Milli Məclisin növbəti iclası keçirilib
28.11.2018 [09:45]
İclasda 2019-cu ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda qəbul olunub
Noyabrın 27-də Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Qeyd edib ki, noyabrın 27-də və 30-da keçiriləcək iclasların gündəliyinə 58 məsələ daxildir.
İlk olaraq iclasda “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ikinci səsvermədə qəbul olunub.
Sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sənəd haqqında fikirlərini bildirib.
Maliyyə naziri Samir Şərifov isə çıxışında birinci oxunuş zamanı millət vəkillərinin irəli sürdükləri təkliflərin geniş təhlil olunduğunu qeyd edib: “2019-cu ilin dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1,1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək”.
O bildirib ki, növbəti ilin dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1,7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək: “Xərclərin ÜDM-də xüsusi çəkisi 2019-cu illə müqayisədə 0,7 faiz artaraq 30,7 faiz təşkil edəcək. Strukturuna görə dövlət büdcəsinin əsas xərcləri ilkin proqnozlara nisbətən 291 milyon manat və ya 2,9 faiz artaraq 10 milyard 182 milyon manat, cari xərcləri isə ilkin proqnozlara nisbətən 119 milyon manat və ya 0,9 faiz artaraq 12 milyard 673 milyon manat təşkil edəcək”.
“Bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb. Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək”, - deyən nazirin sözlərinə görə, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsində 200 milyon manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulub. S.Şərifov deyib ki, regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlarla nisbətdə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur: “Növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat vəsaitin artırılması, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və böyrək qüsurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manat ayrılmalar nəzərdə tutulub”.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib ki, son 15 ildə respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlər güclü əsaslara malik dinamik inkişaf edən iqtisadiyyatın yaradılmasını təmin edib: “Ölkəmiz Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəflərə nail olmaqdadır. 2004-cü ildən bəri bütün dünya üzrə ümumi daxili məhsul istehsalının artımında ən yaxşı göstəricilərdən biri - 3,2 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan ölkədə qeyri-neft iqtisadiyyatının üstün inkişafını təmin edib. İqtisadi sektorda aparılan islahatlar sahibkarlığın inkişafı, qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılması, müasir sənaye quruculuğu, aqrar sektorda yeni yanaşmaların tətbiqi kimi mühüm məsələləri əhatə edir”.
S.Qafarova bildirib ki, gələn ilin dövlət büdcəsi hazırlanarkən ötən illərin uğurlu təcrübələri və cari ildə Azərbaycanın iqtisadi həyatında baş verən mühüm hadisələr nəzərə alınıb. Həmçinin iqtisadi inkişaf meyilləri, növbəti il üçün proqnozlar büdcə tərtibi zaman əsas götürülüb. Azərbaycanın qarşıdakı illərdə daha sürətli inkişaf meyilləri əldə edəcəyinə dair proqnozlar özünü doğrultmaqdadır. Bu, gələn ilin dövlət büdcəsinin 3,5 faiz olmaqla gəlirlərinin və 7,3 faiz olmaqla xərclərinin artmasında da ifadə olunur. Onun sözlərinə görə, büdcə layihəsi hazırlanarkən, onun sosialyönümlülüyü ciddi şəkildə nəzərə alınıb. Sosial xərclərin gələn ilin büdcə layihəsində üstünlük təşkil etməsi Prezident İlham Əliyevin sosial sahənin prioritetliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlara əməl olunmasının təsdiqidir. “Bu həm də onu deməyə əsas verir ki, gələn ilin dövlət büdcəsi layihəsi də hazırlanarkən əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Xatırladım ki, gələn ilin dövlət büdcəsindən təhsil, elm, səhiyyə, mədəniyyət, sosial müdafiə və digər sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcənin 33,4 faizini təşkil edir. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas Dövlət proqramları, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət və idman sahələri ilə bağlı infrastruktur layihələri üçün maliyyə təminatı yaradılacaq”, - deyə deputat qeyd edib.
Müzakirələrdə həmçinin millət vəkilləri Mirkazım Kazımov, Cavanşir Paşazadə, Novruz Aslanov və Mirzəcan Xəlilov çıxış ediblər. Sonda sənəd ikinci oxunuşda qəbul olunub.
Daha sonra “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Sənəd haqqında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
“Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq”. Bu fikirləri isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iclasda çıxış edərkən deyib. Nazir qeyd edib ki, proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək: “Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biridir”.
İşsizlikdən Sığorta Fondunun büdcəsinin 83 milyon 451 min manat məbləğində proqnozlaşdırıldığını xatırladan nazir söyləyib ki, bu qiymətləndirmə cari ilin göstəricilərindən 4,7 faiz artıq olacaq: “Xərclərin də strukturunda önəmli istiqamət özünüməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib, nəticədə isə Azərbaycanda kiçik ailə təsərrüfatlarının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünüməşğulluq tədbirlərinə yönəldilib”.
Müzakirələrdən sonra sözügedən qanun layihəsi və 2019-cu ilin büdcə zərfinə daxil olan digər sənədlər ikinci oxunuşda qəbul olunub.
Sonra iclada “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin komitə sədri Ziyad Səmədzadə sənəd haqqında məlumat verib. Vergi Məcəlləsində ediləcək dəyişikliklərdən danışan Ziyad Səmədzadə bildirib ki, bunların əsas xəttini ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə təşkil edir və bütün bunlar dövlət büdcəsinin stabil artmasını təmin edəcək.
İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, dəyişikliklər beş əsas istiqaməti əhatə edir. Bunlara sahibkarlığın inkişafının dəstəklənməsi, kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin tətbiqi ilə iqtisadi sənayenin yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi daxildir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin nəzərdə tutulduğunu deyən M.Cabbarov bildirib ki, görülən işlər əhalinin sosial müdafiəsinin, pensiya təminatının, eləcə də pensiya sisteminin maliyyə dayanıqlılığının gücləndirilməsinə yönəlib. Dəyişikliklər həmçinin əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə ümidvar olduğunu söyləyib.
M.Cabbarov diqqətə çatdırıb ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır və bir sıra dəyişikliklər vergi orqanlarının bu sahədə səlahiyyətləri, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Vurğulanıb ki, digər dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi, dəyişikliklər vasitəsilə ölkədə iqtisadi səmərənin artırılması, sui-istifadə hallarının azaldılması nəzərdə tutulur. Biznes mühitinin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Sadələşdirilmiş vergi ödəyicilərinin sayı 2013-cü ildən bu günə qədər 1,5 dəfə artıb və onların vergi ödəyicilərinin aktiv sayında payı 56 faizə yaxındır. Dəyişikliklərə görə, pərakəndə ticarət və nağdsız ödənişlər üzrə pos-terminallar vasitəsilə müddətli vergi güzəştlərinin verilməsi təklif edilir. Həmçinin lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan, zərgərlik məhsullarının, topdansatış ticarət fəaliyyəti həyata keçirən və bu kimi digər şəxslərin gəlir və xərclərinin uçotunun aparılması üçün dəyişikliklər təklif olunur.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dəyişiklikləri müsbət qiymətləndirib. Millət vəkili həmçinin təklif edib ki, özəl tibb müəssisələrinə vergi gözəştləri edilsin.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə vəkillik fəaliyyəti ilə bağlı vergi güzəştlərinin tətbiq olunmasını təklif edib.
“Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər mühüm dəyişikliklərdir. Hesab edirəm ki, bu, gələcəkdə Azərbaycanda aparılan vergi islahatlarının başlanğıcı kimi qiymətləndirilməlidir”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışı zamanı deyib. Hikmət Babaoğlu bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər gələcəkdə vergi yığımında yeni keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Onun sözlərinə görə, bunun əsas paradiqmasını müəyyən edən prinsip ondan ibarətdir ki, vergi yığımı vergi ödənişlərinin artırılması səbəbindən deyil, vergi ödəyicilərinin sayının artırılmasına görə artırılmalıdır.
Millət vəkili həmçinin bəzi təkliflərlə çıxış edib. O qeyd edib ki, vergi borcları və yaxud vergi yükünün ağır olması səbəbindən istehsalını dayandıran müəssisələrin güzəştli şərtlərlə fəaliyyətə yenidən başlamasına şərait yaradılmalıdır.
Hikmət Babaoğlu, eyni zamanda, regionlarda vergi ödəyicilərinin coğrafiyasına görə diferensiallaşmanın aparılmasını da təklif edib: “Düşünürəm ki, vergi ödəyicilərinin coğrafiyasına görə diferensiallaşmanın aparılması yaxşı olar. Yəni eyni məhsulu istehsal edən və ya eyni növ fəaliyyətlə məşğul olan, amma fərqli coğrafiyalarda yerləşən vergi ödəyiciləri daha az vergi ödəsə, bu, regionların inkişafına təsir göstərəcək və vergi ödəyicilərinin sayını artıracaq”.
Bununla yanaşı, millət vəkili deyib ki, Azərbaycanda bəzi ərzaq məhsulları istehsalçıları kiçik və orta biznesin fəaliyyətini izləyirlər: “Məsələn, ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olan hər hansı kiçik sahibkarın ticari dövriyyəsi bir neçə min manatı ötürsə, həmin istehsalçılar onun yanında dərhal alqı-satqı mərkəzi açmaqla özünün istehsal etdiyi məhsulları daha ucuz qiymətə sata bilirlər. Beləliklə də, kiçik biznesə ciddi ziyan dəyir. Ona gorə də istehsalçı müəssisələr öz istehsal etdiyi məhsulların pərakəndə satışı ilə məşğul olmamalıdırlar, ya da bu məsələdə onlara başqa şərtlər qoyulmalıdır. Əks halda, alqı-satqı ilə məşğul olan kiçik və orta sahibkarlıq sıradan çıxa bilər”.
İclasda digər millət vəkilləri də çıxış edərək məsələ haqqında fikirlərini bildiriblər.
Spiker Oqtay Əsədov isə bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər çox əhəmiyyətlidir. Millət vəkillərinin çıxışları da bunu təsdiqləyir.
Sonra sənəd birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, iclasda bır sıra qanunlara da dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48

