Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paşinyanın absurd bəyanatları, yaxud Ermənistanın növbəti siyasi manipulyasiyası

Paşinyanın absurd bəyanatları, yaxud Ermənistanın növbəti siyasi manipulyasiyası

12.06.2018 [08:49]

“Küçə siyasətçisi” obrazı yaratmış Nikol Paşinyan yeni “çıxış yolu”nu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi və danışıqlar prosesi ilə bağlı sərsəm bəyanatlar səsləndirməkdə görür
Sirr deyil ki, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində mövqeyini möhkəmləndirən, hərbi, siyasi və diplomatik üstünlüyü təmin edən Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib, işğalçı ölkəni çıxılmaz vəziyyətə salıb. Belə olan halda, manevr imkanları tükənən Ermənistan yeni siyasi manipulyasiyalara cəhd edir...
Ermənistanda hərbi xunta rejimini devirərək hakimiyyətə gəlməklə “küçə siyasətçisi” obrazı yaradan və daxili auditoriyanı müxtəlif vədlər, eləcə də pafoslu ritorika ilə manipulyasiyaya məruz qoymağa çalışan baş nazir Nikol Paşinyan indi yeni vasitələrə istinad etməkdədir. Onun növbəti manipulyasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, daha doğrusu, danışıqlar prosesi ilə bağlıdır. N.Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Paşinyan “DQR”in “parlamentə, prezidentə və hökumətə malik müstəqil ölkə” olduğunu “əsaslandırmağa” çalışıb, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar səsləndirib. O deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər (?), Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Paşinyan bildirib ki, Azərbaycanla danışıqları davam etdirə bilər, ancaq bunun üçün əldə olunmuş razılaşmalara riayət etmək lazımdır. O, sərsəmləmələrinə davam edərək deyib ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək...
Göründüyü kimi, Paşinyanın absurd bəyanatları heç bir məntiqə və mövcud reallıqlara uyğun deyil. Bir neçə nüans Ermənistanın baş nazirinin sözlərinin cəfəngiyatdan ibarət olduğunu sübuta yetirir. Əvvəla, “DQR”, Paşinyanın təqdim etdiyi kimi, “müstəqil subyekt”dirsə, o zaman Ermənistan qoşunları nə üçün Dağlıq Qarabağda yerləşdirilib? Ermənistan vətəndaşları nə üçün digər bir “müstəqil dövlət”də hərbi xidmət keçirlər? Yaxud “DQR”in büdcəsinin formalaşmasında, maddi təchizatında Ermənistan nə üçün iştirak edir? N.Paşinyan, həqiqətən də, “DQR”i “müstəqil subyekt” hesab edirsə, o zaman dərhal Ermənistan qoşunlarını oradan çıxarmalı, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmamalıdır. Amma reallıq budur ki, ortada işğal faktı var - Ermənistan işğalçı siyasətini davam etdirir, belə olan halda, Azərbaycan yalnız Ermənistanla danışıqlar apara bilər.
N.Paşinyanın digər iddiası Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıların Azərbaycan vətəndaşı olmaları ilə bağlıdır. Bu təcrübəsiz və bilgisiz siyasətçiyə xatırlatmaq lazımdır ki, əvvəla, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı - tarixi ərazisidir. İkincisi, Dağlıq Qarabağın hüdudlarından zorla çıxarılmış soydaşlarımız tarixən Azərbaycan vətəndaşı olublar. Mövcud işğal faktı onların vətəndaşlığına heç bir halda kölgə sala bilməz.
Ermənistanın yeni baş nazirinin növbəti absurd fikri isə bu cürdür: əvvəlcə indiyə qədərki razılaşmaları yerinə yetirmək lazımdır, əks halda yeni razılaşmalar ətrafında müzakirələr açmağa lüzum yoxdur. Maraqlıdır, görəsən, Paşinyan indiyə qədərki hansı razılaşmadan danışır? Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir, eləcə də bir çox beynəlxalq təşkilatlar münaqişənin məhz beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan ediblər. Beynəlxalq hüquq normalarına məhəl qoymayan işğalçı Ermənistan isə milli dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini də heçə sayır, təcavüzkar mövqeyini davam etdirir. Bunlara paralel olaraq Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. İşğalçı dövlət həmçinin ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratlarını təyin edərək Ermənistan dövləti yaradıblar. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək. Bir sözlə, işğalçı Ermənistan bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verib, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymayıb. Bəs, görəsən, Nikol Paşinyanın bu reallıqlardan xəbəri yoxdur?!
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30