Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək

Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək

15.02.2019 [09:38]

Dövlət başçısının dünən imzaladığı müvafiq sərəncamlar ölkəmizdə tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə və peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasına xidmət edir
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib. Təbii ki, iqtisadi inkişaf insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur.
Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Sosial siyasət sahəsində əldə olunan uğurlardan bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımları xüsusi vurğulamaq yerinə düşər. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir.
Ali təhsil müəssisələrində təqaüd sistemi təkmilləşdirilir
Ölkəmizdə davamlı olaraq əməkhaqları, təqaüdlər, sosial müavinətlərin məbləği artırılır ki, bu da insanların rifah halının daha da yüksəlməsinə xidmət edir. Fevralın 14-də Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar da bu faktı bir daha təsdiqləyir. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev ölkəmizdə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb. Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16000 (on altı min) vahid artırılaraq təqaüd alan tələbələrin sayı tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il martın 1-dən qüvvəyə minir.
Tələbələrə dövlət qayğısı daha da gücləndirilir
Prezident İlham Əliyevin dünən imzaladığı digər Sərəncam isə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır. Dövlət başçısının “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin məbləği də müəyyənləşdirilib. Sözügedən Sərəncama əsasən, elmlər doktoru hazırlığı üzrə doktorantlar 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar 180 manat, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələr 170 manat məbləğində təqaüd alacaqlar. Həmçinin magistratura səviyyəsi üzrə təhsil alan və akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manat məbləğində təqaüd veriləcək. Bakalavriat səviyyəsində akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manat təqaüd verilməsi qərara alınıb. Orta ixtisas təhsili müəssisələrində təhsil alan və akademik göstəriciləri 91-100 bal olan tələbələr 75 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələr 60 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələr və peşə təhsili müəssisələrinin tələbələri isə 50 manat məbləğində təqaüd alacaqlar. Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödəniləcək. Bu Sərəncamın 1.1-ci və 1.4-cü bəndləri ilə müəyyən edilmiş təqaüdlər yalnız dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara və peşə təhsili müəssisələrinin tələbələrinə ödəniləcək. Təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçiriləcək. Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.
Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb
Ötən gün həmçinin Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib. Bu Fərman martın 1-dən qüvvəyə minir. Xatırladaq ki, bundan əvvəl Prezident təqaüdü 185 (yüz səksən beş) manat olub.
Göründüyü kimi, dövlət başçısının imzaladığı hər üç Sərəncam tələbə-gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsində atılan mühüm addımlardandır. Bununla yanaşı, bu sərəncamlar təhsilin inkişafına daha da təkan verəcək, gənclərin elm sahəsinə marağının artmasını stimullaşdıracaq. Hazırda Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində də davamlı işlər görülür. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf bu sektorda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən proqramlar təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib. Bu baxımdan, dövlət başçısının imzaladığı sözügedən sərəncamlar da böyük əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31