Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi Konstitusiya normasıdır

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi Konstitusiya normasıdır

15.12.2015 [10:11]

Yüksək iqtisadi inkişafa malik, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda bütün sahələr üzrə böyük inkişaf göstəriciləri qeydə alınıb. Eyni zamanda, demokratik təsisatların inkişafına xüsusi diqqət yetirən Azərbaycan hakimiyyəti ölkəmizdə gedən siyasi proseslərdə, o cümlədən insan haqlarının müdafiəsi məsələsində hər zaman şəffaflığı, qanunun tələblərinin qorunması prinsipini əsas tutur.
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil edir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə islahatların həyata keçirilməsi olub.
Ümumiyyətlə, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb. Ölkə Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları komitəsi, Ombudsman aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə verilən dəyərin göstəricisi sayılmalıdır. Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır. Ölkəmiz antiterror əməliyyatlarında iştirak etməklə insan hüquqlarının qorunması istiqamətində hansı cəbhədə dayandığını əyani şəkildə göstərib. Eyni zamanda, Azərbaycan tolerantlıq nümunəsi olaraq dünyanın aparıcı tədqiqat mərkəzlərinin diqqətini cəlb edir. Ölkəmizdə dini, irqi, etnik baxımdan heç bir ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qanunvericilikdə bu cür geniş formada təsbiti, insan hüquq və azadlıqlarının qorunması Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa söykənir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görürdü. Məhz Ulu öndərimizin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi, bir sözlə, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğu prosesinin daha da təkmilləşməsində bu siyasi kursun qətiyyətli şəkildə davam etdirilməsi müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu inkişaf yolunu bəyan etsə də, vurğuladığımız kimi, bu məramın həyata keçirilməsi müstəqil Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyanın qəbul olunması ilə reallaşdı. Konstitusiyanın müddəalarına uyğun olaraq demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, qanunvericilik sahəsində aparılan əsaslı hüquqi islahatlar nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində başlanılmış cinayət işinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquqi müdafiəyə təminat aldı, ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir. Məhz bu amilin gündən-günə möhkəmləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətindəki yoluna işıq saldı.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənir, regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün mühüm əhəmiyyətli dövlət proqramları həyata keçirilib, insan hüquqları və azadlıqlarının daha dolğun təmin olunması prosesi daim diqqət mərkəzində saxlanılıb. Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd edib: “Biz müasir dövlət qururuq. Dövlət quruculuğu Azərbaycanda, əslində, 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir”.
Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması III sektor adlanan vətəndaş cəmiyyəti sektorunun da inkişafını özündə ehtiva edir. Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas hüquqi baza ölkə Konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Bundan başqa, 1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor-resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna rol oynadı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid bütün məsələlərə aydınlıq gətirir.
Sirr deyil ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasi kurs Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafı üçün zəmin yaradıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz ölkəmizdə qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına, yəni QHT-lərə, gənclər təşkilatlarına və digər qurumlara hər il maliyyə vəsaitləri ayrılır.
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib.
Bunlara paralel olaraq Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə edilmiş nailiyyətlər demokratik inkişafa özünəməxsus töhfələr verir. Bu, ilk növbədə, dövlət quruculuğu istiqamətində əldə edilmiş nailiyyətlərin davamlı olmasını şərtləndirməklə yanaşı, islahatların uğurla reallaşdırılmasını da şərtləndirir. Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd etmişdir: “Biz müasir dövlət qururuq. Dövlət quruculuğu Azərbaycanda, əslində, 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir... Ancaq əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üzrə bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü siyasi sistem olmalıdır... Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, əks təqdirdə biz bu inkişafa nail ola bilməzdik”.
Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Zahid İlhamoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31