/ / Prezident İlham Əliyev Vətənə, dövlətə və xalqa sədaqət andını, verdiyi bütün vədləri gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli lider və müzəffər sərkərdədir
Prezident İlham Əliyev Vətənə, dövlətə və xalqa sədaqət andını, verdiyi bütün vədləri gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli lider və müzəffər sərkərdədir
03.11.2020 [09:58]
31 oktyabr 2003-cü il tarixində andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunur
Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. 17 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə böyük etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. 31 oktyabr 2003-cü il tarixdə keçirilən andiçmə mərasimindəki nitqində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”, - deyən cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu strateji məqsədlərinə nail oldu. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Beləliklə, bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Azərbaycan uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir.
Genişmiqyaslı islahatlar Azərbaycanın qüdrətinin artmasını təmin edib, yeni strateji hədəflərə çatmağa imkan verib
Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm faktorlardan biri davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Bu kontekstdə vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də daim dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanır, konkret əməli tədbirlər görülüb. Ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edən mühüm faktor olaraq qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verib. Ölkənin idarəetmə sistemi təkmilləşdirilib, yeni kadr siyasəti idaəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin etməklə yanaşı, hakimiyyət komandasının monolitliyini daha da gücləndirib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Bunlarla yanaşı, Prezident İlham Əliyev müasir dövlət quruculuğunu strateji prioritet kimi müəyyənləşdirib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Respublikamızın iqtisadi sistemi yenidən qurulub, güclü iqtisadi potensial yaradılıb. Bu gün nüfuzlu tədqiqat mərkəzləri öz hesabatlarında Azərbaycan iqtisaddiyatının funksionallığını və inkişaf dinamikasını xüsusi olaraq nəzərə çatdırır, həyata keçirilən islahatları və tərəqqi modelini müsbət qiymətləndirirlər.
Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib
Bunlarla yanaşı, rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Çoxvektorlu və praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, respublikamız xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edib.
Bununla yanaşı, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan strateji əhəmiyyətli layihələr reallaşdırıb, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdıraraq yeni geostrateji əməkdaşlıq platformaları yaradıb, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verib. Azərbaycanın təşəbbüsü ilə yeni əməkdaşlıq platformaları yaranıb - üçtərəfli, dördtərəfli formatda diplomatik münasibətlərin təməli qoyulub. Eyni zamanda, respublikamız öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm kəsb edib.
Digər tərəfdən, Azərbaycan yeni geostrateji şəraitdə beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilib, qlobal xarakterli - strateji əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib. Qeyd etdiyimiz kimi, ölkəmiz, eyni zamanda, geopolitik güc mərkəzlərinin maraqlarının toqquşduğu yox, uzlaşdığı məkan kimi tanınıb. Bundan başqa, Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi səmərəli xarici siyasət kursunun nəticəsi, ölkəmizə yüksək beynəlxalq etimadın göstəricisidir. Respublikamızın 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-2022-ci illərin isə Azərbaycanın Hərəkata sədrlik dövrü kimi müəyyənləşdirilməsi də strateji əhəmiyyətə malikdir.
Bütövlükdə, Prezident İlham Əliyev ötən 17 il ərzində xarici siyasət sahəsində də kompleks xarakterli möhtəşəm nailiyyətlərin altına imza atıb.
Güclü ordu quruculuğu Azərbaycanın hərbi qüdrətinin artmasını şərtləndirib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri ordu quruculuğu prosesidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Ümumiyyətlə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilib. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb. Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülür. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirir.
Qeyd etmək lazımdır ki, ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində belə əhval-ruhiyyə mövcuddur. Bunun nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirən qüvvə kimi böyük inam bəsləyir.
Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etməklə tarix yazır
Sirr deyil ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar daim prinsipial mövqe nümayiş etdirib. Ölkəmiz münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Ermənistanın isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin diktator rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Beləliklə, Ermənistan həm hərbi, həm də diplomatik-siyasi müstəvidə təxribatlar etməklə danışıqlar prosesini faktiki olaraq pozub. İşğalçı ölkənin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat cəhdi və siyasi-diplomatik müstəvidə təxribatçı hərəkətləri Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha aydın şəkildə göstərmişdi. Eyni zamanda, sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələri qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycanın mülki kəndlərinə hücumlara başlamaqla növbəti təxribatlar törətdi. Bu, Azərbaycana qarşı növbəti silahlı təcavüz idi. Bu təxribatın qarşısını layiqincə alan qüdrətli Azərbaycan dövləti isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz qətiyyət və güclü iradə nümayiş etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarına əsaslanan müvafiq konvensiyalarda, o cümlədən BMT-nin nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququnu həyata keçirməyə başladı. Bütövlükdə, güclü Azərbaycanın qüdrətli Ordusu bir neçə gün ərzində Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Eyni zamanda, Ermənistan ordusunun peşəkar zabit heyəti və müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Ekspertlərin də qeyd etdikləri kimi, bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Nəticə etibarilə, Azərbaycan Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Bir sıra ərazilərimiz və strateji yüksəkliklər azad edildi, indi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları var.
Beləliklə, bütün dünya Azərbaycan dövlətinin gücünü, xalqımızın isə əzmini gördü. Başqa sözlə, əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Qeyd etmək lazımdır ki, bu müharibə işğalçı Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi. Eyni zamanda, Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi. Şübhəsiz ki, ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik müstəvidə də üstünlüyümüzü şərtləndirib. Bundan sonra ölkəmiz diplomatiya cəbhəsində diktə edən tərəf kimi çıxış edir. Bütövlükdə isə, Azərbaycanın Ermənistan üzərində hərbi və siyasi-diplomatik üstünlüyü ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasına imkan verir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, 31 oktyabr 2003-cü il tarixində keçirilən andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunur.
Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətini tam dəstəkləyir
Beləliklə, ötən 17 ilin mənzərəsinə və bütövlükdə reallıqlara nəzər saldıqda görünür ki, Prezident İlham Əliyev Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli lider və müzəffər sərkərdədir. Təsadüfi deyil ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

