Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
19.03.2016 [10:16]
Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti Əfv Sərəncamı dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirir
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.
Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısıdır
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunmalıdır.
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir
Digər tərəfdən, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyətində daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi.
Buradan da əfv sərəncamlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.
humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir
Çoxşaxəli humanizm siyasətinin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq, sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən səmərəlilik dərəcəsinə görə olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini də, qeyd etdiyimiz kimi, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin amnistiya aktlarının qəbul olunması təşkil edir.
Vətəndaşlara münasibətdə humanist yanaşma təqdirəlayiq hal kimi qiymətləndirilir
Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Qeyd olunduğu kimi, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 Əfv Fərmanı imzalanıb. Amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Azərbaycanda məhkumların əfv olunması ənənəsi mütəmadi xarakter daşıyır
Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var. Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər. Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər. Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib. Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Dolayısıyla, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı humanizm siyasətinin növbəti nümunəsini təşkil edir. Bu, öz növbəsində, dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi qiymətləndirilir. Dövlət başçısının qeyd etdiyi kimi: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu Sərəncamı yüksək qiymətləndirirlər. Ümumi qənaət budur ki, bu cür tədbirlər cəmiyyətin dayaqlarının güclənməsini təmin etməklə yanaşı, sosial münasibətlərin inkişafında xüsusi rol oynayır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır: “Azad, müstəqil və güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz bu yolla gedirik və gedəcəyik”.
Bütövlükdə, demokratiya və insan hüquqları sahəsində atılan sistemli addımlar Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Eyni zamanda, yuxarıda sadalananlar da daxil olmaqla, davam etdirilən ardıcıl islahatlar milli inkişafa və dövlətçilik ənənələrinin daha da gücləndirilməsinə xidmət edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da möhkəmləndirəcəyik”.
Dövlətin vətəndaşlarına verdiyi dəyəri əks etdirən Əfv Sərəncamı beynəlxalq miqyasda da yüksək qiymətləndirilir
O da vurğulanmalıdır ki, dövlətin vətəndaşlarına verdiyi dəyəri əks etdirən Əfv Sərəncamı beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin rəsmi saytında yerləşdirilmiş dövlət katibi Con Kerrinin bəyanatında qeyd edilib ki, çoxlu sayda məhkumun azad edilməsi istiqamətində Azərbaycan hökumətinin müsbət addımı alqışlanır.
Bundan başqa, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini belə bir addımın atılmasının təqdirəlayiq olduğunu vurğulayıb. Avropa İttifaqının saytında yerləşdirilmiş bəyanatda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması haqqında Sərəncam alqışlanır: “Azərbaycan Prezidenti siyasi partiyaların təmsilçiləri, QHT nümayəndələri və jurnalistlər daxil olmaqla, 148 nəfəri əfv edib ki, onlar Novruz bayramını qeyd etsinlər”.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəsmi saytında yerləşdirilmiş məlumatda isə bildirilib ki, AŞPA-nın prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması barədə Sərəncamı alqışlayıb.
Ümumiyyətlə, Azərbaycanda insan hüquqlarının vəziyyəti, bu istiqamətdə dövlət tərəfindən atılan addımlar beynəlxalq dairələr tərəfindən təqdirəlayiq hal kimi xarakterizə olunur. Bu, əlbəttə, təsadüfi deyil, bütövlükdə, Azərbaycanda demokratik islahatlara, insan hüquqlarının təmin və müdafiə olunmasına göstərilən diqqətin qanunauyğun nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

