Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropadakı rüşvət qalmaqallarında erməni izi...

Avropadakı rüşvət qalmaqallarında erməni izi...

10.08.2024 [11:01]

Bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan Avropanın ayrı-ayrı ölkələrinin və təsisatlarının adının rüşvət, korrupsiya qalmaqallarında hallanması son illərdə adi hala çevrilib. Bununla bağlı yeni faktlar aşkarlanıb. Belə ki, Qərb media qurumlarının hazırladığı sənədli filmdə Avropa İttifaqındakı (Aİ) erməni lobbiçilərinin rüşvət müqabilində qanunsuz fəaliyyətlər həyata keçirdikləri üzə çıxıb. Lobbiçilik fəaliyyətinin mərkəzində kommersiya əlaqələrinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş almaz qaçaqmalçısı Kaspar Karampetyan dayanır. Qeyd edək ki, sensasiya yaradan sənədli filmi Avropa İttifaqına yaxınlığı ilə tanınan “EU Reporter” nəşri yayıb. Film Kanadanın İctimai Yayım orqanı “CBC” ilə birgə hazırlanıb.

AP-də 2022-ci ildə baş vermiş rüşvət biabırçılığının yeni təfərrüatları

Təqdim olunan filmdə yaxın tarixdə Avropa təsisatlarında erməni lobbisinin bilavasitə iştirakı ilə baş vermiş bir neçə rüşvətvermə və rüşvətalma qalmaqalına işıq salınıb. O cümlədən ssenari müəllifləri 2022-ci ildə Avropa Parlamentində yaşanan rüşvət biabırçılığına diqqət çəkiblər. Bəli, Avropa Parlamentinin adı 2022-ci il dekabrın birinci ongünlüyündə yeni bir rüşvət qalmaqalı ilə gündəmə gəldi. Belçika Federal Prokurorluğunun Avropa Parlamentinin vitse-prezidentlərindən biri olan yunanıstanlı deputat Eva Kailinin də iştirak etdiyi korrupsiya üzrə istintaqın başlandığını və AP-də çalışan 10 nəfərin kompüter sistemlərinə girişinin bloklandığını açıqlaması “qoca qitə”də bir növ soyuq duş effekti yaratdı. Hətta Avropa İttifaqı məkanından kənar coğrafiyalar üzrə də müxtəlif məsələlərlə bağlı qərarlar və qətnamələr imzalayıb bunları etalon sənədlər kimi təqdim edən AP-də korrupsiya? Əgər belə bir iddia quruma üzv olmayan kənar bir dövlətdən gəlsə idi, AP dərhal bunu qərəzçiliklə əlaqələndirər və deputatlar həmin ölkəni, yumşaq desək, ağ yuyub qara sərərdilər. İndiki halda isə AP ilə bağlı rüşvət ittihamları “qoca qitə”nin siyasi mərkəzlərinin birindən eşidilirdi və burada özünümüdafiəyə yer yox idi. 

Hadisələr ildırım sürəti ilə inkişaf etdi. Artıq dekabrın 11-də məlum oldu ki, Avropa Parlamentinin vitse-prezidenti, yunan əsilli  siyasətçi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya faktı üzrə ittiham olunaraq həbsə alınıblar. Bundan əvvəl isə Avropa Parlamentinin plenar iclasında deputatlar böyük korrupsiya qalmaqalı fonunda AP-nin vitse-prezidenti Eva Kailinin vəzifəsindən azad edilməsinin lehinə mütləq səs çoxluğu ilə səs veriblər. Belçika Prokurorluğundan verilən məlumata görə, istintaq çərçivəsində evlərdə və ofislərdə olmaqla təxminən 20 ünvanda reyd və axtarışlar aparılıb. Axtarışlar nəticəsində şübhəli şəxsin evində 600 min avro, Brüsseldə otel otağında çantada bir neçə yüz min avro, Avropa Parlamenti deputatının mənzilində isə 150 min avro və digər belə faktlar aşkar edilib.

Sonradan AP rəsmiləri qurumu təmizə çıxarmaqdan ötrü çoxsaylı cəhdlər göstərdilər, müxtəlif səpkili izahatlar verdilər. Lakin artıq qatar getmişdi. İndi isə həmin rüşvət biabırçılığının daha geniş təfərrüatları üzə çıxıb. Belə ki, təqdim olunan filmdə 2022-ci ildə rüşvətxorluq,  qeyri-qanuni ticarət əlaqələri ilə sarsılan və Avropa Parlamentinin vitse-prezidenti də daxil olmaqla dörd Aİ siyasətçisinin həbsi ilə nəticələnən prosesdə erməni lobbisinin izlərinin üzə çıxması ilə bağlı məlumatlar da yer alıb. Bildirilir ki, bəhs olunan 

dövrdə Avropa İttifaqında çətiri erməni lobbisi olan “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası”nın (EAFJD) və Avropa Parlamentində “erməni dostluq qrupu”nun avropalı siyasətçilərə rüşvət verdikləri isbatlanıb.

Erməni lobbisinin bədnam fəaliyyətindən təsirlənən Aİ-Azərbaycan münasibətləri

Yaşanan geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa İttifaqı üçün önəmi heç vaxt olmadığı qədər artıb. Məlumdur ki, kollektiv Qərbin Rusiyaya əhatə dairəsi kifayət qədər geniş olan sanksiyalar tətbiq etməsinin, o cümlədən də bu ölkədən enerji daşıyıcılarının tədarükünə məhdudiyyətlər qoyulması nəticəsində Avropanın enerji təchizatında çətinliklər yaşanır. Azərbaycan isə Avropada yaşanan enerji çətinliklərinin aradan qaldırılmasına sanballı töhfələr verməyə qadir ölkədir. Hazırda Cənub Qaz Dəhlizinin timsalında müasir nəql infrastrukturuna malik olan respublikamız “qoca qitə” üçün yeni resurs mənbəyi qismində çıxış edir. Bundan başqa, həmişə öhdəliklərinə sadiq qalması və ədalətli enerji siyasəti həyata keçirməsi ölkəmizin cəlbediciliyini daha da artırır. 

Bütövlükdə, Avropa İttifaqında Azərbaycanın imkanları və “qoca qitə” üçün önəmi yüksək dəyərləndirilsə də, Fransa kimi ölkələr, Avropa Parlamenti kimi təsisatlar ikitərəflli münasibətlərə xələl gətirmək üçün zaman-zaman məkrli ssenariləri işə salırlar. Xatırladaq ki, son illərdə adıçəkilən ölkənin Senatında və AP-də Azərbaycana qarşı bir neçə qərəzli qətnamə qəbul olunub, hətta sanksiyaların tətbiqinə çağırışlar edilib. Təəssüf doğuran haldır ki, Avropa İttifaqında reallıqla bir araya sığmayan, ikitərəfli münasibətlərin ruhuna uyğun gəlməyən addımlar bu gün də təkrarlanır. Məsələn, Fransa Ermənistana davamlı şəkildə öldürücü silahlar göndərməklə məğlub ölkəni yeni müharibəyə, qisasçılığa ruhlandırır. Bir qədər bundan əvvəl Aİ-nin Sülh Fondu deyilən təsisatı Ermənistana hərbi məqsədlər üçün yeni maliyyə tranşı ayırdı. Başqa belə faktlar da sadalamaq mümkündür. 

Azərbaycana qarşı bu cür qərəzli davranışların məhz Avropadakı güclü erməni lobbisindən qaynaqlandığı heç kəsdə şübhə doğurmur. Bəhs olunan filmdə bu, bir daha təsdiqlənib.  Filmdə Aİ-nin Azərbaycana münasibətinin Ermənistanın lobbiçilik fəaliyyətindən təsirləndiyi barədə məlumatlar yer alıb. Süjetlərdə Aİ üzvlərini Ermənistana tez-tez aparan şəxsin Karampetyan olduğu bildirilir: “Avropa İttifaqı qurumları Azərbaycan və Ermənistan arasında güclü sülh və barışıq layihəsi üçün çalışarkən, qitədəki erməni lobbisi bu səyləri baltalayır”, - deyə filmdə vurğulanıb.

Bunlarla yanaşı bildirilir ki, Karampetyan bir tərəfdən Belçikadakı erməni mafiyasının lideri, digər tərəfdən isə Azərbaycanın işğaldan azad etdiyi Qarabağda separatçı rejimin idarəçilərini qoruyan şəxs olub. Sənədli filmdəki məlumata görə, Karampetyan Ermənistandakı separatçı təşkilatlar üçün də tez-tez ianə toplantıları təşkil edir və silahlı qruplaşmalara milyonlarla dollar həcmində vəsait göndərir.

Filmdə Aİ-nin mərkəzi strukturlarının da hər fürsətdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə qarşı toplantılar keçirdiyi bildirilir. Süjetlərdə danışan naşirlər, jurnalistlər və tədqiqatçılar da vurğulayırlar ki, sözügedən lobbi Ermənistanın İkinci Qarabağ müharibəsində törətdiyi insanlığa  qarşı cinayətlərin Aİ qarşısında “ört-basdır edilməsində” intensiv fəallıq nümayiş etdirir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30