Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni geoiqtisadi güc mərkəzinə çevrilən Naxçıvan

Yeni geoiqtisadi güc mərkəzinə çevrilən Naxçıvan

15.08.2026 [11:25]

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində baş çəkdiyi strateji ünvanlardan biri də bərpaolunan enerji sahəsi ilə bağlı oldu. Dövlət başçısının tanış olduğu ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları Muxtar Respublikanın “yaşıl enerji” gücünün mühüm atributlarından biri kimi qəbul edilə bilər. Belə ki, 25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələrinin əsas sütunlarından biri olmaqla, dayanıqlı şəbəkə infrastrukturunun inşasında mühüm rola malikdir. Stansiya həm bölgənin davamlı enerji təchizatına, həm ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınması və 12 milyon kubmetr təbii qaza qənaətə imkan verəcək, həm də ixracın əsas mənbələrindən birinə çevriləcək.

Eləcə də gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsalını təmin etməklə, 26 min ton karbon qazı emissiyasının qarşısını alacaq və 12 milyon kubmetr təbii qaza qənaətə səbəb olacaq. Bu stransiya da Naxçıvanın dayanıqlı enerji istehsalı və ixracı zəncirinin tərkib hissəsinə çevriləcək. Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Bu isə Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücündə Naxçıvanın xüsusu payının davamlı şəkildə artacağına dəlalət edir.

“Yaşıl Enerji Zonası”

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvan da “Yaşıl Enerji Zonası” elan edilib və  təmiz enerjiyə keçid strategiyasında əsas məkan sayılır. Muxtar Respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxmaqdadır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş enerjisindən istifadə imkanı mövcuddur.  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətin biri elektrik enerjisi isteh­salının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd “yaşıl enerji” istehsalıdır. Hazırda Muxtar Respublikanın ümümi elektrik enerjisi istehsalının təxminən 22-25 faizi su, 15-17 faizi Günəş elektrik stansiyalarının payına düşür. Ümumilikdə alternativ və bərpaolunan enerji mənbələrində istehsal edilən enerji payı 40 faizə yaxındır.

Naxçıvanın enerji potensialı ilə bağlı xarici şirkətlərlə anlaşma memorandumları imzalanıb. Naxçıvanda “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 meqavat olan Günəş Elektrik Stansiyasının tikilməsi də nəzərdə tutulub. Həmçinin, “Czech Engineering” şirkəti Sədərək rayonunun Türkiyə ilə sərhəddə Günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, Almaniyanın “Notus” şirkəti bu bölgədə “yaşıl enerji” layihələrini reallaşdırmaq niyyətindədir. Həmçinin, Muxtar Respublikanın külək enerjisi üzrə əlverişli relyefi nəzərə alınaraq  “Total Energies” və “Nobel Energy Management” şirkətləri ilə külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb ki, Muxtar Respublikada 250 MVt elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

Muxtar Respublika “yaşıl enerji” dəhlizi quruculuğu yolunda

Naxçıvanın generasiya gücü təxminən 150-170 meqavat təşkil edir və bu bölgədə artıq güc resusrsu  200 meqavata yaxınlaşır, gələcəkdə istehsal göstərisi təxminən bir neçə dəfə artacaq. Proqnozlara əsasən, yerli və xarici investorlarla birgə icra ediləcək layihələrin tamamlanmasından sonra bu bölgədə təkcə Günəş elektrik enerjisinin istehsalı 500-1000 meqavata qədər arta bilər. Bu isə ixrac üçün geniş resurs bazası formalaşdırır. Ssenariyə əsasən, Naxçıvandan Türkiyə və ətraf ölkələrə, o cümlədən Suriyaya enerjinin ötürülməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılması planlaşdırılır.

Yeri gəlmişkən, avqustun 1-də İstanbul şəhərində Azərbaycan ilə Türkiyə arasında “Azərbaycan (Naxçıvan) -Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Tərəflər Naxçıvan-Türkiyə enerji interkonnektoru üzrə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) tərəfindən aparılan araşdırmaların nəticələrini müsbət dəyərləndirib və Naxçıvandan Türkiyəyə ilkin mərhələdə 1 QVt həcmində elektrik enerjisi ötürülməsi barədə razılıq əldə ediblər. Layihənin gələcəkdə yalnız Azərbaycandakı mənbələrdən deyil, Mərkəzi Asiyadan da Türkiyəyə elektrik enerjisinin nəqlinə imkan yaradacağı qeyd edilib. Bu isə o deməkdir ki, Naxçıvan digər bölgələrlə vahid enerji innektorlarında birləşəcək.

Qeyd edək ki, hazırda həm İrana, həm Türkiyəyə Naxçıvandan elektrik xətləri şəbəkələri mövcuddur, ancaq onların imkanı təkcə bu bölgə üçün yetərlidir. Yəni, Muxtar Respublikanın 500-1000 meqavat gücün ixracından başqa, Zəngəzur bölgəsinin bərpaolunan enerji güclərinin də vahid enerji sisteminə qoşulması nəzərdə tutulur. Belə ki, Cəbrayılda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları da Şərqi Zəngəzurun “yaşıl” inkişafına öz töhfəsini verəcək və həmin enerji Naxçıvan xətti ilə Türkiyəyə və Avropaya ixrac olunacaq. Bu baxımdan gələcəkdə Zəngəzur-Naxçıvan-Türkiyə Avropa enerji dəhlizinin yaradılması sayəsində elektrik xətlərinin modernləşdirilməsi və yeni xətlərin çəkilməsi vacibdir. Həmin layihə üzrə Yunanıstan və digər Avropa ölkələrinə nəhəng elektrik enerjisi ixracı dəhlizinin qurulması bərpaolunan enerji kabelinin çəkilişini yekunlaşdıracaq ki, burada da əsas coğrafi mərkəz Naxçıvan olacaq.

Bir sözlə, Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Mövcud geoiqtisadi reallıqlar isə Muxtar Respublikanın təkcə müasir nəqliyyat dəhlizlərinin əsas nöqtələrindən biri olmaqla yanaşı, enerji körpüsü kimi strateji əhəmiyyətini nümayiş etdirir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31