Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ münaqişəsi yenidən Moskvada müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi yenidən Moskvada müzakirə olunacaq

07.07.2009 [10:36]

Prezidentlərin növbəti görüşünün iyul ayının ortalarında Rusiyada keçirilməsi nəzərdə tutulub
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam edən danışıqlar prosesində son aylarda yüksək intensivlik müşahidə edilməkdədir. Məhz bu intensivlik problemin yaxın zamanlarda sülh yolu ilə həllinə ümid yaradır. Aparılan danışıqlarda hər zaman konstruktiv mövqeyi ilə seçilən Azərbaycan problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü irəli sürür. Bu isə, beynəlxalq hüquq prinsiplərinə, BMT TŞ-nın qəbul etdiyi qətnamələrə, o cümlədən, ötən il imzalanan Moskva Bəyannaməsinə uyğundur.
Xatırladaq ki, həm may, həm də iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında görüşlər keçirilib. Son görüşün ardından verilən açıqlamalarda problemin bir daha müzakirə olunduğu qeyd edilmişdi. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə keçirdiyi mətbuat konfransında iyul ayının ortalarında dövlət başçılarının Moskvada növbəti dəfə görüşəcəyini bəyan edib.
ümumiyyətlə, son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ümidverici fikirlər səslənməkdədir. Məsələn, bir neçə gün öncə ölkəmizdə səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağına əminliyini ifadə edib. Nəzərə alsaq ki, Rusiya, eyni zamanda, münaqişənin həllində vasitəçi qismində iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri və regionun aparıcı dövlətidir, demək, Moskvanın bu istiqamətdəki fəaliyyəti hansısa müsbət irəliləyişə təkan verə bilər. Bundan başqa, Azərbaycanda səfərdə olan İsrail prezidenti Şimon Peres də Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib. ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri, ATƏT-in  fəaliyyətdə olan sədri Dora Bakoyanni də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində əldə olunan irəliləyişlərdən, eləcə də konstruktiv müzakirələrdən çox məmnun qaldığını deyib. O, təhlükəsiz, dayanıqlı və güclü Avropanın hamının marağında olduğunu, Azərbaycanı da bu təhlükəsizlik məsələlərində aparıcı rol oynayan ölkələrdən biri kimi qiymətləndirdiyini qeyd edib.
Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın da son günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətində bir canlanma hiss edilir. Bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 26-da Parisdə keçirilmiş görüşü ilə bağlı bəyanat yayıb. Bəyanatda ATƏT-in Minsk qrupunda ABŞ və Rusiya ilə yanaşı həmsədr olan Fransanın Azərbaycana və Ermənistana onları qarşıdurmaya gətirən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həllinin nizamlanmasına kömək etmək üçün öz mediasiya səylərini əsirgəmədiyi bildirilir.
Azərbaycan Prezidenti İlham Əliyev isə bir neçə gün öncə Fransanın MDB ölkələrində akkreditə olunan səfirləriylə görüşdə növbəti dəfə ölkəmizin yürütdüyü siyasətin çox açıq olduğunu diqqətə çatdırıb. ölkə başçısı Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi beynəlxalq ictimaiyyətlə birgə göstərdiyi səyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.
Azərbaycanın işğal olunan bütün ərazilərinin azad edilməsinin vacib şərt olduğunu deyən Prezident İlham Əliyev Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan qaçqın və köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasına şərait yaradılmasını vacib şərt kimi önə çəkib: “Torpaqlarımız işğalçı qüvvələrdən azad olunmalıdır. Məhz bundan sonra bölgədə sülh bərqərar oluna bilər. Düşünürəm ki, bu, Ermənistan üçün də faydalı olacaq, çünki onların işğalçılıq siyasəti heç bir nəticəyə gətirib çıxarmadı. İşğal olunmuş ərazilərdə yaşayış yoxdur. Onlar çalışdılar, lakin insanların olmaması səbəbindən buna nail ola bilmədilər. İşğal olunmuş bu ərazilərdə hər şey dağıdılıb. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan regional inkişafdan, nəqliyyat yollarından, enerji əməkdaşlığından təcrid olunub. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistan üçün mütləq faydalı olacaq, bundan sonra bütün əlaqələr bərpa ediləcək. Münaqişə həll edilmədən regional vəziyyət sabit ola bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli nəzərə alınmadan bəzi regional məsələlərin nizamlanmasına yönələn bir sıra cəhdlər uğursuz olub və uğurlu ola da bilməz. çünki regiondakı reallıq ondan ibarətdir ki, Azərbaycanın mövqeyi və fikri mütləq nəzərə alınmalıdır. Azərbaycanın iştirakı olmadan regional inkişaf əbəsdir. Coğrafi yeri, regional mövqeyi, iqtisadi nailiyyətləri və təbii ki, enerji resursları baxımından Azərbaycanla hesablaşmalıdırlar. Dağlıq Qarabağ münaqişəsi nizama salınmadan bəzi regional məsələlərin həllinə yönələn cəhdləri biz təbii ki, heç vaxt dəstəkləmirik. Bizim dəstəyimiz olmadan bu cəhdlərin gələcəyi yoxdur”.
Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi ölkəmizə səfər edən Polşa prezidenti Lex Kaçinski tərəfindən də xüsusi olaraq qeyd edilib. Polşa prezidenti Azərbaycanın ərazi bütövlüyü prinsipinin pozulmasının qəbuledilməz və yolverilməz olduğunu deyib: “Ərazi bütövlüyü prinsipinin pozulması, xüsusən də, güc tətbiqi ilə pozulması qəbuledilməzdir və buna yol vermək olmaz. çünki bu, hərbi münaqişənin daha da gücləndirilməsinə səbəb ola bilər. Ona görə də, bu münaqişənin olması nə Azərbaycanın, nə də digər dövlətlərin marağındadır. Məhz sülhsevər ölkələrin marağındadır ki, münaqişələr olmasın. Biz hesab edirik ki, Azərbaycan ilə Polşa bu baxımdan tam anlaşır. Ərazi bütövlüyü prinsipinə əməl edilməli, hörmətlə yanaşılmalıdır. Biz ərazi bütövlüyünə əməl edilməsini istəyirik. Azlıqların hüquqlarına da hörmətlə yanaşılmalıdır, amma bu, ərazi bütövlüyü çərçivəsində baş verməlidir”.
Qeyd olunan bütün bu amillər isə iyulda reallaşacaq görüşdə hansısa mühüm irəliləyişin baş verəcəyinə ümidləri artırır. Yaxın perspektivdə bu münaqişənin həlli regionda gedən sürətli inkişafı daha da gücləndirə bilər. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi gələcək danışıqlar prosesindən asılıdır. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz münaqişənin həlli məsələsini daha uzun müddətə uzatmaq fikrində deyil. Bu gün Azərbaycanın həm iqtisadi potensialı, həm müdafiə gücü, həm ordusu, həm də ölkənin daxilindəki vətəndaş birliyi torpaqlarımızın başqa üsullarla işğaldan azad olunmasını şərtləndirir. Amma Azərbaycan hələ də sülh prosesinə sadiqlik nümayiş etdirir. Bu isə ölkəmizin sülhpərvər olmasından xəbər verir.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1191 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31