Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Konqresinin ədalətsiz qərarı

ABŞ Konqresinin ədalətsiz qərarı

16.12.2009 [09:44]

ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə dəstəyi beynəlxalq aləmdə onun demokratik imicinə ciddi zərbə vurur
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər davam edir. İki ölkə rəsmiləri arasında aparılan son danışıqlar isə bu problemin, nəhayət ki, ədalətli şəkildə, yəni, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümidləri artırır. Lakin məhz belə bir ərəfədə okeanın o tayından gələn xəbərlər azərbaycanlıların haqlı narazılığına səbəb olmaqla yanaşı, ortaya müəyyən suallar çıxarır.
Məlumat üçün deyək ki, ABŞ Nümayəndələr Palatası və Senat 2010-cu ildə Ermənistana və Dağlıq Qarabağ ermənilərinə iqtisadi yardım paketini qəbul edib. Paketdə Ermənistana 41 milyon dollar, Dağlıq Qarabağ ermənilərinə isə 8 milyon dollar məbləğində iqtisadi yardım ayrılması öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini, münaqişənin ədalətli həllinə çalışdığını dəfələrlə ən yüksək səviyyələrdə bəyan etmiş ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə dəstəyi beynəlxalq aləmdə onun demokratik imicinə ciddi zərbə vurur və rəsmi Vaşinqtona qarşı inamsızlığı gücləndirir.
Digər tərəfdən, əksər ekspertlərin də qeyd etdikləri kimi, indiki halda ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırması Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, separatçılığa dəstək, haqsızlıq və ədalətsizlikdir. Daha doğrusu, Dağlıq Qarabağın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgəsi olduğunu, hazırda bu bölgədə separatçı rejimin mövcudluğunu nəzərə alsaq, Birləşmiş Ştatların son addımı heç bir şəkildə anlaşılan deyil.
Bir sözlə, görünən odur ki, bu addım ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın neytral status saxlamadığını, bu ölkənin xarici siyasətində ziddiyyətlərin və tərəfkeşliyin olduğunu ortaya çıxarır. Bunu nəzərə alan Azərbaycan tərəfi isə ABŞ-ı neytral statusunu saxlamağa və separatçı rejimə yardım göstərməməyə çağırıb.
Məsələyə münasibət bildirən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, ABŞ Dağlıq Qarabağ problemi ilə Minsk qrupu çərçivəsində məşğul olur. Ona görə belə bir ölkənin separatçı bir rejimə yardım göstərməsi bizim tərəfimizdən təbii olaraq mənfi qarşılanır: “Biz ABŞ-ı neytral statusunu saxlamağa və separatçı rejimə yardım göstərməməyə çağırırıq. çünki hər bir yardım - onu hansı adla göstərirlər-göstərsinlər - istənilən halda separatçı rejimin güclənməsinə yardım göstərir və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dolayısı ilə təsir göstərir. Bu məsələni pisləyir və düşünürəm ki, nəinki təkcə biz, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlılar ABŞ-a öz etirazlarını çatdıracaqlar”.
Millət vəkili Hadı Rəcəbli isə deyib ki, əslində, ABŞ Konqresinin sözügedən qərarı ikili standart siyasətinin bariz nümunəsidir. Digər tərəfdən, ABŞ-ın separatçılara yardım ayırması bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdlərini alt-üst edir. çünki  bu əraziyə ayrıca vəsaitin ayrılması beynəlxalq hüquqa ziddir.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev də son addımı ABŞ-ın proseslərə ikili standartlarla yanaşması kimi dəyərləndirib. O, XXI əsr demokratiyasında ikili standartlardan istifadənin yolverilməz olduğunu vurğulayıb. Elxan Nuriyevin sözlərinə görə, kiçik ölkələr üçün bir, böyük dövlətlər üçün digər standart tətbiq etmək olmaz. “ABŞ Konqresinin Dağlıq Qarabağa maliyyə yardımı ayırması və Mərkəzi Kəşfiyyat İdarəsinin Dağlıq Qarabağdakı qanunsuz hakimiyyəti separatçı kimi tanıması - bir-birinə zidd olan faktorlardır, hansı ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yönəlik siyasətində ziddiyyət və qərəzlilik elementlərini bariz nümayiş etdirir”.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ABŞ-ın separatçılara yardımı rəsmi Vaşinqtonun hazırda yürütdüyü daha bir siyasətin səmimiliyini şübhə altına alır. Söhbət terrorçuluğa qarşı beynəlxalq mübarizə məsələsindən gedir. Axı hər kəsə bəllidir ki, bütün dünyada terrorla mübarizəni prioritet vəzifə elan etmiş ABŞ-ın işğal altındakı nəzarətsiz ərazilərə maliyyə yardımı hərbi xuntalara və separatçı rejimlərə dəstək kimi qəbul edilir. Hər halda okeanın o tayındakı idarəçilər bu amili unutmamalıdırlar. Ən azından, Prezident Barak Obama dünyada terrorun, separatçılığın, insanlığa zidd əməllərin çiçəklənməsinə rəvac verə biləcək sənədi imzalamamalıdır.
Yəqin ki, okeanın o tayındakılar öz addımlarına haqq qazandırmaq üçün müxtəlif açıqlamalar verəcəklər. Məsələn, ABŞ-ın Azərbaycandakı  səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson kimi guya həmin vəsaitlərin ərazilərin minalardan təmizlənməsinə yönəldiyini bildirənlər tapılacaq. Lakin istər cənab Devidson, istərsə də digər ABŞ təmsilçiləri reallığı unutmamalı, arzuların deyil, faktların dili ilə danışmalıdırlar. çünki faktlar bunun həqiqət olmadığını, həmin vəsaitlərin birbaşa separatçı rejimin güclənməsinə sərf edildiyini göstərir. Təbii ki, bu da ortaya “ABŞ Azərbaycan torpaqlarının işğal altında qalmasını, Dağlıq Qarabağın separatçı rejiminin güclənməsini istəyirmi?” sualını çıxarır. Hər halda Azərbaycan xalqı olaraq biz həm bu, həm də aşağıdakı suallara cavab axtarırıq: “Dağlıq Qarabağın erməni icmasına yardım göstərən ABŞ Konqresi nəyə görə Azərbaycan icması haqqında unudur?”, “Bu vəsaitlərin regionun münaqişələrdən əziyyət çəkən sakinlərinə ünvanlandığını iddia edən ABŞ təmsilçiləri nəyə görə münaqişədən əziyyət çəkən bir milyondan çox azərbaycanlını unudurlar?”, “Hər il Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərlərinin ABŞ-a səfərləri zamanı dilənçiliklə topladığı on milyonlarla dollar ABŞ-ın separatçı rejimə dəstəyi deyilmi?”, “Nəyə görə rəsmi Vaşinqton bu günə kimi bir dəfə də olsun toplanan həmin vəsaitlərin aqibəti barədə maraqlanmayıb?”
Son olaraq onu da bildirmək yerinə düşər ki, bizlər təkcə sual verməklə kifayətlənmirik. Azərbaycan vətəndaşları, 7-dən 77-yə bütün dünya azərbaycanlıları suallarımıza cavab almaq, haqsızlığın tam şəkildə aradan qalxmasına nail olmaq üçün təkcə Bakıda deyil, dünyanın istənilən nöqtəsində öz səsimizi ucaldır, etirazımızı çatdırırıq. Və kimsədə şübhə olmasın ki, “Euronews” telekanalının separatçıları təbliğ edən verilişinə etiraz olaraq kanalın mərkəzi ofisi qarşısında öz etirazlarını səsləndirən azərbaycanlılar tezliklə ABŞ Konqresinin ədalətsiz qərarına da münasibət bildirəcək, rəsmi Vaşinqtondan separatçılığa dəstək siyasətindən əl çəkməsini tələb edəcəklər.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1087 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30