Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan pandemiyaya qarşı mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsində fəal rol oynayır

Azərbaycan pandemiyaya qarşı mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsində fəal rol oynayır

04.07.2020 [09:51]

Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi bu baxımdan olduqca mühüm əhəmiyyətə malikdir

Məlum olduğu kimi, bu gün müstəqil Azərbaycan bütün dünyada həm milli maraqlarını qətiyyətlə qoruyan, həm də qlobal təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına böyük səy göstərən dövlət kimi tanınır. Belə ki, dövlətimiz koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizədə də dünya dövlətlərinin və beynəlxalq təşkilatların fəaliyyətinin koordinasiyalı şəkildə qurulmasına hesablanan təşəbbüslərlə çıxış edir. İndiyədək Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib. BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil olunması ilə bağlı təşəbbüsü də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb. 130-dan çox dövlətin ölkəmizin təşəbbüsünü dəstəkləməsi isə indiki ağır məqamda Azərbaycanın beynəlxalq birlik üçün aktual çağırış etdiyini göstərir.

Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Sədaqət Vəliyeva deyib ki, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması barədə təşəbbüsünü dəstəkləməsi dünya dövlətləri tərəfindən ölkəmizə olan böyük etimadı göstərir: “Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır”.

Deputat bildirib ki, bu gün dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində qlobal həmrəyliyə ciddi ehtiyac var: “Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı”,-deyən S.Vəliyeva əlavə edib ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə bildirib ki, müstəqil siyasət yürüdən Azərbaycan inkişaf modeli və təkmil islahatları ilə beynəlxalq aləmin diqqət mərkəzindədir:“Şübhəsiz ki, bu da dünya birliyində dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir”.

Deputat qeyd edib ki, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürüb və məqsədyönlü addımlar atıb.

Onun sözlərinə görə, bu çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi örnək xarakter daşıyır:“Dövlət başçısının müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi beynəlxalq səviyyədə səylərin birləşdirilməsinə, həmrəyliyin möhkəmlənməsinə təkan verəcək, COVID-19-a qarşı mübarizədə mühüm töhfə olacaq”.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31