Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir

20.12.2018 [10:14]

Prezident İlham Əliyev: Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirir. Eyni zamanda, ölkəmiz regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Bütün bunların fonunda ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bir sözlə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur
İkitərəfli və çoxtərəfli münasibətlərini uğurla davam etdirən Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Azərbaycanla Rusiya yalnız Xəzər sahilində eyni coğrafiyanı bölüşən ölkələr deyillər. Hər şeydən əvvəl onu vuğulamaq yerinə düşər ki, hər iki ölkəni ümumi tarixi keçmiş birləşdirir - həm Rusiya, həm də Azərbaycan bir neçə onillik ərzində eyni ittifaqın tərkibində mövcud olublar. Bu gün iki qonşu ölkə müstəqil dövlətlər kimi uğurla inkişaf edərək aralarındakı strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirirlər. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Dövlət başçıları, həmçinin beynəlxalq səviyyəli tədbirlərdə tez-tez bir araya gəlirlər. Prezidentlərin çoxtərəfli platformalarda da görüşləri baş tutur. Son illərdə Prezident İlham Əliyevlə Prezident Vladimir Putin Azərbaycan, İran və Rusiya arasında yaranan üçtərəfli platforma çərçivəsində bir neçə dəfə görüşüblər. Ölkə prezidentləri cari il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında bir araya gəliblər. Daha sonra isə sentyabr ayında Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri baş tutub, həmin ay Prezident Vladimir Putin də ölkəmizə səfərə gəlib. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini göstərir. Dekabrın 6-da isə MDB-nin Sankt-Peterburqda qeyri-formal sammiti keçirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, təşkilatın üzvlərinin fəaliyyətini gücləndirmək üçün çox əlamətdar hadisə idi.
Beləliklə, dövlət başçılarının müntəzəm xarakterli görüşləri Azərbaycanla Rusiya arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində sentyabrın 1-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra dövlət başçılarının mətbuata bəyanatlarla çıxışları zamanı da bu məsələlərə xüsusi olaraq toxunulub. Prezident İlham Əliyev “Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir”, - deyə vurğulayıb. Dövlətimizin başçısı onu da qeyd edib ki, Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı qeyd edib ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir: “Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur. Yəqin bilirsiniz ki, Vladimir Putinin səfəri zamanı sizin də nümayəndələrinizin olduğu Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Buna görə də bir daha demək istəyirəm ki, münasibətlərimiz tarixə, qardaşlığa əsaslanır. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək”.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbulu zamanı da iki ölkə arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Səmimilik şəraitində keçən görüşdə Azərbaycanın dövlət başçısı qonşu ölkənin xarici işlər nazirinin ölkəmizə səfərini ikitərəfli əməkdaşlığın vacib məsələlərini müzakirə etmək üçün yaxşı imkan kimi dəyərləndirib. Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub.
Azərbaycanla Rusiya müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında baş tutan görüşdə də geniş fikir mübadiləsi aparılıb. Görüşdə vurğulandığı kimi, Azərbaycanla Rusiya beynəlxalq arenada, o cümlədən BMT, Avropa Şurası, ATƏT çərçivəsində münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən qarşılıqlı fəaliyyət göstərirlər.
Azərbaycanın və Rusiyanın dövlət başçılarının müntəzəm xarakter alan görüşlərində ənənəvi olaraq regional təhlükəsizlik məsələləri, ilk növbədə isə uzun illərdən bəri davam edən və Azərbaycan xalqının böyük iztirablarına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması geniş müzakirə edilir. Yeri gəlmişkən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi yuxarıda bəhs olunan görüşdə də müzakirə mövzusu olub. “Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.
Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin mövqeyini nəzərə çatdırıb. Qonşu dövlətin yüksəksəviyyəli rəsmisi bu xüsusda fikirlərini ifadə edərək deyib: “İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”.
Bütövlükdə, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanır, uğurla inkişaf edir. Yeri gəlmişkən, sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü zamanı dövlətimizin başçısı vurğulayıb ki, Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur.
Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır
Ümumiyyətlə, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflər arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı, eyni zamanda, regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından da müstəsna əhəmiyyətə malikdir. İki ölkənin iştirakı ilə üçtərəfli əməkdaşlıq platformalarının yaradılması da mühüm strateji əhəmiyyətə malikdir.
Digər tərəfdən, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik kontekstində mühüm əhəmiyyət daşıyır. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir
Ümumilikdə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə strateji keyfiyyət çalarları bəxş edən mühüm faktorlardan biri ölkələr arasındakı iqtisadi əlaqələrdir. Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. 2017-ci ilin yekununa görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb.
İki güclü region dövlətinin iqtisadi sahədə əməkdaşlığının spektri kifayət qədər genişdir. Neft-qaz sahəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin ənənəvi və çox mühüm həlqəsini təşkil edir. Azərbaycanla Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. İki ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilir. Turizm sektorunda da iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın turizm marşrutları Rusiyada getdikcə daha çox populyarlıq qazanır. Son illərdə qonşu ölkədən respublikamıza gələn turistlərin sayının artması bunu bir daha təsdiqləyir. Azərbaycanın Rusiyaya və qonşu ölkənin respublikamıza investisiya qoyuluşunu getdikcə artırmaları da olduqca müsbət haldır. Bu, bir tərəfdən, hər iki ölkədə investisiya cəlbediciliyinin yüksək olmasını təsdiqləyir, digər tərəfdən isə, qarşılıqlı inamı əks etdirir. Azərbaycanla Rusiya öz imkanlarını, həmçinin qlobal əhəmiyyətli Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında əlaqələndirirlər. Hazırda iki ölkənin iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində sentyabrın 1-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra dövlət başçılarının mətbuata bəyanatlarla çıxışları zamanı da bu məsələlər diqqət mərkəzində olub. Prezident İlham Əliyev bildirib ki, Rusiya və Azərbaycan qonşu dövlətlərdir: “Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç Şimal-Cənub layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.
Bütövlükdə, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişaf dinamikası artmaqdadır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində də bu məsələlər diqqət mərkəzində olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb: “Ticari-iqtisadi əlaqələrə gəlincə, biz inkişaf dinamikasını görürük, bu olduqca güclü təəssürat oyadır, bu artmaqda olan dinamikadır. Ötən il də, bu il də əmtəə dövriyyəsi artıb. Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır”.
Azərbaycan və Rusiyanın regionları arasında çox fəal əməkdaşlıq münasibətləri formalaşıb
Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafına mühüm töhfələr verən əhəmiyyətli amillərdən biri regionlararası əlaqələrin intensiv xarakter daşımasıdır. Sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi də xüsusi olaraq vurğulanmalıdır. Dövlət başçılarının açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımdan yeni perspektivlər və imkanlar yaradıb.
Ümumiyyətlə, dövlət başçılarının siyasi iradəsi əsasında 9 dəfə regionlararası forumun keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Forum işgüzar dairələr arasında birbaşa ünsiyyətin qurulması, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca səmərəli platformadır. Xatırladaq ki, Rusiya və Azərbaycan arasında ilk regionlararası forum 2010-cu ildə Azərbaycanda keçirilib. Bununla da iki ölkə arasında çox fəal regionlararası əməkdaşlığın təməli qoyulub.
Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin intensivləşməsi və yeni istiqamətləri əhatə etməsi üçün hər iki ölkənin müvafiq qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Yəni ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks işlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Bunlarla yanaşı, qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirilir. Tərəflər ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. Bu kontekstdə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları da əhəmiyyətli rol oynayır, həmçinin sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanları mövcuddur. Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bu məqamlara toxunan dövlətimizin başçısı “Rusiya regionları ilə də bizim çox sıx münasibətlərimiz mövcuddur. Rusiya Federasiyasının 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Bizim Rusiya regionlarında, eləcə də Rusiya regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır”, - deyə vurğulayıb.
Nəticə etibarilə, Azərbaycan ilə Rusiyanın regionları arasında çox fəal əməkdaşlıq münasibətləri formalaşıb, bu, iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Arif ZİYADOĞLU

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31