Avropa miqrant axınının qarşısını necə alacaq?
29.08.2024 [10:30]
Bu gün Avropanın çoxsaylı problemləri sırasında miqrant böhranı xüsusi yer tutur. Bir vaxtlar ayrı-ayrı Qərb dövlətləri əmək ehtiyatlarına yaranan tələbatı qarşılamağın asan yolunu qapılarını taybatay miqrantların üzünə açmaqda görürdülər. Miqrantlardan əsasən ucuz işçi qüvvəsi kimi istifadə olunurdu. Hazırda isə vəziyyət əks istiqamətdə dəyişib. İndi çoxmilyonlu miqrantlar ordusu Avropa üçün ağır yükə çevrilib və “qoca qitə” bu yükü çiyinlərindən atmaq üçün yollar axtarır. Avropa miqrant axınının qarşısını ala biləcəkmi? Açığı, bunun mümkün olacağını söyləmək çətindir.
Məkrli siyasətin kədərli nəticələri
Əslində, bu gün yaşanan miqrant böhranı bütövlükdə, Qərbin apardığı məkrli siyasətin kədərli nəticələridir. Ayrı-ayrı Avropa dövlətləri yüz illiklər boyunca Afrikada, dənizaşırı ərazilərdə ağır müstəmləkəçilk siyasəti apararaq, talançılıq ediblər. Bunun əvəzində isə həmin ərazilərin inkişafına hansısa bir qayğı, diqqət göstərilməyib. Zəngin yeraltı və yerüstü sərvətləri olan ölkələrdə insanlar aclıqdan, səfalətdən əziyyət çəkirlər və həyatlarını təmin etmək üçün Avropa məkanına üz tuturlar. Bu, onların yeganə nicat, xilas yoludur.
Avropada yaşanan miqrant böhranının digər bir səbəbi Yaxın Şərqdə və digər regionlarda alovlanan müharibələr və rəngli inqilablar dalğasıdır. Həmin müharibələrin, milli hakimiyyətlərin devrilməsi ssenariləri də Qərb dairələrində yazılıb. Son illərdə ən çox miqrant axını Liviyadan, İraqdan, Suriyadan, Yəməndən, Əfqanıstandan və bir sıra digər ölkələrdən müşahidə olunur. Qərb dairələri məhz həmin ölkələrə rəngli inqilablar ixrac etməkdən ötrü dəridən-qabıqdan çıxırdılar. Bəli, bir sıra hallarda məkrli ssenarilər baş tutdu - milli dövlətlər idarə olunan xaos girdabına düşdülər. Ancaq dəyənəyin bir ucu da Qərbin özünə dəydi, ac-yalavac insanlar kütləvi şəkildə Avropaya üz tutdular.
Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən “İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı” hesab olunur. Qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. Təqdim olunan statistika son dərəcə kədərli mənzərəni əks etdirir. 2023-cü ilin sonlarına olan məlumata əsasən, Avropa İttifaqı məkanında, o cümlədən Norveç və İsveçrədə 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir. Sığınacaq üçün müraciətlər ünvanlayan ölkələrin sayı isə 30-a çatıb.
Avropaya miqrant axınında artım dinamikası cari ildə də kifayət qədər yüksəkdir.2024-cü ilin yanvar-iyul aylarında İspaniyaya 29 mindən çox qeyri-qanuni miqrant gəlib. Bu rəqəmi Krallığın Daxili İşlər Nazirliyi açıqlayıb. Məlumata görə, altı ayda ölkəyə gələn miqrantların sayı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 79,5 faiz artıb. Eyni zamanda, ən çox miqrant Kanar adalarına gəlib - təxminən, 21,5 min nəfər. Bu, ötən ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 152,4 faiz çoxdur. 2023-cü ildə Kanar adalarında qeyri-qanuni mühacirlərlə bağlı vəziyyət kəskinləşib. Belə ki, arxipelaqa 39,9 min miqrant gəlib və onların sayı 2022-ci illə müqayisədə 154,5 faiz artıb.
Oxşar vəziyyət Böyük Britaniyada da müşahidə edilir. Təkcə avqustun 17-də 500-ə yaxın miqrant 9 qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib. Bu barədə Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, avqustun 11-də 703, 12-də 125, 14-də isə 107 miqrant qayıqlarla Britaniyaya keçməyə nail olub. Bununla da, 2024-cü ildə kiçik qayıqlarla Böyük Britaniyaya keçən qanunsuz miqrantların ümumi sayı 19 min nəfəri ötüb. “İpsos” şirkətinin açıqladığı yeni anket-sorğunun nəticələrinə əsasən immiqrasiya indi britaniyalıların ən vacib hesab etdiyi məsələlər siyahısında birinci yerdədir.
Avropanın qəddar üzü
Dağılmış, viran qalmış ölkələrindən baş götürüb Avropaya üz tutan miqrantlar burada Qərbin qəddar üzü ilə qarşılaşırlar. Miqrantların sayının artması fonunda Avropa ölkələrində ifrat sağçı təmayüllərin mövqeləri güclənib. Onlar miqrantlara qarşı sərt çağırışlar etməklə cəmiyyətlərin rəğbətini qazanırlar. Bunu bir qədər bundan əvvəl Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri də təsdiqlədi.
Məhz cəmiyyətlərin təzyiqləri, artan irqçilk çağırışları fonunda cari ilin birinci yarısında Avropa İttifaqı Şurası Aİ-nin miqrasiya standartlarının sərtləşdirilməsini özündə ehtiva edən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib. “Aİ Şurası Avropanın miqrasiya siyasətinin köklü islahatını təsdiqləyib. Buraya qaçqınların nizamlı şəkildə gəlişini tənzimləməyə, səmərəli və vahid prosedur yaratmağa və yükün ədalətli bölüşdürülməsinə kömək edəcək bir sıra qaydalar daxildir”, - deyə sözügedən qurumun mətbuat xidmətinin bəyanatında bildirilib. Bu genişmiqyaslı “islahatlar kompleksi”nin 2015-ci ildən “inkişaf” etdirildiyi bildirilir. Pakt həmçinin sığınacaq və ya yaşayış icazəsi verilməyən bütün şəxslərin Avropa ölkələrindən qovulması prosedurunu sadələşdirir. Bundan əlavə, Aİ ölkələrində miqrantların kvota ilə məskunlaşmasının məcburi prinsipi tətbiq edilir, lakin zəngin Aİ ölkələri qəbul olunmayan hər bir miqrant üçün Aİ büdcəsinə cərimə ödəməklə onların sayını azalda bilər. Bu tədbirlərdən əldə olunan gəlirlər Aİ sərhədlərinin və miqrasiya düşərgələrinin təchiz edilməsinə yönəldilməlidir.
Göründüyü kimi, “qoca qitə”də varlı və kasıb ölkələr arasında fərq qoyulur. Varlı ölkələrə pul müqabilində az sayda miqrant qəbul etmək imkanı yaradılır. 2015-ci ildən bəri üzərində iş aparılan bu “islahatlar” toplusu miqrantların sərhədlərdə filtrasiyası prinsiplərini təqdim edir, onların cəmiyyətdən kənarda deportasiya qaydalarını sadələşdirir. “Bu sənədin təxminən on il bloklanmasından sonra Avropa Parlamenti Aİ-nin miqrasiya və sığınacaq paktının təsdiqlənməsinə - Aİ-nin miqrasiya normalarına tam yenidən baxılmasına səs verdi. Bu edildi. Avropa miqrasiyanı nizamlı şəkildə və öz şərtləri ilə idarə edəcək”, - deyə Avropa Parlamentinin iclasında iştirak edən Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas bildirib.
Fransadan sonra Almaniya
Avropada milli səviyyədə artan miqrasiyanın qarşısını almağa yönələn qanun qəbul edən ölkələrdən biri Fransa oldu. Bu ölkədə etirazlarla qarşılanan müvafiq qanun ötən ilin sonlarında qəbul edilib. Verilən məlumatlara görə 2023-cü ildə qanunları pozan 4,5 mindən çox miqrant Fransadan çıxarılıb. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 30 faiz çoxdur.
Fransanın ardınca Almaniya da miqrantlara qarşı mübarizəni sərtləşdirməyə qərar verib. “Almaniya hakimiyyəti ölkədə olmaq hüququ olmayan şəxslərin ölkədən çıxarılması üçün bütün mümkün tədbirləri görməlidir”. Bunu Almaniya Kansleri Olaf Şolts Solingen şəhərində baş verən terror aktından sonra çıxışı zamanı deyib. Kansler qeyri-qanuni miqrantların deportasiyasını gücləndirəcəyini vəd edib: “Biz mümkün olan hər şeyi etməliyik ki, ölkəmizdə belə hadisələr baş verməsin”.
Siyasətçi onu da bəyan edib ki, ölkə hakimiyyəti növbəti dəfə silah gəzdirmə qaydalarını, xüsusən də bıçaqla bağlı qaydaları sərtləşdirəcək. Qeyd edək ki, Solingendə avqustun 23-də baş verən hücum nəticəsində 10-dan çox adam yaralanıb. Terror aktını törədənin bir neçə il əvvəl Almaniyaya gəlmiş qaçqın olduğu üzə çıxıb. Lakin o, Almaniyadan sığınacaq üçün icazə ala bilməyib.
Eyni zamanda, Almaniyada Ukraynadan olan qaçqınlara da münasibətin dəyişdiyi müşahidə edilir. Almaniyanın bəzi federal əyalətlərinin baş nazirləri ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinə yenidən baxılmasının tərəfdarıdırlar. Bu barədə “Bild” qəzeti məlumat yayıb. Brandenburqun Baş naziri Ditmar Voydke bu dəstəyin zamanın ruhuna uyğun olub-olmadığına şübhə edib. Bildirib ki, digər qaçqınlar “Sığınacaq axtaranların müavinətləri haqqında” qanuna əsasən ayda təxminən 460 avro aldığı halda, ukraynalılar vətəndaş müavinəti (ayda 563 avro) alırlar.
D.Voydke ilə yanaşı, Saarın Baş naziri Anke Relinger də ukraynalı qaçqınlara müavinətlərin verilməsinə müsbət yanaşmır. Saksoniyanın rəhbəri Maykl Kreçmer isə ukraynalıların mülki müavinətləri almağa davam edib-etməməsi barədə düşünməyə çağırıb. O, Ukraynadan olan qaçqınların 30 faizdən azının Almaniyada işlədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Almaniyada müəyyən edilmiş qaydaların səhv olduğunu göstərir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

