Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verir

Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verir

04.10.2019 [09:29]

Prezident İlham Əliyev: Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur
Regional güc mərkəzi olan Azərbaycan milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. O da qeyd edilməlidir ki, Azərbaycan region ölkələri ilə, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Eyni zamanda, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyət göstərir. Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ümumiyyətlə, ekspertlər qeyd edirlər ki, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir.
Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir
İkitərəfli və çoxtərəfli münasibətlərini uğurla davam etdirən Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Azərbaycanla Rusiya yalnız Xəzər sahilində eyni coğrafiyanı bölüşən ölkələr deyillər. Hər şeydən əvvəl onu vuğulamaq yerinə düşər ki, hər iki ölkəni ümumi tarixi keçmiş birləşdirir - həm Rusiya, həm də Azərbaycan bir neçə onillik ərzində eyni ittifaqın tərkibində mövcud olublar. Bu gün iki qonşu ölkə müstəqil dövlətlər kimi uğurla inkişaf edərək aralarındakı strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirirlər. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Dövlət başçıları, həmçinin beynəlxalq səviyyəli tədbirlərdə tez-tez bir araya gəlirlər. Prezidentlərin çoxtərəfli platformalarda da görüşləri baş tutur.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlməsi bu kontekstdə xüsusi qeyd edilməlidir. Oktyabrın 3-də isə Soçidə Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə iki ölkə arasında əməkdaşlıq və münasibətlərin inkişafı diqqət mərkəzində olub. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verilib, iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub. Digər tərəfdən, “Valday” Klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyərləndirilib. Dövlətimizin başçısı “Valday” Klubunun bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkan olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətinə toxunaraq “Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir”, - deyə vurğulayıb.
Ticari-iqtisadi sahədə əlaqələr müsbət dinamikaya malikdir
İki ölkə arasında iqtisadi sahədə də əməkdaşlığın spektri kifayət qədər genişdir. Başqa sözlə, ticari-iqtisadi sahədə əlaqələr müsbət dinamikaya malikdir, uğurla inkişaf edir. Əmtəə dövriyyəsinin davamlı olaraq artması da xüsusi əhəmiyyət kəsb edir. Hər iki tərəfin təsdiq etdiyi “Yol xəritələri”nin reallaşdırılması isə, heç şübhəsiz, qarşılıqlı-faydalı əməkdaşlığın dərinləşməsi, bütün sahələrdə inteqrasiyanın intensiv xarakter daşıması baxımından böyük önəm daşıyır. Dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib: “Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır - keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da, əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq”.
Bunlarla yanaşı, Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafına mühüm töhfələr verən əhəmiyyətli amillərdən biri regionlararası əlaqələrin intensiv xarakter daşımasıdır. Ümumiyyətlə, dövlət başçılarının siyasi iradəsi əsasında regionlararası forumların keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Forum işgüzar dairələr arasında birbaşa ünsiyyətin qurulması, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca səmərəli platformadır. Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin intensivləşməsi və yeni istiqamətləri əhatə etməsi üçün hər iki ölkənin müvafiq qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Yəni ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks işlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Bunlarla yanaşı, qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirilir. Tərəflər ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. Bu kontekstdə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları da əhəmiyyətli rol oynayır, həmçinin sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanları mövcuddur.
Göründüyü kimi, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflər arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı, eyni zamanda, regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından da müstəsna əhəmiyyətə malikdir. Daha da dəqiqləşdirsək, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik kontekstində mühüm əhəmiyyət kəsb edir.
Bütövlükdə, dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan görüşdə “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk”, - deyə diqqətə çatdırıb.
Nəticə etibarilə, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanır, uğurla inkişaf edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31