Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Keçid dövrü bitdi: gələcəyə baxış"

"Keçid dövrü bitdi: gələcəyə baxış"

25.12.2009 [10:07]

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Dünən “Hyatt Regency” otelində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Keçid dövrü bitdi: gələcəyə baxış” adlı konfrans keçirilib. Konfransda YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və hökumət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov öncə dekabrın 23-də Azərbaycanın ictimai-siyasi həyatında mühüm olan növbəti bələdiyyə seçkilərinin keçirildiyini və YAP-ın bu seçkilərdə uğur qazandığını bildirib. Azərbaycanda növbəti seçkilərin arxada qaldığını deyən Əli Əhmədov bildirib ki, bu hadisə ölkəmizin siyasi inkişaf tarixinin mühüm bir səhifəsinə çevrildi: “ölkəmizdə üçüncü dəfə keçirilən bələdiyyə seçkiləri baş tutdu. Hesab edirəm ki, yerli özünüidarəetmə orqanlarına keçirilən növbəti seçki Azərbaycanın seçki praktikasının təkmilləşməsində, seçki demokratiyasının genişlənməsində və bütövlükdə ölkəmizin demokratik inkişafında əhəmiyyətli bir mərhələni təşkil edir. Qeyd etmək lazımdır ki, iki ay yarım davam edən seçki kampaniyasının bütün gedişi Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə təşkil edilib, seçkilərin ədalətli və şəffaf, demokratik şəraitdə keçirilməsi üçün seçki prosesinə qoşulan bütün tərəflər, ilk növbədə müvafiq strukturlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Görülən bütün bu işlərin nəticəsində Azərbaycanda növbəti seçkilər tamamilə şəffaf, demokratik, ədalətli və bərabər yarışma şəraitində baş tutub”.
Əli Əhmədov bildirib ki, konfrans Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatdı” tezisinin bəyan edilməsinə həsr olunub. YAP Sədrinin müavini hesab edir ki, bu, Azərbaycanın inkişaf tarixində çox əhəmiyyətli bir mərhələnin başa çatmasını, yeni keyfiyyət mərhələsinin əsasının qoyulmasını ifadə edən Prezident tərəfindən səsləndirilən bəyanat idi. Bəyanatın 2009-cu ilin noyabr ayında səsləndirilməsi dünyanın güclü dövlətlərinin milli iqtisadiyyatını lərzəyə salmış böhranın Azərbaycana təsirinin az olmasının əsaslarını açıq göstərir. Onun sözlərinə görə, bunun kifayət qədər ciddi əsasları var: “Bu, qlobal iqtisadi böhran dövründə Azərbaycanın iqtisadiyyatının nə qədər dayanıqlı olduğunu göstərir. Keçid dövrünün başa çatması həm iqtisadiyyat, həm də həyatın digər sahələrində yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin öz hədəfləri və vəzifələri var”.
Əli Əhmədov qeyd edib ki, keçid dövrünün başa çatması Azərbaycanda islahatların əhəmiyyətli keyfiyyət mərhələsinə gəlib çatmasından xəbər verir: “İqtisadiyyatda bazar münasibətləri tam formalaşıb. Digər tərəfdən, keçid dövrünün başa çatması sosial və iqtisadi inkişaf göstəriciləri sırasında əhəmiyyətli yer tutan orta təbəqənin formalaşmasını da özündə ehtiva edir. Deməli, Azərbaycanda keçid dövrünün başa çatması ölkəmizdə çox əhəmiyyətli bir nailiyyət olan orta təbəqənin formalaşdığını və bu prosesin keyfiyyət mərhələsinə çatdığını sübuta yetirir”.
“2009-cu il dünya dövlətləri üçün ağır maliyyə-iqtisadi böhran ili kimi yadda qaldı. Amma Azərbaycana bu böhranın ciddi təsiri olmayıb. Bu fakt Azərbaycanın inkişaf etdiyini göstərən gerçəklikdir” deyən Əli Əhmədovun sözlərinə görə, bu vaxta qədər ölkə daxilində bəzi dairələr tərəfindən inkişafın yalnız neft amilindən asılı olması ilə bağlı rəyin formalaşdırılmasına çoxlu cəhdlər göstərilirdi: “Biz isə hər dəfə iqtisadi inkişafın kökündə neft amilinin yox, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətin düzgünlüyünün dayandığını bildirirdik. 2009-cu ilin çox sərt maliyyə böhranı bizim dediklərimizi təsdiq etdi”.
2008-ci ilin sonu və 2009-cu ilin əvvəllərində neftin qiymətinin 3-4 dəfə aşağı endiyini xatırladan YAP Sədrinin müavini qeyd edib ki, bununla da, dövlət büdcəsində neftdən gələn gəlirlər xeyli azaldı. Amma nə sosial sferada, nə də infrastruktur layihələrinin həyata keçirilməsində böhranlı vəziyyət yaranmadı. Eləcə də, işsizlik baş vermədi, manatın məzənnəsinin aşağı düşməsinə imkan verilmədi. Beləliklə, Azərbaycanda iqtisadi vəziyyətin pisləşməsi halı müşahidə olunmadı. Bütün bunlar iqtisadi inkişafda neft amilinin rolunu dərk etməklə yanaşı iqtisadiyyatın yalnız bu amil üzərində dayanmadığını təsdiqlədi. Yəni dünya böhranı şəraitində Azərbaycan iqtisadiyyatı dayanıqlığını sübut etdi. Bu, 2009-cu maliyyə-iqtisadi ilinin ən başlıca uğurudur.
Əli Əhmədovun sözlərinə görə, 2009-cu ilin iqtisadi nəticələri, həmçinin, həyatımızın digər sahələrini əhatə edən inkişaf Azərbaycan iqtisadiyyatının cox ciddi və etibarlı dayaqlar üzərində qərar tutduğundan xəbər verir. Təbii ki, dünya böhranı şəraitində Azərbaycanda keçid dövrünün başa çatması bu uğuru şərtləndirən amildir. Azərbaycanın bütün sahələrində yeniləşmə iqtisadiyyatda keçid dövrünün başa çatmasının həyatımızın digər sahələrində də keyfiyyət dəyişiklikləri üçün ciddi əsas olduğunu sübuta yetirir.
“Bütövlükdə bu il Azərbaycanın qarşısında duran vəzifələrinin həlli istiqamətində addımların atılması ilə də yadda qalacaq. Dağlıq Qarabağ probleminin acı nəticələrinin aradan qaldırılması istiqamətində səylərin artırılması və bu səylərin nəticəsində beynəlxalq güclərin, təşkilatların münaqişənin nizama salınmasına diqqətinin artması, intensivliyin yüksəlməsi, bir sözlə, bütün bunların hamısı 2009-cu ilin gerçəklikləridir. Hesab edirəm ki, 2009-cu il bütövlükdə Azərbaycan üçün uğurlu olub. Azərbaycan bir il də irəliyə gedə bilib, bir il də iqtisadiyyat yüksələ bilib, bir il də Azərbaycan dünya birliyində öz mövqelərinin yüksək olduğunu sübuta yetirə bilib. Bütün bunların hamısı 2009-cu ilin uğurlarıdır. Biz Azərbaycanın uğurlar aktivinə 2009-cu ili tam əminliklə daxil edə bilərik”, - deyə YAP Sədrinin müavini qeyd edib. Əli Əhmədov 24 dekabr tarixinin Prezident İlham Əliyevin ad günü olduğunu deyərək bu münasibətlə konfrans iştirakçıları adından dövlət başçısını təbrik edib.
Konfransda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatının keçid dövründəki durumu haqqında ətraflı məlumat verib. O, bildirib ki, sovet sistemi dağıldıqdan sonra müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə uğrayıb. Nazirin sözlərinə görə, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahədə ciddi dəyişikliklər baş verib. Belə ki, Ulu öndərin fəaliyyəti nəticəsində iqtisadi böhran aradan qaldırılıb və hazırda müəyyənləşdirilmiş siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. “Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanıb. Qeyri-neft sektorunda artım baş verib, regionların inkişafı sürətlənib. Eləcə də, milli valyuta möhkəmlənib, bank sisteminin etibarlılığı artıb”, - deyə nazir bildirib.
Ş.Mustafayevin sözlərinə görə, son bir neçə il ərzində əhalinin sosial rifahı yüksəlib və davamlı iqtisadi inkişaf təmin olunub. 2004-2008-ci illərdə ümumi Daxili Məhsulun həcmi 2,6 dəfə artıb. Nazir bildirib ki, 2008-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi Cənubi Qafqaz ölkələri iqtisadiyyatının üçdə ikisini təşkil edib. Dünyada baş verən iqtisadi böhran isə Azərbaycana ciddi təsir göstərməyib.
“Azərbaycanın iqtisadi artımı 2009-cu ildə də davam edib. Belə ki, bu ilin yanvar-noyabr aylarında üDM-in real artımı 9 faiz olub. Kənd təsərrüfatı istehsalında artım 3,3 faiz, rabitə sahəsində 12 faiz, nəqliyyat sahəsində 7,7 faiz təşkil edib. Əhalinin banklarda əmanətləri 18,4 faiz artıb”, - deyə o, vurğulayıb. Ş.Mustafayev deyib ki, Azərbaycanın qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da özünü göstərir. Nazirin sözlərinə görə, keçid dövrünün başa çatması onu deməyə əsas verir ki, Azərbaycan dövləti bazar iqtisadiyyatına keçid sahəsində oturuşmuş mövqeyə və transformasiya dövrü üçün geniş inkişaf potensialına malikdir. Nazir bildirib ki, yeni mərhələdə makrosabitliyin qorunub saxlanılması qarşıya əsas məqsəd kimi qoyulub və bunun üçün tədbirlər davam etdiriləcək.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümöv isə çıxışında keçid dövrü şəraitində milli neft strategiyasının rolundan danışıb. O, bildirib ki, ölkəmizin milli sərvəti olan neft və qaz sahəsində əldə olunan gəlirlərin toplanaraq səmərəli istifadə edilməsi ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsasını təşkil edir. Bu məqsədlə 29 dekabr 1999-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə Dövlət Neft Fondu yaradılıb. Ş.Mövsümov deyib ki, yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivləri hazırda 15 milyard dollara yaxınlaşıb. “Milli neft strategiyası Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, ölkəmizin Cənubi Qafqazda lider olmasını şərtləndirdi və dinamik iqtisadi inkişafa təkan verdi”, - deyə fondun icraçı direktoru vurğulayıb. İqtisadi uğurlardan danışan Ş.Mövsümov qeyd edib ki, hazırda üDM-in 85 faizi özəl sektorda istehsal olunur. “Eyni zamanda, ölkədə bazar prinsiplərinə uyğun qanunvericilik bazası mövcuddur. Bu kmi amillər əsas verir ki, keçid dövrünün başa çatması və Azərbaycanın bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkə olması bəyan edilsin. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrü başlayır. ölkənin gələcək inkişafı çoxşaxəli, dinamik, müasir innovasiyalarla əhatə olunan iqtisadiyyatla, xüsusilə qeyri-neft sektoru ilə bağlıdır”, - deyə Fondun rəhbəri vurğulayıb.
Milli Məclisin komitə sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə keçid dövrünün nəzəri əsasları mövzusunda çıxış edib. Azərbaycanın MDB-də keçid dövrünü ilk başa vuran ölkə olduğunu deyən Ş.Hacıyevin sözlərinə görə, ölkəmizdə iqtisadi siyasət elmi əsaslarla yanaşı real proqnozlara uyğun şəkildə həyata keçirilir. Komitə sədri bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycanın inkişaf strategiyasının həyata keçirilməsi hazırda yeni mərhələyə qədəm qoyub. “Bu gün ölkəmiz dünyaya yeni statusda təqdim olunur”, - deyən Ş.Hacıyev qeyd edib ki, keçid dövrünün başa çatması gələcək üçün yeni vəzifələri də müəyyənləşdirib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1076 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30