Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 15 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar siyasət bu sahədə əsaslı inkişafa səbəb olub

Son 15 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar siyasət bu sahədə əsaslı inkişafa səbəb olub

17.10.2018 [08:42]

Eldar İbrahimov,
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü


Keçən əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan Respublikasına ilk illərdə səriştəsiz rəhbərlik nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində tənəzzül başladı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində tezliklə bu tənəzzülün qarşısı alındı. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət 2003-cü ildə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir və zamanın tələbinə uyğun olaraq daim təkmilləşdirilir. Prezident İlham Əliyevin imzaladığı regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir. 2003-cü ilə nisbətən 2017-ci ildə əhalinin orta aylıq əməkhaqqı 8,6 dəfə artıb, işsizliyin səviyyəsi 5 faizədək, yoxsulluğun səviyyəsi isə 5,4 faizədək azalıb. 2003-cü ildən keçən dövr ərzində 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Ümumi daxili məhsul istehsalı 9,8 dəfə artaraq keçən il 70 milyard manatdan çox olub.
Prezident İlham Əliyev hakimiyyətinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan edib və ölkənin aqrar siyasətinin əsas məqsədinin Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib. Bu barədə cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulayıb və bu istiqamətdə çox böyük əhəmiyyəti olan tədbirlər həyata keçirib. Bu düşünülmüş siyasətin nəticəsidir ki, kənd təsərrüfatının ümumi məhsulu 4,5 dəfə artaraq 6 milyard 580 milyon manat təşkil edib, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatıb. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir.
Hörmətli Prezidentimiz aqrar sahədə uğurlu nəticələr əldə etmək üçün ilk növbədə kənd təsərrüfatında çalışan sahibkarlara əlverişli şərait yaradılmasının və onlara dövlət dəstəyinin göstərilməsinin vacibliyini nəzərə alaraq kənd təsərrüfatı məhsulu istehsalçılarının 2001-ci ildən başlayaraq, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi müddəti 2018-ci ilin sonuna kimi uzadıb. Bunun nəticəsində fermerlərin 2001-2017-ci illərdə dövlət büdcəsinə ödəməli olduqları 2 milyard manatdan çox vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilib. 2007-ci ildən isə əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, mineral gübrələrə görə, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən subsidiya ödənilir.
Respublikamızda aqrar sahədə yüksək nəticələr əldə edilməsində və kənd təsərrüfatında hər il dinamik artıma nail olunmasında fermerlərə güzəştli kreditlərin verilməsi və onlara müasir texnika və texnologiyaların lizinq yolu ilə güzəştli qiymətlərlə satılması və ya icarəyə verilməsi də mühüm rol oynayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə xidmət və infrastruktur (soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına 1 milyard manata yaxın dövlət vəsaiti güzəştli şərtlərlə fermerlərə kreditə verilib.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-ci ildən başlayaraq indiyə kimi 40,2 min ədəd kənd təsərrüfatı texnikası və 32 min başa yaxın iribuynuzlu damazlıq heyvan güzəştli şərtlərlə fermerlərə lizinqə verilib. 2005-2017-ci illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınmasına, 9 Regional nümayəndəliyin tərkibində 44 rayon bölməsinin təşkilinə və onlardan 38 rayon bölməsinin müasir infrastrukturla təchiz edilməsinə, təmir emalatxanalarının yaradılmasına, 6 regional logistik gübrə bazasının tikilərək istifadəyə verilməsinə və ASC-nin fəaliyyətinin təşkilinə 1,56 milyard manat büdcə vəsaiti yönəldilib.
Məlumdur ki, müasir şəraitdə aqrar bölmənin emal sənayesini inkişaf etdirmədən kənd təsərrüfatının artımına nail olmaq qeyri mümkündür. Son illər bu istiqamətdə əsaslı işlər görülüb, respublikamızın bir çox rayonlarında kənd təsərrüfatının inkişafını təmin edən yeni bitkiçilik və heyvandarlıq məhsulları emalı obyektləri, soyuducu və taxıl anbarı kompleksləri və digər emal müəssisələri tikilib istifadəyə verilib, onlar müasir texnologiya ilə təchiz olunublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının daxili bazarın tələbatını ödəmək və xarici bazarlara çıxmağa dair formalaşdırdığı müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların və aqroparkların yaradılmasına xüsusi önəm verilməsidir. Bu isə ölkəmizdə mövcud olan müxtəlif təsərrüfatçılıq formaları içərisində xırda təsərrüfatların xüsusi çəkisinin həddindən çox yüksək olması ilə əlaqədardır. Xırda təsərrüfatlar isə məlum olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyini və xarici bazarlara çıxışı təmin etmək üçün lazımi imkanlara malik deyillər. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnika və texnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağı və rəqabət qabiliyyətli məhsul istehsalını təmin edir. Bu amillər isə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də ilk növbədə iri təsərrüfatlar idxaldan asılılıq davam edən məhsullar üzrə yaradılır. Ölkəmizdə əsasən idxaldan asılılıq taxıl, süd və balıq məhsullarınadır. Bunu nəzərə alaraq, hörmətli Prezidentimiz əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə 50 iri taxılçılıq təsərrüfatı yaradılması tapşırığını vermişdir. Artıq bir neçə rayonda 32 iri təsərrüfat fəaliyyət göstərir və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənirlər. Belə ki, 2012-ci ildə Ağcabədi rayonunda fəaliyyətə başlayan “Qarabağ taxıl” MMC hər hektardan 55-60 sentner buğda və 110-120 sentner qarğıdalı məhsulu əldə edir. Qəbələ, Xaçmaz və digər rayonlarda istifadəyə verilmiş südçülük komplekslərində isə hər inəkdən 6-7 min litr süd sağılır. Belə yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmayıb və bu təsərrüfatların sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin etməklə taxıla və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək.
Kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyi və su ilə təminatı ilə sıx bağlı olduğu üçün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müasir aqrar siyasətdə meliorasiya və irriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Dövlət büdcəsinin vəsaiti hesabına Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan kanalının, Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin davam etməsi, habelə digər layihələrin reallaşması nəticəsində keçən il 31,5 min hektar sahədə suvarılan torpaqların su təminatı və 16,7 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşıb, 71,5 min hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin edilib. Oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qeyd etmişdir ki: “Bu il biz 100 min hektar torpağa su çatdırmışıq, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna kimi 30-u da qazılacaq”.
Ölkəmizdə formalaşan müasir aqrar siyasətinin əsas istiqamətlərindən biri də kənd təsərrüfatının dinamik və davamlı inkişafını təmin etmək üçün idxaldan ixraca transformasiyanın təmin edilməsidir. Yəni ölkənin daxili tələbatını tam ödəməklə məhsulun ixracını həyata keçirib valyuta ehtiyatlarını artırmaqdır. Bunun üçün ölkəmizdə çox böyük imkanlar mövcuddur. Bu məqsədlə aqroparkların yaradılması olduqca vacibdir. Aqroparklarda məhsul istehsalı ilə yanaşı, həmin məhsulların emalı, qablaşdırılması, daxili və xarici bazarlara çıxarılması və digər lazımi proseslər həyata keçirilir. Hazırda ölkəmizdə 192 min hektar sahədə 45 aqroparkın yaradılması prosesi gedir və onlardan dördü artıq fəaliyyətə başlamış və ilin sonuna kimi açılan aqroparkların sayı 13-ə çatacaq. Aqroparkların istifadəyə verilməsinin respublikamızda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsinə, bu məhsulların ixrac potensialının inkişafına və qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun xarici ticarətinin genişlənməsinə çox böyük təsiri olacaq.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin kənd təsərrüfatının inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub və onların icrasını təmin edən tədbirlər təsdiq olunub. Artıq respublikamızda bu tədbirlərin icrasına başlanılıb və nəzərdə tutulan müddətlərdə ölkəmizdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, kənd təsərrüfatında transformasiya üçün geniş əhatəli əlverişli şərait təmin ediləcək.
Prezident İlham Əliyevin daim diqqət və nəzarətində olan məsələdən biri də ölkəmizdə yüksək gəlir verən və əməktutumlu ənənəvi kənd təsərrüfatı istehsalı olan pambıqçılıq, çayçılıq, baramaçılıq, tütünçülük, fındıq və sitrus meyvəçiliyi, habelə digər sahələrin bərpası və inkişaf etdirilməsidir. Məhz hörmətli Prezidentimizin bu sahələrə diqqət və qayğısının nəticəsidir ki, unudulub tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşən bu sahələrdə son 2-3 ildə əsaslı dönüş yaranmış, bu məhsulların istehsalı dəfələrlə artmış, bu sahələr üzrə Dövlət proqramları qəbul edilmişdir.
Bundan əlavə, kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçməkdə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının da çox böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq respublikamızda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edilib və bu qanuna uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı müasir aqrar siyasət nəticəsində yaxın gələcəkdə ölkəmizdə əsas ərzaq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına təmin olunacaq, sahibkarlarımız yüksək rəqabətə davamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaqla dünya ərzaq təhlükəsizliyinə layiqli töhfə verəcəklər. Onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə Azərbaycan Respublikasının Ticarət evlərinin açılması Azərbaycanın brend məhsullarının xarici ölkələrdə tanıdılması üçün çox böyük əhəmiyyət kəsb edir. Perspektivdə respublikamız özünün rəqabətqabiliyyətli aqrar məhsulları ilə xarici ticarəti genişləndirəcəkdir. Bu məhsulların ixracının davamlı olaraq əsaslı surətdə artması onu sübut edir ki, Azərbaycan Prezidentinin aqrar sahədə formalaşdırdığı siyasət öz bəhrəsini verir və ölkəmiz əhalinin yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrə ixracın səviyyəsinin artırılması üçün qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirir. Bu da onu göstərir ki, İlham Əliyev cənablarının 15 illik Prezidentlik dövrü, sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi, aqrar sahədə də, sözün əsl mənasında, dönüş dövrü olub, ölkəmizin inkişaf salnaməsinə tarixi töhfə verib.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31