Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan danışıqlarda vaxtı uzatmağa qarşı çıxır və müzakirələrə effektiv yanaşılmasını istəyir

Azərbaycan danışıqlarda vaxtı uzatmağa qarşı çıxır və müzakirələrə effektiv yanaşılmasını istəyir

08.12.2009 [09:56]

Araz Əzimov: İnanırıq ki, Türkiyənin Baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqtonun ciddi addımlar atmasını istəyəcək
“İnanırıq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ səfərində regiondakı əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi Vaşinqton tərəfindən ciddi addımlar atılmasını istəyəcək”. APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
A.Əzimov bildirib ki, Türkiyə 1991-ci ildən regionda əsas rollardan birini oynayır: “Son zamanlar görünür ki, Türkiyə öz siyasətini davam etdirmək üçün yeni resurslardan istifadə etməyə çalışır. Lakin bu məntəqədə son 18-20 il ərzində baş verənlər nəticəsində Azərbaycanın da mövqeləri möhkəmlənib. Azərbaycan regionda aparıcı ölkə, həm də Türkiyənin yaxın tərəfdaşı kimi inkişaf edir. Türkiyə ilə tərəfdaşlıq nəticəsində əldə edilən nailiyyətlərin Vaşinqton tərəfindən nəzərə alınmasını, həmçinin, Türkiyə baş naziri tərəfindən Vaşinqtonda dəqiq formada çatdırılacağına ümidvar olmaq istəyirik. Biz hesab edirik ki, Rəcəb Tayyib Ərdoğan Amerikada həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarını nəzərə alacaq”.
Nazir müavini onu da deyib ki, Türkiyə Baş nazirinin ABŞ səfərində regional səviyyədə digər təhlükəsizlik məsələlərinin də müzakirə olunacağı gözlənilir.
Araz Əzimov, həmçinin, deyib ki, “Euronews” telekanalında Dağlıq Qarabağla bağlı yayımlanan reportaj tək jurnalistlərin qeyri-professionallığından irəli gəlmir, burada siyasət də var. O, bu məsələdə ikili standartların olduğunu deyib: “Belə başa düşürəm ki, bu işi “Euronews” kanalında kimsə qəsdən edir. çünki qərəzli şəkildə tərtib olunmuş süjetin bir neçə gün davamlı olaraq efirə verilməsi təkcə jurnalistlərin qeyri-peşəkar olmasına dəlalət etmir, burada siyasət də var. Siz də, mən də uzun illər ərzində belə hallara dair bir çox misallar gətirə bilərik”. Araz Əzimov “Euronews” telekanalında Azərbaycanın işğal altında olan torpaqlarından hazırlanmış qərəzli süjetlə bağlı Azərbaycanın Fransa və Belçikadakı səfirliklərinin araşdırma apardığını deyib.
Araz Əzimov eyni zamanda, vurğulayıb ki, “bu mərhələdə əsas prinsiplərin müzakirəsi xarici işlər nazirləri deyil, prezidentlər səviyyəsində aparılır. Xarici işlər nazirləri yalnız danışıqlar prosesinin hazırlıq məsələləri ilə məşğul olurlar. Yaxın zamanlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri və yeni təklifləri tərəflərə təqdim edəcəyi gözlənilə bilər”.
O, münaqişənin nizamlanmasına dair yeni təkliflərin hazırlanmasının müəyyən mənada irəliləyiş olduğunu deyib: “çünki Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr uzun müddətdir davam edir. İrəliləyiş əldə etmək asan iş olsaydı, bu çoxdan əldə edilmişdi. Hər bir xırda addımın müqabilində irəliləyişin əldə olunacağını gözləmək çətindir. Amma atılan hər addım öz-özlüyündə irəliləyişdir”.
Azərbaycanla Ermənistan arasında danışıqların dinamikasına toxunan Araz Əzimov prezidentlər arasında ildə bir neçə dəfə görüş keçirildiyini xatırladıb: “Bu, məncə dinamikadır. Dinamikanın müsbət olub-olmadığına gəldikdə isə görüşlərin davam etməsi prosesin faydalı olduğunu söyləməyə əsas verir. Amma qarşı tərəf bilməlidir ki, Azərbaycan müzakirələrə effektiv yanaşılmasını istəyir və müzakirələrdən yalnız vaxt uzatmaq üçün istifadə meyllərinə qarşı çıxır”.
Araz Əzimov regiona səfəri gözlənilən həmsədrlərin hansı təkliflər gətirə biləcəyi ilə bağlı sualı belə cavablandırıb: “Atılan addımlar aydındır, amma bu addımların ardıcıllığı prinsipi var. öz yurd-yuvalarından qovulmuş əhali doğma evlərinə qayıtmalı, kommunikasiyalar bərpa olunmalı, torpaqlar işğaldan azad edilməlidir. Əhali öz evlərinə qayıtmayınca əməkdaşlıq qurula bilməz. Əməkdaşlıq olmasa, sülh ola bilməz. Sülh olmayınca isə heç bir status məsələsi müzakirə oluna bilməz”.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bununla yanaşı deyib ki, NATO xarici işlər nazirlərinin Brüssel toplantısında üzv və tərəfdaş ölkələrə Əfqanıstanda sülhməramlıların sayının artırılması təklif edilib. Hazırda bu məsələ dəyərləndirilir. Azərbaycanın Əfqanıstanda stabilliyin bərqərar olmasını istədiyini qeyd edən nazir müavini rəsmi Bakının bu istiqamətdə Əfqanıstana yardımlar göstərmək niyyətində olduğunu bildirib: “Hazırda Azərbaycan mina təmizləmə, mili təhlükəsizlik, müdafiə, sərhəd-mühafizə sahəsində Əfqanıstana yardımlarını təklif edib, qarşı tərəf də bu təklifləri bəyənib. Azərbaycan mütəxəssisləri Əfqanıstanın qeyd etdiyim sahələr üzrə təhlükəsizlik qüvvələrinə öz ölkələrində treninqlər keçəcəklər”.
A.Əzimov əfqan mina təmizləyənlərin Azərbaycanda kurslarda iştirak etdiklərini də diqqətə çatdırıb, belə kursların davam etdiriləcəyini deyib: “Bu kurslar həm Azərbaycanda, həm də Əfqanıstanda təşkil olunacaq”.
Araz Əzimov, həmçinin, bildirib ki, Azərbaycan NATO ilə imzalanan Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) növbəti iki illik mərhələsinə başlamağa hazırlaşır. A.Əzimov deyib ki, bu, İPAP-ın 3-cü ikillik mərhələsidir. Nazir müavini gələn ilin mart-aprel aylarında İPAP çərçivəsində görülən işlərin əvvəlcə Azərbaycanın ayrı-ayrı hökumət strukturlarında, daha sonra NATO tərəfindən dəyərləndirilməsinin aparılacağını deyib. A.Əzimov bildirib ki, İPAP çərçivəsində nəzərdə tutulan planlar 99 faiz icra olunur.
Onun sözlərinə görə, növbəti iki illik mərhələnin 2010-cu ilin iyun ayında başlaması gözlənilir. Bununla bağlı aprel-iyun ayları ərəfəsində Azərbaycan hökuməti və NATO tərəfindən iki illik plan təsdiq olunacaq.
Nazir müavini İPAP çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklər arasında müdafiə nazirinin mülki şəxs olması barədə öhdəliyin olduğunu da qeyd edib: “Buna qədər isə Müdafiə Nazirliyində struktur islahatları aparılır. İslahatlar nəticəsində nazirliyin bəzi strukturlarının rəhbərləri mülki şəxslər təyin olunacaqlar”.
Qeyd edək ki, Azərbaycanla NATO arasında imzalanan İPAP-ın icrasına 2005-ci ilin aprel aylarında başlanıb. İPAP-ın birinci mərhələsi 2005-ci ilin aprel ayından 2008-ci ilin yanvarın 1-dək, ikinci mərhələsi isə həmin tarixdən 2010-cu ilin yanvarın 1-dək olan dövrü əhatə edir.

Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31