Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarıdır

Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarıdır

11.06.2019 [09:28]

1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edərək tarixi bir missiyanı həyata keçirdi
Yaşanan kataklizmlərlə, kəskin siyasi dəyişikliklərlə müşayiət olunan, eləcə də dünyanın yeni xəritəsini meydana çıxaran XX əsr Azərbaycan xalqının tarixində də öz dərin izini buraxdı. Məlum olduğu kimi, ötən əsrin əvvəlində Çar Rusiyasının əsarətindən xilas olaraq müstəqilliyini elan edən Azərbaycan cəmi 23 ay öz milli dövlətçiliyini sürdürə bildi. 1920-ci ildə işğal olunan, müstəqilliyinə son verilən ölkəmiz bir də əsrin sonuncu onilliyində ikinci dəfə müstəqillik əldə etdi. Bununla belə, tarix təkrarlanırdı və Azərbaycan yenidən dilemma qarşısında qalmışdı. Belə ki, ölkəmiz ikinci dəfə azadlığın şirinliyini dadmamış onu itirmək təhlükəsi ilə üzləşdi.
AXC-“Müsavat” hakimiyyətinin səriştəsizliyi, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması təhlükəsi ilə üzləşdirmişdi
Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Azərbaycanda olduqca gərgin siyasi vəziyyət hökm sürürdü. Belə ki, həmin dövrdə hakimiyyət başında Kremlin diktəsi ilə hərəkət edən şəxslər dayanırdısa, digər tərəfdə də xalqla heç bir əlaqəsi olmayan, qaranlıq maraqların təcəssümü kimi ortaya çıxmış və bəzi şəxslərin iddialarının həyata keçmə vasitəsinə çevrilmiş Xalq Cəbhəsi dururdu. 1991-92-ci illərdə hakimiyyət böhranının yaşanması ölkədə həm siyasi, həm də iqtisadi böhran pik həddə çatdırdı. Situasiya daha da gərginləşir, Xalq Cəbhəsinin “rəhbərləri”nin sərəncamında olan silahlı birliklər cəbhə bölgəsindən geri çəkilir, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğala məruz qalırdı. Bununla yanaşı, cəmiyyətdə parçalanma, qarşıdurma güclənirdi.
Ölkədəki xaos, hərc-mərclik nizami olmayan, ayrı-ayrı fərdlərin nəzarətində olan silahlı birləşmələrin özbaşınalıqları ilə müşayiət edilirdi. Məhz belə gərginliklərin fonunda 1992-ci il mayın 14-də silah gücünə hakimiyyəti ələ keçirən AXC-”Müsavat” cütlüyü ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar və səriştəsizlik AXC-”Müsavat” cütlüyünün ölkəni idarə edə bilməyəcəyini göstərirdi. İqtisadiyyat bərbad vəziyyətə düşmüş, ordu quruculuğu səriştəsiz və ölkənin milli maraqlarına zidd siyasət yeridən insanlara tapşırılmışdı. Eyni zamanda, hər hansı bir sosial inkişafdan söhbət gedə bilməzdi. Bir sözlə, AXC-”Müsavat” hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması təhlükəsi ilə üzləşdirmişdi.
AXC-“Müsavat” cütlüyünün 1 illik hakimiyyəti Azərbaycanın yeni tarixinin ən faciəli dövrüdür
Beləliklə ölkədə problemlər getdikcə daha da artırdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Səriştəsiz rəhbərlik nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Hakimiyyətdə idarəçilik bacarığı olmayanlar təmsil olunurdular. Məsələn, parlamentin sədri kiçik elmi işçi idi və 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdi. Baş nazir isə əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuşdu. Belə bir təcrübədən sonra əvvəl dövlət katibi kimi ciddi siyasi post, daha sonra baş nazir postu onun miqyası üçün olduqca ağır idi. Bunun nəticəsi idi ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Ölkədə özəlləşdirmə prosesi getmədiyi halda, 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda yeni “bəylər” tərəfindən ərməğan edilmişdi. Adi fizika müəllimi olmuş müdafiə naziri isə Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında xüsusi rol oynamışdı. Bundan başqa, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək parlament sədri və prezidentə meydan oxuyurdu. Hələ bu da son deyil. Həmin vaxt daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüş, buna görə heç bir məsuliyyət daşımamışdı. Üstəlik, vəzifədən çıxandan sonra o, dərhal müxalifətə keçmiş - iyunun 4-nə, Gəncədə iğtişaşlar başlayan günə Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi. Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində reketliklə məşğul idilər. Qısa zaman kəsiyində kriminal düşüncəli adamlar vəzifəyə gətirilmişdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edirdi. Digər tərəfdən, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı.
Xarici işlər naziri Fizika İnstitutunun heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən kiçik elmi işçisi idi və belə mühüm vəzifəyə təyin edilmişdi. Yeni müstəqil ölkənin diplomatik korpusu da məhz nazirin özü kimi təcrübəsiz, texniki sahələrdə çalışan kiçik elmi işçilərdən formalaşdırılmışdı.
Digər tərəfdən, hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində “Müsavat”, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq bir-birinə qarşı və birincilik uğrunda mübarizə gedirdi. Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Əli Kərimlinin nəzarətində olan media qurumları isə baş nazir və spikeri ələ salır, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi.
Belə daxili didişmələr, eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində onlar cəmi 1 il hakimiyyətdə qala bildilər və bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlandı. Ən əsası isə, prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş Komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Sonradan özlərinin də etiraf etdiyi kimi, Ə.Elçibəyin reytinqinin ən yaxşı vaxtında ona etimad göstəricisi 33 faizi ötməmişdi. Beləliklə, AXC-”Müsavat” cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi
Qeyd edildiyi kimi, problemlər məngənəsində boğulmaqda olan gənc Azərbaycan dövləti yenidən müstəqilliyini itirmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda, gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu, düşmən blokadasında olan Naxçıvan Muxtar Respublikasını qorumağı bacaran Ulu Öndər Heydər Əliyevə bağlamışdı. Məlum olduğu kimi, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını təklif etmişdi, partiyanın təsis konfransı keçirilmişdi. 1993-cü ilin iyun hadisələri zamanı isə hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, xalqın təkidli tələbi və o vaxtkı iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.
1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Ulu Öndər qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi və Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Belə ki, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Eləcə də idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Ölkə iqtisadiyyatının dirçəldilməsi, o cümlədən Azərbaycanın gələcəyi üçün ən mühüm addımlardan sayılan neft müqavilələri imzalandı və respublikamızın iqtisadi inkişafının əsası qoyuldu. Azərbaycanda qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və 1995-ci ildə referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndər Heydər Əliyevin səyi ilə qısa zamanda Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün mühüm əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu. Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda acı tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyanı gerçəkləşdirdi. Beləliklə, həmin xilas günümüz tariximizə 15 İyun - Milli Qurtuluş Günü kimi daxil oldu.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31