Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paris Azərbaycan məhkəmələrinin işinə müdaxilə edə bilməz!

Paris Azərbaycan məhkəmələrinin işinə müdaxilə edə bilməz!

01.08.2026 [10:59]

Rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və Azərbaycana qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edir. Məsələ ilə bağlı  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökmlə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib. A.Hacızadə qeyd edib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib.

Onun sözlərinə görə, apelyasiya instansiyasının qərarı da Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir: “Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, “əsassız saxlanılma” və “ədalətsiz məhkəmə araşdırması” ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan qanunvericiliyi və ölkənin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir”.

Rəsmi Bakı Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransaya casusluqda ittiham olunan Martin Rayan 10 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 29-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Nəzərə alaq ki, Fransa hakimiyyəti ölkəsinin Azərbaycanda casusluq fəaliyyətinə münasibətdə susqunluq nümayiş etdirsə də, təfərrüatları mətbuatdan gizlətmək mümkün olmayıb. Hələ 2024-cü ilin yanvarında Azərbaycanda iki fransız diplomatın “persona non grata” elan edilməsi və ölkəmizdən çıxarılması ilə başlayan səs-küylü casus qalmaqalına dair yeni detallar məlum olmuşdu. Belə ki, Fransanın “L’Opinion” nəşri yazırdı ki, əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycanın xüsusi xidmət orqanlarının Bakıda fransız casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Üstəlik, Fransanın Xarici İşlər Nazirliyi də bununla bağlı gözləmə mövqeyi tutmuşdu. Lakin daha sonra məlum olub ki, artıq 2023-cü il dekabrın 4-dən həbsdə olan M.Rayanın Azərbaycandan çıxarılan “diplomatlar”la əlaqəsi olub.

Nəşrdə o da qeyd olunmuşdu ki, Fransa və Böyük Britaniya vətəndaşlığı olan M.Rayan 4 il Bakıda yaşayıb və hətta azərbaycanlı qızla nişanlanıb. O, “Merkorama” adlı kiçik şirkət quraraq ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub. M.Rayan heç bir siyasi fəaliyyətlə məşğul olmayıb. Sitat: “Lakin Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər. M.Rayan səfirliyin iki əməkdaşı - “Frederik” və “Loran”la isti, hətta mehriban münasibətlər saxlayırdı. Amma onlar 2023-cü ildə Bakını tərk ediblər. “Loran”ı əvəz edən “Andre” onunla görüş istəyib. Görüş zamanı “Andre” M.Rayana siyasi məsələlərlə bağlı həddən artıq çox sual verib”.

Məqalədə vurğulanırdı ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların toplanılmasından, xüsusən də İran və Türkiyə ilə bağlı məlumatların toplanılması və ötürülməsinə çevrilib: “Başqa sözlə, söhbət yalnız passiv deyil, həm də aktiv əməkdaşlıqdan gedir”. “Bu qarşılıqlı inamsızlıq mühitində Martin əmin olub ki, səfirliyin nümayəndələri onu təhlükəli oyunlarında sadəcə “piyada” kimi istifadə etməyə çalışırlar”, -  deyə məqalə müəllifi əlavə edib.

Casusluq fəaliyyətinin yeni detallarının izinə düşən məqalə müəllifinin gəldiyi qənaət də olduqca ibrətamiz idi. “Görünən odur ki, fransız “diplomatlar” Fransa Xarici İşlər Nazirliyindən daha çox Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə (DGSE) hesabat veriblər. Onların kimliyi açıqlanmayıb. Amma bir məsələ dəqiqdir: ola bilsin, Martin Rayan hətta özünün də xəbəri olmadan həmin idarənin “fəxri müxbir”i seçilib”, - deyə “L’Opinion” nəşrində qeyd edilirdi.

Bütün bunların fonunda Parisin məsələ ilə bağlı yanaşması tamamilə əsassızdır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31