Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir
29.06.2018 [09:48]
Prezident İlham Əliyev: Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri hərbi paradı ölkə ictimaiyyəti böyük maraqla izləyib. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Bütövlükdə, uğurla başa çatan hərbi parad Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirib.
Azərbaycan ordunun müasir maddi-texniki təchizatı baxımından dünyanın ən nadir ölkələrindən biridir
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil respublikamızda güclü ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir ki, bu da təsadüfi deyildir. Məlumdur ki, ölkəmiz müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasətinə tuş gəlib. Havadarlarının dəstəyindən yararlanan Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdəki anarxiya, xaos vəziyyətindən istifadə edərək əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağı və ora bitişik 7 rayonu, bütövlükdə respublikamızın ərazisinin 20 faizini işğal altına alıb. Bu işğal nəticəsində Azərbaycanın çoxlu sayda yaşayış məntəqəsi dağıdılıb, tarixi abidələrimiz yerlə yeksan edilib, sərvətlərimiz talanıb və təxminən 1 milyon soydaşımız ata-baba yurdundan didərgin salınıb. Bu gün faşizm ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın silahlı birləşmələri 20-ci əsrin insanlıq faciəsini - Xocalı qətliamını törədərək bir gecənin içində bütün şəhəri yerlə yeksan ediblər.
Təbii ki, Azərbaycan 20 faizədək torpaqlarının işğala məruz qalması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız hələlik bölgədə əmin-amanlığın əsas təminatçısı olduğunu nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlarda fəal iştirak edir və bir qayda olaraq, konstruktiv mövqe ortaya qoyur, münaqişənin həllində beynəlxalq hüquq normalarının, müstəqil dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əsas götürülməsini istəyir.
Respublikamız işğalçı Ermənistanın mövcud status-kvonu müxtəlif spekulyativ vasitələrlə uzatmaq cəhdlərinə dözmək niyyətində deyil. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü başqa vasitələrlə, ilk növbədə isə Silahlı Qüvvələrinin gücü ilə təmin edəcək. Məhz buna görə də ölkəmizdə güclü ordu quruculuğu dövlət siyasətinin çox mühüm istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paraddakı nitqində ordu quruculuğunun önəminə xüsusi diqqət çəkib. “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır. Hazırda dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilir. Qeyd etmək yerinə düşər ki, iqtisadi-maliyyə imkanları getdikcə genişlənən respublikamız 2003-cü ildən bəri özünün hərbi xərclərini 15 dəfə artırıb.
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Bu gün ordumuzun arsenalında ən müasir döyüş texnikası, silah-sursat çəmləşib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir. Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.
Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir. Azərbaycan ayrı-ayrı ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alır. Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıq ölkəmizin hərbi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Ordumuzun yeni müasir texnika ilə təchizatının getdikcə gücləndirilməsindən qürur hissi ilə söhbət açan Prezident İlham Əliyev bildirib: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsalı qürurverici haldır
Bir vaxtlar Azərbaycan Ordusunun silah-sursata olan tələbatı sırf ixrac hesabına ödənilirdi. Bu isə böyük həcmdə valyutanın xarici bazarlara axması demək idi. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, yerli istehsalatların uğurlu fəaliyyəti nəticəsində artıq ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və digər snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını misal göstərmək mümkündür. Qısa müddətdə Azərbaycanın müdafiə təyinatlı sənayesinin imkanları o səviyyəyə çatıb ki, artıq respublikamızdan xarici bazarlara yüksək rəqabət qabiliyyətinə malik silah, sursat ixrac olunur. Prezident İlham Əliyev yerli sənayedə buraxılan məhsulların ordumuzun potensialının güclənməsindəki roluna diqqət çəkib. “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq”, - deyə dövlət başçısı vurğulayıb.
Parada çıxarılan texnika Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi
Son illərdə orduda aparılan islahatlar, o cümlədən də maddi-texniki bazanın möhkəmləndirilməsi Silahlı Qüvvələrin döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda nümayiş etdirilən müxtəlif növ müasir döyüş texnikası ordumuzun gücünü bütün dünyaya göstərdi. Zirehli avtomobillər üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə olunan raket kompleksləri paradı izləyənlərin böyük marağına səbəb oldu. 2016-cı ilin aprel döyüşləri zamanı bu silah vasitəsilə 30-dan artıq düşmən tankı və digər zirehli döyüş texnikası məhv edilib. Paradda nümayiş etdirilən zirehli transportyor “BTR-82A” ağır hərbi texnika istehsalında yenilik hesab edilir. “BTR-82A”nın xüsusiyyətləri onu bütün növ qoşunlarda, həmçinin desant və kəşfiyyat bölmələrində istifadə etməyə imkan verir. Çöl şəraitində qərargah və kəşfiyyat orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş zirehli komanda-qərargah və kəşfiyyat avtomobillərində quraşdırılan və kabinədən idarə olunan “LORENS” yerüstü müşahidə stansiyası qoşunların döyüş düzülüşündə fəaliyyət göstərərək kəşfiyyat məlumatlarının əldə edilməsinə və real vaxt rejimində idarəetmə məntəqələrinə ötürülməsinə imkan yaradır.
“ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP” pilotsuz uçuş aparatları hava kəşfiyyatının aparılması və taktiki səviyyədə düşmənin canlı qüvvəsinin və yüngül zirehli texnikasının zərərsizləşdirilməsi, müşahidə və kəşfiyyat, artilleriya dəstəyi və xüsusi əməliyyatlarla bağlı qarşıya qoyulmuş vəzifələrin icrası üçün yüksək dəqiqliyi ilə seçilir. Uzun müddət havada qalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, orta ölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları da paradda nümayiş etdirildi. Hava məkanında patrul funksiyasını yerinə yetirərək hədəfi aşkar etdikdə “mərmi-təyyarəyə” çevrilərək yer hədəflərini yüksək dəqiqliklə məhv etmək imkanına malik “HAROP” aparatları Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurub.
Zirehli-tank texnikası, özüyeriyən artilleriya qurğuları, ən müasir, modernləşdirilmiş piyadaların döyüş maşınları, dünyada ən döyüşkən tank kimi tanınan “T-90S” tankı, Hava Hücumundan Müdafiə silahları sistemləri, yüksək mobilliyi ilə seçilən “BUK-MB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit-raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yubiley ərəfəsində Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik özüyeriyən artilleriya qurğusu, 300 millimetrlik yaylım atəşli reaktiv sistemləri, raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 301 millimetrlik və 624 millimetrlik əməliyyat-taktiki raket kompleksləri də hərbi paradda nümayiş olunub. Paradda nümayiş etdirilən silah sistemləri və hərbi texnikalarla Azərbaycanın hava məkanı düşmənin istifadəsində olan istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq. Paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Bütün bunlar Azərbaycan Ordusunun qüdrətini, döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu əks etdirir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artması yalnız Silahlı Qüvvələrin yüksək texniki təchizatı ilə şərtlənmir. Kadr hazırlığının davamlı olaraq diqqət mərkəzində saxlanılması da ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə qalxmasına öz müsbət təsirini göstərib. Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər.
Ordunun zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri və kadr orqanları tərəfindən həyata keçirilir. Məzunlara olan yüksək tələblər nəzərə alınaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul imtahanlarında keçid balları xeyli artırılıb. Təhsil alan kursantların çöl-səhra vərdişlərinə və taktiki biliklərinə üstünlük verildiyi üçün, onlar elə birinci kursdan cəbhə xəttində yerləşən hərbi hissələrə staj keçməyə göndərilirlər.
Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər də öz bəhrəsini verir. Azərbaycan Ordusu öz potensialını heç də kiminsə torpağını zəbt etmək məqsədilə artırmır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin əsas vəzifəsi Vətənin etibarlı müdafiəsini təmin etmək, torpaqlarımızı işğalçılardan təmizləməkdir. Bu da döyüşlərdə zabitlərimizə və əsgərlərimizə əlavə güc verir. Azərbaycan Ordusunun şəxsi heyətində Vətənə yüksək məhəbbət hissi bəsləyən gənclər cəmləşiblər. Onlar Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hər an hazırdırlar. “Ordumuzun döyüş qabiliyyəti artır. Mən dəfələrlə hərbi hissələrdə vəziyyətlə tanış olarkən qeyd edirdim ki, Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu var. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir”, - deyə Prezident İlham Əliyev bildirib.
Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi
Azərbaycan Ordusunun yüksək səviyyəli orduya çevrilməsi bilavasitə döyüş meydanlarında öz təsdiqini tapır. Məlumdur ki, iki il bundan əvvəl - 2016-cı il aprelin əvvəlində ermənilər qoşunların təmas xəttində növbəti dəfə təxribat törətmişdilər. Onlar Azərbaycanın ön xətdəki mövqelərini müxtəlif növ silahlardan atəşə tutmuşdular, həmçinin mülki əhali də düşmənin hücumuna məruz qalmışdı. Həm hərbçilər, həm də yerli sakinlər arasında ölənlər və yaralananlar var idi. Bir neçə gün davam edən aprel döyüşlərində düşmən cəzasız qalmadı, törətdiyi bəd əməllərin əvəzini artıqlaması ilə ödədi. Ordumuzun rəşadəti sayəsində düşmən qüvvələri geri oturduldu. Aprel döyüşləri zamanı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, ordumuz bir neçə strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmləndi. İşğaldan təmizlənən minlərlə hektar ərazilərə bu gün Azərbaycan Ordusu nəzarət edir. Hazırda Lələtəpə yüksəkliyində, Ağdərə dağlarında üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Ordumuzun strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi Azərbaycan tərəfinə əlavə üstünlüklər qazandırıb. Prezident İlham Əliyev aprel döyüşlərini Azərbaycanın şanlı qələbəsi kimi səciyyələndirərək deyib: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik”.
Yeri gəlmişkən onu da vurğulayaq ki, ordumuz yaranmasının 100 illik yubileyinə də yeni zəfərlə gəlib. Bu dəfə söhbət Günnüt zəfərindən gedir. May ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar ərazi Azərbaycanın nəzarəti altına keçib. Günnüt əməliyyatı da yüksək məharətlə və peşəkarlıqla həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində milli ordu qüvvələri yeni, daha əlverişli mövqelərdə möhkəmləniblər. Günnüt əməliyyatını dəyərləndirən Prezident İlham Əliyev bildirib: “Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

