Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan cavab verəcək!

Ermənistan cavab verəcək!

19.10.2024 [11:39]

İrəvanın törətdiyi ekofəlakətlərlə bağlı faktlar beynəlxalq məhkəmədədir

Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı, mədəni-mənəvi sərvətlərimizə qarşı da təcavüzkar siyasət yürüdüb. Ölkəmizə vurulan maddi və mənəvi ziyanın miqyası isə ölçüyəgəlməzdir - vaxtilə işğal altında olmuş 11 min kvadratkilometrdən artıq ərazilərimizin hər addımında bu vəhşiliyin, vandalizmin, tarixi saxtalaşdırmaq, ekosistemi sıradan çıxarmaq cəhdlərinin izinə rast gəlmək mümkündür. İşğal dövründə rayonlarımız və şəhərlərimiz kütləvi şəkildə dağıdılıb viran qoyulan zaman vəhşi təbiətə də köklü ziyanlar vurulub: meşələr qırılıb, çaylara zəhərli maddələr axıdılıb, fauna və flora vəhşi münasibətə məruz qalıb. Eyni münasibət maddi tarixi dəyərlərə qarşı da nümayiş etdirilib - işğal altında olan ərazilərdəki 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb...

İşğalçı üzərində qətiyyətli qələbə ilə Azərbaycan bu ədalətsizliyə də son qoydu. Şəhər və kəndlərimiz kimi təbii sərvətlərimiz, təbiətimiz də işğaldan azad olundu. Amma işğal illərində Azərbaycan təbiətinə vurulan ziyanın da miqyası böyükdür - Ermənisan mütləq şəkildə bunun cavabını verməli, ölkəmizə dəyən ziyan ödənilməlidir.

Azərbaycan iddialar qaldırıb...

Artıq bu prosesə uzun müddətdir ki, start verilib. Xatırladaq ki, Haaqa Arbitraj Məhkəməsinə 2023-cü ilin yanvarında təqdim edilən ilk iddia vəhşi təbiətin və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyası çərçivəsindədir. Azərbaycan BMT-nin 2022-ci il hesabatını da sübut kimi göstərib ki, Ermənistan meşələri qırıb.

Ötən il fevral ayının 27-də isə Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlamışdı. Bu ilin yanvarında isə Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycanın Ermənistana qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilmişdi. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilirdi.

Yeri gəlmişkən, Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı növbəti 2 dövlətlərarası arbitraj iddiası təqdim edib. Bu barədə beynəlxalq arbitraj üzrə erməni ekspert Sərkis Qriqoryan deyib. Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi işlər çərçivəsində artıq arbitraj məhkəmələri təyin edilib və sədrləri məlumdur. Təsdiqlənmiş qrafikə əsasən, 2027-ci ilin əvvəlində işlər yekunlaşmalıdır. “Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Hazırda sübutlar, şahid ifadələri, ekspert rəyləri və s. daxil olmaqla, hər iki iş üzrə proses davam etdirilir”, - o deyib və əlavə edib ki, iddiaların məxfiliyi hələ açılmayıb. Məlumatlara görə, Azərbaycan iddiasında Qarabağda ətraf mühitin və biomüxtəlifliyin məhvinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirib.

Arbitraj Məhkəməsi nədir?

Qeyd edək ki, Haaqa Daimi Arbitraj Məhkəməsi hökumətlərarası təşkilatdır. Bu qurum ənənəvi mənada məhkəmə deyil - üzv dövlətlər, beynəlxalq təşkilatlar və ya özəl tərəflər arasındakı beynəlxalq müqavilələrdən irəli gələn mübahisələri həll etmək üçün arbitraj məhkəməsi xidmətlərini göstərir. Fəaliyyət sferasında isə instansiyaları ərazi və dəniz sərhədləri, suverenlik, insan hüquqları, beynəlxalq sərmayə, beynəlxalq və regional ticarətlə əlaqəli bir sıra hüquqi məsələləri əhatə edir. 1899-cu ildə Rusiya İmperatoru II Nikolayın təşəbbüsü ilə çağırılan birinci Haaqa Sülh Konfransının qərarı ilə yaradılmış bu məhkəmə beynəlxalq mübahisələrin həlli üzrə “ən qədim təşkilat” hesab edilir. 1913-cü ildə Endryu Karneqinin ianələri ilə Haaqada xüsusi olaraq tikilmiş Sülh Sarayında yerləşir. Daimi Arbitraj Məhkəməsini bəzən eyni binada yerləşdiyi Beynəlxalq Ədalət Məhkəməsi ilə qarışdırırlar - amma Daimi Arbitraj Məhkəməsi 1993-cü ildən bəri BMT Baş Assambleyasında müşahidəçi statusuna sahib olmasına baxmayaraq BMT sistemini təmsil etmir.

Vurğulayaq ki, 100-dən çox dövlət məhkəmənin üzvüdür. Hakimlərə gəldikdə isə, hər bir dövlət məhkəməyə beynəlxalq hüquq üzrə 4-ə qədər nüfuzlu mütəxəssis təyin edə bilər. Palatanın Katibliyi belə hakimlərin siyahısını formalaşdırır. Mübahisə yarandığı zaman dövlətlərə konkret işə baxılması üçün arbitrlar seçmək hüququ verrilir. Beynəlxalq Büro Daimi Arbitraj məhkəməsi katibliyidir və ona Baş katib rəhbərlik edir.

Ermənistanın yaratdığı ekoloji böhran...

Beləliklə, Azərbaycan bu addımı ilə həm də Ermənistanın törətdiyi və 30 il davam etdirdiyi humanitar fəlakət və ekoloji böhranla bağlı dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq istiqamətində davamlı tədbirlər görür. İşğal faktının aradan qalxması nəticəsində ortaya çıxan faktlar beynəlxalq instansiyalara təqdim olunur. Bu faktı təsdiqləyən çoxsaylı sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar mövcuddur - bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Verilən məlumatlara görə, ermənilər işğal dövründə xüsusilə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektara yaxın meşə fondunu məhv ediblər. Paralel olaraq erməni işğalı dövründə Qarabağın zəngin su ehtiyatları mənimsənilib, istismar olunub. Mənfur düşmən torpaqlarımızı işğal altına saxladığı dövrdə həmin ərazilərə yaxın regionlarda yaşayan vətəndaşların sudan istifadəsi demək olar ki, mümkünsüz olub. Təsadüfi deyil ki, hələ 2012-ci ildə ermənilərin və fransızların ciddi müqavimətinə baxmayaraq AŞPA-nın Parisdə keçirilən tədbirində Bosniya və Hersoqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi müzakirə olunaraq qəbul edilmişdi” 44 günlük ?ətən müharibəsindəki qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yarandı. Ermənistanın isə törətdiyi vandalizm, cinayət aktlarına görə cavab verəcəyi gün uzaqda deyil...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30