Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis yaz və növbədənkənar sessiyalar ərzində qarşısında duran hədəflərə nail olub

Milli Məclis yaz və növbədənkənar sessiyalar ərzində qarşısında duran hədəflərə nail olub

03.07.2020 [09:00]

Sessiyalar dövründə Milli Məclis çevik şəkildə dövlət siyasətinin çağırışlarına uyğunlaşmaq, düzgün formatlarda strukturlaşmaq, müasir kommunikasiya platformalarında sistemli işi təşkil etmək, iqtisadi, hüquqi və siyasi sənədləri hazırlamaq, geniş müzakirə atmosferi yaratmaqla öz işini səmərəli şəkildə qura bilib
Məlum olduğu kimi, iyunun 30-da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Qeyd edək ki, VI çağırış yeni tərkibli parlament həm yaz, həm də növbədənkənar sessiyalar ərzində qarşıda duran vəzifələri layqincə yerinə yetirib. Belə ki, VI çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilib. İyunun 30-da keçirilmiş parlamentin növbədənkənar sessiyasının son iclasında isə spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib. Sahibə Qafarova əminliklə qeyd edib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.
Məsələ ilə bağlı münasibət bildirən Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov VI cağırış Milli Məclisin yaz və növbədənkənar sessiyalarının yekunlarını çox müsbət və yüksək qiymətləndirdiyini deyib. E.İbrahimov bildirib ki, bu dövrü həm də Azərbaycan parlamenti tarixində yeni mərhələnin başlanğıcı saymaq olar. Çünki VI çağırış parlament yeni tərkibli, yeni ruhlu, ölkədə aparılan islahatlar prosesinin ruhuna uyğun olan bir parlamentdir.
E.İbrahimov xatırladıb ki, VI çağırış Milli Məclis bu ilin martın 10-da öz fəaliyyətinə başladı: “İlk açılış iclasında cənab Prezident İlham Əliyev iştirak edərək parlamentarilər qarşısında geniş və dərin məzmunlu nitq söylədi, qarşıdakı hədəfləri söylədi, deputatlar qarşısında bir sıra mühüm tapşırıqlar və vəzifələr qoydu. Eyni zamanda, parlamentin yeni rəhbərliyi, komitə və komissiyaların yeni tərkibləri, yeni sədr və sədr müavinləri seçildi. Həmçinin 28 ildən sonra daha bir ilkə, yeniliyə imza atılaraq, Azərbaycan parlamentinə xanım siyasətçi Sədr seçildi. Bizim çox dəyərli həmkarımız, professor Sahibə xanım Qafarova Milli Məclisin yeni Sədri seçilərək, fəaliyyətinə başladı. Fəaliyyətinin ilk günündən də parlamenti çox demokratik və plüralist şəkildə idarə etməyə başladı. İstər cari məsələlərin, istərsə də qanun layihələrinin hərtərəfli və ətraflı müzakirələrində iştirak və çıxış etmək, irad və təkliflərini bildirmək üçün bütün millət vəkillərinə, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabər şərait və imkanlar yaratdı”.
Komitə sədrinin sözlərinə görə, spiker xüsusilə də parlamentə ilk dəfə seçilmiş və gənc millət vəkillərinə özlərini ifadə etmələri, fəallıq göstərmələri üçün hərtərəfli dəstəyini nümayiş etdirdi: “Bütün fikirlərə hörmətlə, ehtiramla yanaşdı, səbr, təmkin, əsl siyasi mədəniyyət nümayiş etdirdi. Heç kimin çıxışını yarımçıq kəsmədi, dayandırmadı, hər kəsə öz fikrini sonacan ifadə etmək imkanı, şansı yaratdı. Biz də İntizam komissiyası olaraq, öz üzərimizə düşən işləri görməyə çalışdıq. İntizam məsələləri, etik davranış qaydalarına əməl edilməsi ilə bağlı bir daha müzakirələrimiz, deputatlarla söhbətlərimiz oldu. Parlament tarixində ilk dəfə olaraq, Komissiyamızın geniş tərkibdə iclasını keçirdik, orada çox məsələlər ətrafında faydalı müzakirələrimiz oldu, bəzi məsələlərin yaxın dönəmdə qanunvericilik səviyyəsində tənzimlənməsi ilə bağlı müəyyən qərarlar alındı və onları da qarşıdan gələn payız sessiyasında həll etməyi, reallaşdırmağı nəzərdə tuturuq”.
“Bundan başqa, sessiya ərzində nəzərdə tutulmuş bütün qanun layihələrini, müxtəlif qanunlara və məcəllələrə dəyişiklikləri özündə ehtiva edən qanunvericilik aktlarını qəbul etdik. Ağır və çətin pandemiya şəraitinə baxmayaraq, 4 ay ərzində istər parlamentin, istərsə də komitələrin işində, fəaliyyətində fasilələr, boşluq yaranmadı. Hökumətin, Ombudsmanın, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçiriən orqanın, Hesablama Palatasının və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatları dinlənildi. Eyni zamanda, millət vəkilləri 3 dəfə testdən, müayinədən keçirildi. Bundan savayı, ölkənin birinci xanımı Mehriban Əliyevanın çağırışına cavab və dəstək olaraq, Sahibə xanımın təşəbbüsü və iştirakı ilə Milli Məclisdə qanvermə aksiyası təşkil olundu. İnsanların, vətəndaşların pandemiya ilə bağlı xüsusi karantin rejiminin tələblərinə və şərtlərinə əməl etmələri ilə bağlı bir neçə dəfə parlament rəhbərliyi və millət vəkilləri səviyyəsində çağırışlar edildi. Bununla bağlı həm də qanunvericiliyə-İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər olundu.
Xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, Sahibə xanımın təşəbbüsü və birbaşa rəhbərliyi ilə parlamentin Aparatında kökülü dəyişikliklər, kadr və struktur islahatları həyata keçirildi, bəzi şöbələr ləğv edildi, bəziləri birləşdirildi, daha bacarıqlı və qabiliyyətli şəxslər önə çəkildi. Ona görə də hesab edirəm ki, VI çağırış parlamentin ilk sessiyası, 4 aylıq fəaliyyəti çox effektiv, müsbət və məhsuldar oldu. Bunu birmənalı şəkildə Milli Məclis tarixində yeni dövrün, yeni mərhələnin başlanğıcı saymaq olar. Bütün bu işlərə görə də parlamentimizin sədri Sahibə xanım Qafarovaya minnətdarlıq edir, ona uğurlar arzulayıram. Hesab edirəm ki, bundan sonrakı dönəmdə də estafet məhz bu cür davam etdiriləcək”, - deyə E. İbrahimov vurğulayıb.
“Qlobal pandemiya dövrünün çətinlikləri şərtlərində Milli Məclisin yaz və növbədənkənar sessiyası başa çatıb. Cari dövrün çağırışlarına cavab verən qanunvericilik fəaliyyəti ilə parlament qarşısında duran hədəflərə əsasən nail olub. Yaranan bir çox çətinliklərə baxmayaraq, parlamentin uğurlu fəaliyyəti ilk növbədə möhtərəm Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsi olub. Dövlət başçısının Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentə və onun üzvlərinə etdiyi tövsiyələr hər birimizin fəaliyyətində əsas prinsiplər olmuşdur. Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis çevik şəkildə dövlət siyasətinin çağırışlarına uyğunlaşmaq, düzgün formatlarda strukturlaşmaq, müasir kommunikasiya platformalarında sistemli işi təşkil etmək, iqtisadi, hüquqi və siyasi sənədləri hazırlamaq, geniş müzakirə atmosferi yaratmaqla öz işini səmərəli şəkildə qurmağa nail ola bilib”. Bu fikirləri isə Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, başa vurduğumuz sessiyalar zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi də həm iş planı üzrə, həm də qanun layihələrində edilən cari dəyişikliklərlə öz işini qurmağa çalışıb. Onlayn platformalardan geniş istifadə etməklə pandemiyanın məhdudiyyətlərinin qarşısını almaq əsasən mümkün olmuşdur. Hesablama Palatasının illik hesabatının, 2019-cu ilin dövlət büdcəsinin icrası layihəsinin geniş müzakirəsi zamanı ilk dəfə olaraq qeyri-hökumət təşkilatlarının da iştirakı təmin edilməklə ictimai müzakirələrə geniş yer verilib. Qanun layihəsinin hazırlanması zamanı komitədə işçi qruplar yaradılıb və müzakirələrə ilk dəfə olaraq 3-cü tərəf, yəni qanunun tənzimləyəcəyi sahibkarlıq subyektləri də cəlb olunub və onların da fikirləri nəzərə alınıb. Bu yeniliklərin əsas məqsədi dövlət başçısının tövsiyə etdiyi kimi, qanunların keyfiyyətini artırmaq, onların işlək mexanizmlərə malik olmasını təmin etməkdir. Sessiya zamanı pandemiya dövründə təsirlərə məruz qalan sahibkarlıq subyektləri üçün vergi güzəştlərini özündə ehtiva edən dəyişikliklərin qəbul edilməsi sahibkarlara bu dövr üçün mühüm dəstək mexanizmləri formalaşdırıb. Komitə üzvləri bu dövrdə mətbuatda xüsusi aktivlik nümayiş etdirərək iqtisadi və siyasi mövzularda maarifçilik işinin aparılmasına töhfə verməyə çalışıblar.
“Hesab edirəm ki, aparılan siyasi və idarəetmə islahatları, ilk dəfə atılan addımlar cəmiyyətin Milli Məclisdən gözləntilərinə cavab verməyə çalışmaqla yanaşı, gələcək konseptual, planlı və strateji vəzifələrin həyata keçirilməsində müstəsna rol oynayacaqdır. Bizi qarşıda daha məhsuldar payız sessiyası gözləyir. Seçicilərin inamını doğrultmaq üçün fəaliyyətimizin səmərəsini artırmağı planlayırıq. Əminəm ki, növbəti sessiyada parlamentin uğurları daha çox olacaqdır”, - deyə komitə sədri vurğulayıb.
“VI çağırış Milli Məclisin həm yaz sessiyası, həm də növbədənkənar sessiyasında ölkə üçün mühüm əhəmiyyət kəsb edən bir sıra qanunlar qəbul olunub. Yaz sessiyasında 12 iclas olub, 123 qanun layihəsi qəbul edilib”. Bu fikirləri isə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, bundan başqa, növbədənkənar sessiya müddətində keçirilən 8 iclasda 35 qanun və qərar qəbul olunub: “Milli Məclisin bu dövrdəki fəaliyyəti koronavirus pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərlə müşayiət olunsa da parlament kifayət qədər səmərəli fəaliyyət göstərdi”.
S.Məmmədov vurğulayıb ki, həm koronavirusla mübarizə tədbirlərinin qanunvericilik bazasının yaradılması, həm ölkə həyatının digər sahələri ilə bağlı qanunların qəbul olunması, həm də digər ölkələrin parlamentləri, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi Milli Məclisin ötən dövrdəki fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. “Azərbaycan parlamenti öz üzərinə düşən vəzifələri uğurla icra edə bilib. Prezident İlham Əliyev ilk iclasda Milli Məclisdən, deputatlardan gözləntiləri ilə bağlı çox mühüm mesajlar vermişdi. Dövlət başçısının nitqində əksini tapmış fikirlər bizim əsas fəaliyyət istiqamətlərimizi müəyyənləşdirir. Hesab edirəm ki, Milli Məclisdə aparılan islahatlar, qəbul olunan qanunlar, deputatların seçicilərin problemlərinin həlli istiqamətində gördüyü işlər ümumilikdə parlamentin fəaliyyətinin Prezident İlham Əliyevin çağırışlarına uyğun qurulmaqda olduğunu söyləməyə imkan yaradır. Beynəlxalq təşkilatlarla əməkdaşlığı, parlamentlərarası əlaqələr üzrə işçi qrupların fəaliyyətini gücləndirmək məqsədilə videokonfrans formatında mütəmadi görüşlər keçirilib”, - deyə millət vəkili əlavə edib.
Deputatın sözlərinə görə, indiki həssas dövrdə Milli Məclisin və deputatların üzərinə çox böyük məsuliyyət düşür. O qeyd edib ki, qanunverici orqan zamanın çağırışlarına, mövcud siyasi və iqtisadi reallıqlara, qlobal problemlərə adekvat reaksiya verməyi bacarmalıdır: “Hər bir dövlət strukturunun fəaliyyətinin nə dərəcədə effektiv olduğunu böhranlı situasiyalarda, ölkə və qlobal əhəmiyyətli problemlərin yarandığı zaman kəsimlərində daha aydın üzə çıxır. Bu baxımdan, fikrimcə, Azərbaycan parlamenti öz fəaliyyətini indiki dövrün reallıqlarına və müasir çağırışlara uyğun qura bilib. Şübhəsiz ki, burada Milli Məclisin rəhbərliyinin düşünülmüş adımları mühüm rol oynayıb”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 356 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31