Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin çıxışı - siyasət və mücadilə təcrübəmizin yekunu kimi

Prezident İlham Əliyevin çıxışı - siyasət və mücadilə təcrübəmizin yekunu kimi

27.09.2024 [10:31]

Ölkə başçısı, cənab Prezident İlham Əliyevin Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı ehtiva elədiyi bir çox məqamları ilə əhəmiyyətli idi və mühüm məsələlərə vurğu salırdı. Dövlətimizin hərbi gücünün artırılması, yerli hərbi sənaye kompleksinin yaradılması, informasiya təhlükəsizliyi, milli birlik amili, ailə, təhsil və milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi önəmli məsələləri əhatə edərək, Azərbaycanın gələcək inkişafı üçün uğurlu bir yol xəritəsi cızırdı. Və hər şeydən əvvəl, bu, qalib xalqın liderinin çıxışı idi! Məğrur, qətiyyətli, nə etdiyini və istədiyini bilən güclü Lider obrazı necə olur - bir daha şahid olduq!

Bütün önəmli məqamları ilə yanaşı, ölkə başçısının çıxışında diqqətimi çəkən bir neçə məsələ oldu. İlk növbədə, çıxışının məntiqi, rəvan və əsaslı təhkiyəsi, düşüncələrini yalnız aydın və səlis formada deyil, həm də sözün müstəqim mənasında birbaşa ifadə etməyi. Bu, özünə əminliyin ən gözəl şəklidir! İlham Əliyevin ibrətli və müdrik nitqi yalnız ermənilərin və onları münaqişəyə təhrik edən havardarlarının mahiyyətini açmağa yönəlmədi, o həm də suveren, bütövlənən dövlətimizin bünövrəsini ideyaca hazırlayan siyasi-fəlsəfi proqram zəminində məramını bəyan etdi. Təşkilati-əməli fəaliyyətinin mənəvi, əxlaqi, nəzəri-ideoloji işinin nəticəsi olaraq hasilə gəldiyini bir daha sərgilədi.

İkinci amil, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəndirilməsi məsələsi. Hələ 2021-ci ilin martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə başçısı İlham Əliyev belə bir fikir səsləndirmişdir: “Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. Və o ölkələrdə ki bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır”.

Sonrakı görüş və çıxışlarında bu məqam ölkə başçısının prioritet saydığı əsas məsələyə çevrildi. Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də Prezident İlham Əliyev yenidən bu məsələyə xüsusi vurğu salmış: “Əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz”, - demişdir.

Qarabağ Universitetində tələbələrlə görüşdə, nəhayət sentyabrın 22-də keçirilmiş Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında da İlham Əliyev bu məsələdən yan keçmədi: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır; Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”.

Prezident İlham Əliyevin parlamentdəki çıxışının hər tezisi üzərində ayrıca dayanıb fikirlər yürütmək mümkündür. Çünki bu çıxışda bu günün reallıqları ilə yanaşı, keçmişin hesabatı və gələcək perspektivlərimizin açar məqamları yer alır.

Sentyabr ayı daha çox anım günü kimi xarakterizə olunurdu. İlham Əliyev bu ağrının üzərindən ötən il sentyabrın 21-də keçirilmiş antiterror əməliyyatının zəfər məqamı ilə sığal çəkdi. 270 illik yara sağaldı! Suverenliyimiz bərpa olundu. Bundan sonra biz sentyabrı yalnız anım günü kimi deyil, həm də suverenlik günü kimi qeyd edəcəyik. Seçkilərin keçirilməsi də sentyabra təsadüf elədi. Müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirildi. Bu isə ölkə başçısının qeyd etdiyi kimi, “tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”.

Prezident İlham Əliyev doğru vurğuladı ki, biz qələbəmizlə kifayətlənməməliyik. Ölkəmizin ərazi bütövlüyünün qorunması yönündə ardıcıl və davamlı çalışmalıyıq. Beynəlxalq mövqeləri möhkəmləndirməli, hərbi gücümüzü artırmalı, bununla da həm dünyada gedən proseslərə - yeni münaqişə, müharibə ocaqlarının yaradılmasına, Ermənistanda artan revanşist meyillərə qarşı duruş gətirməyi bacarmalıyıq: “Beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər” - İlham Əliyevin səsləndirdiyi bu fikir bügünkü dünya siyasətinin iç üzünü iki cümlə ilə açmağa bəs edir. Bir az da Cavidanədir! Hüseyn Cavidin “Yaşamaq istəsən çalış, çabala, / Rədd olub gurla, bərq olub parla! / Yoqsa fəryadü nalə zaiddir, / Bir həqiqət bu: “əzməyən əzilir!” misralarını yada salır. İlham Əliyev bu gün Cavidin həm də digər misralarındakı fikrin əyani yaşarığılına xidmət etməklə adını böyük hərflərlə tarixin yaddaşına həkk edir: “Turana qılıncdan daha kəskin ulu qüvvət/

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”...

Bu gün Qarabağda aparılan bərpa-quruculuq işləri, az müddətdə Qarabağ məkanını dirçəldən möhtəşəm tikililər, infrastruktur layihələri -  tunellər, dəmir yolları, iki beynəlxalq hava limanı, salınan yeni məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər işğaldan sonra Qarabağla bağlı çəkilən yeni Yol xəritəsinin ilk uğurlu  trayektoriyası kimi önəmlidir.  Yaxud inşa edilən tarixi abidələr, məscidlər, Zəfər muzeyləri, zəfər parkları - ölkə başçısının daim diqqətdə saxladığı mədəniyyət konsepsiyasının mahiyyətinə adekvat şəkildə aparılmaqdadır. Qururuq ki, qoruya bilək! “Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər” (İlham Əliyev). Bəli, qədim fikirdə deyildiyi kimi, qorumuruqsa qurub yaratmağa dəyməz!

“Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq”!

44 günlük davam edən müharibə və bir günlük antiterror əməliyyatı ilə Prezident İlham Əliyev Azərbaycanın gücünü dünyanın gözü qarşısında kifayət qədər aydınlığı ilə sərgiləyə bildi. Məncə, ermənilər türkün zəfər tarixində silinməz iz qoyacaq, uğurla qazanılmış bu iki məqamı unutmamalıdırlar. Amma yalnız unutmamaqla kifayətlənməməli, yaddaşı əxlaqa da çevirməyi bacarmalıdırlar. Xəstə milli şüur və psixologiyalarını yenib bizim ən azı son dörd ildəki siyasət və mücadilə təcrübəmizin nəticələri üzərində düşünməlidirlər. Azacıq dərinliyə varsalar görərlər ki, onların Qərb himayədarlarına bəslədikləri böyük ümidlər (bəlkə də eyforiya!) bu nəticələrin - milli-tarixi gerçəkliyimizin qarşısında nə qədər bəsit və mənasız görünür.

Elnarə Akimova,

Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30