Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır

Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır

18.05.2019 [09:52]

Bu təşkilatla bir çox sahələri əhatə edən münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun prioritetlərindən biridir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli xarici siyasət kursu nəticəsində ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, respublikamızın ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edir. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq təşkilatlarda öz milli maraqlarına uyğun olaraq müvəffəqiyyətlə təmsil olıunur. Bu kontekstdə ölkəmiz ilə Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xüsusi vurğulamaq gərəkdir. Azərbaycanın bir çox Aİ ölkəsi ilə tərəfdaşlıq əlaqələri mövcuddur, ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Aİ-nin etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirib, Azərbaycanın regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan ilə Aİ arasında mühüm əlaqələrin olduğunu, qurumun ölkəmizi yaxın tərəfdaş qismində qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, Aİ ilə əlaqələr Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib: “Avropa İttifaqı ilə ölkəmiz arasında bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Bu, özünü enerji sahəsindəki əməkdaşlıqda daha qabarıq şəkildə büruzə verir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verir”.
Millət vəkili onu da vurğulayıb ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu, qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir. R.Əliyev bildirib ki, hələ 2018-ci ildə Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri zamanı paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə etmişdi: “Bu amil olduqca vacibdir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyi zamanı çıxışında Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd etdi. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirdi ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Aİ kimi mötəbər bir qurumun tribunasından səslənən bu fikirlər Azərbaycan dövlətinin öz mövqeyində qəti olduğunu bir daha həm işğalçı ölkəyə, həm də digər dövlətlərə nümayiş etdirmiş oldu. O ki qaldı sonuncu toplantıda yekun bəyanatın qəbul olunması ilə əlaqədar irəli sürülən bəzi iddialara, onların əsası yoxdur. Tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun bəyanat verilməsi nəzərdə tutulmuşdu. Sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından ümumi yekun qeydlər sənədinin qəbul olunması qərara alınmışdı. Bu sənəddə də Aİ-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel sammitinin yekunları ilə bağlı sənədin müvafiq müddəaları da nəzərə alınmışdı. Birmənalı şəkildə qeyd etmək olar ki, Aİ “Şərq tərəfdaşlığı” proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır və bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın geosiyasi nüfuzu artıb, respublikamız regional və qlobal miqyaslı proseslərə müsbət mənada təsir göstərə bilən aktora çevrilib”. Bunu isə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib. Onun sözlərinə görə, son illərdə ölkəmizin beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan xarici ölkə və təşkilatlarla əməkdaşlıqda bir qayda olaraq xoş məram nümayiş etdirir, özünü etibarlı, beynəlxalq hüquq normalarına hörmət edən tərəfdaş kimi təsdiqləyib. “Azərbaycanın son illərdə əlaqələrini daha da inkişaf etdirdiyi və qarşılıqlı münasibətlərdə yaxşı perspektivlər yarandığı beynəlxalq qurumlardan biri də Avropa İttifaqıdır. Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı maraqlara söykənən səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Tərəflər arasında mövcud olan münasibətlər çoxşaxəli olmaqla böyük əhəmiyyətə malikdir”, - deyə S.Qafarova bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə də bu əlaqələr yüksək qiymətləndirilib. Ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Avropa İttifaqının yüksək səviyyəli təmsilçisi tərəfindən səsləndirilən bu fikir, təbii ki, obyektiv reallıqlara əsaslanır. Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir və respublikamızın beynəlxalq münasibətlər sistemində rolunu lazımınca qiymətləndirir. Bu isə, ölkəmizin güclü iqtisadi potensialı və geniş tranzit imkanlara malik olması ilə bağlıdır. Son illərdə Azərbaycanın təşəbbüsləri və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri bütövlükdə Avropanın enerji daşıyıcıları istehlakının ödənilməsində mühüm rol oynayır. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində respublikamızın rolunun daha da artacağı proqnozlaşdırılır.
Həmçinin ölkəmizin siyasi baxımdan əhəmiyyəti də münasibətlərin inkişafında vacib rol oynayır. Azərbaycanın daim nümayiş etdirdiyi konstruktiv mövqe beynəlxalq aləmdə ölkəmizə qarşı böyük inam yaradıb. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın dünyanın 155 ölkəsinin etimadını qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və bu müddətdə TŞ-yə iki dəfə uğurla sədrlik etməsi bunun təsdiqidir. Bütün bunların müqabilində digər beynəlxalq təşkilatlar kimi, Aİ də Azərbaycanın regional və qlobal miqyasda siyasi əhəmiyyətini yüksək qiymətləndirir”.
Son dövrlərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin də genişləndiyini vurğulayan Sahibə Qafarova deyib ki, hazırda Avropa İttifaqına daxil olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları qismində çıxış edirlər. Ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələrlə aparılır və Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur.
Ölkəmizin də Aİ ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən Milli Məclisin deputatı xatırladıb ki, mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bu mövqeyini bir daha ifadə edib: “Beləliklə, sadalanan faktlar və səsləndirilən fikirlər bir daha Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini, tərəflərin bu münasibətlərə böyük əhəmiyyət verdiyini təsdiqləyir. O cümlədən Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər də Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib, bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri bir daha nəzərdən keçirilib”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31