyrədirik. İdarəetmədə nitq mədəniyyətini öyrədirik. Elə kəlmələr var ki, onu nitqin əvvəlində demək doğru olmaz. Öncə söhbətə giriş düzgün qurulmalıdır ki, sonda deyəcəyin əsas məsələ öz səmərəsini versin. Qarşındakı insanın da maraqlarını nəzərə almaq lazımdır. Bu, bir şahmat oyununa bənzəyir. Kəlmələri doğru seçmək, nə zaman deyiləcəyini bilmək bir sənətdir.

-Yəni hər sözün öz yeri, hər yerin öz sözü var.

- Tamamilə doğrudur. Bundan əlavə, insanlar arasında doğru ünsiyyət necə qurulmalıdır, bu barədə təlimlər keçirik. Bu, çox önəmli məsələlərdəndir. Atalarımız söz haqqında çox müdrik kəlamlar söyləyiblər. Söz var, dağa qaldırar, söz var, dağdan endirər, sözlə savaşı da kəsmək olar, baş da kəsdirmək olar. Sözlə yanaşı baxış, mimika, jestlər də böyük önəm daşıyır. Bəzən həqiqəti deyərkən üzündə elə inamsız ifadə ola bilər ki, kimsə səni ciddi qəbul etməz. Və ya xoş sözlər deyən şirkət rəhbərinə əməkdaşı inanmır. Çünki danışığı soyuq, mimikası laqeyddir, o, istədiyi effekti, əlbəttə, almayacaq. Bəzi rəhbərlər hələ də köhnə qaydalarla idarə edirlər.

- Nitq mədəniyyətinə yiyələnib, başqalarını manipulyasiyaya məruz qoymaq, bundan başqa məqsədlərlə istifadə etmək mümkündür?

- Bəli, mümkündür. Amma biz verdiyimiz təlimdən kimin hansı məqsədlə istifadə edəcəyini bilə bilmərik. Bunu kimsə öncədən bilməz. Hər şey insanın niyyətinə, düşüncəsinə bağlıdır. Bizim təlimlərimiz insanlarla münasibətləri yaxşılığa doğru dəyişməyə yönəlib. Məsələn, biri işdə möhkəm əsəbiləşib, bu ona haqq vermir ki, əsəbini bir başqasının üstünə töksün. Hər bir insanın eqosu var, onu zədələmək olmaz. Hətta iş yerində bir əməkdaşın hansısa yarıtmaz bir işi olubsa, onu kobud formada söyləmək olmaz. Öncə yaxşı işlərini söylə, təqdir et, sonra çatışmayan cəhətini bildir. Şəxsi qərəz olmadan, şəxsiyyətinə toxunmadan. Sevindirici haldır ki, son zamanlar Azərbaycanda bir çox şirkət rəhbərləri əməkdaşların işini stimullaşdırmaq  üçün bu qaydalara əməl edirlər. Lakin bu, böyük əksəriyyət deyil.

- Daxili nitq mədəniyyətinin formalaşdırılması anlayışı nədir? Yəni etiket qaydası olaraq gözəl danışmaq şərtdir, bu belə qəbul olunub. Bəs insan özü ilə danışarkən, daxilən nəyisə düşünərkən bunu nə üçün gözəlləşdirməlidir?

- Bəzi insanlar kiminsə haqqında düşüncələri neqativ olsa da, hansısa səbəblərdən həmin şəxsin üzünə gülümsəməli olurlar. Və ya kiməsə böyük nifrəti qəzəbi var, düşüncələrində onunla savaşır. Bu daxili savaş insanın özünə zərərdir. Söz düşüncənin məhsuludur. Birinci gözəl düşünməyi öyrənməliyik. Kiminsə həyatını müşahidə edib, onun haqqında qara-qara düşünməkdənsə, özümüzə “mən özümü necə təkmilləşdirməliyəm?”, “mən necə daha güclü, daha yaxşı ola bilərəm?” kimi suallar verməliyik. Bu beynimizi özümüzü inkişaf etdirməyə yönləndirəcək. Daxilən neqativ düşünüb, zahirən pozitiv görünmək enerjimizin ikiqat artıq işlənməsi deməkdir. Hər şeydən çox özümüzə ziyan vururuq, boşuna zaman sərf edirik. Buna ayrılan zamanı özümüzü yüksəltməyə sərf edə bilərik.

- Necə düşünürsünüz, həqiqətən danışmaqla həyatı qazanmaq olarmı?

- Əslində, insanların başına nə gəlirsə, dilinin ucbatından gəlir.

- Yəni, dilin cəzasını baş çəkir?

- Eynən. Təsadüfi qəzaları, xəstəlikləri nəzərə almıram. İnsanlarla münasibətlərimizi korlayan bizim dilimiz, sözlərimizdir. Acı söz deyərik, ətrafımızdakıları özümüzdən uzaqlaşdırarıq, birini təhqir edərik, o da eyni şəkildə cavab verər. Bu mənada, bədən dilinin də çox önəmi var. Bəzi insanlar deyirlər ki, “mən qırmızı adamam”. Bununla öyünürlər, əslində, burada öyünüləsi heç nə yoxdur, qarşındakı adamı “qırıb-tökmək” yüksək məziyyət deyil. Həqiqəti de, amma onu fərqli formada, incitməyəcək şəkildə ifadə et. Bu qaydalara təkcə cəmiyyət arasında deyil, ailədə də riayət etmək lazımdır. Acı sözlə yalnız ətrafındakıları özündən uzaqlaşdırarsan, yaxınında kimsə varsa, o da hansısa maraqlarına görə susmalı olur, dost kimi görünür. Müəyyən zaman sonra  hiss edəcəksən ki, əslində, öz dilin və sözlərinlə özünə yalqızlıq divarı hörmüsən. Çevrəmizdəkiləri mənfi enerji ilə yükləməyin anlamı yoxdur. Hər kəs özünü təkmilləşdirməyə ailə münasibətlərindən başlasa, xeyli yol qət edilmiş olar.

-  Bu gün teleaparıcılarımızın bir çoxunun nitqində böyük qüsurlar var. Onlar arasından sizə müraciət edənlər olur?

-  Bir qədər siması tanınanların eqosu imkan vermir ki, hansısa təlimlərə qatılsınlar, kimdənsə nə isə öyrənsinlər. Yeni başlayan, bu yolda irəliləmək istəyən gəncləri isə bizə yönləndirirlər.

- Yenidən televiziya layihələriniz olacaq?

- Televiziya zamanımı çox alırdı deyə ayrılmalı oldum. Ayda bir və ya 2 dəfə çıxmaq şərtilə hansısa layihələr olsa, buna “yox” demərəm. İndi bizim təlimlərə tələbat həddən çoxdur deyə, bu sahədə fəaliyyətimin daha faydalı olduğunu düşünürəm.

Paylaş:
Baxılıb: 1533 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31