Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / HEYDƏR ƏLİYEV - MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU

HEYDƏR ƏLİYEV - MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU

07.05.2019 [09:14]

Şəmsəddin HACIYEV
Milli Məclisin deputatı,
YAP Səbail rayon təşkilatının sədri,
iqtisad elmləri doktoru, professor

 

Bir neçə gündən sonra Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının xilaskarı və memarı, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 ili tamam olur. Zaman keçdikcə Heydər Əliyev dühasının əzəməti, Onun böyüklüyü, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının bu günədək gəlmiş-keçmiş görkəmli öndərlərindən biridir. Heydər Əliyev tarixin gedişatını dəyişə bilən, yeni tarix yaradan dövlət xadimi idi. Onu Mustafa Kamal Atatürklə, Uinston Çörçillə, Den Syaopinlə müqayisə etmək olar. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycana zaman-zaman böyük dövlət xadimləri, sərkərdələr, siyasətçilər rəhbərlik etmişlər. Lakin Heydər Əliyev qədər Azərbaycan tarixində mühüm rol oynayan, xalqına, millətinə və dövlətçiliyinə xidmətlər göstərən, onun inkişafı üçün sözün tam mənasında xilaskarlıq missiyasını yerinə yetirən ikinci dövlət xadimini təsəvvür etmək çox çətindir. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi hər iki hakimiyyəti dövründə xalqı üçün gördüyü taleyüklü işlərin əhəmiyyətinə görə Azərbaycanın bütün dövlətçilik tarixində heç kimlə müqayisə olunmayan böyük dövlət xadimidir. 
Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən Heydər Əliyev məhz Özünün fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxartmışdır. Heydər Əliyev bütün varlığıyla Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətçiliyinə bağlı idi və O, lazım gələrsə, həyatını belə bu yolda əsirgəməzdi. Ulu Öndərin keçdiyi zəngin və şərəfli həyat yolu, xalqımızın mənafelərini qorumaq üçün bütün dövrlərdə apardığı qətiyyətli mübarizələr, gördüyü işlər, nümayiş etdirdiyi siyasi iradə və Azərbaycanın həqiqi müstəqilliyi yolunda göstərdiyi misilsiz fədakarlıqlar bunun əyani sübutudur. Məhz bütün bunların nəticəsidir ki, həyat fəaliyyətinə dövlət təhlükəsizlik orqanlarında gənc bir əməkdaş kimi başlayan Heydər Əliyev müstəqillik dövründə nəinki Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının, eləcə də Türk dünyasının Lideri səviyyəsinə yüksəldi. Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev epoxası bir insan ömrünə sığışmayan və hər kəsə nəsib olmayan əlçatmaz zirvə və təkrarolunmaz taledir.
1969-1991-ci illər: formal müstəqillik dövrü və Heydər Əliyev fenomeni
Heydər Əliyev sovet dövründə gənc yaşlarından etibarən SSRİ Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmış, yalnız şəxsi bacarığı, istedadı və işgüzarlığı ilə dünyanı idarə edən iki nəhəng dövlətdən biri olan SSRİ-nin ən yüksək rəhbər vəzifələrinə qədər yüksələn ilk müsəlman-türk mənşəli azərbaycanlı olmuşdur. Heydər Əliyev həmişə yüksək şəxsi bacarıqlarına və mənəvi insani keyfiyyətlərinə, zəkasına, düşüncəsinə, müdrikliyinə, hadisələri düzgün qiymətləndirmək istedadına və uzaqgörənliyinə görə həmkarları arasında tamamilə seçilirdi. Onun bütün bu üstün fərdi xüsusiyyətləri SSRİ rəhbərliyinin diqqətindən yayınmadı. Beləliklə, Heydər Əliyev 14 iyul 1969-cu il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildi, başqa sözlə - Azərbaycanın birinci şəxsi oldu.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ilk nitqini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda səlis Azərbaycan dilində söylədi. Heydər Əliyev doğma ana dilimizə bu qədər yüksək münasibəti ilə Azərbaycan xalqının yaddaşına əbədi olaraq millətini ürəkdən sevən əsl rəhbər kimi həkk olundu. 
Həmin dövrdə aqrar-xammal respublikası olan Azərbaycan bütün sosial-iqtisadi inkişaf göstəricilərinə görə İttifaq respublikaları arasında ən geridə qalmış üç respublikadan biri idi. Azərbaycan SSR-ə rəhbərlik etdiyi 1969-1982-ci illərdə məhz Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində respublikanın xalq təsərrüfatının demək olar ki, bütün sahələrinin inkişafı ilə bağlı ən yüksək səviyyədə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin xüsusi qərarlarının qəbul olunması ölkədə sənayenin, kənd təsərrüfatının və digər sahələrin sürətli inkişafına, yeni sənaye sahələrinin, yol, nəqliyyat, kommunikasiya infrastrukturunun yaradılmasına, müxtəlif zavod və fabriklərin, məktəb, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə səbəb oldu. Bu 13 il ərzində respublika iqtisadiyyatına 32 mlrd. rubldan çox kapital qoyuluşu həyata keçirildi ki, bu da 1920-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatına yönəldilən kapital qoyuluşundan 2,3 dəfə çox idi. Xüsusi qeyd olunmalıdır ki, sovet dönəmində ümumittifaq əhəmiyyətli bir çox zavod və fabriklərin müsəlman-türk respublikası olan Azərbaycanda tikilib istifadəyə verilməsinə nail olmaq hədsiz dərəcədə böyük uğur idi. 
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasının qəbul edilməsi ilə respublikamızda o dövr üçün mütərəqqi idarəetmə strukturunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması yalnız və yalnız Heydər Əliyevin intellekti, cəsarəti və siyasi iradəsi nəticəsində ərsəyə gəldi. Bütün bu qeyd olunanlar bir daha sübut edir ki, Heydər Əliyev tutduğu vəzifədən və işlədiyi dövrdən asılı olmayaraq hər zaman xalqını, millətini, onun müstəqilliyini və rifahını düşünən və bütün varlığı ilə Azərbaycana bağlı olan rəhbər idi. 
Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə respublikada yaratdığı iqtisadi potensial müstəqilliyimizin bərpasından sonra müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün də ciddi zəmin və təməllər yaratdı. 
1982-ci ilin sonunda Heydər Əliyev Moskvaya partiya və dövlət hakimiyyətində yüksək vəzifəyə irəli çəkildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. Bununla Onun həyatında və siyasi fəaliyyətində yeni dövr başladı. Heydər Əliyev SSRİ kimi nəhəng bir dövlətin sosial-iqtisadi, mədəni və strateji əhəmiyyətli sahələrinin inkişafına rəhbərlik etmək, görkəmli siyasi və dövlət xadimi kimi SSRİ-nin xarici dövlətlərlə qarşılıqlı münasibətlərini möhkəmləndirmək və inkişaf etdirmək istiqamətində çox mühüm və məsuliyyətli vəzifələr yerinə yetirirdi. 
Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildikdən sonra da öz doğma respublikasının vəziyyəti ilə hər zaman maraqlanmış, daim ona xüsusi diqqət və qayğı göstərmişdir. Bu dövrdə Azərbaycan iqtisadiyyatına yönəldilən iri miqyaslı sərmayələr, xüsusilə neft və neft-kimya sənayesi, kənd təsərrüfatı və emaledici sənaye sahələrinin sürətli inkişafı, tikilib istifadəyə verilən yüzlərcə istehsal müəssisələri, ictimai-mədəni və sosial obyektlər, hazırlanan yüksək ixtisaslı kadrlar, açılan yeni iş yerləri və s. bu münasibətin əyani sübutudur. 
K.Çernenkonun (1985) vəfatından sonra Baş katib seçilən M.Qorbaçovun hakimiyyəti illərində (1985-1991) Heydər Əliyevə qarşı münasibət kardinal şəkildə əks istiqamətdə dəyişildi ki, bunun da müxtəlif səbəbləri var idi. Hər şeydən əvvəl Heydər Əliyevin Baş katib postuna ən layiqli namizəd olması faktı xüsusi qeyd olunmalıdır. Məhz bu səbəbdən Mixail Qorbaçovun hər zaman Heydər Əliyevə qarşı böyük qısqanclıq, həsəd, paxıllıq hissləri olmuşdur ki, sonradan da bu hisslər açıq düşmənçilik amilinə çevrildi. Heydər Əliyev o zaman Sov.İKP MK Siyasi Büro üzvləri arasında yeganə şəxs idi ki, Qorbaçovun yanlış siyasətinə cəsarətlə öz etirazını bildirir, gələcəkdə baş verə biləcək arzuolunmaz fəsadlar və fəlakətlərin nəticələri barəsində fikirlərini çəkinmədən, açıq şəkildə bəyan edirdi. Təbii ki, bu, Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibətini daha da dərinləşdirirdi. Digər tərəfdən, 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyəti dövründə Heydər Əliyevin qətiyyətli mövqeyi və uzaqgörən siyasəti sayəsində puça çıxmış “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” niyyəti və səylərinin yenidən baş qaldırması, qondarma “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsi, xarici ölkələrdən ermənilərin SSRİ-yə köçürülməsinin davam etdirilməsinə Qorbaçovun açıq-aşkar dəstək göstərməsi nəticəsində daha kəskin xarakter alırdı. Erməni terrorunun ideoloqu Z.Balayanın, Baş katibin iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyanın, Ermənistan KP MK birinci katibi K.Dəmirçyanın “Böyük Ermənistan” xülyaları, saxtakarlıqları, millətçiliyi, irqçiliyi, separatizmi və təcavüzkarlığı təbliğ edən təşəbbüsləri hətta Siyasi Büronun müzakirəsinə çıxarılır və Qorbaçov tərəfindən dəstəklənirdi. Təbii ki, Siyasi Büroda Azərbaycana qarşı nümayiş etdirilən bu cür qərəzli mövqe Heydər Əliyevi Qorbaçovun bu separatçı mövqeyinə və gənc yaşlarından sıralarında vicdanla xidmət etdiyi Kommunist Partiyasına qarşı tənqidi çıxışlar etməyə, sərt şəkildə Öz etirazını bildirməyə və prinsipal mövqe nümayiş etdirməyə vadar edirdi. Bütün bunlar nəticə etibarı ilə Heydər Əliyevin və ailə üzvlərinin Moskvada təqibinə, Onun səhhətində şübhəli şəkildə problemlərin yaradılmasına və 1987-ci ilin 21 oktyabr tarixində tutduğu vəzifədən istefa etməsinə səbəb oldu.
Beləliklə, nə təqiblər, hədə-qorxular, nə də mümkün nəticələr Heydər Əliyevi Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmaqdan çəkindirə bilmədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda dəhşətli qırğın, qətliam törədildi, yüzlərlə günahsız şəhər sakini o gecə vəhşicəsinə qətlə yetirildi, yaralandı, ömürlük xəsarət aldı. Bu insanlıq faciəsinə və Qorbaçov vandalizminə ürəyi Azərbaycanla döyünən, Azərbaycanla nəfəs alan Heydər Əliyev əlbəttə ki, biganə qala bilməzdi. Faciənin səhərisi günü Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və 20 Yanvar faciəsini törədənlərə qarşı Öz ittihamlarını açıq şəkildə dünya ictimaiyyətinə bəyan etdi, qətliama göstəriş verən SSRİ rəhbərliyini, Siyasi Büronu və Azərbaycan rəhbərliyini ifşa etdi. Bu bəyanatdan daha da hiddətlənən Qorbaçov hətta Heydər Əliyevin həbs olunmasına qərar versə də, onu icra etməyə cəsarəti çatmadı. 
Məhz 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilmiş qanlı hərbi təcavüzə görə Heydər Əliyev Sov.İKP sıralarını tərk etdi. Heydər Əliyev 1990-cı ilin iyulun 20-də Bakıya qayıdır, lakin burada da ciddi təziqlərlə üzləşdiyindən, iki gün sonra Naxçıvana gedir. Həmin ildə Azərbaycan SSR xalq deputatı, Naxçıvan MSSR xalq deputatı seçilir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçilir və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini olur. 
Hələ SSRİ-nin mövcud olduğu dövrdə Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin sessiyasında Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürülür, “Ali Sovet” sözü “Ali Məclis” sözü ilə əvəz edilir. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilir. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - dövlət gerbi haqqında isə qərar qəbul edilir ki, məsələ öyrənilib Ali Məclisin müzakirəsinə verilsin. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi və digər dövlət atributlarının bərpa olunması məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetindən xahiş edilməsi haqqında qərar qəbul edilir. 
1991-ci il martın 17-də Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Azərbaycan xalqı Heydər Əliyevin dahiliyinə, cəsarətinə, liderlik məharətinə məhz bu məqamlarda bir daha şahid oldu. Çox mürəkkəb və təhlükəli anlarda son dərəcə cəsarətlə qəbul olunan bu qərarlar əslində Azərbaycanın müstəqilliyi yolunda atılmış ilk addımlar və yeni müstəqillik tariximizin başlanğıc nöqtəsi oldu. 
1991-1993-cü illər: itirilmiş illər, biabırçı hakimiyyət və böyük xilaskarlıq missiyası
XX əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəli müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında ciddi dönüş nöqtəsi və xalqımızın milli oyanış mübarizəsinin başlanğıcı oldu. Azərbaycan XX əsrin ən böyük geostrateji hadisələrindən biri olan SSRİ-nin dağılması nəticəsində müstəqilliyini bərpa etdi. Bu dövrdən etibarən Azərbaycanda tez-tez dəyişən, milli maraqları arxa plana keçirən, yalnız öz şəxsi maraqları üçün çalışan, dövlətçilik sahəsində heç bir səriştəsi olmayan rəhbərliklər ölkədə elə bir vəziyyət yaratmışdılar ki, Azərbaycan nəinki müstəqilliyini qorumaq iqtidarında deyildi, hətta ölkəmizin ümumiyyətlə məhv olmaq və dünya siyasi xəritəsindən silinmək təhlükəsi yaranmışdı. Ölkəyə rəhbərlik edənlərin zəifliyi, cəsarətsizliyi və hələ də SSRİ-nin bərpa olunacağına ümid bəsləmələri, eləcə də 1992-ci ilin yayında Azərbaycanda hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün dövlətin, xalqın milli maraqlarından daha çox şəxsi maraqları, ambisiyaları və nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq uğrunda apardığı mübarizə ölkədə mövcud olan böhranlı vəziyyəti daha da ağırlaşdırmışdı. Belə bir mürəkkəb və çətin şəraitdə, bütün xalqı vahid amal uğrunda birləşdirəcək və xalqı öz arxasınca apara biləcək böyük dövlətçilik təcrübəsinə malik olan Şəxsiyyətə, yüksək intellektli, güclü iradəli Liderə ehtiyac yaranmışdı. Bu Lider isə yalnız vətəninə, xalqına, müstəqil milli dövlətinə bütün varlığı ilə bağlı olan, böyük idarəçilik məharətinə və təcrübəsinə malik olan Heydər Əliyev ola bilərdi. Müasir Azərbaycan üçün əsaslı dönüş nöqtəsi Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısının xalqın iradəsini ifadə edərək Heydər Əliyevə tarixi müraciətindən sonra başladı. Azərbaycan ziyalılarının Heydər Əliyevə bu tarixi müraciəti 16 oktyabr 1992-ci il tarixində “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı ilə dərc edildi. Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı 24 oktyabr 1992-ci il tarixində “Səs” qəzetində “Yeni, müstəqil Azərbaycan uğrunda” başlığı ilə dərc olundu. Proqram xarakterli bu sənəddə Heydər Əliyev Azərbaycanın düşdüyü bəlalardan çıxış yollarını göstərir və konkret konstruktiv təkliflərini irəli sürürdü. 
Beləliklə, “91-lər”in müraciəti ilə başlayan ümumxalq dəstəyi nəticəsində Azərbaycanın vətənpərvər oğulları Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasının yaradılmasında və müasir Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak etdilər. O dövrdə ölkədə gedən dağıdıcı proseslərin qarşısını almaq, onu düçar olduğu dərin siyasi, iqtisadi, ictimai, hərbi böhran uçurumundan xilas etmək məqsədilə 21 noyabr 1992-ci il tarixində 550 nəfər partiya üzvü ilə Naxçıvanda təsis yığıncağı keçirilən YAP-ın ilk Sədri yekdilliklə Ulu Öndər Heydər Əliyev seçildi və bununla da Azərbaycan xalqından yekdil dəstək alan partiyamız yeni bir siyasi qüvvə kimi siyasət meydanına daxil oldu. Müxalif partiya kimi yaranan YAP cəmi yeddi aydan sonra Heydər Əliyevin rəhbərliyi və xalqın mütləq əksəriyyətinin dəstəyi ilə sivil, demokratik yolla iqtidar partiyasına çevrildi.
1993-2003-cü illər: tənəzzüldən tərəqqiyə doğru şərəfli inkişaf yolu
1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı Ulu Öndərin böyük xilaskarlıq missiyasının başlanğıcı oldu. Heydər Əliyevə çox qısa bir müddət, sadəcə, iki il lazım oldu ki, O, Azərbaycanı düçar olduğu ağır vəziyyətdən və bəlalardan xilas etsin. Heydər Əliyev gənc, müstəqil Azərbaycan dövləti üçün ən çətin və mürəkkəb dövrdə 10 il ərzində mümkün olan hər şeyi etdi - ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət idarəçiliyi sistemi yenidən quruldu, bu məqsədlə zəruri olan bütün dövlət institutları formalaşdırıldı, yeni sosial-iqtisadi sistemə - bazar iqtisadiyyatına keçidin reallaşdırılmasına, cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən geniş və sistemli siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsinə başlanıldı, iqtisadi tənəzzüldən inkişafa doğru ciddi addımlar atıldı. 
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının müasir tələblərə cavab verən yeni Konstitusiyasının hazırlanması və qəbulu Ulu Öndər Heydər Əliyevin daha bir möhtəşəm xidməti kimi xüsusi qeyd olunmalıdır. 
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısındakı mühüm xidmətlərindən biri kimi Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edən “Əsrin Müqaviləsi”nin imzalanması xüsusi qeyd olunmalıdır. “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanı etibarlı tərəfdaş ölkəyə çevirməsi ilə yanaşı, sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. 
1997-ci ilin oktyabrında şimal marşrutu istiqamətində uzunluğu 1330 km və maksimum ötürmə qabiliyyəti gündə 105 min barel təşkil edən Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəql olunmasına başlanıldı. 1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində müstəsna əhəmiyyətli daha bir hadisə baş verdi. Çox qısa bir müddətdə uzunluğu 833 km, gündəlik ötürmə qabiliyyəti 115 min barel olan və keçmiş SSRİ dövründə istismarda olan Bakı-Batumi kəmərindən istifadə etməklə inşa edilən Bakı-Supsa Qərb İxrac Boru Kəməri istifadəyə verildi və ilk dəfə olaraq, Azərbaycan nefti şimala deyil, qərbə istiqamətlənərək Supsa limanından dünya bazarlarına ixrac olunmağa başlandı ki, bunun da böyük geosiyasi əhəmiyyəti vardır. Neft ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində görülən işlər bundan sonra da uğurla davam etdirilərək, daha irimiqyaslı transmilli layihələrin reallaşdırılması ilə öz məntiqi nəticəsini tapmışdır. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və ABŞ Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri haqqında tarixi saziş və Trans-Xəzər qaz kəməri haqqında sənəd imzaladılar. 17 sentyabr 2002-ci ildə Azərbaycanda boru xəttinin başlandığı Səngəçal terminalında bu xəttin keçdiyi dövlətlərin başçılarının qatıldığı təməlqoyma mərasimi keçirildi, 2003-cü ildə boru xəttinin inşasına başlanıldı, 2006-cı ilin mayında isə Azərbaycanın ilk nefti Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Çoxlarına ağlasığmaz xəyal kimi görünən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılması yalnız və yalnız Heydər Əliyevin siyasi iradəsi ilə ərsəyə gəldi. Bu tarixi layihənin həyata keçirilməsində ölçüyəgəlməz roluna və töhfələrinə görə Avrasiya enerji xəritəsində inqilabi dəyişiklik yaradan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə Heydər Əliyevin adı verildi. Bu kəmər Azərbaycan neftinin dünya bazarına çıxarılmasında misilsiz rol oynamaqla Azərbaycanın neft gəlirlərinin dəfələrlə artmasına və ölkədə müasir dinamik iqtisadi inkişafı təmin edən neft bumuna səbəb oldu. 
Tarixi baxımdan 10 il kimi qısa bir müddətə sığışmayan bütün bu misilsiz işlər, Azərbaycanın bugünkü inkişafı və cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlar dahi Heydər Əliyevin uzaqgörən, müdrik və parlaq gələcəyə hədəflənmiş siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi missiyalarından biri də Özünün ən etibarlı siyasi varisini müəyyənləşdirməsi və qurucusu olduğu müasir Azərbaycanı etibarlı əllərə əmanət etməsi oldu. 
2003-2018-ci illər: Heydər Əliyev siyasəti yeni keyfiyyət müstəvisində
Mübaliğəsiz demək olar ki, 2003-2018-ci illər Azərbaycan Respublikasının müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir. Prezident İlham Əliyev tərəfindən son 15 ildə aparılan düşünülmüş, qətiyyətli, uzaqgörən, çevik və praqmatik siyasət nəticəsində ölkəmizin milli maraqları və təhlükəsizliyi tam təmin edilmiş, ictimai-siyasi sabitlik bərqərar olunmuş, iqtisadiyyatın dinamik inkişafına nail olunmuşdur. Bu dövr ərzində ölkəmizdə müasir tələblərə, minilliyin çağırışlarına, qarşıya qoyulan strateji vəzifələrə cavab verən səmərəli dövlət idarəçiliyi sistemi yaradılmış və Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi xeyli yüksəlmişdır. Azərbaycan öz dövlətçilik tarixində heç vaxt indiki qədər müstəqil olmamışdır.
Prezident İlham Əliyev qısa müddət ərzində Azərbaycanın iqtisadi inkişaf modelini tamamilə yeni fenomenal inkişaf trayektoriyasına çıxararaq, daha da təkmilləşdirdi. Azərbaycanın təbii sərvəti olan neft-qaz faktorunu, sözün əsl mənasında, iqtisadi gücə çevirmək üçün ölkədə dünya standartlarına cavab verən maddi-texniki baza və infrastruktur formalaşdırıldı, qara qızılın insan kapitalına çevrilməsi, regionlarda mövcud olan potensialın fəal surətdə iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində nəzərəçarpacaq irəliləyişlərə, bir çox sosial-iqtisadi sahələrin inkişafında yüksək göstəricilərə nail olundu. Böyük güclərin maraqlarının çarpazlaşdığı və lokal müharibələrin getdiyi mürəkkəb coğrafiyada yerləşən Azərbaycan məhz ölkə rəhbərimiz İlham Əliyevin düşünülmüş, çoxvektorlu, balanslaşdırılmış siyasəti və Liderlik xüsusiyyətləri sayəsində “sabitlik adası, oazisi” kimi öz inkişafını davam etdirir.
2017-ci il sentyabrın 14-də Ümummilli Lider Heydər Əliyev dühasının möhtəşəm nailiyyəti olan, XX əsrin neft sənayesi tarixinin ən nəhəng müqaviləsi sayılan “Əsrin müqaviləsi”nin başa çatmasına 7 il qalmış, onun fəaliyyət müddətinin daha əlverişli şərtlərlə 2050-ci ilədək uzadılmasını nəzərdə tutan, dünyanın ən məşhur 8 neft şirkəti ilə SOCAR arasında daha bir nəhəng, qlobal əhəmiyyətli, beynəlxalq ictimaiyyət tərəfindən “Yeni əsrin müqaviləsi” adlandırılan Sazişin imzalanması Azərbaycanın müstəqillik tarixinin çox əlamətdar hadisəsi olaraq, İlham Əliyev dövrünün ən mühüm uğurlarından biri kimi dəyərləndirilməlidir. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan “Şahdəniz 2” layihələrinin, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP qaz ixracı kəmərləri kimi bir çox möhtəşəm və qlobal əhəmiyyətli layihələrin təşəbbüsçüsü və strateji tərəfdaşı kimi çıxış edir. Bu layihələrin əksəriyyəti məhz Azərbaycan Prezidentinin regiondakı siyasi iradəsi və beynəlxalq nüfuzu nəticəsində ərsəyə gəlmişdir. Eyni zamanda bir sıra nəqliyyat dəhlizlərinin Azərbaycanda kəsişməsi və inteqrasiyası ölkəmizi Avrasiya məkanında mühüm strateji ölkəyə, beynəlxalq nəqliyyat qovşaqları və logistika mərkəzlərindən birinə çevirir. Xüsusi vurğulanmalıdır ki, ötən bu illər ərzində Prezident İlham Əliyevin müdrik və cəsarətli siyasəti nəticəsində işğalçı Ermənistan regional layihələrdən tamamilə təcrid olunaraq, dünya üçün əhəmiyyətsiz və bölgədəki inkişafa maneə olan ölkə kimi tanındı.
Bütün bu möhtəşəm nailiyyətlər bir daha sübut edir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin müstəqillik ideyaları və ümummilli inkişaf strategiyası yaşayır və ölkəmiz bu uğurlu siyasi kursa arxalanaraq gələcəkdə daha böyük qələbələrə imza atacaqdır. 2016-cı ilin Aprel hadisələri, Şuşaya qayıdışın rəmzi olan Cocuq Mərcanlının, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin, ümumilikdə 11 min hektar ərazinin Azərbaycan ordusu tərəfindən işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, Ali Baş Komandanımızın rəhbərliyi ilə Böyük Qələbə Gününün çox da uzaqda olmadığına əminliyimizi daha da artırır.
Bu dövr ərzində əldə etdiyimiz ən böyük naliyyət müstəqilliyimizin əbədiləşməsi, Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik və sarsılmaz xalq-iqtidar birliyidir. Təbii ki, bütün bu qeyd olunan uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu, yeri və payı vardır. YAP siyasi arenaya çıxmaqla, Azərbaycan cəmiyyətinə sözün əsl mənasında demokratiya, siyasi mədəniyyət nümunəsi gətirdi və ümumiyyətlə demokratiklik baxımından yaxın coğrafiyada baş verən siyasi proseslərə və partiyalara müsbət nümunə kimi örnək oldu. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi YAP ən ali ideallara xidmət etməkdə davam edir.
Bütün bunlar bir daha təsdiq edir ki, cənab İlham Əliyev ötən dövr ərzində həyata keçirdiyi genişmiqyaslı, misilsiz işləri ilə həqiqətən də hər bir azərbaycanlının Prezidenti olduğunu tam təsdiq etmişdir. Azərbaycan ərazisinə, əhalinin sayına və iqtisadiyyatının həcminə görə böyük ölkə olmasa da, onun cənab İlham Əliyev kimi böyük Lideri, müdrik və uzaqgörən rəhbəri vardır. Məhz İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31