Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Olimpiada: Fransanın içi və çölü

Olimpiada: Fransanın içi və çölü

27.07.2024 [10:50]

Bu günlərdə dünyanın nəzərləri Fransaya, gözəlliklər şəhəri kimi ad çıxarmış Parisə dikilib. Bu da səbəbsiz deyil. Dünən Parisdə 33-cü Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacağı Oyunlar avqustun 11-dək davam edəcək.

Olimpiya Oynlarına ev sahibliyi etmək ölkələr üçün bir şansdır. Tarixən Olimpiya Oyunları gərgin idman mübarizəsi şəraitində keçsə də, bir bayram ovqatı yaradıb. Ayrı-ayrı ölkələrin, qitələrin təmsilçiləri bir araya gəliblər, sevinclərini bölüşüblər, qayğılardan uzaq olmağa çalışıblar. Bütövlükdə Olimpiya ənənəsi bəşəriyyət üçün çox qiymətli bir irsdir. 

Ancaq təəssüf ki, bu sözləri 33-cü Yay Olimpiya Oyunları barədə demək mümkün deyil. Yelisey Sarayından hər nə qədər Oyunlara hazırlıqla bağlı nikbin açıqlamalar gəlsə də, Parisdə Olimpiada ruhu çox sönükdür. Bu gün Fransa hakimiyyətinin qayğıları yalnız Oyunların keçirilməsi ilə bağlı deyil. İqtidar komandası həm də ölkə boyunca artan narazılıqların, etirazlar dalğasının cilovlanması qayğısına qalmaq məcburiyyətindədir. Bir sözlə, Olimpiada Fransanın içini və çölünü dünyaya göstərmək üçün bir fürsətə çevrilib. 

Olimpiya kəndində qida çatışmazlığı 

Fransa Sen-Deni və Sent-Uen adaları arasında yerləşən Olimpiya kəndinin qapılarını bir neçə gün bundan əvvəl Olimpiadaya qatılan ölkələrin heyətlərinin üzünə açıb. Verilən məlumatlara görə, 52 hektar ərazisi olan bu sahə 9000 idmançı da daxil olmaqla 14500 insanı qarşılamaq imkanına malikdir.  

Planetin ən böyük idman yarışmasının rəsmi açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub. Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib. Bundan başqa, 10 min 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzməyin həyəcanını yaşayıblar.

Makron Olimpiada üçün təntənəli açılış mərasimi düzənləməklə, əslində, komandasının monolitliyini, gücünü və legitimliyini təsdiqləmək məqsədi güdürdü. Ancaq alınan xəbərlərdən bir daha o qənaət hasil olur ki, Olimpiya Oyunları siyasi məqsədlərdən uzaq tutulmalıdır. Verilən xəbərlərdə bildirlir ki, Parisdə baş tutan təntənəli açılış mərasimindən daha çox Olimpiya kəndində yaşananlar müzakirələrin mərkəzində dayanıb. Vurğulanır ki, belə davam etsə, 33-cü Yay Olimpiya Oyunları Makronun antireklamına çevriləcək. 

Məsələn, Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər. Bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Daily Mail” nəşrinə bildirib. Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar. “İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük verdilər”, - deyə Enson vurğulayıb.

Tənqid hədəfinə çevrilən karton çarpayılar

 “Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları tənqid obyektinə çeviriblər. İdmançılar onlara verilən çarpayılar haqqında sosial şəbəkələrdə paylaşım ediblər. “Karton çarpayıda ilk gecə. Kürəyimi itirirəm”, - deyə su polosu üzrə avstraliyalı çempion Tilly Kearns “Instagram” səhifəsində paylaşdığı videoda deyib. “Çarpayılar həqiqətən də kartondandır, çox sərtdirlər”, - deyə qısa məsafəyə qaçış üzrə idmançı Whitney Tie paylaşıb. “Zarafat deyil, gördüyünüz kimi Olimpiya çarpayısı kartondandır”, - deyə fransız cüdoçu Julyan Brular da təəccübünü gizlətməyib. Reqbi oyunçusu Libbi Janse van Rensburg çarpayılarla bağlı fikrini dedikdən sonra çarpayıların dayanıqlığını yoxlamaq üçün onun üzərinə tullanıb. Bildirilir ki, 26 min ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb. 

Ancaq Olimpiya kəndində təkcə çarpayılar gülüş obyekti olmayıb. Otaqlarda televizorların olmaması da idmançıları məyus edib. Həmçinin müxtəlif ölkələrdən gəlmiş idmançılar “TikTok” sosial şəbəkəsində yeməklərin ədviyyatsız, bir növ dadsız olmasına təəssüfləniblər. İdmançılar paltarlarının yuyulmasında da problemlərlə üzləşdiklərini bildirirlər. Ancaq bəzi “müsbət” baxışı olanlar da var. Məsələn, dekorasiya ilə bağlı. “Hər komanda öz binasını bəzəyə bilər”,- deyə kanoe slalom üzrə çempion Cessika Foks bunun guya sevindirici olduğunu paylaşıb. 

Nəqliyyat infrastrukturunun iflic vəziyyətə düşməsi

Bu günlərdə Fransadan Olimpiada ilə bağlı alınan xəbərlər sırasında nəqliyyat infrastrukturunun iflic vəziyyətə düşməsini özündə ehtiva edən məlumalar da yer alır. Xəbər verildiyi kimi, iyulun 26-da gecə saat 1-dən 5:30-dək Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə qarşı beş təxribat cəhdi qeydə alınıb, onlardan yalnız birinin qarşısı alınıb. Nəticədə 800 min sərnişin qatarlarının gecikməsi və ya reyslərin ləğv edilməsi ilə üzləşib. 

Təxribatlar planlı şəkildə və eyni vaxtda həyata keçirilib. Hadisələr zamanı sürücülərin təhlükəsizliyi və açarların işləməsi üçün vacib olan fiber-optik kabellərin kəsilməsi, sonradan yandırılması baş verib. Yerli mətbuat bu hadisələrin ictimaiyyətə aid məkanlarda baş verdiyini qeyd edərək, bu işdə prosesi bilən şəxsin və şəxslərin əli olduğunu ehtimal edib. 

Paris prokurorluğu Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) bütün saytlarına qəsdən ziyan vurulması ilə bağlı istintaq işi açıb. İstintaq bir neçə ittihamı, eləcə də xalqın əsas maraqlarına ziyan vura biləcək əmlakın korlanması və məlumatların avtomatlaşdırılmış sisteminə hücumu əhatə edir. 

Ölkədə Atlantik, Şərq və Şimal istiqamətlərində sürət qatarlarının hərəkəti dayanıb. SNCF səyahətçilərə səfərlərini təxirə salmağı və stansiyalara getməməyi tövsiyə edib. Bildirilib ki, bütün biletlər dəyişdiriləcək və geri qaytarılacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Fransa hakimiyyətinə 180 beynəlxalq kəşfiyyat xidmətinin kömək etdiyini vurğulayıb. Bununla belə, Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış baş verən bu hücum Parisə gələn çox sayda səyahətçinin və turistin səfərini çətinləşdirib. 

Eyni zamanda, Avropada sərnişinlər üçün yüksəksürətli qatar xidmətləri göstərən “Eurostar” şirkəti London və Paris arasında bir neçə reysin təxirə salındığını bildirib. Bu barədə şirkətin məlumatında deyilir. “Fransada vandalizm aktları Paris və Lill arasında yüksəksürətli xəttin fəaliyyətinə təsir göstərib. Parisə gələn və Parisdən gedən bütün sürətli qatarlar bu gün (dünən - red.) - iyulun 26-da klassik xəttə yönləndiriləcək. Bu, səyahət vaxtını bir qədər artıracaq. Müddət təxminən bir saat yarımdır”, - deyə məlumatda bildirilir.

Bu arada Parisdə ətraf mühit fəalları Olimpiya Oyunlarına qarşı stikerlər vurduqları üçün nəzarətə götürülüblər. “Le Parisien” nəşrinin məlumatına görə, stikerlərdə “Olimpiada əyləncəli deyil”, “Fransaya ikiqat hava axını” və “Parisdə sosial təmizləmə: 12 min 500 nəfərin qovulması” sözləri yazılıb. Fəalları dəmir yolu avadanlıqlarına ziyan vurmaqda ittiham ediblər və onları 750 avroya qədər cərimə gözləyir.

Hava limanında partlayış xəbərdarlığı

Parisdə Olimpiadanın açılış günündə İsveçrə-Fransa sərhədində yerləşən Basel-Müluz-Frayburg Euroairport partlayış xəbərdarlığına görə boşaldılıb. Bildirlir ki, evakuasiya Olimpiya Oyunlarının açılış mərasimi öncəsi təxribat nəticəsində Fransanın dəmir yolu şəbəkəsinin işini dayandırdıqdan bir neçə saat sonra baş verib. 

“Təhlükəsizlik səbəbindən terminal boşaldılmalı idi və hazırda o bağlıdır”, - deyə Elzasın cənubunda yerləşən Basel-Müluz-Frayburg Euroairport öz saytında yazıb. Bir neçə dəqiqə sonra Fransa polisi partlayış xəbərdarlığının mövcud olduğunu təsdiqləyib. 

Yay Olimpiya Oyunlarının açılışı günü Fransaya qonşu olan digər ölkələrin dəmir yolu xətlərinin fəaliyyətində də fasilələr yaranıb. Onlar, həmçinin La-Manş tuneli vasitəsilə Paris və Londonu birləşdirən yüksəksürətli marşruta da təsir göstəriblər. Artıq təmir işlərinin aparılmasına baxmayaraq, qatarların hərəkət cədvəlində ən azı həftəsonuna qədər gecikmələr gözlənilir. 

Parisdə evsizlərin üsyanı

Olimpiya Oyunları bir daha göstərdi ki, Paris gözəlliklər şəhəri olmaqla bərabər, həm də səfillər, evsiz-eşiksizlər şəhəridir. Senadan, Eyfel qülləsindən şəhərin dəbdəbəli, cəlbedici mənzərəsi açılsa da, şəhərin qaranlıq, dar küçələrində zibilliklərdə özlərinə qida axtaranlar reallığı da var.  

Olimpiya Oyunlarının açılış mərasiminə iki gün qalmış paytaxtın 18-ci dairəsinin bələdiyyə binası qarşısında daha bir reallıq nümayiş olunub.  Belə ki, onlarla evsiz ailə ağır vəziyyətlərinə etiraz olaraq 18-ci rayonun meriyasının qarşısına toplaşıb. Bəziləri gecəni də meriyanın qarşısındakı küçədə keçirib.

Təqribən 300 insan bu acınacaqlı vəziyyətə dözmədiklərini bildirir. Üsyançılar dövlət orqanlarına etiraz etmək üçün bir araya gəlmiş Afrika əsilli miqrantlardır. Onlar getdikcə daha ağır yoxsulluq səviyyəsinə düşmələrinin səbəblərindən birinin Olimpiya Oyunları olduğunu deyirlər. Assosiasiyaların fikrincə, evsizlər üçün ayrılmış 3000 yerin Oyunlara gələn turistlərə kirayə verilməsi vəziyyəti daha da ağırlaşdırıb. Etirazçılardan bəziləri xəstəxanalardan yarımçıq çıxarıldıqlarını bildiriblər.

 Bütövlükdə,  80 təşkilat Olimpiya Oyunlarına etiraz etmək məqsədilə Respublika meydanına toplaşıb. Etirazçılar əllərində “Olimpiya Oyunları sosial təmizləmə: 12500 insan qovulub” şüarı yazılmış plakatlar tutublar.  Nümayişçilər Olimpiya Oyunlarının sakinlər, işçilər üçün olmadığını bəyan ediblər. Bildiriblər ki, ölkənin düşdüyü sosial və ekoloji böhranı görməzdən gəlib, beynəlxalq idman tədbirləri təşkil etmək olmaz. 

“Solidaires” həmkarlar ittifaqı mətbuata açıqlamasında işçilərin həddindən artıq istismarını, tətil etmək hüququna təhdidləri, ətraf mühitin məhv edilməsini, mənzil itkisini və evsizlərin məcburi köçürülməsini - sosial təmizləməni pisləyiblər. 

Assosiasiyalar Olimpiya Oyunları ərəfəsində Paris ətrafında əsasən miqrantların məskunlaşdığı qeyri-qanuni düşərgələrin sökülməsinin sürətləndirildiyini bildiriblər.“Watizat” assosiasiyasının koordinatoru küçələrdə yaşayan evsiz insanların qeyri-insani şəkildə təxliyə edilmələrinin onların psixi durumuna ciddi təsir etdiyini bildirib.

MÜBARİZ

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30