Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

19.12.2018 [09:53]

İclasda “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri birinci oxunuşda qəbul olunub
Dekabrın 18-də Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verib. Daha sonra Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentində qəbul olunmuş “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamənin əhəmiyyətindən danışıb. O deyib ki, sənəd Azərbaycanın maraqlarına cavab verir. C.Feyziyev bildirib ki, sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Onun sözlərinə görə, burada vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. “Qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Prezidentinin uzaqgörən, qətiyyətli və müdrik siyasətinin bəhrəsidir”, - deyə deputat qeyd edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə deyib ki, Avropa Parlamentində qəbul edilən sənəd, Azərbaycanla bağlı atılan addımlar vacib və gözlənilən nəticə idi: “Bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı çox hiyləgər siyasət aparılır. Bu siyasətin mahiyyəti gündəmi dəyişdirməkdir. Burada isə məqsəd Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni başqa məsələlərlə əvəz etməkdir”.
S.Seyidov bildirib ki, xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən nüfuzlu, təsiretmə imkanına malik olan Avropa Parlamentinin qətnaməsində birmənalı şəkildə öz əksini tapıb.
“Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin gördüyü mütəşəkkil, ardıcıl, məntiqli işlər nəticəsində belə müsbət nəticə əldə edildi. Bütün bunlar birgə görülən işlərin nəticəsidir”, - deyə komitə sədri vurğulayıb.
Məsələ ilə bağlı spiker Oqtay Əsədov bildirib ki, Avropa Parlamentində belə bir sənədin qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir. Onun sözlərinə görə, ölkəmiz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir.
“Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisinin vasitəsilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar və “fəallaşırlar”. Bunu isə parlamentdəki çıxışında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, həmin anti-Azərbaycan qüvvələr açdıqları internet səhifələrində, saytlarda ölkəmizin təhlükəsizliyini, ictimai-siyasi sabitliyi hədəfə alan, həmçinin təhqiramiz fikirlər səsləndirirlər: “Belə olan halda, biz niyə susmalıyıq?”.
S.Novruzov bildirib ki, bir qrup deputat bu təhqirlərə cavab verməklə onların səviyyəsinə düşəcəyimizi fikirləşir: “Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bir bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövləti, dövlət başçısını, Ümummilli lideri qorumalıdır. Çünki həmin ünsürlər nə milli azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə də xalqın taleyüklü məsələlərində fəaliyyət göstəriblər. Müxtəlif bəhanələrlə aradan çıxaraq xaricə gediblər və Azərbaycana qarşı təxribat aparırlar”.
S.Novruzov söyləyib ki, hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırma aparmalıdır: “Bu adamların sığındığı ölkələrin müvafiq qurumlarına həmin araşdırmaların nəticələri təqdim olunmalıdır. Sual verilməlidir ki, sizin ölkənizdə dövlət çevrilişinə çağırış, silahlanmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz? Almaniyada, Fransada dövlətə qarşı məqalə və yazı yazanlar bir gecədə həbs edilirlər. Amma Azərbaycan əleyhinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiniz? Hüquq-mühafizə orqanlarımız İnterpola konkret sənədlər təqdim etməlidir”.
Millət vəkilinin sözlərinə görə, hüquqi, sivil, demokratik mübarizədən söhbət gedirsə, bu mübarizə ölkəmizdə aparılmalıdır. S.Novruzov qeyd edib ki, Azərbaycanda sivil, demokratik mübarizə aparmaq üçün bütün imkanlar mövcuddur: “Bu gün Azərbaycanda kifayət qədər siyasi partiyalar var ki, onlar qanun çərçivəsində mitinq keçirirlər. Demokratik mübarizənin yolu budur. Antidemokratik, qanunsuz mübarizə ilə bağlı isə hüquq-mühafizə orqanları ölçü götürməlidir. Deputatlar da bu məsələlərə mövqeyini bildirməlidir. Əgər həmin ünsürlər dövləti təhqir edirsə, bu, bütün millət vəkillərini də təhqir etmək deməkdir”.
“Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə bağlı yeni şərtlər formalaşdırır. Bu, heç şübhəsiz, ölkəmizin həyata keçirdiyi dərin strateji diplomatiya sayəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərkən deyib.
Sosial şəbəkələrdə Azərbaycanın əleyhinə aparılan kampaniyalara münasibətini bildirən Hikmət Babaoğlu bu hadisələrin təsadüfi olmadığını deyib: “Hazırda biz yeni sosium növündə yaşayırıq, bu, informasiya cəmiyyəti adlanır. Real sosial həyatdan kənarda yeni bir virtual ictimai münasibətlər sistemi formalaşıb. Biz buna, sadəcə, virtual ictimai münasibətlər sistemi deyib keçə bilərik. Amma məsələ bu qədər sadə deyil. Çünki virtual məkan real həyatımızın da keyfiyyətini və istiqamətlərini müəyyənləşdirən amillərdəndir. Ona görə də virtual məkanda ictimai münasibətlərin də hüquqi müstəvidə tənzimlənməsi çox vacibdir. Ölkəmizdə bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Almaniyada bununla bağlı qanun qəbul edilib. Bu qanun birbaşa sosial şəbəkələrlə bağlı olmasa da, federal qanunların sosial şəbəkələrdə qorunması ilə əlaqədar xüsusi polis, təhqiqat qrupları yaradılıb. Hesab edirəm ki, Azərbaycanda da kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qrupların yaradılması və bu hallara qarşı sosial şəbəkələrdə mübarizə aparılması vacibdir. Bizim çox nüfuzlu hüquq-mühafizə orqanlarımız var. Onlar bu hadisələrlə bağlı ictimai sifarişi gözləmədən dərhal tədbirlər görməlidirlər”.
Millət vəkilinin fikrincə, ən mühüm məqam odur ki, informasiya yeni insan növü formalaşdırır: “O, artıq milli dəyərlər üzərindən identifikasiya olunan insan növü deyil. Onlar istehlak etdiyi informasiya üzərindən özünü identifikasiya edən fərdlərdir ki, bu da yeni bir sosial baza yaradır. Bütün bunları nəzərə alaraq Azərbaycanda sistemli şəkildə addımlar atılmalı, eyni zamanda, indiki mərhələdə hüquq-mühafizə orqanları sosial şəbəkələrdə hüquqi münasibətləri tənzimləmək üçün xüsusi qruplar yaratmalıdır”.
Millət vəkili Elman Nəsirov da çıxışında qeyd edib ki, xaricdəki antimilli ünsürlərin fəaliyyətinin qarşısı alınmalıdır. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu yöndə fəaliyyətini gücləndirməlidir.
İclasda bəzi millət vəkilləri KİV-lərdə parlamentin fəaliyyəti ilə bağlı qeyri-obyektiv məlumatların verildiyini deyiblər. Spiker Oqtay Əsədov isə bildirib ki, jurnalistlər parlamentin fəaliyyətini, millət vəkillərinin çıxışlarını olduğu kimi işıqlandırmalıdırlar.
Milli Qəhrəman Mübariz Qəhrəmanov haqqında sosial şəbəkələrdə bəzi şəxslərin yanlış fikirlərinə gəlincə, O.Əsədov qeyd edib ki, belə cılız insanlara qarşı xalqımız öz münasibətini ifadə edib.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İlk olaraq, “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb. Sənəd haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, bu il ərzində dövlət başçılarının 6 dəfə görüşməsi mühüm göstəricidir. Bununla belə, millət vəkili bildirib ki, Rusiyada yaşayan bəzi azərbaycanlılar qarşılıqlı dostluq münasibətləri ilə bağlı atılan addımları öz adlarına çıxmağa çalışırlar. Hansı ki, o adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər. “Bir nəfər az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub. O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. Onun özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə sən harada idin? Həmin adam iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı bilir və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin”, - deyə S.Novruzov qeyd edib.
İclasda daha sonra “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Saziş, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) haqqında qanun layihələri qəbul olunub.
Sonra “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb. Hər iki sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli deyib ki, “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi Konstitusiyanın 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir. O qeyd edib ki, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin hazırlanması və istehsalı qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: “Dövlət Gerbinin təsviri olan möhürlərin və blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir”.
Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi də Konstitusiyanın 23-cü maddəsinə uyğun olaraq, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənməsi və istifadəsi hallarını və qaydalarını müəyyən edir.
Müzakirələr zamanı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Dövlət Himninin mətni də, musiqisi də 100 il bundan əvvəl yazılıb: “O dövrün ədəbi dilinə, publisistikasına, yazılan əsərlərə diqqət yetirsək, görərik ki, həmin dövrün ədəbi dil qaydalarına uyğundur. 300 il ərzində bəzi xalqlarda dilin 70 faizindən çoxu dəyişir. Biz 100 il bundan əvvəl yazılmış dövlət himninin mətnini bugünkü ədəbi dil normalarına uyğunlaşdıra bilmərik. Çünki bu, bizə qalan çox dəyərli mirasdır. Himnin mətnini olduğu kimi qəbul etməliyik, çünki bizim tariximizdir”.
Daha sonra iclasda “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Sənəd haqqında parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, “Ümumi təhsil haqqında” qanun layihəsi vacib sənəddir: “Təhsil elə sahədir ki, bütün Azərbaycan vətəndaşları bu sistemlə bağlıdır. Hesab edirəm ki, orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. Şagirdləri bu qədər yükləmək olmaz”.
Deputat çıxışı zamanı yeni məktəblərin tikilməsi məsələsinə münasibət bildirib: “Yeni məktəblər tikilməlidir. Amma harada? Elə ərazilər var ki, orada çoxlu sayda məktəblər var. Amma həmin məktəblərdə 3 uşaq oxuyur. Bu vəziyyəti də həll etmək olar. Kanadada, ABŞ-da kənar yerlərdə yaşayan uşaqları avtobusla məktəbə gətirirlər. Bizdə də bu tətbiq edilə bilər”.
S.Novruzov özəl təhsil müəssisələrinin qiymətləri ilə bağlı məsələyə də toxunub. O deyib ki, kim təhsil müəssisəsi tikirsə, özündən qiymət qoyur: “Təhsil müəssisəsi bununla bağlı bir dəfə də hesabat vermir. İstər ali, istərsə də orta özəl təhsil müəssisələrində hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, bu qədər maliyyə hara gedir? Bu məsələlər aydınlaşdırılmalıdır”.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31