Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət Azərbaycanın milli maraqlarına xidmət edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət Azərbaycanın milli maraqlarına xidmət edir

21.12.2019 [09:45]

Dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Regional güc mərkəzi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Yüksək beynəlxalq nüfuza malik olan Azərbaycana rəğbət artır
Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni respublikamız tam müstəqil siyasət həyata keçirir, Azərbaycanın sözü ilə əməli birdir. Buna görə də Azərbaycana olan rəğbət daim artır, ölkəmizə yüksək hörmət və etimad göstərilir. Digər tərəfdən, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bununla yanaşı, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Məlumdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub ki, bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verməsi də olduqca yüksək qiymətləndirilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir
Ölkəmizin xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yəni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistanın isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Ermənistanın yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Bu çıxışlarda daha çox tarixi faktlar təhrif olunub, beynəlxalq hüquq normalarının aliliyini şübhə altına almaq cəhdləri müşahidə edilib. Yəni Ermənistan tərəfi sülh danışıqlarını pozmaq, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi çərçivəsində həllinə mane olmaq üçün müxtəlif manipulyasiyalar edir. Bir sözlə, işğalçı siyasətini davam etdirən Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir.
Digər mühüm məqamlardan biri budur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının milli maraqlara və müasir çağırışlara müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycanın Ermənistan qarşısında aşkar diplomatik üstünlüyünü təmin edib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsinə müstəsna töhfələr verir
Bunlarla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, həmçinin onun Azərbaycan Prezidentinin müasir dövlət quruculuğu sahəsindəki fəaliyyətinə dəstəyi də ölkəmizdə ardıcıl uğurların əldə olunmasını şərtləndirir. O da qeyd edilməlidir ki, Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti Azərbaycanın inzibati-siyasi sərhədləri ilə məhdudlaşmır. O, humanizm və sosial ədalət prinsipinə əsaslanan fəaliyyətini ölkənin hüdudlarından kənarda da uğurla və əzmlə davam etdirir, Azərbaycanın müsbət beynəlxalq reputasiyasının daha da möhkəmlənməsində fəal rol oynayır. Beləliklə, bu fəaliyyət həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə, respublikanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına fundamental töhfələr verir. Xarici ölkələrə rəsmi və işgüzar səfərlər edilməsi, əhəmiyyətli görüşlərin keçirilməsi bu kontekstdə xüsusi vurğulanmalıdır.
Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparması da ölkəmizin beynəlxalq nüfuzunun güclənməsində böyük əhəmiyyətə malikdir. Xüsusilə də, Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Şübhəsiz ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Bir sözlə, Fond tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31