Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin sədri Oqtay Əsədov Romada yüksək səviyyəli rəsmi görüşlər keçirib

Milli Məclisin sədri Oqtay Əsədov Romada yüksək səviyyəli rəsmi görüşlər keçirib

09.05.2019 [10:16]

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada səfərdədir.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.
Əvvəlcə Oqtay Əsədov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.
Sonra Milli Məclisin sədri İtaliya Respublikası Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ilə görüşüb. Oqtay Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.
İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb.
Oqtay Əsədov qeyd edib ki, ölkələrimiz arasında mədəni, humanitar əlaqələr də inkişaf edir. Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.
Sədr Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb, dostluq qruplarının işini yüksək qiymətləndirib.
Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb.
Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.
Senatın sədri Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Maria Elisabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.
Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.
* * *
Səfər zamanı Oqtay Əsədov İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.
Görüşdə vurğulanıb ki, İtaliya ölkəmizin Avropada və dünyada mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında sıx dostluq əlaqələri var, İtaliya və Azərbaycan yaxın dost və strateji tərəfdaşdır.
İkitərəfli münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini deyən Oqtay Əsədov İtaliya və Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrindən danışıb.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk rəsmi səfərinə diqqət çəkən Oqtay Əsədov bildirib ki, bu səfər dövlətlərarası münasibətlərimizin tarixində mühüm əhəmiyyət kəsb edib.
İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko bildirib ki, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir, parlamentlərarası əlaqələr də inkişaf edir. Bu da iki ölkə arasında olan münasibətlərə öz töhfəsini verir.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.
* * *
Milli Məclisin sədri Oqtay Əsədov İtaliya parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Dostluq Qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə də görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu, parlamentlərarası əlaqələrin də yaxşı səviyyədə olduğu qeyd edilib.
Görüşdə enerji sahəsindəki uğurlu əməkdaşlıqdan da danışılıb.
İtaliya parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi də ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının münasibətlərin dərinləşməsində mühüm rol oynadığını vurğulayıb.
Görüşdə iqtisadi, siyasi sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31