Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbin yeni təxribat planı

Qərbin yeni təxribat planı

18.10.2024 [09:12]

“Qarabağ erməniləri” adı altında yeni separatizm toxumu əkilir

İsveçrədən səslənən “çağırışın” əks - sədası Parisdən eşidilir...

Azərbaycan 2023-cü ilin sentyabrında reallaşdırdığı antiterror tədbirləri ilə bölgədə separatizmi məhv etdi. Qərb isə Cənubi Qafqazdakı əsas “dayaq nöqtəsi” sayılan separtçı qüvvələrin sıradan çıxması ilə hələ də “barışa” bilmir. Bunun nəticəsidir ki, bu və ya başqa adlar altında yeni separatizm toxumları səpməyə, revanşizm “xəstəliyi” yaymağa, bir sözlə qarşıdurmaların qızışması üçün zəmin yaratmağa çalışırlar. Düzdür bunu açıq “notlarla” ifa edə bilməsələr də “insan hüquqları” adı altında, “himayədarlıq” və ya “canıyananlıq” şəklində pərdələməyə çalışırlar. Məsələn, İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası İsveçrə hökumətinə Azərbaycan hökuməti və Qarabağdan olan “ermənilər” arasında bir konfrans təşkil etmək “çağırışı” səsləndirib. Bu çağırışın əsl mahiyyəti ortadadır. Birmənalı şəkildə erməni lobbisinin “təşəbbüsü” ilə ərsəyə gələn bu “çağırış”ın altında olan məqsədlər:

- Bölgədə yeni “erməni kartı” əldə etmək;

- Antiterror tədbirlərindən sonra dəbə düşmüş “erməni qaçqını” ritorikasını yenidən siyasi leksikona pərçimləmək arzusu;

- Azərbaycanı guya ermənilərin “hüquqlarını pozan ölkə” kimi tanıtmaq;

- Nəhayət, Qərbin çirkin planlarının məhz həmin ermənilərin üzərindən qurulmasını təmin etmək.

Reinteqrasiya təklifi: ermənilər getməyə qərar verdilər...

Vurğulandığı kimi, “Qarabağ erməniləri” ritorikası birmənalı şəkildə təzyiq xarakteri daşıyır - illərlə Qarabağdan didərgin salınmış, öz ata-baba yurdunda yaşamaq hüququndan məhrum edilmiş, məhrumiyyətlərə düçar olunmuş azərbaycanlıların hüquqlarını görməzdən gələn Qərbin tez-tez “erməni hüquqları” mövzusuna müraciət etməsinin altındakı maraqları bəllidir. Təsadüfi deyildi ki, hələ antiterror tədbirlərindən sonrakı günlərdə tələm-tələsik Avropa Parlamenti, AŞPA kimi qərəzli təşkilatlar anti-Azərbaycan ruhlu qətnamələr hazırlamaq üçün məhz bu tip yalanlara müraciət edirdi. Bu məsələyə yalan deməyimizə isə əsaslı arqumentlərimiz var:

- Antiterror tədbirlərindən sonra Qarabağdakı erməni əsilli şəxslərə qalmaları üçün “Reinteqrasiya proqramı” təqdim olundu;

- Paralel olaraq onlara şifahi şəkildə qalmaları üçün təkliflər səsləndirildi;

- Həmin insanların könüllü şəkildə Ermənistana köçməsinə yüksək səviyyədə şərait yaradıldı və köç əsnasında təhlükəsizlikləri təmin olundu.

Qeyd edilən reinteqrasiya proqramı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. Bu təminat həm də Azərbaycanın Konstitusiyasında öz əksini tapıb. Amma ermənilər bu proqramdan yararlanmaq istəmədilər və könüllü şəkildə Ermənistana köçmək istədilər - könüllü şəkildə getmək istəyəni zorla saxlamağın özü hüquq pozuntusu deyilmi?

Axı, bu torpaqlar Azərbaycan torpağıdır və bu sərhədlər daxilində yaşayan hər kəs ölkəmizin qanunlarına tabe olmalı, həmin qanunlar çərçivəsində yaşamalıdır. Başqa ölkələrdə bunun fərqli analogiyası varmı və ya mümkündürmü? Əsla yox. Belə olan təqdirdə, niyə Qərb Azərbaycana yanaşmada beynəlxalq hüququ tanımır və hətta tapdamağa çalışır...

Qərbin planı: İsveçrədən başlasın, Parisdə davam etdirilsin...

Digər əsas bir məqam isə, Qərbin özünün yeni oyununa İsveçrədən başlamasıdır. Təbii ki, bu, Avropa İttifaqının, konkret olaraq Fransanın planıdır - İsveçrədə əsası qoyulacaq bu tədbirlər daha sonra “acı bağırsaq” kimi uzadılacaq və başqa ölkələrdə, ən əsası isə Parisdə “zühur edəcək”. Yəni Qərb bu planı silsilə şəkildə həyata keçirməyə hazırlaşır. İsveçrədə əsasının qoyulmasına hazırlaşılan bu haqsız və ədalətsiz “tendensiya” çox güman ki, sonradan fərqli ünvanlarda davam etdiriləcək.

Burada da əsas məqam Qarabağdan öz xoşu ilə Ermənistana gedən insanlara zorla “qaçqın” stuatusu sırımaqdan ibarətdir. Halbuki fakt ortadadır: Qərb bu yolla Azərbaycanın regionda formalaşdırdığı təzlükəsizlik mühitini inkar, yaradılan birgəyaşayış imkanlarını təkzib etmək, reinteqrasiya ilə bağlı irəli sürülən müsbət addımları və proqramı ikinci plana keçirmək, Azərbaycanın apardığı və humanizmə söykənən siyasi kursa qara yaxmağa çalışır. Qarabağı öz arzusu ilə tərk edən insanların “qaçqın” adlandırılması cəhdi beynəlxalq hüquqa zidd olduğu qədər mənəvi haqsızlıq nümunəsidir - bununla onlar Azərbaycanın Qarabağ regionunda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün aparılan genişmiqyaslı fəaliyyəti təkzib etməyə çalışmış olurlar.

Qaçqın yalanı: Ermənistan pasportlu “qarabağlı”...

Eyni zamanda, Qarabağdan Ermənistana gələn insanların mütləq əksəriyyətinin məhz Ermənistan vətəndaşı olması faktoloji şəkildə öz sübutunu tapıb. Hələ 2023-cü ildə Ermənistan KİV-ləri yazırdılar ki, Qarabağdan köçdüyü iddia edilən “100 min erməni”nin yalnız 1143 nəfəri yataqxana və ictimai mənzillərdə yaşayır - yerdə qalanı öz evinə qayıdıb. Bu isə həmin “qaçqın ermənilər”in böyük əksəriyyətinin Qarabağ sakini olmadığı, işğal illərində qanunsuz məskunlaşdırıldığı və yaxud Ermənistan vətəndaşı olduğu haqda faktları bir daha təsdiqləyir. Ermənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Terteryan da bildirmişdi ki, Qarabağdan gedən ermənilərin böyük əksəriyyətinin Ermənistanda evi, yaşamağa şəraiti var. Həmçinin onların əksəriyyəti Ermənistan pasportu daşıyır.

Paralellik: Qərb 35 ildir Qərbi azərbaycanlıların hüquqlarını niyə tanımır?

Cənubi Qafqaz üçün ən vacib şərt kimi çıxış edən sülh Qərb tərəfindən bu yollarla sabotaja uğradılır. Əsl sayı iddia edilənlərdən on dəfələrlə az olan Qarabağı könüllü şəkildə tərk edən ermənilərin “hüquqları” qorunduğu halda tarixi Azərbaycan torpaqlarından - hazırki Ermənistandan, öz ata yurdundan qovulan 300 mindən artıq azərbaycanlının hüquqları niyə qorunmur? Niyə İsveçrə və ya başqa bir dövlət 35 ildən artıqdır ki, haqsızlığa uğradılımış bu insanların haqqını və hüquqlarını müdafiə etməyi yada salmır? Onlar iddia edirlər ki, Qarabağdan getmiş ermənilərin Qarabağda yaşamağa haqqı var - bəs, Qərbi Azərbaycandan qovulan soydaşlarımızın da öz torpaqlarına qayıtması, orada yaşaması hüquqları yoxdurmu? Niyə bu hüquq tanınmır?

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması bu məsələ ilə abğlı yaydığı bəyanatında da İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən səsləndirilən təklifi qınayıb. Vurğulanıb ki, sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir: “Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqlamış və ötən il onlarla dialoq aparmışdır. Lakin Qarabağdan olan ermənilər dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina etmişlər. Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla “dialoq”a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir”.

Bəyanatda o da göstərilir ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb. Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edirik. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir: “İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də, bu, cavabsız qalmışdır. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir. Qərbi Azərbaycan İcması olaraq, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırırıq. Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”.

Beynəlxalq mövqe: Xankəndi AZƏRBAYCANDIR!!!

Maraqlıdır ki, ermənilər və onların havadarları Azərbaycana qarşı qurduqları oyunda ayrı-ayrı komponentləri özündə birləşdirən genişmiqyaslı kampaniya qurur. Məsələn, Avropa da “Qarabağ ermənilərinin hüququ” məsələsini ortaya atır və ardından Azərbaycan dövlətinin işğaldan azad edilmiş bölgələrdə apardığı abadlıq-quruculuq işlərinə qara yaxır, onu fərqli biçimdə təqdim etməyə niyyətlənir. Onlar guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə bağlı təbliğat aparırlar - olduqca ucuz və qeyri-adekvat bir hərəkət olan bu kimi “təbliğat işləri” isə beynəlxalq aləmdə ironiya ilə qarşılanır. Artıq erməni yalanları yumşaq şəkildə desək, “işləmir”.

Məsələn, bu “mövzu” ilə bağlı erməni əsilli bir jurnalistin təxribatçı sualına cavabında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycan tərəfi Qarabağın erməni əhalisinə öz evlərinə qayıtmaq imkanı yaradıb. M.Zaxarova qeyd edib ki, söhbət Azərbaycanın ərazisindən gedir və orada bu ölkənin qanunları qüvvədədir. “Biz öz evlərini tərk etmiş əhaliyə ora qayıtmaq üçün imkanın yaradılmasına yönəldilən konstruktiv addımları dəfələrlə şərh etmişik, vurğulamışıq. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq izahatlar və izahlar alırıq... Mən bir daha vurğulamaq istəyirəm ki, qayıtmaq imkanı yaradılıb”.

Bəli, ermənilər özləri özlərini ifşa edirlər. Azərbaycanın de-fakto və de-yure ərazisi ilə bağlı aparılan yalan təbliğatın ən gözəl cavabı məhz budur - Xankəndi AZƏRBAYCANDIR!!!

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30