Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası öz işini yekunlaşdırıb

Milli Məclisin payız sessiyası öz işini yekunlaşdırıb

29.12.2018 [09:36]

Oqtay Əsədov: Hesab edirəm ki, Milli Məclis 2018-ci ili uğurla başa çatdırır
Dekabrın 28-də Milli Məclisin 2018-ci il payız sessiyasının son iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasda 52 məsələyə baxılıb. Əvvəlcə deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında məsələni təsdiq ediblər. Sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik qəbul edilib.
Daha sonra “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq bir sıra qanunlara dəyişikliklər edilib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi Mülki Məcəllənin müddəalarının nəzərə alınması və qanunun tətbiqi təcrübəsində yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir. Sonra qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.
“Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişiklikləri şərh edən Əli Hüseynli deyib ki, qanun layihəsinin məqsədi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri dövlət informasiya ehtiyatının tamlığının daha da gücləndirilməsi baxımından həmin sistemdə Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə məlumatların da əks olunmasından ibarətdir. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Əli Hüseynli həmçinin “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib. Bildirib ki, təklif olunan dəyişikliyin məqsədi müəlliflik və əlaqəli hüquqların nüsxələrinin qeyri-qanuni hazırlanmasının və yayılmasının qarşısının alınması sahəsində və nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı orqanlar (qurumlar) tərəfindən həyata keçirilməsindən ibarətdir. Sənəd səsvermə yolu ilə qəbul edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edilib ki, “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 29 iyun tarixli Qanunun icrası məqsədi ilə hazırlanıb.
İclasda həmçinin “İstehsalat və məişət tullantıları haqqında, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda, İnzibati Xətalar, Mülki Məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Komitə sədri Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edərək deyib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Təklif olunan dəyişikliyə əsasən həmin istisnaya gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməsi vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər. Sənəd səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunub. Sənəd haqqında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib: “Azərbaycan əhalisinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin prioritet istiqamətidir və cənab Prezident İlham Əliyevin daim diqqəti mərkəzindədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ardıcıl və uğurlu islahatlar aparılır”.
Ə.Əmiraslanov bildirib ki, bu islahatların ən mühüm tərkib hissəsi icbari tibbi sığorta sisteminin qurulmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə cənab Prezidentin rəhbərliyi altında son illərdə çox ciddi işlər görülüb. İcbari Tibbi Sığorta Agentliyinin Yevlax, Mingəçevir, Ağdaş və Naxçıvan MR Sədərək rayonlarında həyata keçirdiyi pilot layihələr uğurlu nəticələr verib.
“Azərbaycan Prezidenti İlham Əliyev icbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi münasibətlər əsasında təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərman imzalayıb. İcbari tibbi sığortanın bütün ölkə ərazisində tam tətbiq edilməsi üçün mükəmməl hüquqi bazanın yaradılmasına ehtiyac vardır. “Tibbi sığorta haqqında” mövcud qanun 1999-cu ildə qəbul edilmişdir və bir çox aspektlərdə bugünkü tələblərə cavab vermir. Cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim etdiyi “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər də bu zərurətdən irəli gəlir”, - deyə Ə.Əmiraslanov vurğulayıb.
Komitə sədri qeyd edib ki, icbari tibbi sığortanın əlavə hissəsinə münasibətdə uşaqlar, tələbələr, əlillər, pensiyaçılar, dövlət ünvanlı sosial yardımı alan ailələrin üzvləri, hamilə qadınlar, qismən ödənişli məzuniyyətdə olan qadınlar dövlət büdcəsi hesabına, muzdlu əməklə məşğul olan şəxslər işə götürənin və özünün vəsaiti hesabına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi müqavilə əsasında işləyənlər, qeyri-məşğul şəxslər öz vəsaitləri hesabına sığorta ediləcəklər.
“Layihənin IV-III fəsli “İcbari tibbi sığortanın maliyyə təminatı” adlanır. Bu fəsildə İcbari tibbi sığortanın maliyyə mənbələri, sığorta haqlarının məbləği, hesablanma və ödənilmə qaydası öz əksini tapıb. IV-III fəsildə çoxdan müzakirə edilən bir çox suallara cavab verilib. Belə ki, layihənin 15-10.1.1 maddəsində xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilib. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əməkhaqqından 4% sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcək. Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər”, – deyən Ə.Əmiraslanov əlavə edib ki, qarşıdan gələn 2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaq.
İclasda həmçinin Deputatlar “Dövlət satınalmaları haqqında”, “Dövlət rüsumu haqqında” “Yol hərəkəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İpoteka haqqında”, “İcra haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Müflisləşmə və iflas haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda və Gömrük, Mülki, Mülki Prosessual, Əmək, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirə ediblər. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Daha sonra Milli Məclisin sədrinin müavini Bahar Muradova “Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti”nin mətnini oxuyub. Müraciət təsdiq edilib.
İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov 2018-ci il payız sessiyasının sona çatması ilə əlaqədar çıxış edərək deyib ki, Milli Məclisin payız sessiyası başa çatır və eyni zamanda, biz qanunvericilik ilinə yekun vururuq: “Görülmüş işlərə nəzər salsaq inamla söyləmək olar ki, bu il parlament səmərəli fəaliyyət göstərib. Parlamentdə 31 iclas keçirilib, 463 qanun qəbul edilib. Yəni Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam yerinə yetirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərini parlament səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Bu il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından çox məhsuldar olub. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində dərindən və çox yüksək səviyyədə iştirak ediblər. İl ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirilib. Deputatlarımız Türkiyədə keçirilən prezident və parlament seçkilərində, Rusiyada, Gürcüstanda və Monteneqroda prezident, Latviyada keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak ediblər. Bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumiyyətlə, 2050 deputat və əcnəbi vətəndaş Milli Məclisdə olub. Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirilib. Əlbəttə, ən möhtəşəm tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir idi. Bu tədbirdə dünyanın 44 ölkəsindən nümayəndələr iştirak edirdi. Siz hamınız bu tədbirin iştirakçısı oldunuz və bunun nə qədər təntənəli səviyyədə həyata keçirildiyini gördünüz. Eləcə də bu yaxınlarda Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı keçirildi. Bu iclasda da dünyanın 44 ölkəsinin 180 nəfər nümayəndəsi iştirak edib. Milli Məclisin plenar iclas zalında keçirilən həmin konfransın gənc iştirakçıları Azərbaycan haqqında çox yüksək təəssüratlarla vətənlərinə geri döndülər.
Bütövlükdə, hesab edirəm ki, Milli Məclis 2018-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar bütün millət vəkillərini təbrik edirəm”.
Milli Məclisin payız sessiyası Dövlət himninin səsləndirilməsi ilə öz işini başa vurub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31