Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 11 milyard avroluq rəzalət

11 milyard avroluq rəzalət

07.08.2024 [12:52]

Olimpiya oyunlarının fərqli büdcələri və təşkili...

Fransanın ev sahibliyi etdiyi 33-cü Yay Olimpiya Oyunlarından alınan xəbərlərə istinadən “Paris 2024” davam edir” əvəzinə, “Parisdə Olimpiada rəzaləti davam edir” ifadəsini işlətmək daha yerinə düşür. Həqiqətən də, Oyunların açılış mərasimi və sonrakı günlərdə nümayəndə heyətlərinin qarşılaşdıqları çətinliklər, xoşagəlməz hallar bir növ Olimpiadanın əsas məğzini, idman yeniliklərini kölgədə qoyub. Bu gün transmilli mediada Fransanın “Paris 2024”-ə məsuliyyətsiz hazırlıqlar apardığı manşet xəbərlərinə çevrilib. Ayrı-ayrı ölkələrin rəsmi dairələrindən, ictimaiyyət nümayəndələrindən Makron iqtidarının ünvanına həm bütövlükdə, Olimpiadanın aşağı səviyyədə təşkilinə, həm də açılış mərasimində dünya auditoriyasına zərərli və utancverici ideoloji təbliğatın ötürülməsinə görə kəskin qınaqlar gəlir.

Bahalı büdcə və yarıtmaz təşkilatçılıq

İndiyədək hər bir ölkə öz imkanlarından çıxış etməklə ev sahibliyi etdiyi olimpiadalara müxtəlif həcmlərdə büdcə ayırıb. Tarixin ən bahalı oyunları 2008-ci ildə baş tutan Pekin Olimpiadasıdır. Bu Oyunlar üçün 23 milyard dollarlıq büdcə müəyyənləşdirilib. Bu, Sidney Olimpiadasının (2000-ci il) büdcəsindən 7 dəfə, Afina Olimpiadası (2004-cü il) ilə müqayisədə 5 dəfə, 1984-cü ildə Los-Ancelesdə keçirilmiş Oyunların büdcəsindən isə 32 dəfə çoxdur. Fərqin bu qədər yüksək olması onunla bağlıdır ki, başqa şəhərlərdən fərqli olaraq, Pekində ən zəruri tələbləri təmin etmək üçün çox iş görmək lazım gəlib. London 2012-ci ildə Olimpiadaya ev sahibliyi etmək üçün 10,9 milyard avro, Rio 2016-dakı yarışa 16 milyard avro, Tokio 2020-ci il Olimpiadasına 12,1 milyard avro xərcləyib.
Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarının büdcəsi isə 11 milyard avroya bərabərdir. Oyunları keçirmək üçün Fransanın namizədliyi irəli sürüldükdə bu məbləğ 6,2 milyard avro idi. Planlaşdırılmayan xərclərin dəyəri iki dəfəyə qədər artıq olub. Dövlət maliyyələşdirməsinin payı elan edilən 2,3 milyard avrodan 4,6 milyard avroya yüksəlib. Paris Olimpiadasının açılış mərasiminə 122 milyon avro vəsait xərclənib. 
Göründüyü kimi, Olimpiadaların təşkili üçün xərclənən büdcələr fərqlidir. Bu gün bəlli olur ki, fərq həm də hansı ölkənin Oyunlara necə hazırlaşmasındadır. Məsələn, əvvəlki olimpiadalarda bu gün Parisdə ölkələrin heyətlərinin qarşılaşdıqları çətinliklər yaşanmayıb. Bu isə o anlama gəlir ki, əsas məsələ büdcədə deyil, təşkilatçıların ayrılan vəsaitləri necə xərcləməsindədir. Rəsmi Paris Oyunların büdcəsini təxminən iki dəfə şişirtsə də, ortada dünya idman ictimaiyyətini məmnun edəcək iş yoxdur, əksinə təşkilatçılığa verilən qiymətlər çox aşağıdır.
Həqiqətən də, Yelisey Sarayının  “Paris 2024”-ün qara üzünü gizlətməyə çalışmasına rəğmən, çatışmazlıqlar həddindən artıq çoxdur. Açılış ərəfəsində artıq hamıya bəlli idi ki, Olimpiada ilə bağlı təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Parisə Fransanın regionlarından və Aİ ölkələrindən çoxsaylı polis qüvvələri cəlb edilməsinə baxmayaraq, şəhərdə terror riskləri tam şəkildə aradan qaldırılmayıb. Nəqliyyat infrastrukturunun iflic hala gətirilməsi bunun əyani təsdiqidir. Paris küçələrində kriminal ünsürlər də, necə deyərlər, at oynadırlar. Məsələn, oyunlardan bir neçə gün öncə Avstraliyadan olan 25 yaşlı gənc xanımın 5 nəfər tərəfindən Paris küçələrində zorlanması, Argentina futbol yığmasının şəxsi əşyalarının oğurlanması, oyunların açılış mərasimindən bir neçə saat öncə çempionatının bürünc mükafatçısı Zikonun taksidə yarım milyon avro məbləğində qarət olunması Parisdə kriminogen durumun nə qədər ağır olduğundan xəbər verir.
İdmançılar Olimpiya kəndindəki dözülməz vəziyyətdən, o cümlədən də  qida çatışmazlığından şikayət edirlər. Məsələn, Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər. Bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Daily Mail” nəşrinə bildirib. Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar. “İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük verdilər”, - deyə Enson vurğulayıb.
“Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları tənqid obyektinə çeviriblər. İdmançılar onlara verilən çarpayılar haqqında sosial şəbəkələrdə paylaşım ediblər. “Karton çarpayıda ilk gecə. Kürəyimi itirirəm”, - deyə su polosu üzrə avstraliyalı çempion Tilly Kearns “Instagram” səhifəsində paylaşdığı videoda deyib. “Çarpayılar həqiqətən də kartondandır, çox sərtdirlər”, - deyə qısa məsafəyə qaçış üzrə idmançı Whitney Tie paylaşıb. “Zarafat deyil, gördüyünüz kimi Olimpiya çarpayısı kartondandır”, - deyə Fransız cüdoçu Julyan Brular da təəccübünü gizlətməyib. Bildirilir ki, 26 000 ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb.
Ancaq Olimpiya kəndində təkcə çarpayılar gülüş obyekti olmayıb. Otaqlarda televizorların olmaması da idmançıları məyus edib. Həmçinin müxtəlif ölkələrdən gəlmiş idmançılar “TikTok” sosial şəbəkəsində yeməklərin ədviyyatsız, bir növ dadsız olmasına təəssüfləniblər. İdmançılar paltarlarının yuyulmasında da problemlərlə üzləşdiklərini bildirirlər.

Çirkli Sena çayı

Planetin ən böyük idman yarışmasının rəsmi açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub. Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib. Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzərək öz keçidlərini nümayiş etdiriblər. Həmçinin bəzi idman yarışlarının məhz Sena çayında keçirilməsi nəzərdə utulub.
Burada da Yelisey Sarayının dünya idman ictimaiyyətinə açıq-aşkar hörmətsizliyi, Sena çayının ekoloji təmizliyi ilə bağlı yaydığı yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatdığı ortadadır. Sena çayında üzgüçülük artıq 100 ildən çoxdur ki, qadağan edilib. Bununla belə, təşkilatçılar Sena çayını Olimpiada üçün mərkəzi məkan kimi seçiblər.
Oyunlar ərəfəsində çayın təmizlənməsinə təxminən 1,5 milyard dollar xərcləndiyi barədə xəbərlər dövriyyəyə buraxılmışdı. Rəsmi Paris Senanın yarışların keçirilməsi üçün yararlı olduğunu nümayiş etdirmək üçün əsl şou göstərib. Paris meri Ann Hidalqo Olimpiadadan sonra çayda hovuz tikəcəyini vəd edərək çimmək üçün çaya tullanıb. Fransanın idman naziri də Sena çayına baş vurub. Növbə Makrona gəldikdə isə, o, verdiyi vədə əməl etməyib və Senada üzmək fikirindən vaz keçib. Burada deyiblər ki, can şirin şeydir. Belə görünür ki, Makron öz məmurlarını və Fransa ictimaiyyətini növbəti dəfə aldadıb. Paris rəsmilərinin açıqlamasına görə, Senada quraşdırlan təmizləyici qurğunun içindəki suyun həcmi 20 olimpiya hovuzuna bərabərdir. Bu qurğu, Paris merinin dediyi kimi, 40 milyon litr yağış və çirkab suyunun Sena çayına tökülməsinin qarşısını alır. Ancaq bütün bu kimi açıqlamalar yağan yağışlardan sonra öz təsdiqini tapmadı. Artıq iyunun 30-da bəlli idi ki, yağan yağışdan sonra Senada “E.coli” səviyyələri yarışın başlayacağı III Pont Alexandre ətrafındakı ərazidə 100 ml su üçün təxminən 2000 koloniya əmələ gətirən vahidə (CFU) qədər yüksəlib. Bu, Beynəlxalq Triatlon İttifaqının standartları ilə suyun keyfiyyətinin “yaxşı” hesab edildiyi səviyyədən iki dəfə çoxdur. Beləliklə, hələ Olimpiada başlamazdan əvvəl bəlli idi ki, Sena çayında quraşdırılan yeni çirkab sutəmizləyici qurğular öz vəzifələrinin öhdəsindən gələ bilmir. Ancaq Yelisey Sarayı bunu məqsədli şəkildə ictimailəşdirməyib.
“Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır”. Bu barədə Britaniyanın “Time” jurnalı yazıb. “Belə ki, iyulun sonunda aparılan testlər suda təhlükəli bakteriyaların, xüsusən də “E.coli” və “enterokok”ların səviyyəsinin yüksək olduğunu göstərib”, - deyə nəşr bildirib.
Bu arada iki isveçrəli triatlonçu Makron hakimiyyətinin Sena çayının təmiz olduğuna dair vədinə baxmayaraq, bağırsaq infeksiyası səbəbilə Paris Olimpiadasını tərk edib. Əvvəlcə fərdi startda 49-cu yeri tutan Adrien Briffaud yarışa qatılmalı olsa da, səhhətində yaranan problemlərə görə onu Saymon Vesterman əvəz edib.
Lakin sonradan Vestermana bağırsaq infeksiyası diaqnozu qoyulub və bu onun iştirakını qeyri-mümkün edib. İsveçrə Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Silveyn Fridlans İsveçrə millisinin tərkibində mübarizə aparacaq.
Qeyd edək ki, triatlonun üzgüçülük hissəsi Sena çayında keçirilib, lakin sonradan testlər suyun yarış üçün yararsız olduğunu göstərib və kişilərin üzmələri təxirə salınıb.

Vatikanın məyusluğu

Vatikan Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki “müəyyən səhnələrdən” məyus olub. Bu barədə Vatikanın rəsmi bəyanatında bildirilib
Qeyd edilib ki, çoxlu xristian və başqa dinlərə inananlar Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən inciyib və Vatikan bu etirazlara qoşulmaya bilməz: “Ortaq dəyərləri birləşdirən belə bir mötəbər tədbirdə dini inancları təhrif edən metaforalara əl atıla bilməz”, - deyə bəyanatda vurğulanır.

Həqiqətən də, Fransa üçün üzqarası sayıla biləcək ən utanverici hadisələr məhz Oyunların Sena çayı və onun ətrafında düzənlənən açılış tədbirində baş verib. Ümumi qənaət belədir ki, Parisdə baş tutan açılış mərasimi bütövlükdə, Olimpiya tarixində bir rəzalətdir, rüsvayçılıqdır. Söhbət açılış mərasimində xristianların dini hislərinin təhqir edilməsindən, cinsi azlıqların aqressiv təbliğatının aparılmasından, satanizm elementləri və digər bu kimi hallardan gedir. Səhnələrdən birində peyğəmbər İsa Məsihin etikadan kənar obrazı yaradılıb. Olimpiadanın açılış tədbirinin dünyada necə böyük auditoriya ilə izləndiyini hər kəs yaxşı bilir. Biabırçı səhnələr yüz milyonlarla insana təqdim olunub.
Açılış mərasiminin ssenari müəlliflərinin hazırlıq mərhələsində Yelisey Sarayından hansısa tezislər almadıqlarını düşünmək sadəlövhlük olardı. Olimpiadalar bütün dövrlərdə siyasətdən uzaq tutulub. Ancaq belə görünür ki,  Makron və onun komandası “Paris 2024”-ü də siyasi manipulyasiya alətinə çevirməkdən və onun vasitəsilə özlərinin sahib olduğları əxlaqi keyfiyyətləri dünyaya ötürməkdən çəkinməyiblər. Makronun özünün və formalaşdırdığı hökumətin ayrı-ayrı təmsilçilərinin qeyri-ənənəvi oriyentasiyaları ilə bağlı müzakirələr çox aparılır. Açılış mərasimində cinsi azlıqların aqressiv formada təbliğatına hesablanan səhnələrin nümayiş etdirilməsi ondan xəbər verir ki, Makronun özünün və komandasındakı bəzi nazirlərin cinsi oriyentasiyaları ilə bağlı yayılan xəbərlərdə həqiqət payı yox deyil.


Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30