Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətini tam dəstəkləyir

Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətini tam dəstəkləyir

03.10.2019 [09:47]

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır
Müasir dövrdə dünyanın siyasi və iqtisadi mənzərəsi çoxsaylı ziddiyyətlərlə səciyyələnir. Xüsusilə də, qlobal miqyasda baş verən kataklizmlər bir çox ölkələrin böhran kimi səciyyələndirilən mürəkkəb şəraitlə, tənəzzül və ciddi maliyyə problemləri ilə qarşı-qarşıya qalmasına səbəb olub. Ayrı-ayrı sahələrin strateji inkişaf planına və milli tərəqqi strategiyasına malik olan dövlətlər isə yeni iqtisadi perspektivlər formalaşdıra, inkişaf üçün əlverişli zəmin yarada biliblər. Bu mənada, Azərbaycan Respublikasının təcrübəsi də müsbət və mütərəqqi nümunə kimi səciyyələndirilə bilər.
Sirr deyil ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu gün Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan güclü, nüfuzlu ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının mütəmadi olaraq zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Azərbaycan iqtisadiyyatının inkişafı davamlı xarakter daşıyır
Azərbaycanın inkişafı davamlı xarakter daşımaqla bütün sahələri əhatə edir. Bu kontekstdə milli maraqlara əsaslanan, praqmatik enerji strategiyasının əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. İnkaredilməz reallıqdır ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan rasional enerji strategiyasının uğurla icra olunması nəticəsində həm ölkəmizdə sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılıb, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti və səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması, sözün əsl mənasında, tarixi hadisə idi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirdi, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin etdi. “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində çox mühüm rola malikdir. 1994-cü ildən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır. Daha dəqiq desək, bu gün yeni kontraktlar imzalanır, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edir.
Şübhəsiz ki, Azərbaycanın dinamik tərəqqisindən bəhs edərkən sosial-iqtisadi inkişafa xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrini xüsusi vurğulamaq lazımdır. Statistik göstəricilər də bu reallığı ifadə edir. Belə ki, son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb.
Əlbəttə, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir.
Həyata keçirilən quruculuq-abadlıq işləri vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır
Bunlarla yanaşı, neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində yüksək infrastruktur təminatı yaradılıb, ölkədə geniş abadlıq-quruculuq işləri aparılıb, paytaxt Bakının və regionlarımızın siması müasirləşib, əhəmiyyətli dərəcədə dəyişilib. Xüsusi vurğulamaq gərəkdir ki, dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən paytaxtımızda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxt Bakı gündən-günə abadlaşır, müasirləşir və yenilənir. Bu baxımdan, yeni park və xiyabanların salınması, mövcudlarının yenidən qurulması, sosial obyektlərin inşası, ictimai yerlərin istifadəyə verilməsi də xüsusi olaraq vurğulanmalıdır. Ümumilikdə, indiyədək paytaxt Bakının və regionlarımızın abadlaşdırılması, müasirləşdirilməsi istiqamətində görülən işlər vətəndaşların istirahətinin, asudə vaxtlarının səmərəli təşkilinə hərtərəfli imkan yaradır. Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı sakinlərlə görüş zamanı bu məqamlara toxunaraq qeyd edib ki, indi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
Bütövlükdə, həm regionlarda, həm də paytaxt Bakıda geniş abadlıq-quruculuq işlərinin aparılması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür. Bilirsiniz ki, bu yaxınlarda metronun “Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir. Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə də gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək. Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalnız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir. İndi mənim təşəbbüsümlə nümunəvi həyətlər qurulur. Bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq”.
Görülən işlər isə, qeyd etdiyimiz kimi, vətəndaşların rahatlığına xidmət edir və davamlı xarakter daşıyır. Dövlət başçısının vurğuladığı kimi: “...Bütün bunlar Bakının həm gözəlliyi, abadlığı, eyni zamanda, vətəndaşların rahatlığı üçündür. Biz bu işləri davam etdirəcəyik. Bakının hər bir guşəsi abad, gözəl olmalıdır. Vətəndaşlar üçün çox gözəl imkanlar yaradılmalıdır”.
Bütövlükdə, güclü maliyyə imkanları, mövcud iqtisadi potensial infrastrukturun yenilənməsinə, sosial məsələlərin həllinə, qarşıda duran strateji əhəmiyyətli vəzifələrin icrasına imkan verib. Faktlar isə sadəcə olaraq bu reallığı təsdiq edir. Bir sıra nümunələrə nəzər yetirək: Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Digər faktlara da nəzər salaq: ölkədə qazlaşdırma 96 faizdir, əhalinin 75 faizi isə dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub. Bütün bunların əsasında, vurğuladığımız kimi, güclü maliyyə imkanları və sürətli iqtisadi inkişaf dayanır.
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Mühüm məqamlardan biri də budur ki, ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı səmərəli sosial siyasət həyata keçirməyə imkan verib, Azərbaycan spesifik - unikal sosial dövlət modeli formalaşdırıb. Artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Son 15 ildə Azərbaycanda əməkhaqları 7,5 dəfə, pensiyalar isə 10 dəfədən çox artırılıb, 2003-2018-ci illərdə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enib. Ekspertlərin də vurğuladığı kimi, Azərbaycanda səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, 2019-cu ilin əvvəlindən etibarən sosial islahatlar daha aktiv fazaya daxil olub. Cari ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində Fərman və sərəncamlar imzalaması 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olub və bu məqsədlər üçün 1,5 milyard manat ayrılıb. 2019-cu ilin əvvəlindən minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. 2 milyondan çox insanı əhatə edən yeni sərəncamlar isə həm dövlət orqanlarında, həm də özəl sektorda çalışanların maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, yüz minlərlə köçkünə yeni evlər verilib, yeni mənzillər təqdim edilib. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlərin, müavinətlərin, mənzillər və minik avtomobillərinin verilməsi də xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin humanizm və sosial ədalət prinsiplərinə söykəndiyini, bu siyasətin mərkəzində ölkə vətəndaşlarının mənafeyi və rifahının dayandığını bir daha göstərir.
Azərbaycan ən islahatçı 20 ölkə sırasında...
Azərbaycanın davamlı inkişafını təmin edən çox mühüm strateji amillərdən biri bütün sahələri əhatə edən çoxşaxəli və paralel islahatların həyata keçirilməsidir. Ötən müddət ərzində sosial-iqtisadi inkişafa xidmət edən, eyni zamanda, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması üçün islahatlar həyata keçirilib, əhəmiyyətli nəticələr əldə olunub. Şübhəsiz ki, çoxşaxəli islahatların reallaşdırılması davamlı xarakter daşıyır. Dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatların aparılması da bu kontekstdə mühüm əhəmiyyətə malikdir.
Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq səviyyədə, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil edilməsi xüsusi qeyd edilməlidir. Hesabata əsasən, Azərbaycan “Doing Business” üzrə dörd sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir. Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.
Bütövlükdə, çoxşaxəli islahatlar Azərbaycanın milli gücünün daha da artmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir.
Azərbaycan müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır
Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.
Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bunlara paralel olaraq Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bütövlükdə, dünyada böyük etimad qazanan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir
Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.
Digər tərəfdən, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyi şərtləndirən əsas strateji faktor kimi çıxış edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “...Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır”.
Təbii ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən, respondentlərin 73,3 faizi tam, 20,3 faizi əsasən Prezident İlham Əliyevin Öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə aldığını bildiriblər. Ümumiyyətlə, dövlət idarəçiliyində səmərəliliyin təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha sübut edir ki, dövlətimizin başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Prezident İlham Əliyevin uğurlu və mütərəqqi sosial siyasəti, hər bir vətəndaşa olan yüksək münasibəti xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu da xalq-iqtidar birliyinin qarşılıqlı inam və etimad üzərində bərqərar olunmasının əyani təsdiqidir.
Bütövlükdə, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Xalqımız dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdə “Mənə də güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm. Bu, mənə güc verir. Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır. Bundan sonra da biz ancaq yüksələn xətlə inkişaf edəcəyik, buna heç kimin şübhəsi olmasın”, - deyə vurğulayıb.
Nurlan

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31