Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 3 gündə 3 mina partlayışı...

3 gündə 3 mina partlayışı...

03.06.2025 [09:44]

Ermənistanın mina terroru davam edir

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir. Son günlər ard-arda bir neçə mina hadisəsinin baş verməsi də bunun göstəricisidir.

Belə ki, mayın 30-da Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, Tərtər rayonu, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Telman Əhməd oğlu Hüseynov keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

XİN: Mina partlayışları dinc sakinlərə zərər vurub

Mayın 31-də isə mina hadisəsi Goranboy rayonunun Yenikənd kəndi ərazisində baş verib. Rayonun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib. Zərərçəkmişin müalicəsi  hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın travmatologiya şöbəsində davam etdirilir.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında mina terroru barədə paylaşım edib. Qeyd edilib ki, Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub: “Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər mina qurbanı olub. Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur”. Lakin XİN-in bu paylaşımından bir gün sonra - iyunun 1-də daha bir mina hadisəsi baş verib. Belə ki, Kəlbəcərin Susuzluq kəndi ərazisində kənd arası yolun çəkilişi zamanı “Avtoqreyder” markalı traktor  minaya düşüb. Partlayış zamanı traktorun sürücüsü, Kürdəmir rayon sakini 1989-cu il təvəllüdlü Rəşadət Fikrət oğlu Əsədov xəsarət alıb. F.Əsədov Kəlbəcərdə yerləşən xəstəxanada müacilə alır. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

ANAMA, DİN və Baş Prokurorluq isə bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

400 nəfərə yaxın mina qurbanı...

Bütövlükdə, 2020-ci il müharibəsindən bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını çətinləşdirməyə səbəb olur.

Beynəlxalq ictimaiyyət minatəmizləmə prosesinə dəstəyini gücləndirməlidir

Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Buna nümunə olaraq, aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanmasını göstərmək olar.

Bundan əlavə, aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri zamanı da mina problemi diqqət mərkəzində olub. Birgə keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, mina problemi təkcə bizim üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir. Nazirin sözlərinə görə, ölkəmiz üçün ən vacib istiqamətlərdən biri, 30 il işğal altında qalmış ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Bu prosesin əsas tərkib hissələrindən biri və ən böyük çətinlik yaradan amil mina problemidir. Bu istiqamətdə Azərbaycan çox böyük resurslar sərf edir. Lakin problemin miqyası o qədər genişdir ki, müharibənin başa çatmasından beş il keçməsinə baxmayaraq, biz hələ uzun illər bu problemlə mübarizə aparmalı olacağıq. “Bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq mövcuddur. Azərbaycan bu əməkdaşlığın daha da genişlənməsində və Avropa İttifaqı ilə birgə daha böyük layihələrin həyata keçirilməsində maraqlıdır. Ümid edirik ki, gələcək illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.

Kaya Kallas isə deyib ki, Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi prosesinə töhfə verməkdədir və ölkədə münaqişənin izlərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək.

Həmin gün ölkəmizdə səfərdə olan ATƏT-in Baş katibi Feridun Sinirlioğlu da təşkilatın Azərbaycan ərazilərinin minalardan təmizlənməsi sahəsində dəstək göstərməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə,  ATƏT-in bu istiqamətdə zəngin təcrübəsi mövcuddur.

Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31