/ / Prezident İlham Əliyev: Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır
Prezident İlham Əliyev: Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır
07.05.2020 [11:39]
Ölkəmizdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyanın, rüşvətxorluğun meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldılır, eyni zamanda, belə neqativ hallara qarşı sərt cəza tədbirləri görülür
Son illərdə Azərbaycan zamanın dəyişən tələblərinə yüksək səviyyədə cavab verən islahatlar yolu ilə inkişaf edir. Əminliklə söyləmək olar ki, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla hazırlanan və Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla təsdiqlənərək uğurla icra edilən islahatlar ölkəmizin mənzərəsini tamam dəyişib. İqtisadi və sosial sahələrdə, Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə aparılan islahatlar ölkəmizi daha da gücləndirməklə yanaşı, vətəndaşlarımızda dərin məmnunluq hissi yaradır. Yeri gəlmişkən, Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən ölkəmizdə aparılan sosial-iqtisadi, institusional və siyasi islahatların önəminə bir daha diqqət çəkib. “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizdə aparılan islahatlar çoxşaxəli olması ilə diqqəti çəkir. Bəhs olunan qəbulda dövlət başçısı qeyd edib ki, bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq. Dövlət başçısının qəbulda islahatlar çərçivəsində prokurorluq orqanlarının qarşısında qoyduğu mühüm vəzifələrdən biri isə indiki şəraitdə ölkəmizdə şəffaflığın artırılması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirlməsi ilə bağlıdır.
Korrupsiyaya və korrupsionerlərə qarşı bundan sonra da qətiyyətli mübarizə aparılacaq
Korrupsiyaya, rüşvətxorluğa və bu kimi digər mənfi təzahürlərə qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında yer alır. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlərdə qanunun aliliyi əsas prinsip kimi götürülür. Azərbaycan Prezidentinin qəti mövqeyi belədir ki, vəzifəsindən asılı olmayaraq heç kəs özünü seçilmiş və yaxud üstün hüquqlara malik şəxs kimi aparmamalıdır. Dövlət başçısı vəzifəyə təyin etdiyi məmurlara tapşırıq verir ki, insanlarla ünsiyyətdə sadə və səmimi olsunlar, vətəndaşları incitməsinlər, onlardan hansısa təmənnalar gözləməsinlər. Burada cənab Prezidentin şəxsi nümunəsi hər bir məmur üçün örnək olmalıdır. Dövlət başçımız Özünün xalqın birinci xidmətçisi olduğunu dəfələrlə bəyan edib. Şübhəsiz ki, məmurlar da bundan nümunə götürməli və dövlət başçısının onlara verdiyi tapşırıqlardan nəticə çıxarmalıdırlar. Prezident İlham Əliyev bəhs olunan məsələlərlə bağlı prinsipial yanaşmasını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.
Bəhs olunan qəbulda Azərbaycan Respublikasının yeni təyin olunan Baş prokuroru Kamran Əliyev ölkəmizdə Prezident İlham Əliyevin səyləri sayəsində səmərəli antikorrupsiya platformasının yaradıldığına diqqət çəkib. O bildirib ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra korrupsiyaya qarşı mübarizə Onun həyata keçirdiyi islahatların, siyasətin ən mühüm tərkib hissəsi olub.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin sistemli xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə bu problemə qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Son 16 ildə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib.
Respublikamızda ardıcıl şəkildə reallaşdırılan institusional tədbirlər də korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artmasında mühüm rol oynayır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı kimi yaradılıb. Vətəndaşlardan daxil olan müraciətlərin, korrupsiya hallarına dair faktların operativ araşdırılması və yüksək peşəkarlıq bu qurumun faliyyətinin əsas məğzini təşkil edir. Bunu korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan uğurlu nəticələr də təsdiqləyir.
Azərbaycan ötən illərin təcrübəsinə əsaslanaraq korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin səmərəliliyini daha da artırmaq əzmindədir. Son vaxtlarda verilən qərarlara istinadən deyə bilərik ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni və daha sərt mərhələsi başlayıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Kamran Əliyevin respublikanın Baş Prokuroru təyin edilməsi, hər şeydən əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni ən ümdə istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən xəbər verir. Prezident İlham Əliyev prokurorluq orqanlarının korrupsiyaya və rüşvətxorluğa qarşı daha fəal iş aparmasının zəruriliyini bildirərək vurğulayıb: “Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.
Bu məqamda vacib bir məsələni də qeyd etmək yerinə düşər. Son vaxtlar ölkəmizdə hüquq-mühafizə sistemində həyata keçirilən islahatlarda cəza siyasətinin humanistləşdirilməsi əsas istiqamətlərdən biri kimi götürülüb. Bununla belə, dövlətin cəza siyasətini humanistləşdirməsi heç də məqsədli şəkildə cinayət törədən şəxslərin məsuliyyətdən kənarda qalması anlamına gəlməməlidir. Yol verilən cinayətlər mütləq adekvat şəkildə cəza tədbirləri ilə qarşılanmalıdır. Məlum olduğu kimi, son vaxtlarda Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində dörd rayonun - Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra hakimiyyəti başçılarının, həmçinin ayrı-ayrı icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbər şəxslərinin qanundankənar əməlləri ifşa edilib və onlar həbs olunublar. Respublikamızda bəhs olunan təyinat və digər tədbirlər o reallığı ortaya qoyur ki, dövlətimiz, Prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə israrlıdır.
Pandemiya şəraitində vətəndaşların haqqını qəsb edən məmurlar ən ciddi cəzaya layiqdirlər
Məlum olduğu kimi Azərbaycan dövləti yeni növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirir. Nazirlər Kabineti yanında Operativ Qərərgah, digər aidiyyatı dövlət qurumları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Dövlət başçısı pandemiyaya qarşı mübarizə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsini özündə ehtiva edən bir neçə Fərman və Sərəncam imzalayıb. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq indiki çətin vəziyyətdə insanların sağlamlığının qorunması əsas vəzifə kimi müəyyənləşdirilib. Eyni zamanda, Azərbaycan dövləti ölkə vətəndaşlarının sosial müdafiəsinin təmin edilməsi istiqamətində fəal siyasət həyata keçirir. Belə ki, pandemiya şəraitində insanların məşğulluğu və rifahı dövlət tərəfindən dəstəklənir. Hazırda respublikamızda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan təxminən 300 min muzdlu işçiyə və bir o qədər də mikrosahibkara maliyyə dəstəyi göstərilməsi proqramı uğurla reallaşdırılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlətdən birdəfəlik ödəmə alan vətəndaşların sayı 200 mindən 600 minə çatdırılıb. Eyni zamanda, dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlərə cəlb olunanların sayının 90 inədək artırılması hədəflənib. Həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 80 minədək artırılıb.
Təəssüflər olsun ki, Azərbaycan dövlətinin və cəmiyyətinin pandemiyaya qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda vəziyyətdən sui-stifadə edərək özlərinin korporativ maraqlarını güdənlər də tapılır. Belələrinin sırasında yüksək vəzifə sahibi olanların da yer alması xüsusilə təəssüf doğurur. DTX-nin keçirdiyi əməliyyatlar zamanı üzə çıxan neqativ hallardan biri də odur ki, ayrı-ayrı rayonların icra hakimiyyəti başçıları, onların yerlərdəki nümayəndələri vətəndaşların haqqını qəsb edirlər. Prezident İlham Əliyev məmurların bu qəbildən olan əməllərini xəyanət kimi qiymətləndirərək “İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır”, - deyə vurğulayıb.
Onu da qeyd edək ki, Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa, vəzifələrindən sui-istifadə edən məmurlara qarşı sərt mübarizə apararkən yenə də cəmiyyətə güvənir. Bu günlərdə Azərbaycan Prezidentinin ünvanına vətəndaşlardan çoxsaylı məktublar gəlir. Vətəndaşlar öz məktublarında korrupsiyaya bulaşmış məmurlara qarşı həyata keçirilən tədbirlərə dəstəklərini ifadə edirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

